"Virgin Group” beynəlxalq investisiya şirkəti səudiyyəli jurnalist Camal Qaşıqçı yoxa çıxdıqdan sonra Səudiyyə Ərəbistanının milyard dollarlıq investisiya layihəsinin reallaşdırılmasını təxirə saldığını bəyan etmişdir. Bu barədə CNN telekanalı xəbər verir.
Şirkətin təsisçisi, britaniyalı sahibkar Riçard Brenson qeyd etmişdir ki, Qaşıqçının yoxa çıxması barədə məlumat təsdiqlənsə, Qərb ölkələri Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq prinsiplərinə yenidən baxacaq. O məlumat vermişdir ki, şirkət Səudiyyə Ərəbistanından tanınmış jurnalistin yoxa çıxması ilə əlaqədar informasiya verməyi xahiş etmiş və Səudiyyə Ərəbistanının iri investisiya layihəsini reallaşdırmağı təxirə salmışdır. Səudiyyə Ərəbistanı ötən il "Virgin Galactic” və "Virgin Orbit”ə bir milyard dollar məbləğində sərmayə qoyacağını elan etmişdir.
Eyni zamanda mənzil-qərargahı San-Fransiskoda yerləşən "Uber” beynəlxalq özəl şirkəti bu ayın 23-25-də Ər-Riyadda keçiriləcək "Gələcək investisiya təşəbbüsü” (Fİİ) konfransına qatılmaqdan imtina etmişdir. "Uber”in baş icraçı direktoru Dara Xosrovşahi qeyd etmişdir ki, Qaşıqçının yoxa çıxmasından narahatdır və bu səbəbdən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın himayəsi altında keçəcək Fİİ konfransında çıxış etməkdən imtina etmək qərarına gəlmişdir.
"New York Times”dan sonra "Huffington Post” və "Los Angeles Times” qəzetləri də Fİİ konfransına informasiya dəstəyi verməkdən imtina etmişdir.