12 Oktyabr 2018 18:38
877
Elm və texnika
A- A+

“Şah İsmayıl Xətainin divanı” Azərbaycan alimlərinin gələcək tədqiqatları üçün dəyərli mənbədir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macitin nəşrə hazırladığı "Şah İsmayıl Xətainin divanı” kitabının təqdimatı olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın nəşrinin M.Macitin uzun illər apardığı elmi tədqiqatlarının məntiqi nəticəsi olduğunu bildirib. İ.Həbibbəyli kitaba Türkiyə Prezidentinin, Baş nazirinin, eləcə də mədəniyyət və turizm nazirinin "Ön söz” yazdığını diqqətə çatdırıb və bunun qardaş ölkədə Şah İsmayıl Xətaiyə verilən yüksək dəyərdən irəli gəldiyini söyləyib.

Xətainin qılıncı və qələmi ilə qüdrətli şəxsiyyət olduğunu deyən İ.Həbibbəyli nəşrdə görkəmli sərkərdənin həyatı, əsərləri, həmçinin əlyazmasının şərhlərlə oxucuya təqdim edildiyini vurğulayıb. Xətainin qısa həyatı dövründə zəngin və çoxcəhətli irs yaratdığı, həm epik, həm də lirik janrlarda qələmə aldığı əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirdiyi qeyd edilib.

İ.Həbibbəyli SSRİ dövründə Xətainin dini şeirlərinin Azərbaycan xalqından gizlədildiyini, nəhayət, ölkəmizin müstəqillik qazandıqdan sonra klassikimiz haqqında həqiqətlərin ictimaiyyətə açıqlandığını bildirib. O, əsərin nəşrinin iki ölkə arasında elm, təhsil, ədəbiyyat, mədəniyyət əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyini deyib, nəşrin Azərbaycan alimlərinin gələcək tədqiqatları üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir çıxış edərək tarixən türk hökmdarlarının elmə, təhsilə, incəsənətə yüksək dəyər verdiyini vurğulayıb. Qeyd edib ki, Şah İsmayıl Xətai də belə hökmdarlardan biri olub və onun hakimiyyəti illərində alimlər, sənətkarlar və ədəbiyyat xadimləri daim himayə edilib. O, professor M.Macitin uzun illər apardığı tədqiqatlarının "Şah İsmayıl və şairliyi”, "Şah İsmayıl və əsərləri” və "Xətai divanının tənqidli mətninə doğru” yarımbaşlıqları ilə oxucuya təqdim olunduğunu deyib.

Tədbirdə, həmçinin filologiya üzrə elmlər doktorları - Məhərrəm Qasımlı, Əlizadə Əsgərli, Paşa Kərimov, Fəridə Əzizova, İmamverdi Həmidov və Zəkulla Bayramlı nəşrdə yer alan əlyazma və şərhlərlə bağlı fikirlərini söyləyiblər.
Sonda M.Macit tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video