12 Oktyabr 2018 00:37
418
İQTİSADİYYAT
A- A+

Bal kimi


Bu dəfə yarmarkaya 371 sahibkar 150 ton bal çıxarıb


Bal yarmarkasındayıq. Bal ətrinin bihuşedici qoxusu altında şirin alış-veriş gedir...
- Buyurun, dağ çiçəklərindən çəkilmiş təmiz balımızın dadına baxın…
- Bu, cökə balıdır, min bir dərdin dərmanıdır, bu baldan bir qaşıq yeyənin canı heç zaman ağrı-acı görmür…
Satıcılar əllərindəki qaşıqla kəhrəba rəngli balı həvəslə yuxarı qaldıraraq süzür, müştəriləri məhz onun satdığı balın daha yaxşı olmasına inandırmağa çalışırlar.
Kimisi deyir, satdığı bal yüzlərlə dağ çiçəyindən toplanıb, qiymətsizdir, kimisi deyir, şəfa mənbəyidir, alan heç zaman uduzmaz…


Arıçılar alver hayında, alıcılar ciblərinə uyğun bal axtarışında


Oktyabrın 8-dən etibarən Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası öz işinə başlayıb. Rəsmi məlumatlara görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub.
Yarmarkada müxtəlif qiymətlərə bal var. Amma alıcılar öz ciblərinə uyğun bal axtarışındadırlar və çox diqqətlidirlər. Balın qiymətdə ucuz, keyfiyyətdə daha yaxşı olması üçün bir xeyli çək-çevir edirlər...


O balı heç vaxt 100 manatdan aşağı satmazdım


Daşkəsənli arıçı Qüdrət Mustafayev deyir ki, satdığı bal cökə, çiçək, beçə, çəmən balıdır. Yarmarkanın yeni başlamasına baxmayaraq, artıq müəyyən qədər bal satıb.
"Naxçıvanın təbiəti arıçılıq üçün çox əlverişlidir” deyən Naxçıvanın Babək rayonundan gəlmiş arıçı Göynük çiçək balı satır və 75 arı pətəyindən 100 kiloqrama yaxın məhsul yığıb: "Arımın çox olmasına baxmayaraq, az məhsul götürmüşəm. Çünki bu il bal az oldu. Güman edirdik ki, bu il məhsuldarlıq yaxşı olacaq, amma sonradan təbiətdə baş verən dəyişiklik bunun əksini göstərdi”.
Bal almaq üçün satıcıya yaxınlaşan müştəri qiymətlərlə tanış olduqdan sonra balın baha satıldığını söyləyərək almaqdan vaz keçir. Məlum oldu ki, balın qiyməti 25-35 manat arasında dəyişir, o isə 1 kilo bala 15 manatdan çox vermək istəmir.
Hazırda heç bir yerdə 15 manata bal olmadığını söyləyən arıçı Bayram İsmayılov sözlərinə onu da əlavə etdi ki, bu qiymətə bal varsa, deməli, saxtadır: "28 ildir arıçılıqla məşğulam və onu saxlamağın necə əziyyətli bir iş olduğunu bilirəm. 48 pətək arım var, yaz fəslindən etibarən evdən çıxıram və müxtəlif rayonlarda - Ağsu, Beyləqan, Füzuli, Ağcakənd zonalarında onları gəzdirirəm. Bu isə əlavə xərc tələb edir və mən balın bir kilosunu 30 manata satanda oradan ancaq mənə 10 manat xeyir qalır”.
Arıçı onu da xüsusilə vurğuladı ki, hazırda Bərdə rayonunda yaşasa da, əslən Kəlbəcər rayonundandır və əgər indi burada Kəlbəcər balı satmalı olsaydı, onu 100 manatdan aşağı verməzdi: "Elə olurdu ki, 1 yeşikdən 40-50 kiloqram bal alırdım. Kəlbəcərin dağlarında bitən gülləri, çiçəkləri, kəklikotunu, qantəpəri, gülxətmini haradan alım indi?! Arzum budur ki, inşallah, öz yurdumuza qayıdaq və min dərdə dəva olan xalis balımızı da alıcılara təqdim edək”.


Satdığı bala yüz faiz təminat verir


Alıcıların Lerik balına da yüksək dəyər verdiyini deyən Lerik Arıçılar Assosiasiyasının sədri Ələkbər Salayev məlumat verdi ki, 20 ildən artıqdır arıçılıqla məşğuldur və təsərrüfatında 150-yə yaxın arı pətəyi var: "Bu il quraqlığa görə arı məhsulları az olsa da, 19-cu sərgi-satış yarmarkasında iştirak edirəm və 150 kiloqrama yaxın yüksəkkeyfiyyətli dağ çiçəyi balı gətirmişəm”.
Leyli Abbasova bildirdi ki, onlar nəsillikcə arıçı olublar, hazırda isə o özü təkcə yarmarkaya 400 kiloqrama yaxın xalis bal gətirib. Satdığı bala yüz faiz təminat verən Leyli xanım dedi ki, qiymətlər 10-50 manat arasında dəyişir ki, bu da balın növünə müvafiqdir.
Diqqətimizi üzərində biyan balı yazılmış bal çəlləyi çəkir. İmişlidən gəlmiş arıçı söylədi ki, bu baldan istifadə edənlər heç zaman qrip olmur. O, biyan, yağtikanı və yulğundan çəkilib.


Təmiz balı tanımağın asan üsulu


Alıcı Tofiq İmanov söyləyir ki, bayaqdan yarmarkanı başdan-ayağa gəzsə də, hələlik bal almağa tərəddüd edir: "Ay qızım, indi təmiz bal almaq asan deyil, çünki onu saxtasından ayırmaq çətindir. Bilirəm ki, burada satılan ballara nəzarət var və rahatlıqla ala bilərəm, amma çalışıram ki, uyğun qiymətə keyfiyyətli bal alım”.
Saxta bal demişkən, bu, alıcıları çox narahat edən bir məsələdir. Odur ki, saxta balla təmiz balı bir-birindən ayırmaq üçün istifadə edilən üsulları peşəkarların özündən öyrənməyə çalışdıq.
Arıçılar dedilər ki, saxta balla təmiz balı bir-birindən ayırmaq üçün müxtəlif üsullar var. Məsələn, balı əlinin üzərinə sürtürsən, əgər dəri onu özünə çəkirsə təmiz, əksinədirsə saxtadır. Kibrit dənəsini balın içərisinə batırıb bir müddət saxlayırsan, sonra həmin kibriti yandıranda yanırsa və bal da süzülüb tökülürsə, deməli, təmizdir. Digər bir üsul isə bir qaşıq balı boşqaba qoyub üzərinə su tökürsən və onu silkələyəndə arı pətəyinin üzərindəki altıbucaqlı fiqur alınırsa, deməli, saxta deyil. Həmçinin normal balda şəkərin miqdarı 21 faiz olur. Əgər ondan artıqdırsa, tutaq ki, 50 faiz, deməli, o şəkər tozundan çəkilib və şəkər xəstələrinin belə bir baldan hətta bir qaşıq belə yeməsi çox təhlükəlidir.


1 qramında 45 kiloqram qoyun ətinin kalorisi var...


Qeyd edək ki, yarmarkada balla yanaşı digər arı məhsulları da satılır. Məsələn, propolisdən hazırlanan dərmanlar, məlhəmlər, çiçək tozu, mum, arı südü, yağı, bal qaymağı və sair. Həmçinin bildirilir ki adıçəkilən məhsullar insan sağlamlığı üçün olduqca faydalıdır. Məsələn, propolisin mədə-bağırsaq xəstəliklərinin dərmanı, çiçək tozunun 1 qramında isə 45 kiloqram qoyun ətinin kalorisi olduğu bildirilir. Qramı 5 manata satılan arı südü isə piştaxtalarda yox, soyuducuda saxlanılır və onun bütün dərdlərə dərman olduğu bildirilir. Arının şanı isə kilosu 25 manatdan hesablanaraq, müxtəlif qiymətlərə təklif olunur. Diqqət etdik ki, alıcılar balla yanaşı, bu kimi arı məhsullarına da maraq göstərirlər.
Beləcə, saatlar günortaya yaxınlaşırdı və yavaş-yavaş yarmarkalar alıcı ilə dolurdu. Satıcılarla müştərilər arasında bəzən qiymətlə bağlı narazılıq olsa da, yekunda sövdələşərək razılaşırlar, üstəlik də bir barmaq baldan dadandan sonra, necə deyərlər, dillərini şirin edirlər...
Məlumat üçün bildirək ki, yarmarkada bölgələr üzrə 5 çadır fəaliyyət göstərir və ümumilikdə satış üçün 150 ton bal çıxarılsa da, məhsuldan 30 tonunun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keyfiyyətsiz olduğu üzə çıxarılıb və yığışdırılıb. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub. Ümumilikdə isə Azərbaycanda 271.682 arı ailəsi var və hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailələri Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581).
Tofiq Bəhramov adına stadionda təşkil edilən 19-cu Respublika Sərgi-Satış Yarmarkası oktyabr ayının sonunadək davam edəcək.

Yasəmən MUSAYEVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video