Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:53 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır?
Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır?
ANA SƏHİFƏ / SİYASƏT
00:33 12.10.2018

Moskvanın təşkilatla münaqişəsi vidalaşmaqla nəticələnə bilər


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) davam edən payız sessiyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsi gündəliyə daxil edilmişdi. AŞ PA oktyabrın 9-da "Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə münasibətdə qərarların qəbulu prosesinin təkmilləşdirilməsi” adlı qətnaməni müzakirəyə çıxardı.
Reqlamentin dəyişdirilməsini nəzərdə tutan, xüsusilə nümayəndə heyətinin hətta hansısa sanksiyalara məruz qalması təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin, insan hüquqları üzrə AŞ komissarının və AŞ baş katibinin seçkiləri zamanı səsvermədə iştirakını təmin edən sənədin mətnində Rusiyanın adı çəkilməsə də, sirr deyildi ki, nümayəndə heyətlərinin səlahiyyətlərinin təsdiqlənməsi avtomatik olaraq Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların qüvvədən düşməsi və bu ölkənin nümayəndə heyətinin tamhüquqlu fəaliyyətinin bərpası mənasına gəlir. Qətnamənin qəbul olunacağı təqdirdə Rusiya nümayəndə heyəti gələn ilin yanvarında növbəti sessiyada AŞ PA-nın sıralarına qayıda biləcəkdi.
Lakin sessiyada sensasiya baş vermədi. Əvvəlcə AŞ PA-nın üzvləri qətnamənin müzakirəsini təxirə salmaq təklifini rədd etdilər. 128 deputat təşəbbüsün əleyhinə, 51-i lehinə çıxdı. Bundan sonra qətnamə layihəsinin müzakirəsi başladı. Debatların gedişində aydın oldu ki, sənədi dəstəkləmək üçün kifayət qədər səs toplamaq mümkün olmayacaq. Ona görə də qətnamə layihəsini təkmilləşdirmək üçün profilli komitəyə qaytarmaqdan başqa çıxış yolu qalmadı. 99 deputat müvafiq qərara tərəfdar çıxdı, 79-u əleyhinə səs verdi, 16-sı bitərəf qaldı.
Beləliklə, qətnamənin taleyi həll olunmamış qaldı və məsələyə gələn sessiyada baxmaq lazım gələcək. Hadisələrin bu məcrada cərəyan etməsi nə AŞ PA rəhbərliyini, nə də Rusiya tərəfini razı saldı.
Məlum olduğu kimi, Rusiya ilə Avropa Şurası arasında münaqişə 2014-ci ilin aprelində başlamışdır. O vaxt AŞ PA Krımın ilhaqı üzündən rusiyalı deputatları səs vermək hüququndan məhrum etmişdir. Sonralar AŞ PA Rusiyadan Donbasda hərbi təcavüzü dayandırmağı və ukraynalı siyasi məhbusları azadlığa buraxmağı tələb etdi. Moskva tələbləri yerinə yetirmədiyindən sanksiyalar bir neçə dəfə uzadılmışdır. Dörd ildən çoxdur Rusiya nümayəndə heyəti AŞ-ın iki orqanının yalnız birində - Nazirlər Komitəsində iştirak edir. Öz növbəsində Moskva da cavab addımı ataraq 2017-ci ildə təşkilata ödəməli olduğu 33 milyon avroluq üzvlük haqqının üçdə ikisini kəsmişdir. Rusiya bəyan etdi ki, ödənişi yalnız nümayəndə heyəti AŞ PA-ya qayıtdıqdan sonra bərpa edəcək.
Rusiya kimi böyük dövlətin, eyni zamanda AŞ-ın büdcəsinin 10 faizini ödəyən üzvün sanksiyalar altında saxlanması təşkilatın rəhbərliyini qane etmirdi. Hələ iki il əvvəl Rusiyanın AŞ-a qaytarılması məsələsi istiqamətində iş başlamışdır. AŞ PA-nın o vaxtkı prezidenti Pedro Aqramunt Rusiya ilə dialoqun tərəfdarı kimi rusiyalı deputatların AŞ PA-ya qeyd-şərtsiz qaytarılması ideyasını irəli sürdü. Amma bu ideya təşkilatda dəstək qazanmadı. Aqramuntun istefasından sonra AŞPA-nın yeni prezidenti Mikelle Nikoletti belə bir bəyanatla çıxış etdi ki, AŞ-ın üzvü olan bütün ölkələr təşkilatın işində tam hüquqla iştirak etmək haqqına malikdir. Onun fikrincə, Rusiya AŞ Nazirlər Komitəsində maneəsiz işləyirsə, Parlament Assambleyasında da iştirak etməlidir. Ötən ilin oktyabrında assambleya "Üzv-dövlətlərin AŞ-ın hər iki orqanında iştirakını və təmsilçiliyini tənzimləyən qaydaların bir-birinə uyğunlaşdırılması” haqqında qətnamə qəbul etdi.
Amma Rusiyanın AŞ PA-ya qaytarılması prosesi bundan irəli getmədi. Vəziyyətin gərgin olaraq qaldığı bir şəraitdə AŞ-ın baş katibi Torbörn Yaqland hədələyici tonda bildirdi ki, Rusiya AŞ-a ödənişi bərpa etməsə, təşkilatın baş icra orqanında - Nazirlər Komitəsinin işində iştirak etmək hüququndan məhrum ola bilər. O əlavə etmişdir ki, AŞ-ın nizamnaməsinin 9-cu maddəsi təşkilatın büdcəsinə üzvlük haqqını iki il ödəməyən ölkəni Nazirlər Komitəsində təmsil olunmaqdan məhrum etməyə imkan verir. Yaqland xatırlatmışdır ki, Rusiya üçün ikiillik müddət gələn ilin iyununda başa çatır və bundan sonra Nazirlər Komitəsi 9-cu maddəni tətbiq etməlidir. Yaqland istisna etməmişdir ki, AŞ-la münaqişə şəraitində Moskva təşkilatın tərkibindən çıxa bilər: "Aydın olsa ki, Rusiya çıxıb gedir, dərhal Nazirlər Komitəsinə AŞ-ın büdcəsini dürüstləşdirməyi təklif edəcəyəm”.
Deyəsən, heç Moskvanın özü də yenidən təşkilata qoşulmağa elə bir maraq göstərmir. Təsadüfi deyil ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko sözügedən qətnamə layihəsinin açıqlandığı gün belə bir bəyanat vermişdir: "Bizdə Avropa Şurasından çıxmaq barədə daxili qərar yetişir. Mən bunu sizə səmimi deyirəm”. Dünən isə Rusiya Dövlət Duması beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Matviyenkonun "səmimi”liyini təsdiqləyən bəyanatla çıxış etmişdir. O, Yaqlandın mövqeyinə münasibət bildirərkən qeyd etmişdir ki, Rusiya Avropa Şurasından xaric edilməyi gözləmədən təşkilatda üzvlüyünü dayandırmaq, yaxud dondurmaq barədə düşünməlidir. Slutski hesab edir ki, AŞ PA-nın növbəti sessiyasında Rusiyaya qarşı sanksiyalar ləğv olunsa belə, çox güman, Rusiya nümayəndə heyətinin gələn il AŞ PA-da iştirak etmək üçün ərizə vermək imkanı olmayacaq, nəticə etibarilə Rusiya AŞ baş katibinin özünün seçilməsində iştirak edə bilməyəcək. Parlamentarın fikrincə, bütün bu səbəblərdən Rusiyanın AŞ üzvlüyündən yapışıb qalmasına dəyməz.
Göründüyü kimi, mənzərə kifayət qədər aydındır. Avropa KİV-in xəbərinə görə, AŞ Rusiyanı yola salmağa hazırlaşır. Məlumata görə, bu gün Strasburqda AŞ Nazirlər Komitəsinin növbədənkənar iclası keçiriləcək. İclasda AŞ-ın baş katibi Rusiyanın təşkilatdan çəkiləcəyi təqdirdə maliyyə çatışmazlığını aradan qaldırmaq üçün üzv ölkələrin hökumətlərini üzvlük haqlarının məbləğini artırmağa çağıracaq.

Allahverdi MEHDİYEV,
"Azərbaycan”