11 Oktyabr 2018 16:01
913
PARLAMENT
A- A+

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib


Oktyabrın 11-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, bu iclaslarda 18 məsələ müzakirə edilib, onlardan 13-ü qanun layihəsidir.

Bildirilib ki, hesabat dövründə komitənin ünvanına daxil olan 79 ərizə, məktub və müxtəlif xarakterli sənədlərə müvafiq qaydada baxılıb. Komitə üzvləri xaricdə xidməti ezamiyyətlərdə olub, energetika, ətraf mühit və digər sahələr üzrə keçirilən seminar və konfranslarda iştirak edib, qaldırılan məsələlərə fəal münasibət bildiriblər.

İclasda "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Qanun layihəsi barədə məlumat verən Valeh Ələsgərov bildirib ki, Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb. Diqqətə çatdırılıb ki, kontrakt sahəsi Xəzər dənizində kəşf edilməmiş və çox riskli bir ərazidir. Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatı üçün faydalı olacaq. Sevindirici haldır ki, nəhayət bu ərazidə kəşfiyyat işlərinə başlanılacaq və gələcəkdə həmin bölgədə işləri planlaşdırmaq üçün daha dolğun məlumat əldə edə biləcəyik.

Komitə sədri qeyd edib ki, kontrakt sahəsi 3 min 197 kvadratkilometr ərazini əhatə edir. Həmin ərazidə neft və qazın kəşf edilməsi həm bizim, həm də bu layihədə iştirak edən tərəflər üçün faydalı olacaq. Kontrakt sahəsi yerləşən ərazidə dənizin dərinliyi 110 metrdən 750 metrə qədərdir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu ərazidə kommersiya dəyəri olan neft və qaz aşkar edilib hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək.

Valeh Ələsgərov söyləyib ki, Saziş ilkin kəşfiyyat, əsas kəşfiyyat və işləmə, hasilat dövrlərinə bölünüb. Layihənin işləmə, hasilat dövrü 25 il müddətində davam edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək layihəni Azərbaycan dövlət neft strategiyasında yeni istiqamət kimi qiymətləndirib. Əlavə edib ki, sazişə əsasən 25 il müddətindəki fəaliyyət dövlətin iqtisadi gücünün artmasına xidmət edəcək.

İclasda iştirak edən aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Elman Nəsirov, Mirkazım Kazımov, Kamilə Əliyeva da qanun layihəsi barədə fikirlərini bildirərək onun əhəmiyyətini xüsusi vurğulayıblar. Sənədi Azərbaycan neft strategiyasının yeni uğuru kimi qiymətləndiriblər.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video