10 Oktyabr 2018 01:42
391
İQTİSADİYYAT
A- A+

Payız kəndlinin fəslidir


Dədə-babadan kəndlinin fəsli payız olub. Ömrünü və özünü torpağa, əkin-biçinə, mal-qaraya bağlayan kənd adamı bütün ümidlərini payıza bağlayıb, irili-xırdalı xərclərini el arasında bolluq rəmzinə çevrilmiş bu fəslə saxlayıb. Bu mənada hətta "cücələrini də payızda sayan” kəndli üçün payız ötən ildən tikintisi yarımçıq qalmış təzə evinə köçmək, nişanlı övladlarına cer-cehiz, qır-qızıl almaq üçün həm də bərəkət fəslidir.
Çünki ilin 9 ayını işləyən kənd adamı çəkdiyi zəhmətin maddi qarşılığını, sözün birbaşa və dolayısı mənasında əkdiyi məhsulun əvəzini bu fəsildə görür. İlin-günün "yığıb gətirən” vədəsinə "qızıl payız” deyənlərin bəlkə də yarpaqların saralmasına yox, buna işarə vurduqlarını iddia etmirik. Amma kəndli üçün payızın məhz bu səbəbdən "qızıl fəsil” olduğuna da şübhəmiz yoxdur.
* * *
Bu günlər kimin kəndə yolu düşərsə, getdiyi ünvanda çətin ki, adam tapsın. Hamı çöldə, tarlada, bağda məhsul yığımındadır. Aran yerlərində pambığın, şəkər çuğundurunun, tərəvəzin, mer-meyvənin, dağlıq və dağətəyi ərazilərdə üzümün, tütünün, fındığın, cənub bölgəsində sitrusun yığımının qızğın vaxtıdır. Şükürlər olsun, Azərbaycanın elə iqlimi, elə torpağı var ki, ilin bütün fəsillərində heç nədən - meyvədən, tərəvəzdən, bostandan korluq çəkmirik. Üstəlik, xüsusən son illər ölkə ərazisində geniş yayılmış istixanalarda iş bir gün, bir saat da olsa dayanmır. Bu hesaba həm kənd adamları yaxşı dolanır, həm də yerli istehlak bazarı ilboyu təzə tərəvəzlə təmin olunur, özü də ekoloji cəhətdən təmiz tərəvəzlə.
* * *
Ölkədə taxıl yığımı demək olar yekunlaşıb. Fermerlərimiz bu mövsüm 1,04 milyon hektardan 3,06 milyon tondan çox məhsul götürmüşlər ki, bu da ötən ildəkindən 13,5 faiz çoxdur. Məhsuldarlıq 29,2 sentner olmuşdur. Bundan əlavə, ölkə üzrə məhsulu toplanmış 12,8 min hektardan 81,4 min ton (hər hektardan orta hesabla 63,8 sentner) qarğıdalı yığılmışdır. Bu hesaba, yəni qarğıdalı da daxil olmaqla taxıl istehsalı 3 milyon 117,7 min tona çatmışdır.
Lakin bu, daxili tələbatı ödəmək baxımından azdır. İndiki siyasi-hərbi cəhətdən qarışıq və ekoloji-iqlim cəhətdən sürprizlərlə dolu zamanda taxıl kimi strateji məhsul sarıdan idxala möhtac olmaq qətiyyən arzuedilməzdir.
Bu amillərin üzərinə ölkədə aqrar sektorun, xüsusən də taxılçılığın inkişafı üçün dövlət tərəfindən görülən tədbirləri, o cümlədən olunan güzəştləri, verilən subsidiya və yardımları da gəlsək, onda daxili tələbatın yerli istehsal hesabına hələ də ödənilməməsi yalnız subyektiv səbəblərlə izah edilə bilər. Başqa necə izah edəsən ki, taxılçılıqda məhsul istehsalını artırmaq üçün əsas şərt sayılan suvarmaya hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, bu hesaba əkin sahələrinin həcmi min hektarlarla artır, amma yenə də aşağı-yuxarı 3 milyon ton səddini keçə bilmirik. Yəqin ki, dövlətin bu qədər güzəşt və yardımlarından, çəkdiyi xərclərdən səmərəli istifadə olunsaydı, Azərbaycan nəinki taxıl idxal edərdi, hətta özü ixracatçıya çevrilərdi.
Amma "ümid sonda ölür” deyirlər. Son vaxtlar kənd təsərrüfatında aparılan islahatlar, o cümlədən yaradılan iri aqrar sənaye kompleksləri və həmin komplekslərdə əldə olunan yüksək məhsuldarlıq, səmərəlilik və s. yaxın zamanlar bu sahədə vəziyyətin hədəflənən səviyyədə olacağına ümid yaradır. Bu ümidi doğuran digər səbəb isə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə dövlət başçısının seçimi ilə təşəbbüskar, işgüzar, yenilikçi gənc kadrların gətirilməsidir.
* * *
Amma bütün hallarda Dövlət Statistika Komitəsinin (DSK) kənd təsərrüfatı məhsullarının istehsalı üzrə son (yanvar-avqust ayları ərzində) hesabatına nəzər salanda adam torpağımızın bərəkətinə heyran qalmaya bilmir. Nələr yetişmirmiş bu kiçik torpaqda. Üstəlik, hələ torpağımızın neçə-neçə nemətləri var ki, onların istehsalı haqqında məlumat statistikaya düşmür.
Beləliklə, DSK-nın ötən ayın əvvəlinə olan son məlumatına görə, ölkə üzrə sahələrdən 1,1 milyon tondan çox tərəvəz, 643 min ton kartof, 372 min ton bostan, 362 min ton meyvə və giləmeyvə, 38 min ton üzüm, 695 ton yaşıl çay yarpağı, 90,3 min ton şəkər çuğunduru, 21 min ton günəbaxan, 157 ton pambıq, 3 min ton tütün və s. məhsullar yığılmışdır.
Təbii ki, bu rəqəmlərin bir çoxu son göstərici deyil. Xüsusən indi sürətlə yığımı davam edən pambığın, üzümün istehsalında kifayət qədər artım var. Ayrı-ayrı rayonlardan gələn informasiyalara əsaslanıb demək olar ki, bu mövsüm də həm pambıqçılıqda, həm də üzümçülükdə nəzərdə tutulan proqnozlara əməl ediləcək. Çünki hər iki sahə gəlirlidir və üstəgəl dövlət həmin sahələrin inkişafı üçün öz tərəfindən nə lazımdırsa edir. Bu isə istehsalçılarda əlavə stimul yaradır. Belə stimul yaradan şərtlərdən biri də bu gün pambıq əkib-becərənin bütün ilkin xərclərinin emal müəssisələri tərəfindən qarşılanmasıdır. Razılaşaq ki, emalçılarla belə əməkdaşlıq ilk növbədə istehsalçılar üçün sərfəlidir. Xüsusən o baxımdan ki, istehsalçının əlində olan vəsaiti başqa istehsal sahəsinə, məsələn, heyvandarlığa yönəltməyə imkan yaranır.
* * *
Söz ki heyvandarlıqdan düşdü, yenə də kənd gəlib durur adamın gözünün qarşısında. İnanmırıq ki, yolu bircə dəfə kəndə düşən kimsə mal-qaranın səhərlər çölə, axşamlar isə evə dönmə mənzərəsini yaddan çıxara. Yəqin ki, naxırın, sürünün kənd yollarında qopardığı toz-dumanın, səs-küyünün ayrı ləzzəti olduğunu heç kəs danmaz. Hələ hər heyvanın sakitcə öz həyətinin qapısını başı ilə açıb, içəri keçib sahibinə gəldiyini "xəbər” verməsini demirik.
Bu gün Azərbaycanda heyvandarlıq gəlirli sahədir. Özü də bunun səbəbi təkcə ölkədə heyvandarlıq məhsullarının baha olması deyil. Əsas səbəb odur ki, dövlət bu sahəyə də lazım olan güzəştləri edir. Təkcə kənddə heyvandarlıqla məşğul olanların bütün vergilərdən azad edilmələrini xatırlatmaq kifayətdir. Yalnız bunun özü dövlətin xeyirxah niyyətindən xəbər verir.
Düzdür, hələlik istehlakçıların xeyrinə işləməli olan həmin xeyirxah niyyət istənilən nəticəni vermir. Həm obyektiv, həm də subyektiv səbəblər üzündən istehlak bazarında heyvandarlıq məhsullarının qiymətləri bahadır. Bundan əlavə, taxılçılıqdakı kimi, bu sahədə də idxaldan tam xilas ola bilməmişik.
* * *
Bəs, bu barədə statistika nə deyir? Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkə üzrə diri çəkidə ət istehsalı 3,3 faiz artaraq 322,9 min, süd istehsalı 1,2 faiz çoxalaraq 1 milyon 365,3 min ton olmuşdur. Yumurta istehsalı isə 1,1 milyard ədədə çatmışdır ki, bu da 0,7 faizlik artım deməkdir. Baramaçılığı da bura əlavə etsək (cari ildə ölkə üzrə 514 ton barama istehsal olunmuşdur ki, bu da son 20 ilin ən yüksək göstəricisidir) görərik ki, heyvandarlıq sahəsində də istehsal artmağa başlayıb və bu, nikbin proqnozlar söyləməyə əsas verir.
Yeri gəlmişkən qeyd edək ki, cari ilin 8 ayı ərzində ölkə üzrə ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalında 4,2, o cümlədən bitkiçilikdə 5,8, heyvandarlıqda 2,6 faiz artım qeydə alınmışdır.
* * *
İndi isə kəndlinin fəslidir. Yəni bu rəqəmlər hələ artacaq və artdıqca kəndlinin əhvalı yüksələcək. Elə bu yüksək əhvalla o, xərcini-qazancını hesablayıb "Allah bərəkət versin” deyərək ehtiyatını ayırandan sonra yazdan planlaşdırdığı işlərini görməyə başlayacaq - oğul evləndirəcək, qız köçürəcək, ev tikəcək...

Raqif MƏMMƏDOV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video