10 Oktyabr 2018 01:41
614
Təhsil
A- A+

Buraxılış və qəbul imtahanlarının yeni modeli açıqlandı


Bütün qruplar üzrə təqdim edilən suallar qapalı, açıq və mətn əsasında yazılması tələb olunan 3 tapşırıq şəklində olacaq


Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan, 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.


9 illik təhsil bazasından buraxılış imtahanı iki mərhələdə keçiriləcək


Yeniliklərə əsasən, 9 illik təhsil bazasından buraxılış imtahanı iki, 11 illikdən isə bir mərhələdə keçiriləcək. I mərhələdə şagirdlərə tədris dili sayılan Azərbaycan və yaxud rus dili, riyaziyyat və xarici dillər (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) üzrə ümumilikdə 45 tapşırıq təqdim ediləcək.
Azərbaycan dili (rus dili) üzrə bədii, publisistik üslubda 2 mətn təqdim ediləcək və hər mətnə aid 5-i açıq, 5-i qapalı olmaqla 10 tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə həllin yazılması tələb olunan 10 açıq tapşırıq, xarici dillər üzrə isə publististik və ya dialoq olmaqla dinləmə mətninə dair 4-ü qapalı, 2-si açıq şəkildə 6 tapşırıq, oxuyub anlama mətninə dair isə 5-i qapalı, 4-ü açıq olmaqla ümumilikdə 9 tapşırıq təqdim ediləcək. Buraxılış imtahanının 2 saat 15 dəqiqə müddətində nəzərdə tutulan ikinci mərhələsində isə hər fənn üzrə ümumilikdə 90 qapalı sual ( tədris dili-30, riyaziyyat - 30, xarici dil - 30) təqdim olunacaq. İmtahan müddəti 3 saatdır.
Birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal 30, ikinci mərhələdə isə 70 baldır.


Şagirdlərə tapşırıqları yekunlaşdırmaq üçün cəmi 3 saat veriləcək


Tətbiq ediləcək yeniliklərə əsasən, 11 illik təhsil bazasından buraxılış imtahanı bir mərhələdə keçiriləcək. I qrup üzrə riyaziyyat, fizika və kimya fənlərinin hər birinə ayrı-ayrılıqda 30 tapşırıq ayrılacaq. Hər 30 tapşırığın 22-si qapalı, 5-i açıq, 3-ü isə situasiya əsasında həllinin yazılması tələb olunan şəkildə olacaq.
II qrup üzrə də riyaziyyat, coğrafiya və tarix üzrə ümumilikdə 90 tapşırıq təqdim olunacaq və tapşırıqlar 22 qapalı, 5 açıq və 3-ü situasiya əsasında həllinin yazılması tələb olunan tapşırıq formatında olacaq.
III qrup üzrə isə Azərbaycan (rus) dilindən 30, tarixdən 30 və ədəbiyyatdan 30 olmaqla ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Tapşırıqlardan 22-si qapalı, 5-i açıq, 3-ü isə mətn əsasında yazılması tələb olunan tapşırıq olacaq. IV qrup üzrə şagirdlər biologiya, kimya, fizika fənləri üçün təqdim edilmiş ümumi 90 sualı cavablandırmalıdırlar. Yenə də suallar qapalı, açıq və situasiya əsasında həllinin yazılması tələb olunan şəkildə olacaq. Şagirdlərə tapşırıqları yekunlaşdırmaq üçün cəmi 3 saat veriləcək. Bu, imtahan üçün maksimal 300 bal təşkil edir.


Qəbul imtahanlarının yeni modeli


2019-cu ildə tətbiqi nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə əsasən, imtahan müddəti 3 saat nəzərdə tutulub. I qrup üzrə riyaziyyat 30, fizika 30, kimya 30 olmaqla ümumilikdə 90, II qrup üzrə də riyaziyyat, coğrafiya, tarix fənlərindən ümumilikdə eyni sayda tapşırıq nəzərdə tutulub.
III qrup üzrə Azərbaycan (rus) dili 30, tarix 30, ədəbiyyat 30 tapşırıq təqdim ediləcək. IV qrup üzrə də biologiya, kimya, fizika fənlərindən ümumilikdə 90 sual olacaq və bütün qruplar üzrə təqdim edilən suallar 22 qapalı + 5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq şəklində olacaq. Abituriyentlərin toplaya biləcəyi maksimum bal isə 400 baldır.


Universitetə qəbulda buraxılış imtahanının nəticələri də nəzərə alınacaq


I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə ediləcək.
Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.


Bəs digər dillərdə tədris alan şagirdlər...


Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video