10 Oktyabr 2018 01:37
1275
Səhiyyə
A- A+

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələr genişlənir


Ümumdünya beynəlxalq təşkilatları Azərbaycan dövləti ilə əlaqə qurmaqda çox maraqlıdırlar. Ölkə Prezidenti İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət sayəsində bu tərəfdaşların sayı ildən-ilə çoxalır. Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasındakı əməkdaşlıq buna bariz nümunədir. ÜST BMT sistemi çərçivəsində səhiyyə məsələlərini əlaqələndirən beynəlxalq qurumdur. 1948-ci ildə yaradılan bu təşkilat dünyanın inkişaf etmiş ölkələrinin timsalında səhiyyə üzrə rəhbər müddəa və standartlar hazırlayır, dövlətlərə səhiyyə sahəsindəki problemlərin həllində kömək göstərir, habelə səhiyyə sahəsində elmi tədqiqatları dəstəkləyir və təşviq edir. Bu təşkilata 194 dövlət üzvdür. Əsas orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. Baş Qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. 6 regional ofisi var, dövlətlərlə əlaqələrini ofisləri vasitəsilə həyata keçirir.
25 ildən artıqdır ki, Azərbaycanın ÜST ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əlaqələr təşkilatın Baş Qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə bu münasibətlər yeni müstəviyə qədəm qoydu. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ÜST-lə əməkdaşlıq daha da möhkəmləndirilib. Bu, ilk olaraq özünü Ümumdünya Səhiyyə Assambleyasının, ÜST-ün İcraiyyə Şurası və Avropa Regional Ofisinin sessiyalarında, o cümlədən il ərzində keçirilən iclaslarında Azərbaycan nümayəndə heyətlərinin və ÜST nümayəndələrinin respublikamıza etdikləri rəsmi səfərlərdə özünü aydın büruzə verir.
ÜST-ün Avropa Regional Ofisinin direktoru 2000-ci və 2004-cü illərdə Azərbaycanda rəsmi səfərdə olub. 2005-ci ilin may ayında Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında Azərbaycan Respublikası Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-ün İcraiyyə Şurasına üzv seçilib.
2006-cı il aprelin 25-26-da ÜST-ün keçmiş baş direktoru Li Yonq Vuk ölkəmizə rəsmi səfər edib. L.Y.Vuk Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib. Nazirlər Kabinetində, Səhiyyə Nazirliyində, eləcə də Heydər Əliyev Fondunda keçirilmiş görüşlərdə iştirak edib. Sözügedən səfər çərçivəsində əsas diqqət quş qripi və vərəm xəstəlikləri ilə mübarizəyə, eşitmə qabiliyyəti olmayan və yaxud zəif olan insanların cəmiyyətdə rolunun artırılmasına, aclıq və yoxsulluğun aradan qaldırılması və səhiyyədə aparılan islahatlara yönəldilmişdi.
2006-cı il noyabrın 6-da Cenevrədə keçirilən ÜST-ün İcraiyyə Şurasının 119-cu sessiyasında, noyabrın 9-da isə Ümumdünya Səhiyyə Assambleyasının 1-ci fövqəladə toplantısında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. 2008-ci il yanvarın 30-dan fevralın 1-nə kimi ÜST-ün baş direktoru Azərbaycanda rəsmi səfərdə olmuşdur. Azərbaycanın ÜST ilə əməkdaşlığının mühüm nümunəsi kimi Avropa region ölkələrinin 50-dən artıq səhiyyə nazirinin iştirakı ilə 2011-ci ilin sentyabrında ÜST-ün Avropa Regional Komitəsinin 61-ci illik sessiyası Bakıda keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi bu tədbirdə bir sıra qlobal problemlər ətrafında müzakirələr aparılmış, "Səhiyyə 2020” sənədi qəbul edilmiş, XXI əsrdə səhiyyənin strateji istiqamətləri, sosial təsiri, qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə strategiya və digər qlobal məsələlərə dair qərarlar qəbul edilmişdi.
Daha sonra Bakıda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ÜST-ün birgə təşkilatçılığı ilə Avropa Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü görüşü keçirilmişdir. Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək 2011-ci ildə irəli sürdüyü "IDEA” ("International Dialogue for Environmental Action”) təşəbbüsü barədə məlumat vermişdir. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti ÜST-ün təşkilatçılığı ilə 2013-cü ilin mayında Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasında, habelə təşkilatın İcraedici Şurasının 133-cü sessiyasında, 2014-cü ilin yanvarında ÜST-ün Cenevrədə keçirilən İcraedici Şurasının 134-cü, həmin ilin mayında isə 135-ci sessiyasında, eləcə də Ümumdünya Səhiyyə Assambleyasının 67-ci sessiyasında yüksək səviyyədə təmsil olunmuşdur.
ÜST-ün Avropa Regional Komitəsinin Kopenhagendə keçirilmiş 59-cu sessiyasında Azərbaycan 3 il müddətinə (2009-2012-ci illər) qurumun Daimi Komitəsinə, Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-ün İcraiyyə Şurasına, daha sonra isə 2012-2015-ci illər üçün ÜST-ün İcraiyyə Şurasına üzv seçilmişdir.
Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin fəaliyyətinin prioritetlərindən biri kimi ÜST ilə əməkdaşlıq ildən-ilə genişləndirilir, ÜST-ün bölmələri ilə yeni əməkdaşlıq münasibətləri qurulur, Ümumdünya Səhiyyə Assambleyasında, ÜST-ün İcraiyyə Şurasında, bu təşkilatın Avropa Regional Ofisinin sessiyalarında, komitə iclaslarında, o cümlədən il ərzində ÜST-ün təşəbbüsü ilə keçirilən iclaslarda ölkəmizin təmsilçilərinin fəal iştirakı təmin edilir.
ÜST-ün Avropa Regional Ofisinin baş direktoru və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış 2012-2013-cü illər üzrə iki illik əməkdaşlıq sazişi ictimai sağlamlığın gücləndirilməsi, qeyri-yoluxucu xəstəliklər, sağlamlığın təşviqi və sağlam həyat tərzi, yoluxucu xəstəliklər, səhiyyə təhlükəsizliyi və ətraf mühit, habelə səhiyyə informasiyası, tədqiqatlar və innovasiya kimi sahələri müəyyən etmişdir.
ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və digər məsələlərlə bağlı çoxsaylı layihələr icra edilməkdədir. ÜST-ün təşkilatçılığı ilə həyata keçirilən DOTs *(Directly Observed Treatment-short course) layihəsi (layihə vərəm xəstəliyi ilə bağlı birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsini nəzərdə tutur) çərçivəsində Bakı, Naxçıvan, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt, Sabirabad, Şəki və Mingəçevir şəhərlərində vərəm dispanserlərinə vərəm əleyhinə dərman vasitələri, rentgen aparatları, mikroskoplar və digər avadanlıqlar verilib.
MECACAR - poliomielitin ləğv edilməsi üzrə genişmiqyaslı proqram ölkəmizdə 1995-ci ildən həyata keçirilir. Proqrama BMT-nin Uşaq Fondu (UNICEF) da dəstək nümayiş etdirir. CARAK - uşaq və anaların qorunması üzrə proqram, eləcə də difteriyaya nəzarət üzrə proqram çərçivəsində paytaxtda və bölgələrdə tədris kursları təşkil edilib. Ailə planlaşdırılması üzrə proqramın həyata keçirilməsi üçün Gəncə və Sumqayıt şəhərləri seçilib. Ruhi sağlamlıq üzrə proqram çərçivəsində ölkəmizə humanitar yardım şəklində müxtəlif dərmanlar gətirilir. Yardım respublika Səhiyyə Nazirliyi tərəfindən pilot şəhər qismində Qubaya və digər rayonlara göndərilir.
ÜST ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi layihəsinə əsasən respublika Səhiyyə Nazirliyinin özünün Səhiyyə İnformasiya Sisteminin yenidən qurulmasına və inkişafına lazımi kömək göstərilir.
Bu günlərdə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus Bakıda rəsmi səfərdə olub. Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ilə görüşüb.
Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə səhiyyənin yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə xeyli işlər görülüb. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və həmin qurumun daimi fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələri səfərbər edib. Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin olunması bu məsələyə olan diqqətin göstəricisidir.
Görüşdə son illər Azərbaycanın səhiyyə sistemində həyata keçirilən layihələr, tibbi sığortanın əhəmiyyəti, infrastrukturun yenilənməsi barədə məlumat verilib və diqqətə çatdırılıb ki, bütün bunlar ölkə vətəndaşının səhiyyə xidməti ilə layiqli təmin olunmasına hesablanıb.
Daha sonra qonağa ölkəmizdə infeksion xəstəliklərin aradan qaldırılması məqsədi ilə görülən işlər barədə də məlumat verilib. Hazırda bütün diqqətin qeyri-infeksion xəstəliklərin profilaktika və müalicəsinə, bu sahədə yeniliklərin tətbiqinə yönəldiyini bildirib. Qeyd edilib ki, ölkəmizdə açıq ürək əməliyyatları, uşaq kardiocərrahiyyəsi, böyrək və qaraciyər transplantasiyası, ilik köçürmə, süni oynaq və s. kimi əməliyyatlar icra olunur. Vətəndaşların və uşaqların icbari dispanserizasiyası uğurla həyata keçirilir. Sonda insanların sağlamlığının daim dövlətin diqqətində olacağı, bu yolda ÜST ilə tərəfdaşlığın daha səmərəli formada davam etdiriləcəyi bildirilib.
İcbari tibbi sığorta və onun tətbiqi haqqında danışan baş direktor Azərbaycanda 3 bölgədə icra edilən pilot layihələrdən xəbərdar olduğunu söyləyib. O, ölkəmizdə icbari tibbi sığortanın universal səhiyyə paketi formasında hazırlanması istiqamətində ÜST-ün də xüsusi təkliflər vermək arzusunu nəzərə çatdırıb, qeyd edib ki, Azərbaycanda tətbiq olunacaq icbarı tibbi sığorta modeli sonralar digər dövlətlərdə də istifadə ediləcək.
Görüşdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələr ildən-ilə genişlənir.

Rəhman SALMANLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video