Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:53 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Evimizə qəhrəman kimi qayıdacağıq”
“Evimizə qəhrəman kimi qayıdacağıq”
ANA SƏHİFƏ / SİYASƏT
01:16 09.10.2018

Ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hazır olan vətənpərvər əsgərlərimizin qələbə əzmi çox yüksəkdir


...Ön xətdən böyük qürur hissi ilə ayrılıb atəş mövqeyindən görünməyən, səngərdən bir qədər aralıda yerləşən hərbi hissəyə gəlirik. O hərbi hissə ki, ordumuzun aprel zəfərində böyük şücaət göstərərək adını hərb tariximizin şanlı səhifəsinə yazdırıb.


26 illik döyüş yolu, 4 Milli Qəhrəman


Alayda sakitlikdir. Əməliyyat növbətçisi zabit Sadiq Veysəlov bunun səbəbini izah edərək deyir ki, oktyabrın ilk həftəsidir, xidmətini başa vurmuş hərbçiləri gənc əsgərlər əvəzləyib. Hazırda yeni xidmətə başlayan əsgərlərin hərbi hissəyə uyğunlaşma prosesi gedir.
Amma iki gün öncə burada olsaydıq, tam başqa mənzərəyə şahidlik edə bilərdik. Oktyabr ayının 1-ində hərbi hissənin yaranma günü imiş. 1992-ci ildə yaradılan alayın 26 illik döyüş yolu böyük təmtəraqla qeyd edilib.
Hazırda ərazisində müşahidələr apardığımız bu hərbi hissənin mərd oğulları iki il öncə Lələtəpə yüksəkliyinin düşmən tapdağından azad edilməsində əsl qəhrəmanlıq nümayiş etdiriblər. Azərbaycan Ordusunun böyük zəfər qazandığı bu döyüşlərdə 16 şəhid verən hərbi hissənin 4 Milli Qəhrəmanı var. 9 hərbçi "Azərbaycan bayrağı” ordeni, 4 hərbçi "Vətən uğrunda”, 26 hərbçi isə "İgidliyə görə” medalla təltif olunub. Bu, həqiqətən, hərbi hissə üçün böyük zəfərdir desək, yanılmarıq.


Səliqə-sahman, təmizlik, yüksək səviyyəli təminat


Hərbi hissənin ərazisi ilə tanış oluruq. Burada qərargah, kazarmalar, yeməkxana, hamam, qazanxana və hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün idman şəhərciyi də salınıb.
Qərargah binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən və hərbi hissənin aprel döyüşlərində şəhid olan igid oğulların, eyni zamanda, Azərbaycanın bütün Milli Qəhrəmanlarının fotolarından ibarət guşə yaradılıb.
Hərbi hissənin əsgər kazarmalarındakı səliqə-sahmana, təmizliyə də söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə onların yaradıcılıq nümunələri, divar qəzeti, aprel döyüşlərində şəhid olan hərbi qulluqçuların, Milli Qəhrəmanların fotoları, hərbi qaydalar haqqında stendlər asılıb.
Kazarmada müasir istilik sistemi quraşdırılıb. Əsgər çarpayıları isə əvvəlkilərdən fərqli olaraq, daha yüksək keyfiyyətli döşəklərlə və yastıqla təchiz olunub. Eyni zamanda, hərbçilərin televiziya vasitəsilə verilişləri izləmələri təmin edilib.


Gənc əsgərlər hərbi hissəyə uyğunlaşma prosesi keçirlər


Diqqətimizi daha çox çəkən isə əsgər kazarmaları, eləcə də gənc əsgərlərlə aparılan uyğunlaşma prosesi olur. Gənc əsgərlər istirahət üçün yaradılan dairəvi stollarda əyləşib diqqətlə komandirlərin təlimatlarına qulaq asırlar.
Bölük komandiri zabit Abbas Səfərov əsgərlərə hərbi hissədəki nizam-intizam qaydaları, komandanlıq barədə ətraflı məlumatlar verir.
Qalan şəxsi heyət isə döyüş tapşırığını yerinə yetirir. Onlar düşmənin dərinlikdəki gündəlik fəaliyyətini izləyir və hər hansısa bir dəyişiklik olan kimi rəhbərliyə dərhal məruzə edirlər. Günün ikinci yarısında isə fiziki hazırlıqla məşğul olurlar.
Artilleriya batareyasının gənc əsgərlərini isə zabit Nicat Qurbanov təlimatlandırır. Batareyanın digər əsgərləri atəş mövqeyində döyüş növbətçiliyindədirlər.


Aprel qəhrəmanları ilə birlikdə xidmət etmək qürurvericidir


Sərbəst vaxt elan edilir və bundan yararlanaraq gənc əsgərlərlə söhbətləşmək fürsətini qaçırmırıq.
Gənc əsgər Pirxan Cəfərovu daha çox maraqlandıran hərbi hissənin keçdiyi döyüş yoludur: "Bu hərbi hissə barədə çox şey bilirəm. Lələtəpəni məhz burada xidmət edən igidlər azad ediblər. Qəhrəmancasına savaşıb şəhid olanları bu gün hər kəs ehtiramla anır. İstəyirəm ki, adaptasiya prosesindən sonra xidmətimi həmin ərazidə davam etdirim. Bu, mənim üçün böyük şərəf olar”.
Hərbi sirləri həvəslə öyrənən əsgər Tunar Məmmədov çox qürurludur. Bunun səbəbini isə belə izah edir: "Aprel zəfərində qəhrəmancasına döyüşən hərbçilər bu gün bizlərə təlimlər keçirlər, dərs verirlər. Onlar canlı əfsanədirlər. Digər tərəfdən, Ali Baş Komandanın oğlunun da bizim kimi hərbi forma geyinərək xidmətə başlaması məni və digər əsgər yoldaşlarımı çox qürurlandırır. Bu onu göstərir ki, Azərbaycan Prezidenti öz oğlunu bizlərdən seçmir, ayırmır. Prezident öz oğlunu xarici ölkələrdə oxumağa da göndərib ali təhsilini davam etdirə bilərdi. Amma hər kəsə örnək olan bir addım ataraq nümunə göstərdi. İndi Heydər Əliyev də bizim kimi vətən qarşısında borcunu sədaqətlə yerinə yetirir”.
Əsgər Elnar Babayev hərbi hissəyə çox asanlıqla adaptasiya olunduğunu deyir. Çünki komandirləri onlara hər cür dəstək göstərirlər. Gənc əsgər ordudan qələbə müjdəsi ilə tərxis olunmağı arzulayır: "Biz artıq özümüzü mübariz əsgər kimi hiss edirik. Axı, qalib ordunun əsgərləriyik və hər an döyüşə hazırıq. Zabitlərimizin bizlərə hərb elminin sirlərini öyrətmələri ilə bərabər, mənəvi dəstəklərini də qeyd etmək istəyirəm. Biz daim orduya bağlı olan zabitlərimizdən ilhamlanırıq. Fürsətdən istifadə edib öz yaxınlarıma, ailəmə, dostlarıma salamlar göndərirəm. Narahat olmasınlar, bir əsgər kimi dövlətimizin daimi qayğısını hiss edirik. Qidalanmağımız, geyimimiz yüksək səviyyədədir”.


Əsgər yeməyi - bol-bol çeşid, yüksək keyfiyyət


Nahar vaxtına az qaldığı üçün yeməkxanadakı hazırlıq prosesini izləmək məqsədi ilə əsgərlərlə söhbətimizi yekunlaşdırırıq.
Günortanın qida rasionu vitrindədir - Bir nəfər üçün nəzərdə tutulan çörək, noxud şorbası, üzərində ət qulyaşı ilə qarabaşaq və ya makaron, çoban salatı və alma şirəsi.
Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılmasına və bişirilən yeməklərin çeşidinin artırılmasına xüsusi diqqət yetirilir. Milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Burada 3 növbəli sistemlə (hərəsində 12 nəfər olmaqla) 36 mülki işçi çalışır. Onların əksəriyyəti qadındır. İki hərbçi aşpaz isə növbəli sistemlə mülki işçilərlə birlikdə işləyirlər.
Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi isə çox zəngindir. Səhər qida rasionunda hər gün kərə yağı, pendir, meyvə cemi, yumurta, şirin çay mütləqdir. Bundan başqa, müxtəlif günlərdə səhərlər düyü, vermişel sıyığı, çəkilmiş mal əti ilə qarabaşaq verilir.
Nahar rasionu da çoxçeşidlidir. Həftənin müxtəlif günlərində çeşidi dəyişməklə sulu yeməklərdən mərci, lobya, noxud, qorox şorbası, borş, küftə hazırlanır. Bununla yanaşı, qovrulmuş ətlə makaron, qarabaşaq, düyü, vermişel bişirilir.
Şam yeməyində isə balıq konservi, kartof püresi, bulğur və düyü sıyığı olur. Həmçinin hərbçilər mövsümi tərəvəz salatları və şirələrlə təmin edilirlər.


"Yeməklərimiz evdə yediklərimizdən fərqlənmir”


Bişirilən yeməklərin dadına gəldikdə isə bunu gənc əsgərlərin xörəkləri necə iştahla yediklərindən də hiss etmək mümkün idi. Sanki evlərində bişirilən yeməkləri yeyirdilər.
Birlikdə süfrə arxasına əyləşdiyimiz gənc əsgərlərdən Məhəmməd Zeynallı, Tərlan Əsgərov və Aslan Aslanlının etiraflarından da bəlli olur ki, həqiqətən, burada bol çeşidli yeməklər çox dadlı bişirilir. Hərbi xidmətə başladıqları gündən yeməklə bağlı problem yaşamayıblar. İndi onların bir məqsədləri var - tezliklə hərbi hissəyə tam uyğunlaşıb komandirlərin əmrləri əsasında döyüş tapşırıqlarını yerinə yetirmək.
Əlbəttə ki, ön xətdəki hərbi hissədə yaradılmış bu şərait şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatda köklənməsinə, döyüş və mübarizə əzminə də müsbət təsir göstərir. Nümunəvi hərbi xidmətin əsas göstəricilərindən biri də əsgər və zabitlərin vəzifə borclarına layiqincə yanaşmalarıdır. Məhz bu baxımdan hərbi hissədə münasibətlər sırf hərbi qanunvericilik, daxili nizamnamə üzərində qurulur.


Hərbi hissənin tankçıları - Aprel qəhrəmanları


Nahar başa çatır, bir-birini əvvəllər tanıyan və sonradan münasibətləri qurulan hərbçilər kiçik fasilədən yararlanaraq yeməkxananın qarşısında görüşüb söhbətləşirlər. Diqqətimizi çəkən 3 hərbçiyə yaxınlaşırıq və məlum olur ki, bu gizirlər- Səxavət Alpaşayev, Hacıağa Qədirov və Elvin Orucov tank komandirləridirlər. Ordumuzun Aprel zəfərində onların da böyük payı var.
Ermənistan silahlı bölmələrinin qəfil hücumunun qarşısının alınması zamanı tank komandirləri Lələtəpə istiqamətində gedən döyüşə qatılıblar. Atdıqları dəqiq atəşlərlə qarşı tərəfin bir neçə zirehli texnikasını sıradan çıxarıblar. Heç bir itki verməyərək döyüşdən sağ-salamat çıxıblar. Göstərdikləri şücaətə görə, hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Aprel zəfərinin qəhrəmanları ilə söhbətləşmək həqiqətən həm çox maraqlı, həm də qürurvericidir. Çünki onların həyat yolu, Vətən sevgisi hər kəsə nümunədir. Onlarla söhbət zamanı bizdə əminlik yaranır ki, bu gün Azərbaycan hərbçiləri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşünə malik hərbi qulluqçulardır.


Ön cəbhənin əsgəri həm də fiziki cəhətdən güclü olmalıdır


İstirahət vaxtı başa çatır və artıq idman saatıdır. Şəxsi heyətin fiziki sağlamlığının təmini məqsədilə yaradılmış idman şəhərciyində lazımi idman qurğuları quraşdırılıb. Ümumiyyətlə, düşmənlə təmas xətti özünəməxsus qaydaları, ciddi nizam-intizamı ilə seçilir. Burada xidmət keçən əsgər və zabitlərin mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki cəhətdən güclü olması vacib şərtlərdəndir. Elə bu səbəbdən də fiziki hazırlığa xüsusi önəm verilir.
Gənc əsgərlər zabitlərin göstərişləri ilə müxtəlif hərəkətləri yerinə yetirirlər. Kimisi qaçır, kimisi turnikdə çəkinir, kimisi paralel qollarda məşq edir. Bütün bunlar hərbçilərin daha sağlam, gümrah olmalarına xidmət edir.
Elə bu xoş ovqat, xoş təəssüratla hərbi hissəni tərk edirik və bir daha əmin oluruq ki, Vətən etibarlı əllərdədir.


Güvənc yeri, qürur, ləyaqət rəmzi


Ordu hər bir millətin güvənc yeri, qürur, ləyaqət rəmzi, şərəfi, özünütəsdiq imkanıdır. Güclü ordu fiziki, psixoloji cəhətdən hərbçi adını daşımağa hazır olan vətəndaşlardan və onların hərbi vasitələrlə tam təchiz edilməsilə formalaşır. Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətin qüdrətinin nümunəsidir, xalqın iftixar yeridir.
Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin əsgər və zabitlərlə mütəmadi olaraq görüşməsi, onların qayğısı ilə maraqlanması hərbçilərimizdə döyüş, vətənpərvərlik ruhunu daha da artırır. Hər bir əsgərinin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-günə yaxşlılaşdıran dövlət bütün imkanlarını bu istiqamətdə səfərbər edib. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi və Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibəti ilə keçirilən hərbi paradlar da silahlı qüvvələrimizin qüdrətini dünyaya nümayiş etdirdi.
Ali Baş Komandan İlham Əliyev iyunun 26-da keçirilən hərbi paradda Ermənistan rəhbərliyinə bir daha xəbərdarlıq etdi: "Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”.
İlham Əliyev bəyan etdi ki, gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək: "Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Ali Baş Komandan haqlı olaraq məhz bu müzəffər ordusuna güvənir. Çünki Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı, döyüş hazırlığı onu sübut edir ki, tezliklə Xankəndidə, Şuşada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanında keçiriləcək zəfər yürüşündə qürurla dalğalanacaq.

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan”