09 Oktyabr 2018 01:15
1112
İQTİSADİYYAT
A- A+

Dövlət dəstəyi səmərəsiz qalmır


Azərbaycanda müasir aqrar-sənaye komplekslərinin yaradılması sürətlənir


Məlum olduğu kimi, ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasında aqrar sektor önəmli yer tutur. Əhalinin 48 faizindən çoxunun yaşadığı və çalışdığı regionlarda son dövrlər aqrar sektorla bağlı dərin islahatlar keçirilir, sahəyə verilən dövlət dəstəyi artırılır. Təkcə bir faktı qeyd edək ki, indiyədək verilən güzəştli kreditlərin 80 faizindən regionlarda fəaliyyət göstərən sahibkarlar faydalanıblar.

Bu hesaba aqrar sektorda ənənəvi sahələrin dirçəldilməsi məhsul istehsalının artımına əməlli-başlı təkan verib. Son bir neçə ildə pambıq, tütün, fındıq, barama, düyü, xurma istehsalının genişləndirilməsi idxalda da özünü göstərir, özü də faizlə deyil, dəfələrlə. Bu, fermerlərin gəlirlərini də artırır. Nəticədə, kəndli belə sahələrə daha çox meyil edir.

Ölkədə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindən biri də bu sahənin müasir dövrün tələblərinə uyğun modern texnika və texnologiyalarla təmin etməkdir. Artıq bu sahədə xeyli işlər görülüb. Dünyanın qabaqcıl şirkətlərinin istehsal etdiyi müxtəlif texnikalar kənd təsərrüfatında çalışan sahibkarların ixtiyarına verilib. Onu da qeyd edək ki, texnikalar istehsalçılara dəyərindən ucuz və güzəştli şərtlərlə satılır. Üstəlik, buna imkanı çatmayan fermerlərə aqroservislər vasitəsilə kömək göstərilir.

Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illər kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texniki parkımızı tamamilə yeniləmişik... Təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır... Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə əvvəlki qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır”.

İqtisadiyyatın aparıcı sahələrindən biri olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması istiqamətində də işlər davam edir. Bu məqsədlə aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət vəsaiti ilkin investisiya kimi qoyulub. Bundan başqa, dövlət tərəfindən 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihə investisiya təşviqi sənədi verilib.

Artıq 45 aqroparkdan 4-də birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək isə 14 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulub.

Həyata keçirilən işlər öz müsbət nəticəsini verir. Belə ki, müasir texnika və texnologiyalardan geniş istifadə edən iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq daha yüksək olur.

Ölkəmizdə aqrar sektorda istehsal edilən məhsulların çox hissəsi Rusiya bazarlarında satılır. Bu sahədə şimal qonşumuz bizim alternativsiz tərəfdaşımızdır. Sentyabrın 27-də Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirildi ki, ötən il ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi 12 faiz artıb. Bu, yarım milyard dollarlıq məhsul deməkdir. Cari ildə bu rəqəmin daha yüksək olacağı proqnozlaşdırılır.

Ötən ilin sentyabrında Moskvada keçirilən Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi 30 şirkət təmsil edib. Həmin şirkətlər bu gün də Rusiya bazarında uğurla fəaliyyət göstərir. İki ölkə arasında olan siyasi və iqtisadi münasibətlərin yaxşılaşması sayəsində kənd təsərrüfatı məhsullarımızın Rusiya bazarlarına çıxışı da asanlaşıb. Qarşıdakı illərdə ölkəmizdən şimal qonşumuzun ərazisinə daha çox kənd təsərrüfatı məhsulları ixrac ediləcək. Sözsüz ki, belə hal həm ölkəmizin, həm də fərdi qaydada fermerlərin qazancını artıracaq.

Statistikaya nəzər salaq: Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-avqust ayları üzrə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 4 milyard 774 milyon manat təşkil edib. Bunun 2 milyard 387 milyon manatı heyvandarlıq, 2 milyard 386 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalı 4,2, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6, bitkiçilik məhsulları üzrə 5,8 faiz artıb.

Sentyabr ayının 1-nə olan statistik məlumata görə, payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99 faizi və ya 1 milyon 41,1 min hektarı biçilərək sahələrdən 3 milyon 36,3 min ton və ya keçən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz çox məhsul götürülüb.

Heyvandarlıqda isə ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,3 faiz artaraq 322,9 min ton olub. Bu sahədə ən çox artım baramaçılıqda qeydə alınıb. Belə ki, cari ildə 514 ton (keçən il 245 ton) barama istehsal olunmuşdu ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.


Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video