Keçən il su çatışmazlığı və havaların əlverişsiz keçməsi Goranboy pambıqçılarını məyus etdi. Götürdükləri öhdəliyi yerinə yetirə bilmədilər. Bütün qüvvələr səfərbərliyə alınsa da, 10 min tona qarşı cəmi 7 min ton pambıq istehsal edildi. Bu göstərici tarixən pambıqçılıqda böyük təcrübə qazanmış rayon sakinlərini narahat etməyə başladı. Mövsümün sonunda rayon icra hakimiyyətində keçirilən müşavirədə buraxılan nöqsanlar ciddi təhlil edildi, pambıqçılıqla məşğul olan şirkətlər qarşısında vəzifələr müəyyənləşdirildi.
Torpağın səpinə hazırlığından başlamış səpin prosesinə qədər bütün işlər nəzarətə götürüldü. Xüsusilə rayonda mövcud olan su probleminin həlli istiqamətində işlər görüldü. Həyata keçirilən işlər öz bəhrəsini verdi. İndi pambıqçıların üzü gülür.
Goranboy tarixən pambıqçılıq rayonudur. 1970-ci illərdə respublikamızda pambıqçılıqda qazanılan uğurlarda onun da payı olub. Burada onlarca əmək qəhrəmanı yetişib. Onların adlarına şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər birliyi dağıldıqdan sonra pambıqçılıq bu rayonda da tənəzzülə uğrayıb. İnsanların əli işdən soyuyub. Nəticədə əsas qazanc yeri olan pambıqçılıq tədricən sıradan çıxıb və yerində müxtəlif bostan bitkiləri əkilib. Bu da əhaliyə elə bir qazanc gətirməyib. Ölkə rəhbəri İlham Əliyevin göstərişi ilə bu gəlirli sahə yenidən inkişaf etdirilməyə başlanıb. Fermerlərə dövlət hesabına müxtəlif güzəştlər edilib. Pambığın müasir texnologiyalarla becərilməsi və əl əməyinin yüngülləşdirilməsi üçün fermerlər texnikalarla təmin edilib. Pambığın hər tonu üçün onlara subsidiyalar verilib. Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə təhvil verilən hər ton pambıq üçün fermerlərə 50 manat subsidiya verilməsi pambıqçıları daha da həvəsləndirib.
Pambıqçılığın inkişafına göstərilən belə qayğı Goranboy sakinlərində də ruh yüksəkliyi yaratmışdır. Məhz bunun nəticəsidir ki, indi rayonda elə bir kənd yoxdur ki, orada pambıq əkilməsin. "Azərpambıq” MMC-nin göz işlədikcə uzanan pambıq sahələrində də bol məhsul var. Cəmiyyətin direktoru Səyavuş Qurbanov dedi ki, bu torpaqlar hələ bu qədər məhsul yetişdirməyib. 32 kənddə 1700 hektar sahədə pambıq yetişdirmişik. 221 fermerlə müqavilə bağlanılıb. Yığım pis getmir. Hələlik hər hektardan 20-25 sentner məhsul götürülür. Bu rəqəm yaxın günlərdə artacaq.
Oktyabrın 3-nə olan məlumata görə, "Azərpambıq” MMC-nin tarlalarından 2000 tonadək pambıq yığılıb ki, bu da keçən ilin müvafiq dövründən 988 ton çoxdur. Ümumiyyətlə, "Azərpambıq” MMC-nin müqavilə bağladığı kəndlərin hamısında bol məhsul yetişdirilib. Məsələn, Qaradağlılar kəndinin sakini Sərvaz Hüseynov 60 hektar sahədə pambıq əkib. Hər hektardan orta hesabla 25 sentner məhsul götürür. Qızılhacılı kəndinin sakini Həsən Süleymanov da builki məhsulundan çox razıdır.
"CTS Aqro” MMC-də tarlalardan bol məhsul gözlənilir. 1700 hektar sahədə məhsul yetişdirən cəmiyyət 220 nəfər torpaq sahibi ilə müqavilə bağlayıb. Fermerlərə hər cür qayğı göstərən cəmiyyət yığımın mütəşəkkil və itkisiz başa çatdırılması üçün köməyini əsirgəmir. Pambıq qəbulu məntəqəsində də işlər yaxşı gedir. Məntəqədə qəbul edilən pambıq qurudularaq tayalara vurulur.
"CTS Aqro” MMC ilə müqavilə bağlamış fermerlər də onlara göstərilən qayğıdan razıdırlar. Cəmiyyət əkindən tutmuş yığıma kimi fermerlərə lazımi kömək göstərir. Məhz bunun nəticəsidir ki, Veyisli kənd sakini Zahid İsmayılov, keçənilkindən fərqli olaraq, bu il daha çox pambıq əkib. 12 hektarda bol məhsul yetişdirən torpaq sahibi hər hektardan 34 sentner pambıq götürür. Artıq burada da birinci yığım başa çatıb. Xanqərvənd kəndinin sakini Cavid Əkbərovun sahələrində də bol pambıq yetişdirilib. İndiyədək 3 hektar sahədən 22 ton 480 kiloqram məhsul toplayıb. Onun həmkəndlisi Elman Rüstəmov 22 hektar sahədə yetişdirdiyi məhsulun hamısını maşınla yığıb. İndiyədək 65,3 ton pambıq təhvil verib.
"MKT İK” MMC də bu il pambıq əkininə ciddi yanaşıb. Torpaq vaxtında şumlanıb, səpin vaxtında aparılıb, pambıq kollarının suvarılmasına diqqətlə yanaşılıb. İndi hər gün qəbul məntəqəsinə onlarca lafet pambıq gətirilir. Məntəqənin direktoru Vaqif Məmmədov deyir ki, bu il ötən illə müqayisədə məhsul ikiqat çox olacaq. Bu il yığımda maşınlara daha çox üstünlük verilib. Məhz bunun nəticəsidir ki, yığım sürətlə gedir. Məsələn, Qırıxlı kəndinin sakini Tofiq Məmmədov 6 hektar sahədən 20,4 ton məhsul toplayıb. Bu da hər hektardan orta hesabla 34 sentner pambıq deməkdir. Xanqərvənd kəndindən Yaşar Məmmədov 7,5 hektar sahənin hər hektarından bundan da çox - 40 sentner məhsul yığıb.
Cəmiyyətin müqavilə bağladığı Qızılhacılı kəndinin sakini Bayram Səlimov da bu il bol məhsul yetişdirib. O, 5 hektar sahədən indiyədək 18 ton 500 kiloqram pambıq yığıb. Bu da hər hektardan 38 sentner məhsul deməkdir.
Bir sözlə, Goranboy pambıqçıları bu il tarlalarda bol məhsul yetişdirmişlər. Rayon icra hakimiyyətində də dedilər ki, yığımın mütəşəkkil getməsi üçün qərargah yaradılıb, qaynar telefon xətti fəaliyyət göstərir. Yığım zamanı baş verən hər hansı problem aradan qaldırılır. Bundan başqa, pambıq tarlalarının ərazisində təcili yardım briqadaları təhkim olunmuşdur. Rayon icra hakimiyyətinin rəhbərləri də tez-tez pambıq sahələrində olurlar. Elə həmin gün rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə rayon mərkəzindəki pambıq sahələrində rastlaşdıq. Dedi ki, bu il rayonda pambıq boldur. Əminik ki, öhdəliyimizə əməl edəcəyik.
Sabir ƏLİYEV,
"Azərbaycan”