09 Oktyabr 2018 01:09
632
İQTİSADİYYAT
A- A+

Biləsuvarda pambıq yığımı mütəşəkkil keçir


Payız artıq hiss edilir. Havaların nisbətən soyuduğu, günlərin qısaldığı bu fəsildə pambıqçı daha qayğılı olur. Çalışır ki, aylardan bəri zəhmət çəkib yetişdirdiyi pambığı tez və itkisiz yığıb, müqavilə bağladığı şirkətə təhvil versin. Bunun üçün o, hər gün tarlalara daha çox işçi qüvvəsi, texnika çıxarmağa səy göstərir.

Biləsuvarda da bu gün pambıq sahələri əsl hünər meydanına çevrilmişdir. Hər yanda əmək coşqusu var. Qeyd edək ki, biləsuvarlı əkinçilər pambıqçılıqda yaxşı ənənələrə malikdirlər. Onlar strateji əhəmiyyət kəsb edən bu bitkiyə böyük diqqət və qayğı ilə yanaşırlar. Bu da onun digər əkin növləri üçün yaxşı sələf olması ilə bağlıdır. Növbəli əkin sistemini tətbiq etmədən yüksək məhsul əldə etmək mümkün deyil. Buna görə də ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar görülən işlər rayon pambıqçılarının ürəyincədir. Pambığın satınalma qiymətinin artırılması, habelə subsidiyanın verilməsi fermerlərin bu sahəyə marağını daha da artırmışdır.

Xatırladaq ki, keçən il rayonda 11 min 351,8 hektar sahədən 24 min 762,4 ton məhsul yığılmışdır ki, bu da hər hektardan 26,8 sentner məhsuldarlıq deməkdir. Bu, ölkədə ən yaxşı göstəricilərdən biridir. Daha yüksək nəticələr əldə etdiklərinə görə rayon pambıqçılarından Fazil Musayev 1-ci dərəcəli "Əmək” ordeni, Lətif Cəfərov "Tərəqqi” medalı ilə təltif edilmişlər.

Cari ildə Biləsuvarda 12 min hektarda pambıq əkilmişdir. Torpaq mülkiyyətçiləri, fermerlər burada pambıq istehsalı və tədarükü ilə məşğul olan üç şirkətlə - "MKT- Biləsuvar” ASC, "Azərpambıq” və "Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlamışlar. Hər üç müəssisə məhsulun əkilməsi, becərilməsi zamanı sahibkarlara lazımi kömək göstərmiş, onları toxum, gübrə, habelə texnikalarla təchiz etmişdir. Yığım dövründə bu əməkdaşlıq daha operativ şəkil almış və nümunəvi təşkil olunmuşdur.

"MKT-Biləsuvar” ASC-nin mühəndisi Zakir İmanovla tarlalara baş çəkirik. Biləsuvar-Bəhrəmtəpə yolu ilə təxminən 20-25 kilometr getdikdən sonra o qədər də uzaqda olmayan sol tərəfdəki sahələrdə kombaynlar görünür. Yol yoldaşım buraların Çaylı kəndi ərazisi olduğunu söyləyir.

O, idarə etdiyi "Niva”nı magistral yoldan aşağı salıb, torpaq yolla kombaynların yanına sürür. Oraya çatıb maşını saxlayır. İki qoşa lafet dayanaraq pambıqyığan maşının bunkerinin dolmasını gözləyirdi. İlk olaraq qarayanız, ortaboylu, 50-55 yaş arasında olan adamla tanış oluruq. "MKT-Biləsuvar” ASC-nin sahə aqronomu Eyvaz Şirinov da yanındakıları bizə təqdim edir. Görüşüb işlərinin gedişi ilə maraqlanırıq. Məlum olur ki, pambıqyığan maşın işləyən sahə Çaylı kəndindən olan torpaq mülkiyyətçisi Habil Rəcəbovundur. Sahə aqronomu onun bir az bundan əvvəl evlərinə - işçilər üçün nahar gətirməyə getdiyini deyir. Tarlaya nəzər salırıq. Hər tərəf ağappaqdır. Sahə aqronomu E.Şirinov hər hektardan bir yığım zamanı 35 sentner məhsul götürdüyünü bildirir. Sonra hər kolun üstündə qozaların qaldığını göstərib: "Yəqin, ikinci yığımda da xeyli məhsul olacaq”, - deyir.

"Conder” markalı pambıqyığan maşın lafetlərin yanına çatıb dayanır. Nəqliyyat traktorçuları lafetləri bunkerin altına verirlər. Sürücü-mexanizator İsa Həmidov bunkeri yavaş sürətlə qaldırır. Pambıq axıb lafetə tökülür. Dilavər Aslanov və Bəhrəm Rəcəbov lafetə tökülən pambığın üstünü yelkənlə bağlayırlar. Dolmuş lafetlər zavoda yola salınır. Sürücü-mexanizator İ.Həmidovdan "Conder”in necə işlədiyini soruşuruq. "Əla yığır, özünüz görürsünüz, açılan pambığın hamısını tərtəmiz götürür, kolun üstündə bir qram da qoymur qalsın”, - deyir.

Öyrənirik ki, ümumilikdə "MKT-Biləsuvar” ASC-nin 14 belə kombaynı var və onlar indi müxtəlif sahələrdə işləyir. Yığılan məhsulun daşınması üçün 94 lafetdən istifadə edilir.

Oradan bir az uzaqda əl ilə pambığı yığılan Seyran Abdullayevin sahəsinə gedirik. Burada öyrənirik ki, pambıqçı qızlardan Aybəniz Kərimova, Şəhla Nuriyeva, Xəzangül və Məleykə Məmmədova bacıları, Gülnisə Fətullayeva hər gün adama 80-90 kiloqram pambıq toplayırlar. Onlar söhbət etsələr də, əlləri bir an belə dayanmırdı.

Biləsuvarda pambıq yığımı gündən-günə geniş vüsət alır. Defalyasiya olunmuş sahələrdə də kütləvi yığıma başlanmışdır. Hər gün tədarük təşkilatlarına orta hesabla 450-500 ton məhsul göndərilir.

Pambıq dolu lafetlər bir-birinin ardınca müəssisəyə gəlir. Burada isə məhsuldan nümunələr götürülür, nəmliyi, zibilliliyi laboratoriyada dəqiq yoxlanılır, sonra zavodun həyətinə buraxılır. Xam pambığın eribarlı şəkildə qorunması, saxlanması üçün bütün tədbirlər görülmüşdür. Tayaların yerləri, tayavuran, pambıqdaşıyıcı, təmizləyici, kipləyici və digər avadanlıqlar vaxtında təmir edilib saz hala gətirilmişdir. İndi müəssisədə mahlıc emal edilir. Mövsümlə əlaqədar əlavə 150 nəfər işə qəbul olunub.

Biləsuvarlılar kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın durmadan inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Mütəxəssislər keçən illə müqayisədə su probleminin yaşanmadığını, nəticədə hər bir sahədə, hər bir kolun üzərində kifayət qədər qoza yetişdiyini söyləyirlər. Bu da, öz növbəsində, bol məhsul deməkdir. Məhsul bolluğu isə xoş güzərandan, yaxşı əhvali-ruhiyyədən xəbər verir.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video