09 Oktyabr 2018 01:05
596
İQTİSADİYYAT
A- A+

Alim QULİYEV: “Dövlət proqramının icrası ölkənin nağdsız cəmiyyətə transformasiyasına mühüm töhfə verəcək”


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Sərəncama əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndiricisi təyin olunub. Sərəncamın icrası ilə bağlı AZƏRTAC-ın suallarını Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev cavablandırıb. Müsahibəni təqdim edirik.
- "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası Mərkəzi Banka həvalə olunub. Bu sahədə iş necə təşkil ediləcək?
- Dövlət proqramında tədbirlərin icra mexanizmi, əsas icraçı təşkilatların, əlaqələndiricinin və qiymətləndirmə və monitorinqi aparacaq qurumun vəzifə və öhdəlikləri müəyyən edilib. Əsas icraçı təşkilat tədbirlərin yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla rüb üzrə görülmüş işlərə dair hesabatı Mərkəzi Banka təqdim edəcək. Əlaqələndirici qurum kimi Mərkəzi Bank dövlət proqramının icrasına nəzarət, yaranan problemlərin həlli və ya qurumlar arasında əlaqələndirmənin düzgün təşkilini həyata keçirəcək. Mərkəzi Bank tərəfindən əsas icraçı təşkilatlardan alınan hesabatlar təhlil ediləcək və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim ediləcək. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi isə Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Hazırda mərkəz ilə işin təşkilinin reqlamenti üzərində işlənilir. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə Mərkəzi Bank ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
- Dövlət proqramı qarşıya hansı əsas hədəflər qoyur?
- Proqram bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini ehtiva edir. Onun icrası ilə ilk növbədə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40 faizə qədər azalacaq.
Nağd iqtisadiyyatın azalması ilə iqtisadi subyektlər arasında maliyyə şəffaflığı artacaq, vergidən yayınma halları azalacaq, bank sektorunun maliyyə resurs bazası güclənəcək, elektron bank əməliyyatlarının çeşidi, əlçatanlığı və elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi, elektron ticarətin həcmi artacaq. Ümumilikdə dövlət proqramının qəbulu və uğurlu icrası ən qısa müddətdə ölkəmizdə nağdsız cəmiyyətin əsaslarını yaratmağa, iqtisadi münasibətlərdə rəqəmsal transformasiyaya ciddi töhfə verəcək.
- Bank sektorunun yenidən canlandırılması da mühüm vəzifə olaraq qarşıya qoyulub. Bank sektorunda maliyyə dayanıqlığının bərpa edilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- Rəqəmsal ödənişlərin genişləndirilməsinin əsas şərtlərindən biri də inkişaf etmiş bank sistemidir. Maliyyə vasitəçiliyinin inkişaf etdiyi ölkələrdə nağdsız ödənişlərin həcmi adətən daha yüksək olur. Məhz bu səbəbdən dövlət proqramının əsas istiqamətlərindən biri də bank sektorunun yenidən canlandırılması, maliyyə dayanıqlığının bərpa edilməsidir. Buraya bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi və aktiv pul bazarının formalaşdırılması prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi daxildir.
Bank sektorunun sağlamlaşdırılması məqsədilə bankların kapitalizasiyasının nəzarətdə saxlanılması, problemli aktivlərin idarə edilməsi, bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, pul bazarının və qiymətli kağızlar bazarının inkişafı kimi əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur.
Bu tədbirlər çərçivəsində 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq. Banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlər işə salınacaq. Problemli aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlər yaradılacaq, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətləri hazırlanacaq. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcək.
- Qiymətli kağızlar bazarı bu prosesdə nə kimi rola malikdir?
- Dövlət proqramında yer alan 16 prioritetdən biri də aktiv pul bazarının formalaşdırılmasıdır. Aktiv pul bazarı maliyyə vasitəçiliyinin gücləndirilməsində və iqtisadiyyatın maliyyə resurslarına tələbatının daha dolğun ödənilməsində əhəmiyyətli rol oynayır, maliyyə institutları tərəfindən likvidliyin effektiv idarə olunmasına şərait yaradır. Pul bazarının mövcudluğu şəraitində likvidlik maliyyə institutları arasında daim hərəkət edir, banklar iqtisadiyyatı daha fəal şəkildə kreditləşdirirlər.
Aktiv pul bazarının formalaşdırılması istiqamətində nəzərdə tutulan üç tədbirdən biri də qiymətli kağızlar bazarını dərinləşdirmək və bu əsasda banklararası REPO bazarını inkişaf etdirməkdir. Bu tədbir çərçivəsində qiymətli kağızlar bazarı və banklararası pul bazarı üzrə girov bazasının genişləndirilməsi, dövlət qiymətli kağızlarının həcminin və çeşidinin artırılması imkanları təhlil olunacaq. Dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın qısamüddətli notlarının həm ilkin, həm də təkrar bazarında əməliyyatların vahid elektron ticarət platformasına keçirilməsi imkanı yaradılacaq.
- Dövlət proqramında qeyd olunan aktual məsələlərdən biri də rəqəmsal sahibkarlığın inkişaf etdirilməsidir. Biznes subyektləri arasında nağd pul dövriyyəsinin aradan qaldırılması üçün nə kimi işlər görüləcək?
- Ölkədə dövriyyədə olan nağd pulun çəkisini müəyyən etmək üçün aparılan qiymətləndirmələr göstərir ki, 2016-cı il üzrə 180 milyard ümumi dövriyyənin 152 milyard manatını biznesin ümumi gəlirləri təşkil edib. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 milyard manatının (72 faiz) nağd gəlirlərdən ibarət olduğunu üzə çıxarıb.
Biznes subyektləri arasında nağd pulun çəkisinin azaldılması üçün ilk növbədə biznesin nağd puldan istifadə motivləri aradan qaldırılmalı, institusional mühitin nağdsız ödənişlərin inkişafına əlverişliyi təmin olunmalı, ədalətli rəqabətə əsaslanan bazar strukturu formalaşmalı, vergi sisteminin effektivliyi artırılmalı, vergidən yayınmağa imkan verən hallar aradan qaldırılmalıdır.
Bu baxımdan dövlət proqramının əsas istiqaməti rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu istiqamət çərçivəsində əlverişli biznes mühitinin inkişaf etdirilməsi, səmərəli vergi sisteminin təşviq olunması, sosial sığorta ayırmalarının diferensiallaşdırılması və təkmilləşdirilməsi prioritetləri nəzərdə tutulur.
Əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə rəqabət mühitinin gücləndirilməsi, kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması, vergitutma mexanizminin sadələşdirilməsi, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması, əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi kimi mühüm tədbirlər həyata keçiriləcək.
- Bu il avqustun 1-nə olan məlumatlara görə, ölkədaxili ödəniş kartları ilə aparılan əməliyyatların həcminin yalnız 9 faizi elektron ticarətin payına düşür. Bunun səbəbi nədir, əhali niyə nağd ödənişlərə üstünlük verir?
- Elektron ticarətlə aparılan ödənişlərin həcminin aşağı səviyyədə olmasının əsas səbəbləri sırasına ölkəmizdə elektron ticarət platformalarının məhdudluğu, stimullaşdırıcı tədbirlərin lazımi səviyyədə təşkil edilməməsi, əhalinin nağd pulla ödəniş vərdişi, regionların, xüsusilə kənd yerlərinin müasir rabitə infrastrukturu ilə tam əhatə olunmaması kimi amillər daxildir.
Lakin qeyd edilməlidir ki, son vaxtlar nağdsız ödənişlərin həcminin artırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Nəticədə ölkədaxili elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi son üç il ərzində 5,7 dəfə, ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin həcmi isə 2,8 dəfə artıb. Dövlət Proqramının icrası bu sahədə əsaslı dönüşə gətirib çıxaracaq.
- Yaxın perspektivdə hansı yeni ödəniş sistemlərinin və texnologiyaların tətbiqi gözlənilir?
- Ödəniş sistemləri və xidmətləri davamlı inkişaf edən sahədir. Dövlət proqramı çərçivəsində də yeni texnologiyaların ölkədə tətbiqi üzrə mühüm tədbirlər həyata keçiriləcək.
Rəqəmsal texnologiyaların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə nağdsız ödəniş əməliyyatlarının effektivliyini yüksəltmək və likvidlik riskini azaltmaq məqsədilə yeni, innovativ ödəniş üsullarının ("ani ödəniş”, "mobil ödəniş”, "mobil pul kisəsi” və s.) tətbiqi geniş yayılıb. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də 24/7/365 rejimli ani ödəniş sisteminin yaradılmasıdır. Müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24*7*365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. Hazırda dünyanın 32 ölkəsində (İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Cənubi Koreya, Hindistan, Sinqapur və d.) artıq "Instant Payment System”, "Fast Payment System” adlanan müvafiq sistemlər tətbiq edilir, 16 ölkədə isə onun tətbiqinə hazırlıq görülür.
Bu sistemin yaradılması ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24*7*365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək. İstifadəçilər istənilən vaxt və istənilən vasitələrlə bir-birlərinə nağdsız ödəniş edə biləcəklər. Eyni zamanda ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaq. Yaradılan imkanlar isə iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcək.
Digər mühüm layihə ölkənin bank sektorunda təklif olunan xidmətlərin yeni innovativ müstəvidə elektronlaşdırılması, elektron xidmətlərin miqyasının genişləndirilməsi üçün rəqəmsal identifikasiya sisteminin Blockchain platformasında yaradılmasıdır. Son zamanlar Blockchain platforması vasitəsilə həyata keçirilən həllər özünü doğrultduqca bu texnologiyanın yaxın və uzaq qonşu ölkələrdə implementasiyası artmaqdadır. Blockchain texnologiyası biznes proseslərinin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə istifadə olunur. Azərbaycanın bank sektorunda həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank ölkədə ilk dəfə olaraq pilot Blokchain platforması üzərindən layihənin reallaşdırılmasına başlayıb. İlin sonunadək layihənin pilot fazasının tamamlanması nəzərdə tutulur.
Dövlət başçısının ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna, rəqəmsal ödənişlərin inkişafına yönəldilən güclü siyasi dəstəyi müxtəlif qurumlarla qarşılıqlı fəaliyyəti tələb edən bu layihələrin uğurlu icrasına zəmin yaradır.
- Azərbaycanda kriptovalyutaya münasibət dəyişilə bilərmi?
- Qeyd edilməlidir ki, kriptovalyutaların ödəniş aləti kimi istifadə edilməsində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi, fırıldaqçılıq halı nəticəsində itirilmiş vəsaitin geri qaytarıla bilinməməsi, heç bir təşkilat tərəfindən aparılan əməliyyatlara zəmanətin verilməməsi, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunmaması və s. kimi risklər mövcuddur. Mərkəzi Bank kriptovalyuta problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir. Kriptovalyuta yüksək riskli investisiya aktividir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video