Alternative content

14:51 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
03:47 23.01.2019 Acı həqiqətlər
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çapar, carçı, poçtalyon...
Çapar, carçı, poçtalyon...
ANA SƏHİFƏ / Mədəniyyət
01:03 09.10.2018

Əsrlər boyu adları dəyişsə də, onların fəaliyyəti eyni qalır


"- Kim istəyirsən ol, amma çapar olma.
- Niyə?
- Çünki çaparın peşəsi ağır və təhlükəlidir, yolda ona həm heyvanlar, həm də insanlar hücum edər...”
Bu sözlər Misirdə arxeoloqların tapdığı qədim bir papirusda bir nəfərin oğluna ünvanladığı vəsiyyətində həkk olunub. Atanın oğluna məsləhət bilmədiyi bu peşənin qədim tarixi var. Elə o vaxt da şad və bəd xəbəri çaparlar çatdırırlarmış...


21 ilin çaparı...


9 oktyabr Ümumdünya Poçt Günüdür. 1874-cü il oktyabrın 9-da Berndə (İsveçrə) yaradılmış Ümumdünya Poçt İttifaqının 14-cü konqresinin qərarı ilə bu bayram hər il ittifaqın yaradıldığı gün keçirilir.
Bu əlamətdar gündə bu sahədə 21 illik iş stajı olan Məmmədəli dayı ilə söhbətləşmək qərarına gəldik və qocaman poçtalyonun xatirələrini bölüşdükcə peşəsini necə sevdiyinin şahidi olduq.
Əslən Qubadan olan Məmmədəli Rüstəmov 1950-ci il oktyabrın 16-da Zıxır kəndində anadan olub. 1971-ci ildə S.M Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) mexanika və riyaziyyat fakültəsi üzrə təhsil alıb. Hərbi xidmətdən sonra xeyli müddət Bakı Metro Tikinti İdarəsində işləyib. 1997-ci ildə isə poçtalyon kimi fəaliyyətə başlayıb.
"Azərpoçt” MMC-nin 1 saylı Poçt Filialının 10 saylı poçt şöbəsində poçtalyon işləyən Məmmədəli dayı hələ uşaq ikən bu sahəyə çox maraq göstərirmiş:
- Müharibədən sonrakı illərdə poçtalyon dövrü mətbuat, məktublar gətirəndə insanların necə sevindiyini görürdüm. Qardaşım da həmin vaxt hərbi xidmətdə idi və onun məktubunu almaq üçün səbirsizliklə poçtalyonun yolunu gözləyirdik. Fikirləşirdim ki, mən də poçtalyon olub insanları sevindirəcəm. 23 ildir rabitə sahəsindəyəm. Onun 21 ilini poçtalyon kimi fəaliyyət göstərmişəm.


İndi o həyəcan qalmayıb...


Hər gün sübh tezdən göndərişləri paylamağa başlayan Məmmədəli dayı gün ərzində xeyli ünvan gəzir və bütün məktubları qısa zaman çərçivəsində ünvanlarına çatdırmaq üçün çalışır:
- Yüksək texnologiyalar inkişaf etdiyindən insanlar arasında məktublaşmaq həvəsi, o həyəcan qalmayıb. İnsanlar indi daha çox mobil telefon vasitəsilə bir-birinə sözünü çatdırırlar. Ancaq o dövr bir başqa idi. Onda yazdığın hər cümlənin məsuliyyəti də böyük idi. Yazdınsa, silə bilməzdin. Diqqət yetirirdim ki, birdən başqa formada yazaram, həmin adam oxuyar pis olar və ya həyəcanlanar. Məktub yazmaq bir həyacan idi, bu gün o hiss keçib klaviaturaya. O dövrün öz dəyərləri var idi. Səbirsizliklə poçtalyonun nə vaxt gələcəyini gözləyirdik. Amma indi telefonla istədiklərini yazıb, silə də bilirlər... Bu gün fərq ondadır ki, məktublaşmaların 70-80 faizi rəsmidir. Bizim şöbə 4 xidməti sahədən ibarətdir. Hər poçtalyonun öz xidməti sahəsi var. Xidməti sahəmdə 12 dövlət idarəsi, 8 bank və bank şöbəsi, 100-ə qədər böyük şirkət, 25 min əhali yaşayır...


Məni səsimdən tanıyırlar, üzümə qapı açmayanlar da olur


Məmmədəli dayı deyir ki, onu doğması kimi qəbul edib evinə qonaq edənlər də olur, üzünə qapı açmayanlar da. Əgər poçtalyonun göstərdiyi xidmət yaxşıdırsa, yaxşı da qarşılanır. Bəzi ailələr onu səsindən tanıyır və dərhal deyirlər ki, Məmmədəli dayı gəldi:
- Artıq çoxuyla doğmalaşmışıq. Ancaq işə başladığım ilk aylarda üzümə qapı açmayanlar da olurdu. Xüsusilə, evin xanımı həyat yoldaşı evdə olmadığından qapını açmayıb. İndi bu sarıdan əziyyət çəkmirəm. Açmasa, qapıya bildiriş qoyuram ki sizə məktub var, xahiş olunur, poçta gələsiz. Bir neçə adam var deyir, qapını döyməyinizdən tanıyırıq, sizi... Hətta evində ziyafət olanda məni içəri də dəvət edirlər. Əcnəbilərə də məktub çatdırıram. Onlarla ünsiyyət zamanı rus dilində danışıram, əksəriyyəti rus dilini başa düşür. İngiliscə də müəyyən sözləri öyrənmişəm.


Sevgililərin məktubları...


Məmmədəli dayının sözlərinə görə, hazırda şəxsi məktublar az da olsa var. Məsələn, qohumu xaricdə yaşayanlar bir-biri ilə məktublaşırlar. Hətta təcrübəsində bir-iki dəfə də sevgililərin məktublaşmasının şahidi olub:
- Günlərin bir günü bir qız gəldi yanıma ki, sizdən bir xahişim olacaq. Dedim, buyur. Qayıtdı ki, bəs, mənə bir məktub gələcək, onu özümə çatdırarsız, valideynlərim bilməsin. Sən demə, sevgilisindən məktub gözləyirmiş. Oğlan Almaniyada yaşayırdı. Məktub gələn günü aparıb özünə verdim. Çox sevindi...
15 il əvvəl şöbəmizə gün ərzində 300 məktub gəlirdi. İndi isə təxminən minə yaxın məktub olur. Gələn məktubların 70 faizi yol polisi, 25 faizi idarə, qalanları isə carçı məktublar sayılır. Ay ərzində əsgər məktubları da olur.


Məktubu aparanda gördüm ki, qrup yoldaşım...


10 il əvvəl yaşadığı maraqlı xatirəsini bizimlə bölüşən Məmmədəli dayı içini çəkərək bəzi anların həyacanlı unudulmaz olduğunu deyir:
- Bir dəfə bir ünvana məktub aparmışdım. Qapını döydüm, açdılar. Məktubun üzərindəki ad, soyad tanış gəlirdi. Xanımından yoldaşını çağırmasını istədim, çünki məktub onun adına gəlmişdi. Gəldi və yerində donub qaldı. O, məni tanıdı, amma mən yox. "Məmmədəli, bu sənsən?” sualına təəccübləndim. Diqqətlə baxandan sonra tanıdım ki, qrup yoldaşımdır. Çünki neçə ildir görmürdüm. Görünüşcə dəyişmişdi. Bu çox xoş təsadüf oldu.
Xoşməramlı məktublar çatdıranda insanların gözündəki o təbəssümdə bizim də kiçik payımız olur deyə xoşbəxt oluruq. Məncə, hər bir poçt xidmətinin əsas işi insanları bir-birinə daha da yaxınlaşdırmaq və doğmalaşdırmaq, onlara unudulmaz hisslər yaşatmaqdır.


Çox məyus olduğum anlar da olub...


Məmmədəli dayı 21 illik fəaliyyəti ərzində qara xəbər də çatdırmalı olub və o an yaşadığı məyusluğu dərin təəssüf hissi ilə xatırlayır:
- Bir-iki dəfə ailələrə şəhid məktubu çatdırmalı olmuşam.... Danışmaq çox ağırdır. Onda çox məyus olmuşdum. Təbii ki, məktub qara xəbərlə bağlıdır və verə bilmərəm kimi söhbət yoxdur. Bizim işimiz budur. Ancaq heç istəməzdim ailəyə həmin xəbəri mən verim. Ailədəki o reaksiyanı görmək heç yaxşı olmadı. Nə edəsən ki, məktubun növündən asılı olmayaraq onu çatdırmalıyıq. Gündə 100, elə də olur ki, 300 məktub çatdırırıq. Fiziki yorğunluq olur, amma psixoloji cəhətdən heç vaxt yorulmamışam.


"Radar” məktublarından imtina edirlər


Bir neçə dəfə apardığı məktubu elə özü ilə geri qaytarmalı olub. Bu günə qədər heç bir göndərişi itirməyib. Ancaq imtina halları baş verib. Əsasən də yol polisindən gələn "radar” məktubu aparanda qəbul etməkdən imtina edirlər. Lakin belə olanda Məmmədəli dayı onlarla diskussiya apararaq sadəcə, imtina barəsində arayış yazdırır.
Məktublar müddətli və müddətsiz də olur. Yəni, müddəti bitəndən sonra hardan gəlir ora qaytarılır. Məhəmmədəli dayının yaddaqalan göndərişləri də olur:
- Hərbi xidmətdə olan övladlarından məktub gələndə valideynlər çox sevinir. Belə hallar könlümüzü açır. Elə olur ki, bayram günləri də işləyirik. Vacib məktub varsa, onu çatdırmalıyıq, çünki insanlar onun sayəsində işini tənzimləyir.


Yarım saat liftdə qalmışam


İş zamanı qarşılaşdığı çətinlikləri bölüşən Məmmədəli dayı bir dəfə liftdə də qalıb. Qonşuların köməyi ilə yarım saat sonra liftdən çıxa bilib:
"Üç il idi işləyirdim. 9 mərtəbəli binaya məktub aparmışdım. Məktubu verib qayıdanda qaldım liftdə. Liftin qapısını döydüm, qonşular gəldi, məni səsimdən tanıdılar. Yarım saat qaldım içəridə.
Son vaxtlar hündürmərtəbəli binalarda qurulan domofonların 40 faizi işlək olmur. Bu halda bizim vaxtımız çox gedir. Belə problemlər də yaşayanda deyirlər ki, poçt xidməti ləng işləyir. Xeyir, sadəcə, onu ləngidən səbəblər ola bilər. Məsələn, poçt işçilərinin fəaliyyətindən asılı olmayaraq ləngiyə bilər. Hamı eyni peşəkarlıq nümayiş etdirə bilməz. Yaxşı poçtalyon olmaq üçün ilk növbədə, peşəkar olmalısan, dünyagörüşün olmalıdır. İnsanlarla ünsiyyət qurmağı bacarmaq, poçt qaydalarına, etik qaydalara əməl etmək lazımdır. Gənclərə də bu peşəni seçməyi tövsiyə edirəm”.
Qeyd edək ki, Azərbaycanda ilk poçt kontoru 1818-ci il, iyunun 1-də Gəncədə yaradılıb. Daha sonra Quba, Naxçıvan, Şuşa, Şamaxı, Lənkəran, Şəki və Salyanda da poçt xidmətləri fəaliyyətə başlayıb. 100 il sonra - 1918-ci il oktyabrın 6-da isə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən 4 ay sonra Poçt və Teleqraf Nazirliyi yaranıb. 1992-ci ildən müstəqil Azərbaycanın ilk poçt markaları çıxır, ölkəmiz 1993-cü ildən isə Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür.
Yüksək texnologiyalar dövründə yaşamağımıza baxmayaraq, şəxsi və rəsmi xarakterli teleqramlar, eləcə də dövri nəşrlər hələ də poçtalyonlar tərəfindən çatdırılır. Həyatımızın çox proseslərində bu insanların iştirakını danmaq olmaz.

Fərizə ƏHMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM