08 Oktyabr 2018 17:20
713
Elm və texnika
A- A+

Bakıda kosmos üzrə beynəlxalq məktəbin təşkili yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verir


Oktyabrın 8-də Bakıda "Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), eləcə də BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsinin (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP), Beynəlxalq "Kosmik Hava Təşəbbüsü” Proqramı, "Azərkosmos” ASC-nin və Milli Aviasiya Akademiyasının (MİA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışan EİF-in icraçı direktoru Elçin Babayev statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, oktyabrın 13-dək davam edəcək məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir. Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Tədbirdə AMEA, MAA, "Azərkosmos” ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, 22 ölkənin nümayəndələri də dinləyici qismində iştirak edirlər.

Azərbaycanın dünyanın kosmik sənaye sahəsində böyük təcrübəyə malik ölkələrlə sıx əməkdaşlıq etdiyini deyən E.Babayev bildirib ki, ölkəmizdə bu cür məktəblərin təşkili yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi töhfə verir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə kosmik sahədə azərbaycanlı alimlərinin dünya elminə verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ölkəmizdə kosmik sahənin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. O, beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

AMEA rəhbəri vurğulayıb ki, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. O, 2010-cu ildə yaradılan "Azərkosmos” ASC-nin Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatoru olduğunu diqqətə çatdırıb. Son beş ildə ölkəmizə aid "Azerspace-1”, "Azərsky” və "Azerspace-2” adlı peyklərin orbitə buraxıldığını bildirən A.Əlizadə deyib: "Bu da müştərilərə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə imkan verir”.

Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Eyni zamanda, Azərbaycanın kosmik sənayesinin inkişafı kadr hazırlığı üçün önəmli rol oynayır” fikirlərini xatırladan alim ölkəmizdə kosmik sənayenin inkişafının bundan sonra daha da sürətlənəcəyinə inamını ifadə edib.

AMEA ilə "Azərkosmos” ASC arasındakı mövcud əlaqələrdən də danışan akademik bu təşkilatın akademiyanın institut və təşkilatları ilə birgə elmi tədqiqatlar apardığını bildirib. Qeyd edilib ki, kosmik tədqiqatların inkişafı, bu sahədə əldə olunan nailiyyətlər müvafiq istiqamətdə beynəlxalq əməkdaşlığın yüksələn xətlə inkişafına zəmin yaradacaq.

NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Qopalsvami, ABŞ-ın Merilənd Universitetinin fəxri professoru, akademik Roald Saqdeyev beynəlxalq aləmdə kosmik tədqiqatlar üzrə tanınmış ekspertlərin Bakıya toplanmasının Azərbaycanda bu sahənin tərəqqisi üçün geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.

Sonra Nat Qopalsvami "Günəş mənbələri və kosmik hava”, Roald Saqdeyev "Hava anlayışını təmin etməyə dair plazma fizikasının alətlər və üsulları” və BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin nümayəndəsi Şərafət Qədimova "Birləşmiş millətlərin Kosmik hava şəraitinin müasir cəmiyyətə təsiri” mövzusunda təqdimatlarla çıxış ediblər.

Beynəlxalq məktəbin işində NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyası, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından olan tanınmış alim və mütəxəssislərin plenar və öyrədici məruzələrlə çıxışları nəzərdə tutulub.

Tədbir çərçivəsində "Azərkosmos” ASC, ŞAR və MAA-da elmi-təcrübə sessiyaları keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video