07 Oktyabr 2018 00:39
1497
İQTİSADİYYAT
A- A+

Azərbaycanın 170 ölkə ilə ticarət əlaqəsi var


Bu günə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparırlar. Onlar 101 ölkəyə məhsul ixrac edirlər. Azərbaycanın məhsul idxal etdiyi ölkələrin sayı isə 162-dir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 17,4 milyard dollarlıqdan çox olmuşdur. Həmin məbləğin 11,6 milyard dollarlığından artığı ixracın, 5,7 milyard dollarlığından çoxu idxalın payına düşmüşdür ki, bu da təxminən 5,9 milyard dollarlıq müsbət ticarət saldosu deməkdir.

Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 7 ayında xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6, real ifadədə 0,7, o cümlədən ixrac 0,8, idxal 0,5 faiz artmışdır. Hesabat dövründə faktiki qiymətlərlə ölkədən 37,3 faiz çox məhsul ixrac olunmuşdur. Həmçinin idxal edilmiş məhsulların dəyərində də artım (32,2 faiz) müşahidə edilmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara görə, xarici ticarət əməliyyatlarının 85 faizi İtaliya, Türkiyə, Rusiya, İsrail, Almaniya, Hindistan, Çin, ABŞ, Çinin əyaləti olan Tayvan, İndoneziya, Kanada, Çexiya, Fransa, Portuqaliya, Gürcüstan, Ukrayna, Birləşmiş Krallıq, İspaniya və İsveçrə ilə aparılmışdır.

Ölkəmizə idxal olunmuş məhsulların 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Birləşmiş Krallıq, 2,2 faizi Belarus, 1,8 faizi Qazaxıstan, 1,7 faizi Fransa, hər biri 1,4 faiz olmaqla Koreya, Türkmənistan və Çexiyanın, 19,6 faizi isə digər ölkələrin payına düşmüşdür. İdxal məhsulları sırasında maşın və mexanizmlər, elektrik aparatları və avadanlıqlar, ərzaq malları, nəqliyyat vasitələri, əczaçılıq məhsulları, tütün və mebel üstünlük təşkil etmişdir. Hesabat dövründə idxal edilən məhsulların arasında həm artan, həm də azalanlar olmuşdur. Bu aylar buğdanın, bitki yağlarının, çayın, minik və yük avtomobillərinin, məişət kondisionerlərinin, qara metal boruların, mebelin, gübrələrin idxalı artsa da, siqaretin, xam şəkər və şəkərin, kərə yağının, kartofun, mal ətinin, təzə tərəvəzin, polad prokatının və digər malların idxalında kifayət qədər yüksək azalma qeydə alınmışdır. İdxalda azalma tendensiyasının ilk növbədə yerli istehsalın artması ilə bağlı olması xüsusi qeyd edilməlidir.

İxraca gəldikdə, ilin əvvəlindən ötən 7 ay ərzində onun strukturunda xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, plastik kütlə, alüminium, qara metal və onlardan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilər üstünlük təşkil etmişdir. Bu dövrdə təzə meyvə ixracı 48, kartof - 15,5, bitki yağları - 23,6, meyvə və tərəvəz konservləri - 23,5, polietilen - 10,9, emal olunmamış alüminium - 18,5, pambıq lifi - 66,9, qara metal borular - 10,2, pambıq ipliyi - 23,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2 dəfə artmışdır.

Ümumiyyətlə, yanvar-iyul aylarında ölkə üzrə qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 13,5, real ifadədə 3,8 faiz artaraq 968,6 milyon dollarlığa çatmışdır.

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin coğrafiyası da kifayət qədər genişdir. Onların sırasında İtaliya, Türkiyə, İsrail, Hindistan, İndoneziya, Kanada, Portuqaliya, Almaniya, Çexiya, Rusiya, İspaniya, ABŞ, Birləşmiş Krallıq, Avstriya, Yunanıstan, Gürcüstan kimi ölkələr var.


Raqif MƏMMƏDOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video