07 Oktyabr 2018 00:19
1049
Təhsil
A- A+

5 yaşlı məktəblilər


Gələn il I sinfə gedəcək şagirdlərin artıq 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunublar


Oktyabrın 1-dən dövlət ümumtəhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Qruplar ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.


"Anam da mənimlə oturub dərs oxusun...”


Bakı şəhəri 20 nömrəli məktəb-liseyində azyaşlıların məktəblə ilk tanışlıq prosesini izləyirik...
Partanın arxasından boylanan 5 yaşlı balacalar, hələ məktəbin nə olduğunu anlamırlar belə... Hələ valideynlərinin aldığı rəngli karandaşlar, dəftərlər, çantalardır onların sevincinə, marağına səbəb olan...
- Bax, mənim çantamın rəngi daha qəşəngdir...
- Nə olsun, mənim də çoxlu karandaşlarım var...
Dərs ləvazimatlarını heyranlıqla süzür, bir-birinə göstərirlər...
"Anam da mənimlə oturub dərs oxusun” - ağlamsınaraq deyir, pəncərənin qarşısındakı partada sıxılaraq oturmuş balaca oğlan... Toppuş əlləri ilə yanında dayanmış anasının ətəyindən bərk-bərk yapışaraq gedəcəyindən qorxur...
Fidan partanın üzərindəki kitabları həvəslə bir-bir göstərərək, məktəbi çox sevdiyini, böyüyəndə həkim olmaq istədiyini deyir, yanında oturan qızcığaz isə əlavə edir ki, o, müəllimə olacaq...
Çalınan zəngin səsi kiçik məktəbliləri bir anlıq da olsa, sakitləşdirir, sinfə daxil olan müəlimə uşaqları salamlayaraq tanışlığa və gələcək həyatlarının təməlini qoyacaq ilk dərsə başlayır...


Uşaqlar məktəbə sevə-sevə getməlidirlər


Məktəbəhazırlıq qrupunun müəllimi Gözəl Quliyeva bildirir ki, uşaqların əksəriyyətinin müəyyən mənada məktəb haqqında təsəvvürü olsa da, bəzilərinin məktəbə uyğunlaşması bir az çətin olur. Bunlar isə valideynlərinə çox bağlı olan uşaqlardır: "Bu zaman məktəbin psixoloqunun yardımı ilə onları məktəbə öyrəşdirməyə çalışırıq. Burada müəllimin üzərinə böyük iş düşür və o, hər bir uşaqla öz dilində danışmağı bacarmalıdır. Əsas odur ki, uşağın qəlbinə yol tapasan və o, məktəbə sevə-sevə gəlsin. Belə olanda bizə aid olan prosesi daha rahat həyata keçiririk”.


Hazırlıqdan 1-ci sinfə gələn uşaqlar məktəbə daha tez uyğunlaşırlar


Müəllimə söyləyir ki, hazırlıq qruplarında dərslər yarım saat olsa da, uşaqlar parta arxasında 15-20 dəqiqə oturur. Ara müddətdə də idman, musiqi fasilələri də verilir. Həmçinin bu uşaqların ev tapşırığı olmur: "Yazıya yox, əsas idrak, təfəkkür, nitq inkişafına önəm verilir. Təcrübəmə əsaslanaraq tərəfdarı deyiləm ki, qruplarda 1-ci sinif kimi dərslər tapşırılsın, yazı yazdırılsın. Uşaqlara qiymət vermir, sadəcə, sözlərlə, hərəkətlərlə rəğbətləndiririk, nə isə xırda bir hədiyyələrlə onların məktəbə maraqlarını, istəklərini artırırıq. İndi elə bir sistem qurulub ki, hazırlıqdan 1-ci sinfə gedən uşaqların əksəriyyəti məktəbə tam hazır vəziyyətdə gəlirlər və bunun böyük önəmi var, onlar verilən tapşırığı daha rahat yerinə yetirirlər. Bu prosesdən keçməyən uşaqlar isə məktəbə nisbətən gec uyğunlaşır, oturmaq qaydasını, qələm tutmağı, hansı nitq etiketindən istifadə etməyi bilmir, məktəb nizamnaməsi ilə tanış deyil”.
Valideynlərin uşaqları özlərindən çox asılı etməmələrini arzulayan Gözəl Quliyevanın fikrincə, uşaqlara sərbəstlik vermək lazımdır ki, onlar özlərinə aid olan hər şeyi özləri etməlidir: "Düzdür, çanta ağırdır və valideyn ona kömək edir, amma kitabı da çıxarırlar, suyunu da açıb süzürlər, imkan vermirlər ki, uşaq bu xırdalıqları özü etsin. Belə olanda həmin uşaq həyatda müstəqil ola bilmir, həmişə kimdənsə asılı vəziyyətdə qalır”.


İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, 2018-2019-cu tədris ilində qurumun tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Hazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri aparılır. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması əsasən bu sahədə davamlı iş təcrübəsi olan, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur. 2018-2019-cu tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir. Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 805 ibtidai sinif müəllimi iştirak edib.


Cari dərs ilində 75 faiz uşağın məktəbəhazırlıq qruplarına cəlb olunması üçün imkan yaradılıb


Dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb. Məktəbəhazırlıq prosesinə elektron qeydiyyat isə 2 ildir tətbiq edilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. Bu, məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.
Sözügedən qrupların yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Beş yaşlı uşaqların məktəbə hazırlığı üçün olduqca mühüm əhəmiyyət kəsb edən məktəbəhazırlıq məşğələlərini keçməyən uşaqların I sinifdə təbii ki, məktəbəhazırlıq qruplarından gəlmiş uşaqlarla müqayisədə əsasən geri qalması müşahidə olunur. Odur ki, valideynlər övladlarının tədris nailiyyətlərinin daha yüksək olmasını düşünərək, onların məktəbəhazırlıq qruplarına cəlb olunmasına maraq göstərməlidirlər.


Uşaqlara ev tapşırığı verilmir


Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may.
Məktəbəhazırlıq qruplarında xüsusi qiymətləndirmə tətbiq olunmur. Hər gün uşaqlar şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Burada təhsil alan uşaqlar üçün ev tapşırığı nəzərdə tutulmur.
Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq müəyyən olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Yasəmən MUSAYEVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video