06 Oktyabr 2018 01:03
1394
SİYASƏT
A- A+

Zəfər yürüşünə az qalıb


Səngərdəki əsgər: "Ali Baş Komandanın övladının müqəddəs hərbi geyimdə bizimlə çiyin-çiyinə dayanması döyüş ruhumuzu daha da yüksəldib”


- Düz, bir ildən çoxdur ki, hər gün saatlarla gözümü də qırpmadan bu kiçik pəncərədən baxıram qarşı tərəfə. Qarlı-şaxtalı, çox qızmar isti günlər keçirmişəm bu səngərdə. Heç kimdən inciməmişəm, heç peşmançılıq hissi də keçirməmişəm. Çünki Vətənin hər qarış torpağını qoruduqca özümü xalqıma, yurduma sadiq əsgər kimi hiss edirəm. Amma hərdən qəzəbləndiyim anlar olur. Bilirsiz, niyə?!
Gecənin qaranlığında qarşı tərəfdə tək-tük yanan işıqları, hərəkət edən maşınları görəndə qəzəb hissi içimi titrədir. Çünki suyu, havası, torpağı canımız qədər əziz olan Vətən torpağının bir hissəsidir oralar. Cəmi bir neçə metr irəlidə dayanan düşmənin tapdağı altında olması ilə barışa bilmirsən. Lakin, eyni zamanda, onu bilirəm ki, bu qəzəb səngərdəki hər bir əsgərin döyüş ruhunu daha da artırır. Aprel döyüşlərində tarix yazan hərbi hissənin əsgərləriyik və biz də gələcəkdə adımızın fəxrlə çəkilməsini istərdik. Vətən üçün savaşmaq şərəfdir. Həm də qürurvericidir, ona görə ki, zəfərə gedən yolda Ali Baş Komandan İlham Əliyevin oğlu Heydər Əliyevlə birlikdə ön xətdə çiyin-çiyinə qəhrəmancasına döyüşüb tarix yazacağıq...


Vətən üçün yaşanan ömür ölümsüzdü...


Bu, səngərdə döyüş tapşırığını yerinə yetirən igid Azərbaycan əsgərinin fikridir. Hər zaman olduğu kimi, ayıq-sayıq Vətən keşiyindədir. Vətənini, torpağını qoruyan, milləti, xalqı, bayrağı uğrunda döyüşən hərbçi həmişə gümrah, saf, sağlam və mənən təmizdir.
Onlar ön cəbhədə düşmənlə üz-üzə Vətənin keşiyində dayanaraq müqəddəs borclarını yerinə yetirirlər. Yaxşı anlayırlar ki, bir qarış torpaq uğrunda neçə-neçə igid övladımız canını qurban verərək şəhidlik zirvəsinə ucalıb. Onlar bu torpağı canı qədər sevdiyi üçün, göz bəbəyi kimi qoruduğu üçün ölümün gözünə dik baxa biliblər. Çünki nə Vətənsiz millət, nə də millətsiz Vətən ola bilər. Elə görüşünə getdiyimiz Vətən oğullarının çöhrələrində sanki bu sözlər yazılmışdı: "Vətən üçün yaşanan ömür ölümsüzdür”.…
Aprel döyüşlərində böyük şücaət göstərmiş Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin əsgərləri Vətənin müdafiəsində kişi kimi duracaqalarına, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda son damla qanlarına qədər döyüşəcəklərinə and içdikləri gündən bu fəxarəti yaşamağa başlayıblar.


Ordunun gücü şəxsi heyətin ruh yüksəkliyindən asılıdır


Ön xətdəyik... Düşmənlə ən yaxın məsafə 70 metrdir. Bölmə komandiri zabit Ayxan Babayev döyüş tapşırığı növbəsinə gedən heyəti təlimatlandırıb yola salır. Müddətdən artıq xidmət edən kiçik çavuş Elvin Nadirli isə dəyişdirici vəzifəsini yerinə yetirir və postlardan qayıdan əsgərlər mini kazarmaya daxil olub istirahət edirlər.
Mənzərəni kənardan izlədikdən sonra salamlaşıb öncə burada əsgərlər üçün yaradılan şəraitlə tanış oluruq. Əsgər kazarmasında səliqə-sahman, istirahət guşəsi, televizor, müxtəlif dama oyunları, Milli Qəhrəmanlarımızın döyüş yolundan bəhs edən stendlər mövcuddur. Burada anbar, mətbəx, sanitariya və rabitə qovşağı da var.
Zabit Ayxan Babayev postlardan qayıdıb istirahət edən əsgərləri süfrə arxasında toplayıb səmimi söhbətə başlayır. Özü 6 ildir hərbi qulluqçu olsa da, burada 1 il 2 aydır ki, xidmətdədir. Şəxsi heyətlə necə işləməyi, necə davranmağı artıq yaxşı bilir. Deyir ki, əsgərlərin gündəlik qidası hərbi hissədən gətirilir. Postdan qayıdan əsgərlər rahat çarpayılarda uzanaraq televizora baxır, dincəlir, asudə vaxtlarda şahmat, dama oynayırlar. Bir sözlə, istirahətlərini səmərəli keçirirlər.
Hərbi hissə komandanlığı şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Çünki ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Ali Baş Komandan İlham Əliyevin öz oğlunu hərbi xidmətə yola salması isə bütün hərbçilərdə çox böyük ruh yüksəkliyi yaradıb.


Bizdən irəlidə heç kim yoxdur və bu Vətənbizə əmanətdir


Komandir tabeçiliyində olan əsgərlərin gündəlik fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra əsgərlərlə söhbətləşirik və ilk eşitdiyimiz xəbər bizi də sevindirir. Bəlli olur ki, süfrə arxasında əyləşən əsgərlərin hamısı artıq xidmətlərini başa vurublar. Onlar - Nəbi Hüseynov (Şəmkir rayonu), İsmayıl Allahverdiyev (Gədəbəy rayonu), Həmid Hüseynov (Bakı şəhəri) və Fərid Stalov (Quba rayonu) bir il altı aydır ki, burada mərdliklə xidmət edib, alnıaçıq, fəxarətlə evlərinə dönürlər. Bir-iki gündən sonra onları yeni əsgərlər əvəzləyəcək.
Müddətdən artıq xidmət keçən kiçik çavuş Elvin Nadirli bir qədər solğun görünür... Səbəbi zatən bəllidir. 18 aydır birlikdə çörək yeyib, bir-birinə hayan olan, qəmli günlərində dərdini bölüşən, şad günlərində sevincini paylaşan mehriban qardaşların hərəsi öz doğulduğu el-obasına yollanır. Amma heç bir narahatçılığa əsas yoxdur. Onları Vətən, torpaq sevgisi birləşdirib, bu bağlar asanlıqla qırılmaz.
Əsgər Xudat şəhərindən həqiqi hərbi xidmətə çağırılmış Həbib Əlmuradov isə deyir ki, hərbi xidmətə yeni gələndə hər bir əsgər bir müddət başqa xəyallarda olur. Arada xəyalın dolanır, doğulub boya-başa çatdığın kəndini, isti evini düşünürsən. Hərdən bayramlar olur. Novruz bayramını, Yeni ili doğmalarınla bir yerdə qarşılamağın xəyalını qurursan. Bəlkə də yolunu gözləyən, uzaqdan da olsa, bir saniyəlik də olsa üzünü görmək istədiyin biri də var, onu da xəyalında canlandırırsan... Darıxırsan...
Amma bir müddət sonra vəziyyət dəyişir və anlayırsan ki, sən Vətən keşiyindəsən, yeni illər, bayramlar, gözəl anlar hələ çox olacaq. Səngərdə düşmənlə üz-üzə dayanaraq milyonlarla igidin canını qurban verdiyi Vətənin, bütöv bir xalqın keşiyində durmaq hər insana nəsib olmur. Fikirləşirsən ki, Azərbaycan xalqı səngərdə duran əsgərlərə arxayın olaraq bayram keçirir. Düşmənlə üz-üzə olan sonuncu hərbçi bizik. Bizdən irəlidə heç kim yoxdur və bu Vətən, bu xalq bizə əmanətdir.


Növbəti qələbələrin müjdəçiləri olacağıq


Söhbətimizi bitirib postlara tərəf üz tuturuq. Səngərlər nəinki effektiv müdafiə sistemi, yüksək səviyyəli müdafiə qurğuları ilə təmin edilib. Bu strateji mövqedə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır.
Döyüş tapşırığını yerinə yetirən əsgərlər yüksək əhval-ruhiyyədə ayıq-sayıq xidmət edirlər.
Əsgər Ağamalı Güləlizadə buradakı igid oğullardan biridir. O, dəfələrlə düşmənin kəşfiyyat-diversiya qrupunun hücumunun qarşısının alınmasında böyük şücaət göstərib. Bu xidmətlərinə görə hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlarla təltif edilib. Bir ildən çoxdur ki, burada xidmət keçən əsgər deyir ki, onları sevindirən, qürurlandıran ordumuzun şanlı zəfərində böyük payı olan bir hərbi hissədə qulluq keçmək, Milli Qəhrəman, "İgidliyə görə” medal alan hərbçilərlə birlikdə xidmət etməkdir. Ağamalı deyir ki, məhz onlardan öyrəndiklərinin hesabına xalqımızın səbirsizliklə gözlədiyi növbəti qələbələrin müjdəçiləri olacaqlar.
Gördüklərimizdən, eşitdiklərimizdən aydın oldu ki, hərbi xidmətləri ilə fəxr edən əsgərlər səbirsizliklə Ali Baş Komandanın hücum əmrini gözləyirlər. Əsgərlərdəki özünəinam, vətənpərvərlik hissinin və döyüş ruhunun yüksəkliyi bir daha Vətənin etibarlı əllərdə olduğuna əminlik yaradır.


Sinəsini Vətənə səngər bilən Azərbaycan əsgəri


Vətən əsgər ürəyində yaşadılır, - deyirlər, ona görə müqəddəsdir. Vətən həm də ana sözü ilə qoşa işlədilir. Azərbaycan əsgəri də Vətəni dərin məhəbbətlə sevir və qoruyur. Hər bir Azərbaycan əsgəri sinəsini Vətənə səngər bilir. Hər əsgər üçün Vətənin müqəddəsliyi, bu müqəddəsliyin yaşarlığı yaşam fəlsəfəsidir. Vətən üçün yaşayan Azərbaycan əsgəri daim ayıq və sayıqdır!
Onlar qarşı tərəflə təmas xəttinin məsuliyyətini dərk edir və buna görə hər an düşmənin həmləsini dəf etmək və onun layiqli cavabını vermək ruhunda kökləniblər. Çöhrələrindəki mərdliyi, igidliyi görüb qürurlanmamaq olmur. Bu, həqiqətən, ayrı bir hiss, ayrı bir təəssüratdır. Elə bu xoş təəssüratla igid oğullarımızla sağollaşıb ayrılırıq. Allah amanında...
Yolumuz isə aprel döyüşlərində düşmən təxribatının qarşısının alınmasında böyük şücaət göstərərək adını hərb tariximizin şanlı səhifəsinə yazdıran "N” saylı hərbi hissəyədir...

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video