06 Oktyabr 2018 00:45
959
Mədəniyyət
A- A+

Aida İmanquliyeva - Azərbaycanda ilk şərqşünas professor


"Azərbaycan qadını” dedikdə gözlərimizin önündə hansı obraz canlanır? Ev xanımı, gözəl ana və həyat yoldaşı? Bu stereotipi yox etmək üçün sizə Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı Aida İmanquliyeva haqqında danışacağam. Oktyabrın 10-da bu heyrətamiz taleyə malik qadının doğum günü Azərbaycanda növbəti dəfə qeyd olunacaq.

Bu fikirlər AZƏRTAC-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayevanın www.russia-on.ru internet saytında yerləşdirilmiş məqaləsində yer alıb.

Məqalədə qeyd edilir ki, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva Bakıda, görkəmli Azərbaycan jurnalisti, pedaqoqu, əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya gəlib. Nəsir İmanquliyev XX əsrin ortalarında populyar olan "Bakı” və "Baku” axşam qəzetlərinin əsasını qoyub. İnternetin və müxtəlif xəbər telekanallarının olmadığı həmin illərdə bakılılar işdən sonra axşam saatlarında satışa çıxarılan "Bakı” qəzetini almaq üçün köşklərin qarşısında növbəyə dururdular. Yəqin ki, jurnalistika ilə bağlılığı olan bir çoxları bilirlər ki, ötən əsrdə gün ərzində baş verən aktual xəbərlərin toplandığı gündəlik qəzeti buraxmaq heç də asan deyildi. Nəsir İmanquliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində dərs də deyirdi. Orta nəsildən olan azərbaycanlı jurnalistlərin bir çoxu Nəsir müəllimin tələbələri olub.

Orta məktəbi qızıl medalla bitirən Aida xanım Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb bölməsinin ilk tələbələrindən biri idi. O, sonra təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda davam etdirib.

Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin üzvü, SSRİ-də Şərq ədəbiyyatının tədqiqatı üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü, Azərbaycanda və bütün Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas tədris kursunu yaradanlardan biri olub. O, üç monoqrafiyanın ("Mixail Nuayme və Qələm Assosiasiyası”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatının korifeyləri”), 70-dən çox elmi məqalənin müəllifi və Şərq ədəbiyyatı haqqında yazılmış bir çox məqalənin redaktoru olub. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.

Aida İmanquliyeva gözəl övlad, həyat yoldaşı və ana idi. Onun ömür-gün yoldaşı Arif Paşayev fizika sahəsində görkəmli alim və Milli Aviasiya Akademiyasının rektorudur. Ailədə iki qız övladı böyüyüb. Ailənin böyük qızı - Nərgiz Paşayeva da həyatını elmə həsr edib. O, akademik, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım milyonlarla insanın məhəbbətini qazanıb. O, xeyriyyəçiliklə çox məşğul olur, onu tez-tez insanların, xüsusən yardıma və qayğıya ehtiyacı olan uşaqların arasında görmək olar. Mehriban xanım "Rossiya 1” televiziya kanalına müsahibəsində jurnalistin "Sizin ağladığınız hallar olurmu?” sualına cavabında deyib: "Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam. Bu itki, yəqin ki, məni çox möhkəmlətdi”.

Təəssüf ki, Aida xanım həyatdan çox tez, 53 yaşına çatmadan köçdü. Zərif və şəfqət dolu qəlbi olan bu xanım-alim ətrafındakı insanların problemləri ilə maraqlanır, hamıya qayğı və nəvazişlə yanaşırdı. Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan çox gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, əsl aristokrat qadın idi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə elmi əsərlərində yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video