06 Oktyabr 2018 00:41
1882
Təhsil
A- A+

Yeni məktəb və gerçəkləşən köhnə arzular


Bölgələrdə inşa olunan modul tipli məktəblər həm şagirdləri, həm də müəllimləri çox sevindirir


Hər kəs nə qədər çox oxusa, o qədər çox yüksələ bilir. Çünki elm və təhsil işıqlı gələcək deməkdir. Ölkəmizdə də bu işıqlı gələcək üçün təhsil sahəsində mühüm islahatlar aparılır, xüsusilə bölgələrdə şagirdlərin təhsil səviyyəsini yaxşılaşdırmaq məqsədilə müasir komplekslər ilə yanaşı, modul tipli məktəblər də tikilir. Viktor Hüqo demişkən, məktəb açan şəxs həbsxanaları bağlayar.
Elə oktyabrın 4-də Təhsil Nazirliyi tərəfindən Cəlilabad və Masallı rayonlarına təşkil olunan mediaturun məqsədi yeni inşa edilən modul tipli məktəblərlə tanışlıq və yüksək balla cari tədris ilində kəndlərdə işə qəbul olunan müəllimlərlə görüşmək idi.


Rütubətli və şəraitsiz məktəbdə təhsilin keyfiyyəti aşağı idi


İlk ünvanımız Cəlilabad rayonu Fərzili kənd orta məktəbi oldu. Əvvəl kənd məktəbi çox bərbad halda olduğundan uşaqlar bilgi əldə etmək üçün ya qonşu kəndə, ya da rayona qədər böyük məsafə qət etməli olurmuşlar. Artıq yeni modul tipli məktəb həm şagirdlərin evlərinə yaxındır, həm də özləri demiş, çox qəşəngdir.
Fərzili kəndindəki bu məktəb 7 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim işləyir. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.
Məktəb direktoru Fuad Bəhramov deyir ki, əvvəlki rütubətli və şəraitsiz məktəb binasında dərslər keçilsə də, təhsilin keyfiyyətini təmin etmək mümkün deyildi: "Yeni məktəb hazır olandan şagirdlərimizin də sayında artım var. Ötən il cəmi 59 şagirdimiz vardı, indi isə burada 73 şagird təhsil alır. Məktəbəhazırlıq qrupunda isə 10 nəfər şagird var”. Bu il işə başlayan 4 nəfər - fiziki tərbiyə, texnologiya, riyaziyyat və fizika müəllimləri qəbul imtahanlarında yaxşı nəticə göstərərək məhz bu məktəbi seçənlərdir.


İndi uşaqlar dərsə daha həvəslə gəlirlər


Direktorla söhbətimizi bitirib dərs prosesini izləmək üçün sinif otaqlarına daxil oluruq. Birincilər dərs keçir. Həyat yolunda yenicə çiçəkləyən tumurcuqlar bizi görcək maraqla ətrafa baxırlar.
İbtidai sinif müəllimi Xoşqədəm Şirəliyeva artıq 15 ildir bu kənddə çalışır. İllərdir köhnə məktəb binasında çox əziyyətlər çəkdiyini deyən müəllimə indi uşaqların dərsə daha həvəslə gəldiyini təsdiqləyir.
Qəbul imtahanında yüksək bal toplayaraq kənd məktəbini seçən müəllimlərlə tanış olmaq üçün uşaqlarla sağollaşıb sinifdən çıxırıq.
Məktəbdə coğrafiya fənni üzrə tədris aparan Cəmilə İsayeva artıq iki ildir ki, bu kənddə işləyir: "Bakıdan gəlmişəm. Kənd uşaqlarını öyrətmək həmişə mənə maraqlı gəlib. Kəndlərdə cavan kadrlar azdır. Müəllimlər üçün həvəsləndirmə meyarları gənclərə kənd məktəblərini rahat seçmək üçün bir stimul oldu. Seçimimə görə peşman deyiləm. Uşaqların müəllimə göstərdiyi hörmət, dərsə olan həvəsi nəyə desən dəyər”.
Müəllim Gülnar Malikqızı artıq 5 ildir ki, Fərzəli kəndində ingilis dili dərsi keçir. Ailəsi Sumqayıtda, o isə balaca qızı ilə rayonda yaşayır: "Sumqayıtdan gəlmişəm. Sinifdə olan 10 uşaqdan heç olmasa 5-i həqiqətən də oxumaq və yaxşı gələcək qurmaq istəyir. Bir problemimiz var ki, uşaqları nə qədər həvəsləndirsək də onların təhsili davam etdirməsi imkanlarına bağlıdır. Elə ailələr olur ki, onların uşaqlarını ancaq 9-cu sinfə qədər oxutmaq imkanı var. Uşaq özü deyir ki, mən doqquzuncu sinfi qurtarsam, onsuz da ailəm məni 10-11-ci sinifdə oxumaq üçün rayona göndərməyəcək. Heç olmasa yazmağı, oxumağı öyrənim. Bəzi uaqlar bu psixologiya ilə dərsə gəlirlər. Yəni valideynlərin təhsilə istəyi olsa, onda maraq, nəticəmiz daha yüksək olardı”.


Valideynlər məktəbdə verilən təhsildən razıdırlar


Müəllimlərlə sağollaşıb onlara uğurlar arzulayırıq. Məktəbəqədər hazırlıq üçün gələn balacalar sıraya düzlənib bir-bir içəri daxil olurlar.
Bayırda gözləyən Rafael Bayramov Fərzili kənd sakinidir. 4 nəvəsi bu təhsil ocağında oxuyur. Rafael Bayramov deyir ki, hazırda yaxşı şəraiti olan məktəbdə verilən təhsildən razıdırlar.
Məlumat üçün qeyd edək ki, ötən il ölkəmizin 40 bölgəsində 100 modul tipli məktəb istifadəyə verilib. Bu il isə 137 belə məktəbin istifadəyə veriləcəyi nəzərdə tutulub. Bu il Cəlilabad rayonu üzrə ümumilikdə 5 modul məktəb inşa edilib. İlin sonuna qədər daha 10 belə məktəbin tikilməsi nəzərdə tutulub.


Kənd məktəblərini seçən gənc müəllimlər


Yüksək balla müəllimlik şərəfinə nail olan və kənd məktəblərini seçən gənc müəllimlər Masallıda da çoxdur. Bu il 87 nəfər Masallı rayonunun ümumtəhsil müəssisələrində fəaliyyətə başlayıb. Masallı ilə bağlı daha bir maraqlı fakt diqqətimizi çəkdi. Belə ki, əvvəl qızların təhsilə cəlbində problemli bölgə kimi tanınan Masallıda bu il ali məktəbə qəbul olunan 500 nəfərin 171 nəfəri, təqribən 40 faizə yaxını qızlardır. Bu da Masallıda artıq əvvəlki əngəllərin qalmadığını göstərir.
Söylədiklərimizin əyani şahidi olmaq üçün Masallı rayonu Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbə yollanırıq. Qarşımızda gördüyümüz əzəmətli bina və səliqəli həyəti ilk baxışdan məktəblə bağlı müsbət rəy yaradır. Rayonun nümunəvisi olan bu məktəbə yeni tədris ilində 6 müəllim işə qəbul olunub.


Gənc pedaqoqlar müasir təlim metodlarından çox istifadə edirlər


57 balla bu məktəbdə tarix fənninin tədrisinə başlayan Əli Alışlı, 54 balla müəllimliyə təyinat alan kimya müəllimi Rafael Əzimov, 54 balla işə qəbul olaraq burda riyaziyyat fənni tədris edən Araz Şahverdiyev gənc kadrlardır və dərslərini yeni tədris proqramı əsasında qurur, müasir təlim metodlarından istifadə edirlər. Hər biri də dərslərin maraqlı keçdiyini və uşaqların həvəsli olduqlarını deyir.
Məktəbin direktoru Mirxanım Hüseynovanın sözlərinə görə, 2018-2019-cu tədris ilində məktəbdə 1965 şagird təhsil alır. Onlardan 238 nəfər birinci sinif, 138 şagird isə məktəbəhazırlıq qrupunda oxuyur. Builki 117 məzundan 55 nəfəri ölkənin ali məktəblərinə, 15 nəfəri isə xarici ölkələrin universitetlərinə daxil olub. 3 nəfər 600-dən, 10 nəfər isə 500-dən artıq bal toplayıb.
Bu təhsil ocağı ilə tanışlıqdan sonra Masallının Ərkivan qəsəbəsinə üz tutduq. Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin direktoru Əbülfəz Əsədov məktəbdə 539 şagirdin təhsil aldığını bildirdi: "Ötən tədris ilində məktəbi bitirən 19 məzundan 8 nəfəri ali məktəbə qəbul olub. Bu il məktəbdə 43 uşaq birinci sinfə, 38 nəfər isə məktəbəhazırlıq qruplarına cəlb edilib. Onlara dərs deyən 42 müəllimdən 6-sı gəncdir. Onlardan biri də Aytac Kazımlıdır. Bu il 50 balla yeganə vakansiyanı tutaraq ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb”.
Qeyd edək ki, tərəqqini təmin edən təhsilə, insan tərbiyəsinə cavabdehlik daşımaq kimi böyük şərəf və məsuliyyəti üzərinə götürməyə hazır gənclərimizin sayı çoxalıb. Belə ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub.
Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.
Xatırladaq ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5 mindən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video