Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:51 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnkişaf və yüksəliş dövrü
İnkişaf və yüksəliş dövrü
ANA SƏHİFƏ / SİYASƏT
01:40 05.10.2018

2018-ci ilin ötən ayları Azərbaycan üçün mühüm uğurlarla əlamətdardır


2018-ci il hələ başa çatmasa da, Azərbaycan üçün əlamətdar hadisələrlə zəngindir. İlk növbədə, bu il ölkəmizin inkişafında növbəti uğurlu mərhələ kimi yadda qalacaq.
Belə ki, bir neçə il əvvəl beynəlxalq iqtisadi böhranın nəticəsində yaranmış çətinliklər artıq geridə qalıb. 2016-cı ildən başlanan yeni iqtisadi islahatlar ölkədə qeyri-neft sektorunun inkişafını da təmin edib. İqtisadiyyatdakı inkişaf 2018-ci ildə də artan templə davam edib.


"Cənub qaz dəhlizi” Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi


Azərbaycan Xalq Cümhuriyyətinin yaramasının 100 illiyini qeyd etdiyimiz 2018-ci il tariximizə yüksəliş nümunəsi kimi yazılan digər nailiyyətlərlə də əlamətdardır. Belə ki, bu il ölkənin enerji siyasətinin təntənəsi sayılan bir sıra mühüm hadisələr baş verdi. "Cənub qaz dəhlizi”nin inşasının, TANAP layihəsinin icrasının başa çatdırılması göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda, bu tarixi hadisələr rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm də uğurlu davamıdır.
Prezident İlham Əliyevin dediyi kimi, "Cənub qaz dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Yeni enerji dəhlizinin işə düşməsi qarşıdakı illərdə Azərbaycana böyük məbləğdə xarici valyutanın daxil olmasına şərait yaradacaq. Bu isə uzun illər Azərbaycanın milli gəlirinin formalaşmasının diversifikasiyası deməkdir. Artan gəlirlər isə təbii ki, ölkəmizin inkişafına böyük töhfələr verəcək və indi əldə etdiyimiz inkişaf dinamikasının miqyası artacaq. Bu da Azərbaycan üçün qarşıdakı illər ərzində iqtisadi sabitliyin təminat altına alınması deməkdir. Dünyada hər an yenidən baş qaldıra biləcək iqtisadi təlatümlər fonunda bu dəhlizin istifadəyə verilməsi ölkəmizin gələcək müstəqil və sabit inkişafı baxımından çox əhəmiyyətlidir.
"Cənub qaz dəhlizi” layihəsinin başa çatdırılması enerji məsələlərində Azərbaycanın mühüm siyasi-diplomatik qələbəsidir. Bu qələbə respublikamızı enerji təhlükəsizliyində söz sahibinə çevirməklə yanaşı, ölkəmizin hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz qazanmasından irəli gəlir.


Günnüt zəfəri böyük qələbənin uzaqda olmadığını göstərdi


2018-ci ilin başqa bir mühüm hadisəsi Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması idi. Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri kimi tarixə düşdü. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını da daha artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.
Günnüt əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınıb. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ümumilikdə, 11 min hektar ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı torpaqlardır.
Ermənistanın siyasi-hərbi rəhbərliyi Günnüt kəndinin ordumuz tərəfindən geri alınmasını özünəməxsus şəkildə izah etməyə cəhd göstərdi.
Lakin hələ may ayında Ermənistanın müdafiə və xarici işlər nazirlərinin Ermənistan sərhədinin Naxçıvan istiqamətinə səfər etmələri rəsmi Yerevanın narahatlığından xəbər verirdi. Ermənilər bir neçə gün Azərbaycan Ordusunun bu əməliyyatını özünəməxsus şəkildə izah etməyə çalışdılar. Bu ölkənin siyasi-hərbi rəhbərliyi həm də iqtidara yeni gəldiyindən dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa cəhd etdi. Hətta bir qrup media nümayəndəsinin məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə səfərini təşkil edərək guya heç bir şeyin baş vermədiyini sübuta yetirmək istədilər. Lakin Azərbaycan tərəfinin işğaldan qurtulmuş ərazilərdən nümayiş etdirdiyi video-fotoçəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən ermənilər sonda məğlubiyyətlərini etiraf etməli oldular. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır.


Azərbaycan Ordusu qüdrətli, peşəkar və mübariz hərbi gücdür


Hər bir azərbaycanlının fəxarət ünvanlarından biri də Silahlı Qüvvələrimizdir. Azərbaycanda ordu quruculuğu, qoşunların döyüş imkanlarının artırılması işi bir anda dayanmır, əksinə, ildən-ilə daha da vüsət alır. Son illərdə isə ordumuzda həyata keçirilən quruculuq işləri daha yeni keyfiyyət mərhələsinə qədəm qoyub, davam etdirilir. Bu dönəmdə qarşıya qoyulan əsas məqsəd Silahlı Qüvvələrdə modernləşmə islahatlarının dinamik həyata keçirilməsi, ordumuzun döyüş qabiliyyətinin ən müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Bu məqsədlə qısa müddətdə ən inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan Rusiya və İsrail kimi dövlətlərdən ən son silah və texnikalar alınaraq ordumuzun arsenalına daxil edilib.
2018-ci il Azərbaycanda həm də ordumuzun döyüş imkanlarının artırılması istiqamətində mühüm mərhələ kimi tarixə düşəcək. Ölkə ictimaiyyəti iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilən hərbi texnika ilə Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu gördü. Düzdür, əvvəlki paradlardan, 2016-cı ilin aprel zəfərindən sonra qoşunlarımızın nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlum idi. İyunun 26-da keçirilən parad Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə qadir olması ilə bağlı təsəvvürlərimizə əyanilik gətirdi. Baxmayaraq ki, paradda ölkəmizin hərbi potensialı tam olaraq nümayiş etdirilmirdi.
Sentyabrın 15-də paytaxtımızın Azadlıq meydanında Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş təntənəli parad da respublikamızın hərbi qüdrətinin növbəti nümayişi kimi tarixə düşdü. Paradı böyük sevinc hissi ilə izləyən hər kəs ordumuzla, əsgərlərimizlə, malik olduğumuz hərbi güclə qürur duydu. Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyev bu barədə deyib: "Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız, hesab edirəm ki, çox təsirlidir. Bu gün, beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır”.
Güclü ordu güclü dövlət deməkdir. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın güclü ordusu var. Bu ordu müasir texnika ilə təchiz edilmiş, qarşısında duran bütün vəzifələri həll etməyə qadir, vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik qüdrətli, peşəkar və mübariz hərbi gücdür. Ordu quruculuğu prosesi isə davamlıdır.


3-cü peyk


Bu ilin başqa bir mühüm hadisəsi Azərbaycanın orbitə növbəti peykini çıxarmasıdır. Belə ki, sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan "Azerspace 2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxıldı. Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.
Prezident İlham Əliyevin bu münasibətlə xalqımıza ünvanladığı təbrikində qeyd etdiyi kimi "Azerspace 2” peykinin orbitə çıxarılması Azərbaycanın qələbəsi və uğurudur. Bu hadisə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfədir. Ümumiyyətlə isə, bu hadisə Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Ölkəmizin müasirləşməsinin, modernləşməsinin, ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Ən əsası, bu növbəti kosmik uğur Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının uğurla reallaşmasının göstəricisidir.
2013-cü ildən etibarən Azərbaycan orbitə 3 peyk çıxarıb. Bunlardan birincisi "Azerspace 1” telekommunikasiya, ikincisi "Azersky” müşahidə peykidir. Üçüncü peykimiz olan "Azerspace 2” isə regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
2018-ci ilin başa çatmasına hələ 3 ay var. Amma bu ili artıq indidən Azərbaycan üçün əlamətdar saymaq olar. Çünki bu il həm ölkəmizin sosial-iqtisadi yüyksəlişi, həm hərbi qüdrətini artırması, həm də beynəlxalq mövqelərini möhkəmləndirməsi baxımından kifayət qədər uğurludur.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”