Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:52 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məktəb həsrəti vüsala qovuşan Lahıc
Məktəb həsrəti vüsala qovuşan Lahıc
ANA SƏHİFƏ / Təhsil
01:34 05.10.2018

Tarixin sirlərini dağlarında, ərənlərə sığnaq yeri olan qayalarında, daş mağaralarında saxlayan Lahıca bu il ikinci dəfə səfər edirdik. Birincisi ilin əvvəlində, təxminən fevral ayında olmuşdu. O zaman bizi həmin qəsəbəyə aparan başlıca məqsəd 2017-ci ilin oktyabr ayının 5-də Prezident İlham Əliyevin bu məkanla bağlı imzaladığı 3 sərəncamın icrası ilə yerində tanış olmaq idi.
Hələ qəsəbəyə girməmişdən öncə Lahıc ilə Şamaxı rayonunun Dəmirçi qəsəbəsini birləşdirəcək avtomobil yolunun tikintisi istiqamətində görülən işlər nəzəri cəlb etməkdəydi. Müxtəlif növ maşın və texnikalar təyinatları üzrə onlara həvalə olunan işləri yerinə yetirirdilər.
Qaz çəkilişi istiqamətində də zəruri tədbirlər görülür, boru xəttinin keçəcəyi traslar müəyyənləşdirilirdi. Sakinlər, xüsusən də müəllim və şagirdlər daha böyük sevinc içərisində idilər. Nəhayət ki, onların illərlə həsrətində olduqları nigarançılıqlarına son qoyulur və yeni məktəbdə təhsil almaq şansları reallaşırdı.
Budəfəki səfərimizin məqsədi isə inşa olunan yeni məktəbdə olmaq və müşahidələrimizi paylaşmaqdır.
Köhnə məktəbin qarşısında inşa olunan üçmərtəbəli bina möhtəşəmliyi ilə diqqəti cəlb edir. Giriş qapısından içəri daxil oluruq. Təmizlik, səliqə-sahman göz oxşayır. Foyenin sağ və sol tərəflərində divarda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fotostendləri asılıb. Qarşı tərəfdə isə 2017-ci ildə məktəbin 700 bal toplamış məzunu Vahab Cəbrayılov haqqında məlumat diqqəti cəlb edir.
Elə birinci mərtəbədə İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili ilə qarşılaşırıq. Əvvəlcə məktəbin fənn kabinetləri, sinif otaqları, muzey, kitabxana, kompüter mərkəzi, şahmat otağı və idman zalı ilə tanış oluruq. Dəhlizdə, sinif otaqlarında görüşdüyümüz müəllim və şagirdlərin çöhrəsindən nur süzülür.
Məktəbin direktoru Hikmət Haqverdili deyir ki, Lahıcda təhsil sisteminin əsası hələ XIX əsrin sonlarında - 1888-ci ildə qoyulub. Burada əvvəlcə zamanına görə ən müasir 7 illik rus-tatar məktəbi təşkil edilib. Müəllimi isə Qori Seminariyasını bitirmiş Məmməd Bəy Hacıbəyov olub. Ümumilikdə isə burada seminariyanın 7 müəllimi dərs deyib. Azərbaycanın məşhur etnoqraf alimi Məmmədhəsən Əfəndiyev və digərləri Lahıcda təhsilin inkişafına dəyərli töhfələr veriblər. Lahıc indiyədək 500-dən çox alim yetişdirib. Onların arasında neft kimyası sahəsində tanınmış elm adamlarından akademik Soltan Mehdiyevi xüsusilə qeyd etmək olar. O, İkinci Dünya müharibəsində yüksək oktanlı benzinin alınmasında Yusif Məmmədəliyev və Əli Quliyevlə birlikdə araşdırmalar aparıb. Azərbaycan əruzşünaslığının ən böyük nümayəndəsi Əkrəm Cəfər də bu qəsəbənin yetirməsidir. Yazıçı Manaf Süleymanov, fizika sahəsində Baba Haqverdiyev, kimya üzrə akademik Hafiz Əlimərdanov və başqalarını qeyd etmək olar. Ümumilikdə isə bu məkandan pərvazlanan insanlardan 4 nəfəri akademikdir. 100-dən çox lahıclı elmlər doktoru və professor var. Onlar hər zaman yerli ziyalılar və sakinlər tərəfindən sevgi ilə anılırlar. Dünyasını dəyişənlərin xatirəsi əbədiləşdirilir, sağ qalanlarla isə daim əlaqə saxlanılır, görüşlər keçirilir, yubileyləri, əlamətdar günləri qeyd olunur.
Həmsöhbətimiz deyir ki, 1934-cü ildə Lahıcda orta məktəb fəaliyyətə başlayıb. 1930-cu ilə qədər məktəb qəsəbənin müxtəlif yerlərində yerləşib, 1928-ci ildə yeni məktəbin tikintisinə başlanıb və 1930-cu ildən istifadəyə verilib. Məktəbin təxminən 1969-cu ilə qədər 800-1000 nəfər şagirdi olub. Sinif otaqları çatışmadığından dərslər iki, hətta üç növbədə tədris olunub. Lahıcın ətrafındakı irili-xırdalı 18 kəndin - Əhən, Müdrü, Həftəsov, Burovdal, Yuxarı Cülyan, Aşağı və Yuxarı Vaşa, Zarat, Varna və sair kəndlərin hamısından bura şagird gəlib. Onlar Lahıcda təşkil edilmiş internatda saat 5-ə qədər qalır və onlarla tərbiyəçilər məşğul olurdu. Sonrakı illərdə internatların sıradan çıxması, kəndlərin bəzilərində ümumtəhsil və tam orta məktəblərin fəaliyyətə başlaması məktəbin kontingentinin azalmasına səbəb olur. Buna baxmayaraq indi də yaxın kəndlərdə yaşayanlardan Lahıca məktəbə gələnlər var.
Son illərədək köhnə məktəbin binası müasir tələblərə cavab vermirdi. Buna görə də hələ 1986-cı ildən yeni məktəbin binasının tikintisi ilə bağlı müxtəlif təşkilatlara müraciətlər olub. Nəhayət üstündən 20 il keçəndən sonra, 2017-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə burada 400 yerlik məktəb tikintisi ilə bağlı real addımlar atılıb.
H.Haqverdili fikirlərini davam etdirir: "Artıq noyabrda tikintiyə başlanmışdı. Çox qısa zaman ərzində məktəbin inşası başa çatdı. Cari ilin avqust ayının 26-da isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Lahıca gələrək məktəbin açılışını etdilər. Bütün Lahıc sakinləri, pedaqoji kollektiv, Lahıc məktəbinin məzunu olan və digər yerlərdə, xüsusən paytaxtda yaşayıb çalışanlar bu hədiyyəyə görə cənab Prezidentə səmimi təşəkkürlərini bildirdilər. İnanıram ki, bundan sonra məktəbin göstəriciləri daha da yüksələcək və növbəti illərdə də qazanılan uğurlarımızla hər kəsin qarşısına üzüağ çıxacağıq”.
Hazırda məktəbdə təxminən 210 şagird oxuyur. Təhsil ocağı 400 yerlikdir. Köhnə məktəbin yerində isə əsaslı təmirdən sonra uşaq bağçası və Peşə tədris mərkəzinin filialının açılması nəzərdə tutulur.
Ümid edilir ki, burada yaradılan şərait, inkişaf Lahıcı tərk edən insanların yenidən geri qayıtmasına səbəb olacaq və təxminən 8-10 ildən sonra bu məktəbdə layihə gücünə uyğun 400 şagird təhsil alacaqdır.
Lahıc sakinləri də yeni məktəblə bağlı fikirlərini bölüşürlər. Qəsəbə sakini Gülxar Məmmədova deyir:
- 58 yaşım var. Gözümü burada açmışam. Orta təhsilimi də qəsəbədəki köhnə məktəbdə almışam. Məktəbdə şərait yaxşı deyildi. Övladlarım təhsil aldığı zamanlarda çətinlik çəkirdilər. Hazırkı müasir tələblərə cavab verən məktəb isə çox gözəldir. Burada hərtərəfli şərait yaradılıb. İki nəvəm burada təhsil alır. Həm onlar, həm də biz çox məmnunuq. Bizim övladlarımıza belə bir şəraitin yaradılmasına görə dövlət başçısı İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk.
Məktəbin ibtidai sinif müəllimi, həm də valideyn olan Xəyal Hüseynov da burada iki uşağının təhsil aldığını və yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. İnandığını bildirdi ki, həm dərs deyən müəllimlər, həm də şagirdlər gələcək fəaliyyətlərində onlar üçün yaradılan şəraitə layiqincə cavab verəcək və məktəbin göstəricilərini artırıb yeni uğurlara imza atacaqlar.

Əli SƏLİMOV,
"Azərbaycan”