05 Oktyabr 2018 01:30
1805
Təhsil
A- A+

Həyata qəlbinin gözü ilə baxan müəllim


Anadangəlmə görmə qabiliyyəti olmayan Beydulla İsgəndərov 29 ildir ki, qaranlıq dünyası ilə şagirdlərinin yoluna işıq saçır


Dünyada maraqlı olmayan peşə yoxdur, fəqət, bütün bunların fövqündə dayanan bir sənət var - Müəllimlik...
Çünki bütün peşə sahibləri seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər, bu şəxs elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Amma onların içində insanların yoluna işıq salıb özünün iynənin ucu qədər nura ehtiyacı olanları da var. ...Anadangəlmə görmə qüsuru olan Beydulla İsgəndərov. Artıq 29 ildir ki, tarix fənni üzrə dərs deyir. Beydulla müəllim bu böyük dərdə baxmayaraq, həyatla mübarizə aparıb və indi sayılıb-seçilən dəyərli müəllimlərdən biridir.


Dərs kitablarını kiməsə oxutdurub səsini yazırdım


Beydulla İsgəndərov 1961-cı il martın 25-də Zaqatala rayonu Yeni Suvagil kəndində anadan olub. 29 ildir ki, kəndin 1 saylı orta məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur. Öz dili ilə desək, çox maraqlı həyat yolu var.
- 1968-ci ildə Gözdən Əlillər üçün Respublika İnternat Məktəbinə daxil oldum, 1979-cu ildə oranı bitirdim. İş elə gətirdi ki, məktəbi bitirəndən sonra kənd xəstəxanasında işləməyə başladım. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qiyabi şöbəsinə qəbul oldum, 1992-ci ildə oranı bitirdim. Lakin 1990-cı ildən, hələ ali təhsil aldığım illərdə kənddə 1 saylı tam orta məktəbdə tarix fənnini tədris etməyə başlamışdım. Ailəliyəm, iki övladım var. Musiqi qavrayışım olduğu üçün bir ara müəyyən alətlərdə ifa da etdim. Məktəb fəaliyyətinə başlayandan sonra o sahədən də uzaq düşdüm. Övladlarımın hər ikisi Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Qızım da mənim kimi görmə qüsurludur. Oğlum Vüqar isə hazırda musiqi müəllimidir.


Həyat yoldaşımın necə göründüyünü bilmirəm, lakin təsəvvürümdə çox gözəldir


Elə uşaqlıqdan dərslərini hazırlamaqda yaxınlarından xüsusi qayğı gördüyünü deyən Beydulla müəllim çətinliyinin təkcə kitabları oxumaqla bağlı olduğunu deyir:
- Təhsil aldığım məktəbdə müəllimlərimiz dərsdən sonra məşğələlər təşkil edir və tapşırıqları hazırlamaqda bizə kömək edirdilər. Həmişə qayğı hiss etmişik. Universitetdə isə kitab oxumaqda çətinliyim olurdu. Kitabları valideynlərimə, tələbə yoldaşlarıma oxutdurub, səslərini yazırdım. Onların köməyi ilə təhsil almışam. Həyatda valideynlərimdən sonra ən böyük dəstəkçim ailəm, həyat yoldaşımdır. Onu tanıdığım üçün çox şadam. Necə göründüyünü bilmirəm, ancaq təsəvvürümdə çox gözəl olduğunu canlandırıram.


Məni görəndə çox təəccübləndilər


Beydulla müəllim ilk dərs gününü çox yaxşı xatırlayır. Deyir ki, həmin gün həm həyəcanlı, həm sevincli, həm də çox narahat imiş:
- İlk dərsim 7-ci sinifdə idi. Uşaqlar məni görüb çox təəccübləndilər. Qəribə gəlir axı, mən onlara necə dərs deyəcəm? Özüm də çox həyəcanlı idim. Çünki çoxdandır arzuladığım bir nailiyyəti qazanmışdım. Bir az həyəcanlı, bir az sevincli, bir az da narahat. Narahat idim ki, görəsən, uşaqlar məni necə qarşılayacaq, onlarla dil tapa biləcəmmi?
Amma hər şey gözlədiyimdən də fərqli oldu. Şagirdlər çox maraqla mənə qulaq asmağa başladılar və hiss edirdim ki, onlar təəccüb içərisindədirlər. Fikirləşirlər ki, yəqin əvvəllər görmə qabiliyyətim olub, sonradan bu problemlə üzləşmişəm. Mən onlara həyat yolumu danışanda isə çox təsirlənmişdilər. Beləcə, getdikcə bütün şagirdlərim məni daha çox sevməyə başladı.
Beydulla müəllim artıq 57 ildir ki, həyata gözü ilə deyil, qəlbi ilə baxır. Yenə də qəlbinin pəncərəsindən dünyanın çox gözəl, rəngarəng göründüyünü deyir.
- Həyat çox gözəldir, çox mənalıdır. Yaşamaq eşqi olan insanlar həyatdan zövq almağı da bacarmalıdırlar. Siz həyatı necə görürsünüzsə, mən də elə görürəm. Həyatın pis yönlərinə göz yumun deyirlər. Məsələn, mən onlara anadangəlmə göz yummuşam və ağlımda canlandırdığım gözəlliklərlə dolu bir həyatdır.


İnsanın taleyi ilə barışmaqdan başqa bir çarəsi qalmır


Müsahibimiz əksər insanların fiziki qüsurlu şəxslərə mənfi reaksiyasından yorulduğunu və çox məyus olduğunu deyir. Onun sözlərinə görə, belə olan hallarda insanın taleyi ilə barışmaqdan başqa bir çarəsi qalmır:
- Belə davranışlar məni və mənim kimi insanları həyatdan küsdürür. Elə fiziki qüsurlu insanlar var ki, bu davranışlardan bezdikləri üçün camaat arasına çıxmır, evə qapanır, cəmiyyətdən təcrid olunurlar. Ancaq belə etmək düz deyil. Məsləhətim odur ki, belə vəziyyətdə insanlarla ünsiyyət, cəmiyyətə inteqrasiya ən yaxşı yoldur. Hər kəs müəyyən məhdudiyyətlərlə üzləşə bilər, amma özünə qapanmaq insana əziyyətdən başqa bir şey yaşatmır. Həyat mübarizədir. Gərək insan həyatda çalışıb öz yolunu tapa bilsin. Ümumiyyətlə, həyat uğrunda mübarizə aparmaq lazımdır. Təslim olmaq olmaz.


Şagirdlərlə ünsiyyət qurmaqda heç bir problem yaşamıram


Dərs dediyi şagirdləri oturduqları sıradan və səslərindən tanıdığını deyən Beydulla müəllim uşaqlarla ünsiyyət qurmaqda heç bir problem yaşamır.
- Təzə dərs dediyim ərəfədə uşaqları əvvəlcə oturduqları yerlərə əsasən tanımağa, yadımda saxlamağa çalışırdım. Yerini dəyişənlər, özünü başqası kimi təqdim edənlər də olurdu. Ünsiyyət çoxaldıqca isə onları səslərindən tanıyıram. Uşaqlarla ünsiyyət qurmaqda elə bir problemim olmayıb. Onlar da həmişə mənə hörmətlə yanaşıb. Aramızda valideyn-övlad münasibəti var. Övladlarım kimi onlara da sevgimi əsirgəməmişəm. Şagirdlərimin məni sevdiklərini, rəğbət bəslədiklərini davranışlarında görməsəm də, hiss edirəm. Şagirdlərimizin çoxu ali təhsil məktəblərinə qəbul olublar. Qəbul imtahanlarında tarix fənnindən çox yaxşı nəticələr göstəriblər. Onlardan yerdən göyə qədər razıyam. Bizim zəhmətimizi itirməyiblər. İnanıram ki, bu cür şagirdlərimizin sayı artacaq.


Müəllimi sevindirən şagirdlərinin uğuru olur


Müəllim əməyinin çox vaxt bağban əməyi ilə müqayisə edildiyini deyən Beydulla müəllim sənətinin çətin yönlərini sadalayır. Deyir ki, bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, mən də öz yetirmələrimin xoş sorağını alanda qəlbim sevincdən dağa dönür. Yetirmələrinin uğurları müəllimə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır:
- Müəllimlik sözün həqiqi mənasında, çox şərəfli peşədir. Dünyaya yenidən lap sağlam formada da gəlsəydim, yenə müəllim olardım, çünki bu, mənim uşaqlıq arzum olub. Müəllimlik peşəsinin çətinlikləri də var. Bir gənci vətənə layiqli şəkildə yetişdirmək, onu cəmiyyətə hazırlamaq böyük məsuliyyət, müəyyən bilik və bacarıqlar tələb edir və dövlətin də müəllimlər qarşısında qoyduğu tələblər gündən-günə çoxalır. Artıq yeni təhsil sistemi ilə işləyirik. Əsas məqsədimiz şagirdlərin yüksək biliyə, müəyyən bacarıqlara, qabiliyyətlərə yiyələnməsini təmin etməkdir. Biz də bu tələblərin öhdəsindən gəlmək üçün bacardığımızı edirik.


Ali məktəbə daxil olan şagirdləri ilk olaraq onu təbrik edirlər


Beydulla İsgəndərovun ən yaddaqalan, unudulmaz xatirələri şagirdlərinin nailiyyətləri ilə bağlıdır. Hətta ali məktəbə daxil olan şagirdləri ilk olaraq onu təbrik edirlər. Bu nailiyyəti Beydulla müəllimin uğuru kimi qiymətləndirirlər.
- Yadımdadır ki, repititorluğa yeni başlamışdım. Günlərin bir günü yolun sağı ilə gedirdim, şagirdlərimdən biri də yolun solu ilə yuxarı qalxırdı. Məni görüb qaçaraq yanıma gəldi. Üstümə elə atıldı ki, sanki çoxdandır görmədiyi bir doğmasını görür. Qayıtdı ki, müəllim, sizi təbrik edirəm, yaxşı nəticə ilə ali məktəbə qəbul olmuşam. Mən onu təbrik etmək yerinə, o məni təbrik edir. Müəllimi sevindirən onun şagirdlərinin uğuru olur.
Beydulla müəllim hesab edir ki, ümumiyyətlə, müəllimlik peşəsində uğur qazanmağın ən doğru yolu öz üzərində həmişə çalışmaq, öyrənmək, yeni metodologiyaya, yeni standartlara tam şəkildə sahib olmaqdır.


Allah bir möcüzə yaradarsa...


İndi Beydulla müəllimin bir arzusu var - nə zamansa görmə imkanı olarsa, yeni doğulmuş nəvəsini görmək. Deyir ki, atalar demiş, dövlətdə dəvə, övladda nəvə.
- Əgər Allah mənə belə bir imkan yaradarsa, belə möcüzə ilə qarşılaşaramsa, nəvəmi görüb sevinərdim. Oğlumun övladıdır, 8 aylıq oğlandır. Allah hamıya qismət etsin. Adını David qoyublar. Çox istərdim onun şirinliyini hiss etməklə yanaşı, həm də gözlərimlə görüm...
Dahi Mustafa Kamal Atatürk deyirdi ki, müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. Bizim tanıdığımız və artıq sizlərin də tanıdığı Beydulla müəllim məhz belə pedaqoqlardandır...

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video