05 Oktyabr 2018 01:23
1817
Təhsil
A- A+

Orda bir məktəb var, uzaqda...


188 yaşlı nisgilli Şuşa məktəbi


- Nənəm danışır ki, Şuşada bir Cıdır düzü var ki, düz buludlara qədər uzanır...
Nənəm deyir ki, daha Xarı bülbül təkcə Vətən bağında deyil, heç Şuşada da bitmir...
Nənəm danışır ki...
Səkkiz yaşlı balaca Çingiz dayanmadan həyəcanla Şuşa haqqında eşitdiklərinin hamısını bölüşmək istəyir. Amma zəng səsi onun fikirlərini yarımçıq qoyur. Dəhliz boyu sıra-sıra düzülmüş və dar çərçivələrə sıxışdırılmış qəm yüklü fotolara nəzər salırıq. - Hə, bu, Qala divarlarıdır, bu, Gövhər Ağa Məscidi, bu, Xurşidbanu Natəvanın evi, bu isə Mərkəzi parkdır, ona güllü park da deyirdilər, gülün elə xoş ətri vururdu ki adamı... Çuxur məhəllə, Vaqifin məqbərəsi... Bunlar Şuşanın unudulmaz keçmişinin xatirə fotolarıdır. Artıq foto yaddaşlarında donan xoşbəxt və bir o qədər də kədər yüklü şəkillər anladır Şuşanın bəxtəvər günlərini, azyaşlı məktəblilərə...
5 oktyabr müəllim günü ərəfəsində Şuşa 1 nömrəli tam orta məktəbdə Şuşalı günlərə xatirələr ilə qayıtmağa çalışdıq...


Kimlər gəldi, kimlər keçdi...


188 yaşlı əzəmətli tarixə malik olan bu məktəb Azərbaycanda bütün sahələr üzrə öz sözünü demiş xeyli məşhur insan yetişdirib: Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyov, Mir Mövsüm Nəvvab, Süleyman Ələsgərov, Səfərəli bəy Vəlibəyov, Cabbar Qaryağdıoğlu, Əhməd Ağoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Lətif Kərimov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov və daha kimlər, kimlər...
1830-cu ildə Azərbaycan ərazisində ilk qəza məktəbinin təntənəli açılışı Şuşada olmuşdu. Həmin gün I sinif açılmış və 19 şagirdlə təlimə başlanılmışdı. Bir neçə il sonra artıq məktəbdə II və III siniflərdə rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili rus bölməsi üçün də məcburi fənn kimi həftədə 6 saat keçilirdi. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi.
Şuşa şəhər məktəbi müəllim hazırlığında da müstəsna rol oynayırdı. Məktəbi daha yaxşı qiymətlərlə bitirənlər imtahan verərək ibtidai məktəb müəllimi adını ala bilirdilər. Onlardan biri də yüksək pedaqoji təcrübəyə malik Əbdüləli Muxtarov idi.
Bu təhsil ocağı 1927-1928-ci dərs ilindən yeddiillik məktəbə, 1933-34-cü dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrildi. Məktəbin məzunlarının fəaliyyət dairəsi çox geniş idi. Onlar Bakıda, Moskvada, Kiyevdə və digər şəhərlərin elmi laboratoriyalarında bu gün də çalışırlar. Onlardan biri də Ukrayna Milli Elmlər Akademiyasında şöbə müdiri işləyən texnika elmləri doktoru, professor Nadir Əlişovdur.
1982-ci ildə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə imzaladığı sərəncam əsasında zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrinə layiqli töhfələr verən bu məktəbin 150 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
1 nömrəli məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşada fəaliyyətini davam etdirib. Şəhərin işğalından sonra 2015-2016-cı tədris ilinə qədər Bakı şəhəri Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama uyğun olaraq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilindən etibarən yeni inşa edilən binasında bütün təhsil infrastrukturu ilə şagirdlərin və müəllimlərin istifadəsinə verilib.


Yuxularda gedirəm Şuşadakı məktəbimizə, amma...


Məktəbin fizika müəllimi Aidə Süleymanova ilə söhbətləşirik. 34 illik müəllim təcrübəsi olan Aidə xanım Şuşa xatirələrini danışdıqca sanki bizi unudaraq keçmiş xatirələrə dalır...
- Xatirələrimiz sınıqdır qızım, boynubükükdür, Şuşa kimi həsrətlidir əslində. Yuxularda gedirəm Şuşadakı məktəbimizə, amma heç vaxt kandarından içəri keçə bilmirəm. Şuşa ilə, məktəbimizlə bağlı xatirələrim o qədər çoxdur ki, hansından başlayım?!.
"1984-cü ildən bu məktəbdə müəlliməyəm. 2005-ci ildə "Əməkdar müəllim”, 2011-ci ildə isə "İlin ən yaxşı müəllimi” adını qazanmışam. Sənətimlə fəxr edirəm və düşünürəm ki, nə qədər nailiyyət əldə etmişəmsə, bu müəllimlərimin sayəsində olub. Onların iş təcrübəsi, uşaqlara bağlılığı, can yandırmaları bir başqa idi... İxtisasından asılı olmayaraq hansı müəllimi danışdırırdın şeir deyirdi. Hətta şeirlə bağlı olmayan, tarix, riyaziyyat dərslərində belə. Dərslərə marağımız o qədər artırdı ki, zəngin vurulmağına heyfsilənirdik. Həmin müəllimlərimdən vəfat edənlər də, hazırda yaşayanlar da var. Həbib, Validə, Namiq, Məleykə və digər müəllimlərimin heç biri yadımdan çıxmır. O müəllimlər bizim üçün çox ideal, çox yüksəklərdə idi və biz həyatda nəyə nail olmuşuqsa, məhz onların sayəsindədir”.


Şuşada keçdiyim dərslərin həsrətini çəkirəm...


Aidə müəllim söyləyir ki, həmin vaxt hansı ixtisası seçməsindən asılı olmayaraq şagirdlər bütün fənləri sevirdi. Çünki onlar öz müəllimlərini sevirdilər. Birmənalı olaraq belə bir anlam vardı ki, şagird müəllimini sevmirsə, onun fənnini oxumur.
"Hazırda da çalışıram ki, şagirdlərə məhz o bağlılığı, sevgini aşılayım. Düşünürəm ki, qismən də olsa, buna nail olmuşam, amma...
Şuşada keçdiyim dərslərin həsrətini çəkirəm. Yəqin köçkünlük, qaçqınlıq həyatı keçirən bütün müəllimlər bu həsrətdə olurlar. Məktəbimizin hər cür şəraiti olan fənn otaqları, laboratoriyaları var idi. İngilis dilini linqafonla dinləyirdik. Maraq dünyamız çox geniş idi, hətta poçtla Moskvadan bədii ədəbiyyat gətirdir və bir-birimizə ötürüb çox həvəslə oxuyurduq. Mənim üçün Şuşa gözəllikdir, Şuşa saflıqdır. Oradakı yaşam insana o qədər böyük ruh yüksəkliyi verirdi ki, istər-istəməz hərtərəfli inkişaf edən bir insan, şair, musiqiçi də olurdun...”


İndi quşların cəh-cəhinə, şəlalələrin şırıltısına ekrandan baxırıq...


"Şuşada ab-hava tamam başqa cür idi” deyir Aidə Süleymanova. Cıdır düzündə Mahnı bayramları keçirilirdi və hər kəs bəzənib-düzənib mütləq tədbirlərdə iştirak edirdi. Şuşaya bütün tanınmışlar gəlirdilər. Maestro Niyazi, yazıçı Anar, mədəniyyət xadimləri Süleyman Ələsgərov, Zeynəb Xanlarova və başqa bir çox tanınmışların şagirdlərlə, ümumiyyətlə bütün şuşalılarla görüşü təşkil edilirdi və bu bizim üçün böyük bayrama çevrilirdi: "İndi o gözəllikdən ayrı düşmüşük, hesab edin ki, təbiətin səsinə, quşların cəh-cəhinə, şəlalələrin şırıltısına ekrandan baxırıq...”
Aidə xanım deyir ki, indiki şagirdlər də Şuşanı öz gözləri ilə görmələrinə can atırlar, daim sual verirlər Şuşa haqqında: "Deyirlər, kaş, Şuşaya qayıdaydıq, o məktəbdə oxuyaydıq, danışdığınız o meşəyə, o dağa gedə, büllur, şır-şır bulaqları görə biləydik. Bütün bunlara baxmayaraq, içimizdə çox böyük bir ümid var və əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz dədə-baba yurdumuza qayıdacağıq və övladlarımız o gözəlliyin içərisində böyüyəcək”.


"İlk növbədə həmin o sinif yadıma düşür...”


Məktəbin gənc müəllimi Pərvin Məmmədova isə deyir ki, 3-cü sinfə qədər Şuşanın 4 nömrəli məktəbində təhsil alıb. Lakin heç nəyi unutmayıb. Şuşada gördükləri onun ömürlük yaddaşına köçürülüb: "Hər şey yadımdadır, məktəbə getməyim, müəllimim, sinfimizin hər bir guşəsi. Hər dəfə uşaqlığımı xatırlayanda ilk növbədə həmin o sinif yadıma düşür. Mənim orada əl işlərim, rəsmlərim var idi...”
Şuşadan danışdıqca qəhər onu boğur, rahat danışa bilmirdi Pərvin müəllim. Amma gənc müəllimə də əmindir ki, Şuşaya qayıdıb yenidən fəaliyyətlərini o məktəbdə davam etdirəcəklər: "Şagirdlərimizə Şuşa haqqında bütün məlumatları veririk. Məktəbdə keçirdiyimiz bütün tədbirlərdə Şuşa barəsində məlumatlar mütləq yer alır. Çalışırıq ki, hələlik Şuşanı nəzəri də olsa uşaqların yaddaşına həkk edək”.


188 illik uğur ənənəsi davam edir...


Artıq Şuşa 1 nömrəli tam orta məktəb 4 ildir ki, yeni binada fəaliyyət göstərir və orada 748 şagird təhsil alır. Həmçinin məktəbdə şuşalılarla yanaşı, məcburi köçkün olmayan şagirdlər də oxuyur.
Məktəbin direktoru Elçin Dadaşov deyir ki, yeni bina istifadəyə verildikdən sonra burada rus bölməsi də açılıb. Müasir tədris standartlarına cavab verən fənn kabinələri, geniş idman, akt zalı şagirdlərin ixtiyarındadır. Onların dərsdən sonra asudə vaxtlarını səmərəli keçirməsi üçün məktəbdə müəyyən dərnəklər, rəqs, musiqi məktəbi də fəaliyyət göstərir.
Sözügedən tarixi məktəbin yarandığı gündən əldə etdiyi uğur ənənəsi bu gün də davam edir. Məzunlarının əksəriyyəti ali məktəblərə qəbul olub və onlar arasında 600 baldan yuxarı nəticə göstərənlər də var. Məktəbdə əməkdar müəllimlər, "Tərəqqi” medalı ilə təltif olunanlar, ilin qabaqcıl müəllimləri uşaqlara elmin sirrini öyrədir...


Qələbə təqvimi


- Mən Şuşanın soyuq suyundan içmək, Cıdır düzündə Qarabağ atlarının şahə qalxmasını seyr etmək, yaşıl otlar üzərində uzanıb, başı dumanlı dağlarına baxmaq istəyirəm...
- İstəyirəm böyüyüb əsgər olum, vətənimə xidmət edim, təkcə Şuşanı yox, bütün Qarabağı erməni tapdağından azad edim...
Bunlar Şuşa 1 nömrəli tam orta məktəbin şagirdlərinin ümumi arzularıdır. Yəqin ki, bu arzuların gerçəyə çevrilməsinə o qədər də çox qalmayıb. O gün gələcək ki, bayrağımız Şuşada dalğalanacaq, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndidə hərbi parad keçirəcək.
Bütün məktəblərdə, sinif otaqlarında işğal təqvimini göstərən qara lövhələr yığışdırılaraq yerində Xocalının, Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin... düşmən tapdağından azad edildiyi günlərin al-qırmızı Qələbə Lövhəsi asılacaq...

Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video