05 Oktyabr 2018 01:05
550
Təhsil
A- A+

Üç əsrin şahidi, nəsillərin yol yoldaşı


Bu günədək "mənim məktəbim” deyərək doğma nəzərlərlə baxan, qucağında boya-başa çatan, burada birinci dəfə əlinə qələm alan, ilk arzularını, xəyallarını quran, ayrılıq anlarında göz yaşları selə dönən, hara getsə də həsrətlə onu anan neçə şagirdi olub görəsən? Hesablamaq çətindir. 120-ci ilini yola salmış bu qocaman tədris ocağı Azərbaycan təhsili tarixinin çətin sınaqlarından keçərək bu günümüzə gəlib çatıb.


Tarixini yazan məktəb


Tərəqqinin yolu maariflənmədən başlayır. Savadlıları çox olan millətin nail ola bilməyəcəyi uğur yoxdur. Bu səbəbdən çar Rusiyası XIX əsrdə müstəmləkəsinə çevirdiyi Şimalı Azərbaycanda təhsilin inkişafını ləngidirdi.
Dünya isə dəyişirdi. Bütün sahələrdə canlanma müşahidə olunurdu. Belə bir zamanda yalnız öz dövrünü deyil, gələcəyini də düşünən millətlərin qabaqcıl övladları yeni məktəblərin açılmasına, əhalinin savadlanmasına səy göstərirdilər.
1880-ci illərdən Azərbaycanın neft-mədən rayonlarında, sənaye müəssisələri yanında ibtidai məktəblərin təşəkkülünə səbəb iri sahibkarların təsərrüfatlarında əmək məhsuldarlığını yüksəltmək üçün savadlı fəhlələr hazırlamaq istəkləri idi. Sabunçuda məktəb tikintisinə başlanılmasının da ən böyük səbəbi neft bumu oldu. Bakı Neft Sənayeçilərinin I Qurultayında neft milyonçuları - Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları qərara aldılar ki, Sabunçu-Balaxanı-Ramana rayonu mədənlərində işləyən fəhlə və qulluqçuların uşaqları üçün məktəb inşa olunsun. Həmin ərazini Nobel qardaşları almışdılar. Onlara müraciət olundu. Nobel qardaşları ərazi ayırdılar. Sabunçu-Balaxanı-Ramanada ikimərtəbəli məktəb binası Bakı Neft Sənayeçiləri I Qurultayının vəsaiti ilə tikildi. Fəaliyyətə 1897-ci ildə 1 №-li Sabunçu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəb adı ilə 73 şagird və 2 müəllimlə başladı. Azərbaycanda ilk qarışıq tipli, yəni oğlanlarla qızların bir yerdə oxuduqları məktəb yarandı. İki müəllimindən biri həm də onun direktoru - milliyyətcə alman olan Marta Şergeyevna Onqunova idi. İlk dərs ilinin şagirdləri rus, alman, yəhudi və başqa xalqların uşaqlarından ibarət idi. Uzun illər belə davam etdi. 1910-cu ildə burada 191-i oğlan, 140-ı qız olmaqla 331 şagird təhsil alırdı. Dərslər 8 sinif otağından ibarət əsas korpusda keçirilirdi. İkinci yardımçı korpusun ikinci mərtəbəsində müəllimlər, birinci mərtəbəsində isə texniki işçilər və gözətçi öz ailələri ilə yaşayırdılar.
Şagirdlərinin sayı ildən-ilə artırdı. 1917-ci il 1 yanvar hesabatında onların sayı 428 nəfər göstərilirdi. Müəllimləri Birinci Dünya müharibəsi illərində orduya çağırılmadı, onlara möhlət hüququ verildi.


Azərbaycan dilində ilk dərslər...


1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Milli mədəniyyətə, eləcə də təhsilin yoluna işıq düşdü. Məktəblərin bərpası və milliləşdirilməsi Cümhuriyyət hökumətinin həyata keçirdiyi ən mühüm işlərdən oldu. Neft Sənayeçiləri Qurultayı tərəfindən yaradılmış məktəblər, həmçinin 1 №-li Sabunçu-Balaxanı-Ramana iki sinifli qarışıq tipli məktəb də 1918-ci ildə dövlətin himayəsinə keçdi.
Nazirlər Şurasının 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai məktəblərdə təhsil milli dildə aparılmalı idi. Amma beynəlmiləl şəhər olan Bakıda digər xalqların təhsildən kənarda qalmaması üçün cümhuriyyət hökuməti 1918-ci ilin noyabrında üç ay əvvəlki qərarına qismən dəyişiklik etdi. Göstərildi ki, yaşayış məkanlarında bir məktəb olarsa, orada dövlət dili məcburi fənn kimi keçilməklə, tədris rus dilində aparıla bilər. Bundan sonra 1№-li Sabunçu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəbdə dərslər rus dilində aparılsa da, Azərbaycan dili məcburi fənn kimi öyrənilməyə başlandı.
1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. Sovet hakimiyyətinin ilk illərində mədəni-maarif işlərinə rəhbərlik səlahiyyəti respublika Xalq Komissarlığına verildi. 1920-1930-cu illərdə şagirdlərinin sayı nəzərəçarpacaq dərəcədə artmasa da, artıq məktəbdə oxuyan azərbaycanlılar az deyildi.
1937-ci ildə 1№-li Sabunçu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəbin adı dəyişdirilərək 67 №-li məktəb oldu.
...Dünya yenidən müharibə alovlarına büründü. Böyük Vətən müharibəsi ilə əlaqədar məktəb 2140 №-li təxliyə hospitalına çevrildi. Şagirdləri təhsillərini yaxınlıqda yerləşən indiki 170 №-li məktəbdə davam etdirdilər. Ancaq müəllimləri də, şagirdləri də hər gün bura gəlir, yaralı əsgərlərin müalicəsində əllərindən gələn köməyi əsirgəmir, onların qarşısında müxtəlif səhnəciklərlə, konsert proqramları ilə çıxış edirdilər.
1945-ci ildə müharibə başa çatdı. Sonrakı illərdə bu məktəb Lenin (indiki Sabunçu) rayonunun qabaqcıl tədris müəssisələrindən biri kimi tanındı. Onun inkişafında ilk azərbaycanlı direktorunun - Məhəmmədhadi Ağamalıyevin böyük əməyi oldu.
Bu dördsinifli ibtidai əmək məktəbi 1949-cu ildən 7 illik, 1960-1961-ci tədris ilindən 8 illik natamam orta məktəbə çevrildi. 1980-ci illərin sonunadək şagirdlərinin sayı xeyli artdı. Məktəbdə əvvəlki kimi yalnız rus bölmələri fəaliyyət göstərirdi.
1988-ci ildən respublikamızda baş verən ictimai-siyasi hadisələr rus məktəblərində Azərbaycan bölmələrinin açılmasını zərurətə çevirdi. Digər tərəfdən ermənilərin işğalçılıq siyasəti nəticəsində soydaşlarımız tarixi torpaqlarımızdan didərgin düşdülər. 67 №-li məktəb də yurdundan qovulmuş 100-lərlə şagird, 39 müəllim üçün doğma ocaq oldu. 1989-cu ildə burada 26 nəfərdən ibarət ilk Azərbaycan bölməsi açıldı.
Bir əsr, əsasən, qeyri-millətlərin rəhbərlik etdikləri məktəbin coğrafiya müəlliməsi İradə Bayramova belə gərgin günlərdə kollektivin istəyi ilə əvvəl müavin, sonra isə direktor təyin edildi. Üç əsrin şahidi olan bu məktəb onun ilk iş yeri idi.
Gərgin zəhmətlə inşa edilən 18 sinif otağından ibarət ikimərtəbəli yeni korpus 1995-1996-cı tədris ilində istifadəyə verildi. Növbəti illərdə nailiyyətlərini və şagirdlərinin sayının artmasını nəzərə alan Təhsil Nazirliyi ona tam orta məktəb statusu verdi.
XXI əsrin ilk on ili yeni uğurları ilə yaddaşlara yazıldı. Əsas problemini - sinif otağının azlığını həll etmək üçün məktəb binasının üçüncü mərtəbəsi tikilərək 2002-ci ildə istifadəyə verildi.


"Sən bizi ucaltdın, biz səni məktəb”


120 il qabaq 2 müəllim, 73 şagirdlə fəaliyyətə başlayan məktəbin indi 155 müəllimi, 3165 şagirdi, 108 sinfi var. Direktor bildirir ki, ötən ilin 179 məzunundan 104-ü ali məktəbə qəbul olundu: "Onlardan 6-sı 600-dən, 17-si 500-dən yuxarı bal topladı”.
Pilləkənlə əsrlərin şahidi olmuş binaya qalxırıq. Burada 120 illik tarixin silinməz izləri qalır. Məktəbin dəhlizlərini dolaşdıqca da sanki müxtəlif dövrlərə səyahət edirsən. Ayrı-ayrı guşələrdə tədris ocağının tarixini əks etdirən şəkillər var.
Divarlarda vurulmuş rəsmlərin müəllifləri məşhur rəssamlar yox, buranın şagirdləridir. Məktəbin direktoru deyir: "Məktəb uşaqlarındır. Burada şagirdlərin rəsm əsərləri, əl işləri nümayiş olunmalıdır. Bu onları daha da həvəsləndirir, arzularına qol-qanad verir. Bu lövhəni isə "Fəxrimiz” adlandırmışıq. Əslində, uşaqlarımızın hamısı fəxrimizdir. Sadəcə burada qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarımızın şəkillərini vurmuşuq. Lövhənin mərkəzində Baybakovun şəklini vurub 700 bal yazmağımız rəmzi məna daşıyır və uşaqlarımızı həvəsləndirmək üçündür.
Nikolay Konstantinoviç Baybakov təhsil alanda bu məktəb dördillik idi. Alim, dövlət xadimi kimi məşhurlaşan, SSRİ-nin ən ali mükafatları ilə təltif edilən Baybakov bura qəlbən bağlı idi. İradə Bayramova xatırlayır: "O, Moskvada yaşadığı illərdə də Bakıya hər gəlişində mütləq üç yerə - bir vaxtlar yaşadığı, çoxuşaqlı bir ailəyə bağışladığı evə, bu məktəbə baş çəkir, bir də valideynlərinin məzarını ziyarət edirdi. Sonuncu dəfə 2008-ci ildə, ölümündən bir neçə ay qabaq gəldi. Sanki vidalaşırdı”.
Prezident İlham Əliyevin Nikolay Konstantinoviç Baybakovun 100 illik yubileyinin keçirilməsi, xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən 67 nömrəli orta məktəbin qarşısında onun büstü qoyuldu. 2017-ci il martın 6-da büstün təntənəli açılış mərasimi oldu. Məktəbin dəhlizində Baybakova guşə ayrıldı.
Bu təhsil ocağında on bir ildir şagird özünüidarəetmə orqanı fəaliyyət göstərir. "Ekoloji təmiz məktəb” layihəsi çərçivəsində həyata keçirilənlər isə məktəbin dəhlizlərinin gül dibçəkləri ilə bəzənməsinə səbəb olub. Direktor deyir: "Bunlar həm gözəllikdir, həm də uşaqlarda təbiətə sevgi aşılayır”.
Nəsillər dəyişir... Hər yeni gələn nəsillə məktəb bir addım da irəliləyir. Bu qocaman məktəb öz ənənələrini unutmadan, onlara ehtiramla 121-ci tədris ili ilə gələcəyə üz tutub.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video