04 Oktyabr 2018 00:29
693
Elm və texnika
A- A+

Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib


Oktyabrın 3-də Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin birgə səyyar iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış edib. Sonra Akif Əlizadə akademik Sudeif İmamverdiyevə Azərbaycan Respublikasının "Şərəf” ordenini təqdim edib.


BDU-da nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb


AZƏRTAC xəbər verir ki, iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladaraq, AMEA-nın yubileylə bağlı tədbirlər planını təsdiq etdiyini və məruzəsinin yubiley ərəfəsində hesabat olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı iki ölkənin universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalandığını deyən akademik Abel Məhərrəmov, dövlət başçısının göstərişinə əsasən, bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzinin, ardınca "Nanomaterialların kimyəvi fizikası” kafedrasının yaradıldığını və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, qısa müddətdən sonra bu elmin əsasları universitetin fizika, kimya, biologiya fakültələrinin bakalavr pilləsində tədris edilməyə başlayıb. Eyni zamanda, nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya ixtisaslaşmalarında magistr hazırlığı aparılıb. Qısa müddətdə bu istiqamətdə kimya və fizika fakültəsindən 12 nəfər fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə edib.
Akademik bildirib ki, nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb, hətta bəzi dərsliklər ABŞ-ın və Rusiyanın məşhur nəşriyyatlarında və universitetlərində çap edilib.


BDU-da nanotexnologiya sahəsində bir sıra inkişaf etmiş ölkələrlə tətbiqi xarakterli birgə tədqiqatlar aparılır


Nanotexnologiyanın tətbiq sahələrinin çox böyük diapazonda yerləşdiyinə diqqət çəkən akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahəsi və hərbi sənaye istiqamətində araşdırmalarına diqqət çəkib və bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıq alındığını söyləyib. Qeyd olunub ki, BDU-da nanotexnologiya sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə tətbiqi xarakterli birgə tədqiqatlar aparılır və ABŞ, Rusiya, Yaponiya, İsveçrə, Kanada, İspaniya, İtaliyanın müvafiq universitetləri, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələri uğurla yerinə yetirilib. Nəticə olaraq 2017-ci ildə "Web of Science” sisteminə daxil olan jurnallarda universitet alimlərinin 247 məqaləsi dərc edilib ki, bu məqalələrdən 37-si nanotədqiqatlar sahəsini əhatə edir.


Nanotexnologiya sahəsində multidissiplinar tədqiqatların davam etdirilməsinin məqsədəuyğunluğu


Məruzə dinlənildikdən sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev və İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Təhsil Nazirliyinin Elm, Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri Yaqub Piriyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, akademik Vasif Babazadə və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindən danışıb, respublikada bu istiqamətdə tədqiqatların məqsədəuyğunluğu və vacibliyini qeyd ediblər. Eyni zamanda, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyənləşdirilməsi məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla birlikdə dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanması qərara alınıb. Qərara əsasən, akademik Abel Məhərrəmovun təqdim etdiyi məruzə bəyənilib və innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab olunub. Həmçinin qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyənləşdirmək məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər müəssisələrlə prioritet istiqamətlər üzrə müştərək meqalayihənin hazırlanması üçün işçi qrupun yaradılması yer alıb.
Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı olub. Akademik Akif Əlizadə hesabatların işlənməsi üçün metodiki təlimatın hazırlandığını vurğulayaraq, hesabatların müəyyən olunmuş formalarda rəyasət heyəti aparatının müvafiq idarə və şöbələrinə təqdim etməyi tapşırıb.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın "Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən səmərəli istifadə edilməsi haqqında olub. Rəyasət heyəti məsələ ilə bağlı müzakirə aparıb. AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması məqsədəuyğun hesab edilib. Bununla bağlı təkliflərə baxılması üçün komissiya yaradılıb.
Digər qərarla AMEA Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2018-2020-ci illər üzrə kollektiv saziş təsdiq edilib.


BDU-nun Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı açılıb


İclasda həmçinin AMEA əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətin tərkib hissəsi olaraq onların istirahətinin səmərəli təşkili üçün binalardan istifadə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Rəyasət heyəti AMEA-nın magistrant və doktorantlarının tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi və bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə də tapşırıq verib.
Bundan əlavə, qərarla AMEA-nın Neft və Qaz İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.
Rəyasət heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin yaradılması məsələsini müzakirə edərək təsdiq edib.
Daha sonra kadr məsələlərinə baxılıb.
Sonda Bakı Dövlət Universiteti Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı və rəsədxana ərazisində akademiyanın əməkdaşlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət mərkəzi açılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video