04 Oktyabr 2018 00:22
554
İQTİSADİYYAT
A- A+

Hacıqabulda pambıq tarlaları bəyaz dona bürünüb


Hacıqabulda bu il 1300 hektarda pambıq yetişdirilib. Aylardan bəri çəkilən zəhmət hədər getməyib - tarlalar bəyaz dona bürünüb. Rayonda ən çox pambıq əkilən yerlərdən biri Qarasu kəndinin ərazisidir. Öyrəndik ki, orada yığım gedir. "P - Aqro” MMC-nin direktoru Murad Muradovla həmin əraziyə getməyi qərarlaşdırdıq.

O, "etiraz etməsəniz, maşına iki nəfər götürərdim. Getdiyimiz sahənin məhsulunun çoxu maşınlarla yığılacaq. Bir müddət əvvəl orada dərmanlama işləri aparılıb. Pambıqyığan maşının sürücülərini ona görə götürürəm ki, defalyasiya olunmuş yerlərə baxıb, nə vaxt yığıma başlamaq mümkün olduğunu bilsinlər. Hər ikisi - Müşfiq Quliyev və Cümşüd Abbasov "Aqrolizinq” ASC rayon filialının işçiləridir”, - dedi.

Muğan kəndindən keçib Qarasu kəndinə çatırıq. Ölkəmizdə gedən inkişaf, tərəqqi, iqtisadi yüksəliş bu yaşayış məntəqələrində də özünü göstərir. Kəndlərdə tikilən yaraşıqlı evlər, ictimai binalar, kommersiya obyektləri xoş ovqat yaradır. Yol yoldaşımın dediklərindən məlum olur ki, bu kəndlərin hamısı qazlaşdırılıb. Talış-Bakı su kəmərindən hər bir evə su xətti çəkilib.

Kənd küçələrindən keçib çılpaq boz dağlara üz tutanda yol boyu ağırtonlu maşınlar toz-torpaq qoparırdı. Bu da sir deyildi. Melioratorlar burada dəmir-beton kanallar çəkirdilər. Bunun hesabına yaxın gələcəkdə bu boz çöllərə su gələcək, min hektarlarla torpaq əkin dövriyyəsinə qatılacaq.

Pambıq sahəsinə çatanda "P - Aqro” MMC-nin direktoru maşını qırmızı rəngli lafetin yanına sürdü. Qız-gəlinlər pambıq yığırdılar. Salamlaşıb "qollarınız yorulmasın, məhsulunuz bol olsun!” - deyirik. Ortaboylu, təxminən 40-45 yaşlı bir qadın bizə tərəf addımlayır: "Xoş gəlmisiniz!” - deyir. M. Muradov bizi onunla tanış edir: "Fermer Qabil Abdullayevin nümayəndəsidir. Yaxşı işçidir. 210 hektar sahənin ağırlığı onun çiynindədir. Çiyid torpağa səpiləndən bəri həmişə sahələrdə olub. Gübrələnməsini, suvarılmasını, ziyanvericilərlə mübarizəni, digər aqrotexniki tədbirləri vaxtında görüblər. Bunun üçün rayon Kənd Təsərrüfatı İdarəsinin, "Aqrolizinq” ASC-nin qapısını döyüb. Becərmə zamanı işlətdiyi adamların pulunu vaxtında verib. Hər kəs də çalışıb ki, bunun müqabilində daha yaxşı işləsin. Bütün bunların nəticəsində, gördüyünüz kimi bol məhsul yetişdirilmişdir”.

Pambıqçı qız-gəlinlər - Sədaqət Abuzərova, Bibinisə Zalıyeva, Bikə Səfərova, Bikə Cəfərova, Rəsmiyyə Gülmalıyeva, Məlahət Dadaşova, Qızbəs Mirzəyeva dolmuş döşlüklərini açıb bir-bir sahənin kənarına qoyulmuş qapana yaxınlaşırlar. Natiq Paşayev pambığı çəkir. Rövşən Mirzəyev isə məhsulu lafetə boşaldır. Qızlardan hər gün nə qədər pambır topladıqlarını soruşuruq. Biri 80, digəri 70, başqaları 60 kiloqram cavabını verir.

Sonra məhsulu maşınla yığılacaq sahələrin bir neçəsinə baş çəkirik. "P-Aqro” MMC 37 nəfərlə 1300 hektarda pambıq əkib. Torpaq mülkiyyətçiləri, fermerlər becərmə dövründə bütün texniki vasitələr, kultivator, çiləyici aparatlar, gübrə, lazımi ziyanvericilərə qarşı preparatlarla təmin edilib. Hazırda rayonda "Conder” markalı 5 pambıqyığan maşın, 36 lafet var. Yarpağın tökülməsi üçün 6 çiləyici aparat saz vəziyyətdədir. Maşınlar isə start xəttində dayanaraq komanda gözləyir. Ümumi məhsulun yarıdan çoxunun maşınlarla yığılması nəzərdə tutulur.

Təzə çəkilən beton kanalın üstü ilə xeyli getdikdən sonra ağappaq don geyinmiş sahəyə çatırıq. Günəş şüaları altında parıldayan geniş bir ərazi dənizi xatırladır. Hər yerdə kollar başdan-ayağa açmışdır. M.Muradov sürücü-mexanizatorlar M.Quliyev və C.Abbasovdan soruşur: "Nə vaxt yığmaq olar?” Mexanizatorlar gülümsəyərək: "Günü sabah!” - deyirlər. Hər ikisi işə başlamaq üçün vədələşir, bildirirlər ki, pambıqyığan maşınların kanalın üstündən sahəyə keçəcəyi yeri hamarlamaq lazım gələcək, yoxsa sahəyə girərkən maşınların aşağı ön hissəsi torpağa toxunub zədələnə bilər. Digər bir məsələ isə maşınların yuyulması üçün sahədə suyun olmasıdır. M. Muradov onların bu xahişlərinin sözsüz yerinə yetiriləcəyini deyir.

Öyrənirik ki, 18 hektardan ibarət olan bu pambıq sahəsi Səadət Mirzəyevanındır. O, bu il 150 hektarda bol məhsul yetişdirib. Ümumi sahənin 50 hektarını əllə, qalanını maşınlarla yığacaq. Xam pambığın yığımında hər tonun qiymətinin 50 manat artırılması hamı kimi S.Mirzəyevanı da sevindirib.

Sahədən çıxıb geri qayıdanda sürücü-mexanizatorlar görəcəkləri işi götür-qoy edir, "P-Aqro” MMC-nin direktoru ilə məsləhətləşirdilər.


Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video