03 Oktyabr 2018 16:54
917
PARLAMENT
A- A+

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib


Oktyabrın 3-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illiyi ilə bağlı ölkəmizdə çoxsaylı tədbirlərin keçirildiyini deyib. Bildirib ki, sentyabrın 21-də 44 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm yubiley tədbiri Prezident İlham Əliyevin iştirakı, buradan Milli Məclisin deputatlarına, qonaqlara, bütün dünyaya çox ciddi mesajlar verməsi ilə yadda qaldı. Prezident İlham Əliyevin parlamentin 100 il ərzində keçdiyi yola, Azərbaycanın bugünkü sürətli dinamik inkişaf prosesində Milli Məclisin roluna verdiyi qiymət hər birimizi ruhlandırır və fəaliyyətimizi daha da genişləndirməyə sövq edir.

Oktyabrın 3-ü tarixinin Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik günlərdən biri olduğunu söyləyən Bahar Muradova Azərbaycanın siyasi tarixində çox əlamətdar günlərdən biridir. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasını təmin etmək üçün çox böyük bir vəzifəyə başladı”,- deyə Milli Məclisin sədrinin müavini qeyd edib.

Daha sonra gündəlikdəki məsələlərə baxılıb.
Əvvəlcə Bahar Muradova Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 10 məsələyə baxılıb, 8 qanun layihəsində dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ötən dövr ərzində komitəyə 552 sənəd daxil olub, onlardan 506-sı əlaqədar təşkilatlara göndərilib.
İclasda komitənin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.
Sonra "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Beş fəsil, on doqquz maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir.

Layihədə müvafiq maddəyə əsasən uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmini, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdir. Həmçinin zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir.

Qanun layihəsinin üçüncü fəslində informasiya məhsulunun işarələnməsi, informasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri, informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə, uşaq üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər öz əksini tapır.
Sənəddə bildirilir ki, "18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.

Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaq üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Deputatlar qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video