03 Oktyabr 2018 00:53
1064
SİYASƏT
A- A+

Tam müstəqil siyasətin real mənzərəsi


Ötən ay 4 ölkəyə səfər edən, 1 hərbi parad və 4 beynəlxalq əhəmiyyətli tədbir keçirən, 3-cü peyki kosmosa göndərən Prezident İlham Əliyevin yeni inkişaf strategiyası mühüm nailiyyətlərlə əlamətdar oldu


Sentyabr ayında müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm hadisələr yaşandı. Tarixi uğurları şərtləndirən, böyük nailiyyətlərlə zəngin olan ötən ayda yaşananlara bir daha nəzər yetirək:

* İlham Əliyevin Rusiya, Qırğız Respublikası, Xorvatiya və Tacikistana səfərləri;
* Bakının işğaldan azad olunmasının 100 illiyi münasibəti ilə hərbi parad;
* 300-ə yaxın xarici parlamentarilərin qatıldığı Parlamentin 100 illik yubileyi;
* 29 ölkənin 224 şirkətinin qatıldığı "ADEX-2018” beynəlxalq müdafiə sərgisi;
* 250 ölkədən 800-dək idmançının yarışdığı cüdo üzrə dünya çempionatı;
* Müstəqil Azərbaycanın sayca 3-cü peyki - "Azerspace 2”nin orbitə göndərilməsi;
* Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum;


Bir ayda 4 ölkəyə səfər


Bütün aylarda iş qrafiki zəngin olan İlham Əliyev sentyabrda 4 ölkəyə səfər edib. Öncə dövlət başçısı sentyabrın 1-də Rusiyada bu ölkənin lideri Vladimir Putinlə görüşüb və iki ölkə arasında 17 mühüm sənəd imzalanıb. Bu görüş yeni inkişaf mərhələsində olan Azərbaycan-Rusiya münasibətlərinə mühüm töhfə verib və əlaqələrin daha da genişlənməsinə real zəmin yaradıb.
Sentyabrın 3-də Azərbaycan Prezidenti Qırğız Respublikasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə iştirak edib. Bu toplantıda Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını bildirən dövlət başçısı bu əlaqələrin gündən-günə möhkəmləndiyini və daha da genişləndiyini söyləyib.


Üç gün sonra - sentyabrın


6-da Xorvatiyada səfərdə olan İlham Əliyev bu ölkənin lideri, xanım Kolinda Qrabar-Kitaroviçlə görüşüb və səfər zamanı iki ölkə arasında yeni sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi münasibətlərin daha da şaxələnməsinə təkan verəcək.
Dövlət başçısı ötən ayın sonunda Tacikistanda səfərdə olub. Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə həm geniş, həm də məhdud tərkibdə keçirilən görüşlərdə iştirak edib.


Möhtəşəm parad, Azərbaycan-Türkiyə qardaşlığının real nümunəsi


Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Paradda Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.
Həmin gün paytaxt Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayıb. Çünki düz 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordu birləşmələrinin zəfərini bayram etmişdi. Bu il həmin gün yenidən təkrarlandı. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərdi.
İlham Əliyev paradda çıxış edərək Azərbaycanla Türkiyə arasında olan münasibəti bir daha dünya birliyinə çatdırıb. Bəyan edib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər arxa-dayaq dursun. Bu birlik bütün sahələrdə özünü büruzə verir. Hər iki ölkənin birgə həyata keçirdiyi transmilli layihələr də bütün deyilənləri bir daha təsdiqləyir.


44 ölkə və 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə


Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. 44 ölkədən, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndənin iştirak etdiyi yubiley tədbirində İlham Əliyev bildirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir.
Azərbaycanın uğurla inkişaf etdiyini və bunda Milli Məclisin rolunu xüsusilə qeyd edən dövlət başçısı vurğulayıb ki, parlament həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Milli Məclisdə qəbul olunan mühüm qanunlar demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir: "Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır”.
Bütün toplantılarda olduğu kimi dövlət başçısı 300-ə yaxın xarici parlamentari qarşısında da Azərbaycan həqiqətlərindən söz açıb və Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə geniş məlumat verib.


Müdafiə təyinatlı məhsullarımızın ixracına təkan verən "ADEX” sərgisi


Ölkəmizin müdafiə sənayesinin imkanlarının dünyaya tanıdılmasında mühüm rola malik olan "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi də ötən ayın yaddaqalan hadisələrindən biridir.
Əlavə edək ki, Müdafiə Sənayesi Nazirliyi iki ildən bir keçirilən "ADEX” sərgilərində nümayiş etdirdiyi silah, sursat və digər müdafiə təyinatlı məhsulların çeşidini hər dəfə artırır. Eyni zamanda, bu sərgi ölkənin müdafiə təyinatlı məhsullarının ixracatının artmasına da təkan verir.
29 ölkənin 224 şirkətinin qatıldığı "ADEX” sərgisində Prezident İlham Əliyevin yerli və xarici şirkətlərin stendlərinə baş çəkməsi sərgi iştirakçılarına stimul verir. "ADEX” sərgisində iştirak edən müəssisələrin sayının ilbəil artması da müşahidə olunur. İştirakçılar və ziyarətçilər burada həm Azərbaycanın hərbi sənaye kompleksinin inkişafı ilə, həm də müxtəlif yerli və xarici şirkətlərin hərbi, xüsusi təyinatlı texnikası, maddi-texniki təchizat vasitələri, yeni məhsulları ilə tanış olmaq imkanı əldə edirlər.


İdman yarışlarında təşkilatçılıq nümunəsi göstərən ölkə


Son illərdə həm də idman ölkəsi statusuna sahiblənən Azərbaycan bir çox beynəlxalq idman yarışlarına da evsahibliyi edir. İlk Avropa Oyunlarının standartını müəyyənləşdirən və İslam Həmrəyliyi Oyunlarına, "Formula-1” Qran-pri yarışlarında ən yüksək səviyyədə təşkilatçılıq nümunəsi göstərən ölkəmiz ötən ay 125 dövlətdən 800-dək idmançının mübarizə apardığı cüdo üzrə dünya çempionatına evsahibliyi edib.
Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında iki medal qazanıb. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar. Ümumiyyətlə, mükafatçılar sırasında yalnız 22 ölkədən cüdoçular yer alıblar.
Onu da əlavə edək ki, final yarışlarına Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa da tamaşa ediblər.


5 il ərzində 3 peyk


Ötən ay Azərbaycanın şanlı tarixinə daha bir hadisə qızıl hərflərlə yazıldı desək yanılmarıq. Bu, sentyabrın 26-da Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən "Azerspace 2” peykinin uğurla orbitə buraxılması hadisəsidir.
Bu, müstəqil Azərbaycanın "Azerspace 1” telekommunikasiya peyki, "Azersky” müşahidə peykindən sonra orbitə çıxan sayca 3-cü peyki idi. Bu, həm də gənc müstəqil respublika kimi 5 il ərzində orbitə 3 peyk göndərən Azərbaycanın beynəlxalq səviyyədə təqdir edilən uğur göstəricisidir və bütün bu uğurlar bir daha təsdiqləyir ki, son 15 il ərzində ölkəmizdə kosmik sənayenin yaradılmasına, telekommunikasiya peyklərinin orbitə çıxarılmasına, ümumi intellektual potensialın inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Sayca 3-cü peykimiz "Azerspace 2”nin orbitə buraxılması isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ardıcıl tarixi nailiyyətlərin davamıdır. Bu, həm də Azərbaycanın gücünü, nüfuzunu artıran faktordur. Ümumilikdə, dəyəri 190 milyon dollar olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.


Bir ayda iki görüş, yeni inkişaf mərhələsində olan münasibətlər


Sentyabrın 27-də isə Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forum keçirilib. Hər iki ölkənin liderlərinin iştirakı ilə keçirilən bu forum əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək bir konfrans kimi tarixə düşdü.
Bu, həm də İlham Əliyevlə Vladimir Putin arasında bir ayda keçirilən ikinci görüş oldu. Dövlət başçıları bu forumda çıxış edərək əlaqələrin hansı səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bu gün yeni inkişaf mərhələsində olan sosial-iqtisadi, humanitar əlaqələr, regionlararası əməkdaşlıq onu deməyə əsas verir ki, iki ölkənin regionları arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün münbit sosial-iqtisadi imkanlar mövcuddur. Əminliklə söyləyə bilərik ki, yaxın gələcəkdə hər iki ölkə bu imkanlardan maksimum yararlanaraq münasibətlərin daha da genişlənməsinə, dərinləşməsinə nail olacaq. Forum möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verəcək.
Onu da vurğulayaq ki, Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair saziş imzalanıb, eləcə də iki ölkənin şirkətləri və biznes təşkilatları arasında razılaşmalar olub. IX Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində əksər sahələri əhatə edən 7 "dəyirmi masa” da keçirilib.
Əminliklə deyə bilərik ki, bu müzakirələr iki ölkə arasındakı iqtisadi-ticari, humanitar əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək.
Bütün bunlar müstəqil Azərbaycan dövlətinin ötən ay ictimai-siyasi həyatında baş verən reallıqlardır. Tarixinin ən qüdrətli dövrünü yaşayan bir ölkənin uğurlarını şərtləndirən ən başlıca meyar Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir və görünən odur ki, bu siyasət ölkəmizi uğurlu gələcəyə aparır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video