03 Oktyabr 2018 00:32
698
SİYASƏT
A- A+

Görkəmli ictimai-siyasi xadim, böyük alim


Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından, "91-lər” hərəkatının fəallarından olan Milli Məclisin sabiq sədri, görkəmli dövlət xadimi Murtuz Nəcəf oğlu Ələsgərovun anadan olmasından 90 il keçir.
Böyük alim və ictimai-siyasi xadim, "İstiqlal” ordenli, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərov ümummilli lider Heydər Əliyev siyasətinə dərindən bağlı olan, bu siyasətin həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən nadir dövlət adamlarından idi. Cəmiyyətdə şəxsiyyətin yeri onun biliyi, elmi, humanizmi, prinsipiallığı, gördüyü işləri, vətənə, millətə, xalqa sədaqətlə xidməti ilə müəyyən edilir. Bu mənada Murtuz Ələsgərovun şəxsiyyəti Azərbaycan gəncliyi üçün misilsiz örnək, bariz nümunədir.
Murtuz Ələsgərov Gəncə şəhərindəki 28 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ötən əsrin 50-ci illərində keçmiş ittifaqın paytaxtı Moskva şəhərində əyani aspiranturada oxumaq tək-tək adamlara qismət olan həm şərəfli, həm də ciddi məsuliyyət tələb edən sahə hesab olunurdu.
Murtuz Ələsgərov da 1950-1953-cü illərdə Moskvada EA-nın Dövlət və Hüquq İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə aspiranturada oxuyarkən namizədlik dissertasiyasını nəzərdə tutulmuş müddətdən əvvəl müvəffəqiyyətlə müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.
1956-cı ildə o, ADU-nun Dövlət hüququ kafedrasında dosent vəzifəsində işləmiş, 1957-ci ildə Beynəlxalq hüquq kafedrasına rəhbərlik etmişdir.
M.Ələsgərov 1958-ci ildən Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi, respublikamızda bütün dövrlərdə maraqla qarşılanan "Planetimizin mənzərəsi” və "Qitələr və hadisələr” proqramlarının yaradıcısı olmuşdur. Beynəlxalq şərhçi və bu proqramların uzun müddət aparıcısı kimi onu xalqımız əsl hüquqşünas alim, görkəmli ictimaiyyətçi və şəxsiyyət kimi tanımış və böyük rəğbət bəsləmişdir. Murtuz müəllim 1964 və 1969-cu illərdə respublikanın ali qanunvericilik orqanının fəxri fərmanları ilə təltif olunmuşdur. Bu dövlət orqanının 1964-cü il 29 iyun tarixli fərmanı ilə respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafında xidmətlərinə, 1969-cu il 31 oktyabr tarixli fərmanı ilə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında fəal iştirak etdiyinə, uzun illər səmərəli fəaliyyətinə görə və Azərbaycan Dövlət Universitetinin yaradılmasının 50 illiyi münasibətilə təltiflərə layiq görülmüşdür.
1968-ci ildə M.Ələsgərov Azərbaycan Dövlət Universitetində "Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini almış, bir il sonra isə respublikamızda ilk dəfə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilmişdir.
Rəhbərlik etdiyi Dövlət hüququ kafedrası 1928-ci ildən fəaliyyət göstərirdi. Uzun müddət dövlət aparatı və hüquq mühafizə orqanları üçün minlərlə istedadlı və yüksək ixtisaslı kadrların hazırlanmasında bu kafedranın əvəzsiz xidmətləri və onun müdiri professor M.Ələsgərovun böyük əməyi olmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir ki, bu kafedranın bazası əsasında professor M.Ələsgərovun rəhbərlik etdiyi müddət ərzində iki müstəqil kafedra - Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası (1966-cı il) və Beynəlxalq və xarici dövlətlərin dövlət hüququ kafedrası (1979-cu il) təşkil edilmişdir.
Görkəmli alim rəhbərlik etdiyi kollektivin elmi potensialını düzgün təşkil edərək onlarla birgə mühüm problemlərə həsr edilmiş xeyli fundamental monoqrafiyaların hazırlanmasına və çap olunmasına nail olmuşdur. 1969-1976-cı illər ərzində rəhbərlik etdiyi kafedranın elmi tədqiqat işi iki başlıca istiqamətdə - "Dövlət, idarəçilik və hüququn inkişaf qanunauyğunluqları” və "Müasir beynəlxalq hüququn ümumi problemləri” istiqamətlərində həyata keçirilmişdir.
1976-1980-ci illərdə isə onun rəhbərlik etdiyi kollektiv "Dövlət və hüququn inkişafının əsas qanunauyğunluqları”, "Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq hüquqi subyektliyi” məsələlərini öyrənmiş və ümumiləşdirmişdir. Elmi tədqiqat işlərinin xeyli hissəsinin nəticələrinin mətbuatda dərc olunmasında da alimin xidmətləri diqqətəlayiqdir. Bu tədqiqatlarda gənc, inkişaf edən ölkələrlə beynəlxalq əməkdaşlığın formaları təhlil edilmiş, yeni beynəlxalq hüquqi prinsiplərin Asiya və Afrika ölkələrinin milli istiqlaliyyəti və onların beynəlxalq əməkdaşlığının inkişafına təsiri şərh edilmişdir. Eyni zamanda Konstitusiya hüququnun əsas inkişaf mərhələləri, yerli qurumların fəaliyyətinin ayrı-ayrı sahələri, bu orqanların yerlərdə qanunçuluğun və hüquqi qaydaların möhkəmlənməsində rolu və s. məsələlər əhatə olunmuşdur.
1981-1985-ci illərdə keçmiş ittifaqın 1977-ci il Konstitusiyası əsasında Azərbaycan Respublikası qanunvericilik orqanının fəaliyyəti və onun səlahiyyətinin başlıca istiqamətləri, o cümlədən Azərbaycan Respublikasının tərkibində Naxçıvan MR-nın və Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquqi statusu ətraflı öyrənilmişdir. Bununla yanaşı, respublikanın digər dövlət-hüquq institutlarının fəaliyyəti də ümumiləşdirilmiş və geniş təhlil olunmuşdur. Elmi-tədqiqat işlərində inzibati məsuliyyətin və inzibati yuridiksiyanın, həmçinin inzibati məsuliyyətə cəlb etmənin hüquqi əsasları da öz əksini tapmışdır.
1985-1990-cı illərdə professor M.Ələsgərovun rəhbərlik etdiyi kollektivin elmi işlərində milli-dövlət quruluşunun anlayışı və prinsipləri, federasiya və muxtariyyət haqqında nəzəri müddəalar, dövlət orqanlarının təşkili və fəaliyyətinin əsasları, idarəçilik fəaliyyətində qanunçuluğun və dövlət intizamının gözlənilməsi və s. məsələlər tədqiq olunmuşdur. Bununla yanaşı, qanunvericilik materialları əsasında respublika ali hakimiyyət və yerli orqanlarının fəaliyyəti ümumiləşdirilmiş və konkret elmi nəticələr çıxarılmışdır. Kafedra müdiri professor M.Ələsgərov elmi işlərin yekunları barədə bir qayda olaraq beynəlxalq konfrans və simpoziumlarda məruzə və hesabatlarla çıxış etmişdir.
1961-ci ildən başlayaraq Murtuz Ələsgərov bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq simpoziumlarda respublikamızı layiqincə təmsil etmiş, maraqlı və aktual mövzularda məruzələr etmişdir.
1961-ci ildə Fransada "Azərbaycanda hüquq elminin nailiyyətləri” mövzusunda etdiyi çıxış maraqla qarşılanmışdır. 1976-cı ildə Amerika Birləşmiş Ştatlarında keçirilən ətraf mühitin hüquq mühafizəsinə dair beynəlxalq konfransda, 1978-ci ildə Böyük Britaniyada "İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınmasına dair simpozium”da iştirak etmiş, 1984-cü ildə isə Yaponiyada Beynəlxalq elmi konfransda "Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya hüquqları” mövzusunda məruzə etmişdir.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin rektoru işlədiyi illərdə onun rəhbərliyi ilə BDU-nun beynəlxalq aləmdə nüfuzu artıb, elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından çoxalıb. Xarici ölkələrin ali məktəbləri ilə münasibətlər yeni mərhələyə daxil olub, bu sahədə dövlət əhəmiyyətli mühüm işlər görülməyə başlayıb.
Keçən əsrin 70-80-ci illərindən Murtuz müəllimi respublikamızın hər yerində həm də məharətli bir mühazirəçi kimi tanıyırdılar. Onun siyasi və hüquqi cəhətdən məntiqli, aktual məzmunlu çıxışları dinləyicilərin böyük marağına səbəb olurdu. Təsadüfi deyil ki, Bakı Dövlət Universitetinin rektoru olarkən, professor Murtuz Ələsgərov respublikamızda ictimai-siyasi, elmi biliklərin yayılmasında, eləcə də ali təhsil sahəsindəki böyük xidmətlərinə görə Azərbaycan Respublikası "Bilik” maarifçilik cəmiyyəti icraiyyə komitəsinin 30 avqust 1994-cü il tarixli qərarı ilə akademik Y.Məmmədəliyev adına medal və mükafatla təltif edilmişdir.
1966-cı ildən Murtuz Ələsgərov Azərbaycan Ensiklopediyasının tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü olmuş, ensiklopediyanın ayrı-ayrı cildlərində onun 60 addan çox elmi məqaləsi nəşr edilmişdir.
1993-cü ildə Murtuz müəllim Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin başçılıq etdiyi dövlət nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanında İslam dünyasının müqəddəs şəhərləri - Məkkə və Mədinə ziyarətgahlarında olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 sentyabr 1994-cü il tarixli fərmanına əsasən 1994-cü ilin noyabr ayında Bakı Dövlət Universitetinin 75 illik yubileyi keçirilmişdir. Yubiley komissiyasının sədri Prezident Heydər Əliyev, sədr müavini isə Bakı Dövlət Universitetinin rektoru Murtuz Ələsgərov olmuşdu.
1994-cü il noyabrın 26-da Respublika sarayında keçirilmiş təntənəli mərasimdə Murtuz Ələsgərov universitetin keçdiyi şərəfli yol haqqında geniş məruzə etmişdir.
Yubiley ərəfəsində 11-12 noyabr 1994-cü ildə Bakı Dövlət Universitetində ümumrespublika səviyyəli elmi konfrans keçirilmişdir. Konfransın hazırlanmasında Murtuz Ələsgərovun böyük əməyi olmuşdur. Bu konfransda 19 bölmə üzrə 400-dən çox elmi məruzə dinlənilmişdir. Elmi konfransın materialları 2 cilddən ibarət fundamental məcmuə kimi Murtuz Ələsgərovun redaktorluğu altında nəşr olunmuşdur. I cilddə "Humanitar elmlər”, II cilddə isə "Təbiət elmləri” əhatə olunmuşdur.
1994-cü ilin oktyabrında Murtuz müəllim Türkiyənin İzmir şəhərində keçirilən Türk xalqlarının və dövlətlərinin dostluq və əməkdaşlığına dair II qurultayında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultaya ünvanlamış təbrikini oxumuş, eyni zamanda "Azərbaycan-türk dövlətləri birliyində” mövzusunda məruzə ilə çıxış etmişdir. Bu qurultayda Murtuz Ələsgərov Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunu təqdim edərək demişdir: "Cənab Dəmirəl, Sizi Türkiyənin görkəmli siyasi və dövlət xadimi kimi tanıyırlar, xalqımız Qarabağ probleminin aradan qaldırılması üçün Türkiyənin həyata keçirdiyi siyasi tədbirlərdə Qarabağda baş verənlərin bütün dünyada məlum olması üçün Türkiyənin gördüyü çox böyük işləri heç vaxt unutmayacaqdır”.
Ulu öndər Heydər Əliyev bir sıra dövlət başçıları ilə BDU-da olmuş, unudulmaz görüşlər keçirmişdir.
Murtuz müəllim bütün çıxışlarında xalqımızın ağrılı yeri Qarabağ probleminə toxunaraq əsaslandırırdı ki, "Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıbdır, onlar Azərbaycanın başqa bölgələrində ağır şəraitdə məskunlaşıb, əksəriyyəti neçə illərdir çadırlarda yaşayır. Eyni zamanda dörd min nəfərdən çox məcburi köçkün Bakı Dövlət Universitetinin yataqxanalarında sığınacaq tapmışdır. Müharibə nəticəsində on minlərlə vətəndaşımız həlak olub, nə qədər şəhidimiz var. Təkcə Bakı Dövlət Universitetinin iyirmi nəfərdən çox tələbəsi bu qanlı müharibədə sinəsini erməni gülləsinə sipər edərək şəhid olmuş, onlarla gənc tələbəmiz ömürlük əlil olmuşdur. 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalanmışdır. Böyük sülhün əldə olunması üçün bizim sadə şərtlərimiz var: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələri çıxarılmalı, öz el-obasından didərgin düşmüş azərbaycanlılar yurdlarına qayıtmalıdırlar.
Bizim arzu və istəyimiz bundan ibarətdir ki, türk dünyası, türkdilli xalqlar, bir kökdən, bir soydan olan millətlər daha da yaxınlaşsın, daha da birləşsin, bir-birinə kömək etsin, bir-birinə dəstək olsunlar”.
Murtuz müəllim deyirdi: "Bir vaxtlar Bakı Dövlət Universiteti Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kadrlar hazırlanması işində keçmiş SSRİ-də aparıcı ali məktəblərdən biri olmuşdur. Bizdə indi də 30-dan çox ölkənin nümayəndələri, o cümlədən Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Yəmən, Əfqanıstan və digər ölkələrin tələbə və aspirantlarının böyük bir qrupu təhsil alır. Son illərdə müxtəlif ölkələrdən alınmış dəvətlərlə professorlarımız orada praktiki əsasda işləyirlər. Bununla əlaqədar biz Avropa və Asiya ölkələrinin təhsil ocaqları ilə sıx yaradıcılıq əlaqələri yaratmaq üçün böyük səylər göstəririk”.
Bütün şüurlu həyatı Bakı Dövlət Universiteti və respublikamızla bağlı olan Murtuz müəllim bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamış, zəngin müəllimlik fəaliyyəti, siyasi-tərbiyəvi işlər ilə yanaşı, eyni zamanda yüksək elmi-nəzəri dəyərə malik tədqiqatlar aparan alim, dövlət xadimi kimi xalqımızın milli şüur və təfəkkürünün formalaşmasında misilsiz xidmətlər göstərmişdir.
Murtuz Nəcəf oğlu Ələsgərov 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-nə qədər Azərbaycan parlamentinin Sədri olmuşdur. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına dəyərli töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında mühüm xidmətləri var idi. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak etmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini tutmuşdur.
Ümumiyyətlə, qüdrətini ana vətəndən və doğma xalqdan alan dəyərli şəxsiyyətlər ulu torpaq, qədim millət qarşısında göstərdikləri misilsiz xidmətlərə görə bir nəslin deyil, özündən sonra bir-birini əvəz edən bütün nəsillərin həmişəyaşar örnəyinə çevrilir, bütövlükdə bəşəriyyətin inkişafı və cəmiyyətin tərəqqisi naminə çalışan saysız-hesabsız zəkaları nurlandırır.
Yaşadığı zamanın fövqündə dayanmağı, yeni iz açmağı, yaddaşlara həmişəlik yazılan təzə-tər söz deməyi uca Tanrı hər kəsin qismətinə yazmır. Lakin Murtuz Ələsgərov bu yüksək məqama öz qətiyyətinin, zəhmətinin, iradəsinin və digər yüksək insani keyfiyyətlərinin vəhdətindən doğan əzmi ilə qovuşmuş müdrik ziyalı, görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, alovlu vətənpərvər, dövlət və ictimai xadim olmuşdur.
Şübhəsiz ki, Murtuz Ələsgərov bu ad-sana, şan-şöhrətə asanlıqla çatmayıb, həyatın çətinliklərinə sinə gərib, mübarizə dolu sınaqlardan çıxıb, həmişə işığa, nura doğru irəliləyib...
Qeyd etmək olduqca xoşdur ki, Murtuz Ələsgərov həmişə öz obyektivliyi ilə seçilən dövlət xadimi, alim, vətəndaşlıq mövqeyi yüksək olan ziyalı, tələbkarlığı ilə kompleks fəaliyyətini səmərəliləşdirən bacarıqlı təşkilatçı, dövrün ictimai-siyasi və sosial-mədəni problemləri kontekstində daim özünəməxsus mövqeyini ortaya qoymuş ictimai xadim, vətənini, millətini, dövlətini sonsuz məhəbbətlə sevən, insanlara bacardığı qədər əlindən gələn köməyi əsirgəməyən alovlu vətənpərvər və səmimi, xeyirxah, ləyaqətli vətəndaş kimi tarixə düşmüşdür.
Ölkənin çətin vaxtlarında Murtuz Ələsgərov bir alim, pedaqoq, ziyalı-vətəndaş kimi daim öz obyektiv mövqeyini bildirmiş, vətəni düşdüyü bu çətin bəlalardan, çıxılmaz vəziyyətdən yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin xilas edə biləcəyini öz yazılarında, çıxışlarında qətiyyətlə demiş və mübarizə aparmışdır. Bununla da dövlət və dövlətçilik təəssübünü ortaya qoya bilmişdi ki, bütün bunlar da məhz onun bir alim, ziyalı, vətəndaş kimi şəxsiyyət bütövlüyünün çox əhəmiyyətli tərəflərindən biri kimi xarakterizə edilərək yüksək qiymətləndirilmişdir.
O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, Vətəndaşlıq və Mülkiyyət haqqında, seçki sistemi, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən olmuşdur.
Beynəlxalq hüquq sahəsində görkəmli alim kimi tanınan Murtuz Ələsgərovun onlarla dərslik və monoqrafiyası ilə yanaşı, 200-dən çox elmi əsəri çap olunmuş, onun rəhbərliyi ilə iyirmi nəfər namizədlik dissertasiyası müdafiə edib elmlər namizədi dərəcəsini almışdır. Onların arasında 8 nəfəri Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrindən olan xarici vətəndaşlar idi.
Görkəmli alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olub. O, fundamental araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdı. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz müəllim pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edirdi. Onun rəhbərliyi altında çoxlu sayda gənc mütəxəssis hüquq elminin sayılıb-seçilən insanları olmuşdur. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Bir çox görkəmli hüquqşünasların yetişdirilməsində xidmətləri danılmazdır.
Görkəmli ictimai-siyasi xadim, böyük alim Murtuz Ələsgərovun vətən və xalq qarşısında xidmətləri yüksək qiymətləndirilib. "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və digər dövlət təltifləri ilə mükafatlandırılıb. Murtuz Ələsgərov eyni zamanda MDB-nin "Sodrujestvo” ordeninə və Rusiya Federasiyasının "Dostluq” ordeninə layiq görülüb.
Murtuz müəllim gələcəyi hiss edən, görən geniş dünyagörüşlü şəxsiyyət idi. O, sadəliyi, səmimiyyəti sevər, təvazökarlığı yüksək qiymətləndirərdi.
Murtuz Ələsgərov Azərbaycanın böyük vətəndaşı, Azərbaycan adlı xalqın böyük oğlu idi.
Azərbaycanın dünəni, bu günü, sabahı onu həmişə maraqlandırır, düşündürür, narahat edirdi. Bu gözəl şəxsiyyət Vətənimizin rifahı, çiçəklənməsi, tanınması üçün əlindən gələnləri etməyə həmişə hazır idi. Vaxtaşırı xarici ölkələrə səfərləri zamanı ölkəmizi ləyaqətlə təmsil və təbliğ edirdi.
Mənim Murtuz Ələsgərovla ilk görüşlərim hələ 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranma prosesində olmuş, sonralar isə xoşbəxtlikdən bu böyük şəxsiyyətin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərmişəm.
Belə ki, məhz onun təşəbbüsü ilə 1995-ci ildə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri seçilmişəm. Eyni zamanda BDU Böyük Elmi Şurasının və rektorluğunun üzvü kimi onunla birbaşa ünsiyyətdə olmuşam. Hər bir görüşümüzdə Murtuz müəllimdən öyrənmişəm.
O, çox ciddi və tələbkar olduğu qədər də ürəyiyumşaq insan idi. Gənclərə hər zaman diqqət göstərər, onların hərtərəfli inkişafına bilavasitə yardım edərdi. Mən dəfələrlə bu prosesin iştirakçısı və şahidi olmuşam. Bütün varlığıyla xeyirxahlıq timsalıydı. Heç vaxt haqqı nahaqqa qurban verməzdi. Onu əhatə edən insanların həyat şəraiti ilə tez-tez maraqlanar, yeri gələndə öz köməyini əsirgəməzdi.
Görkəmli dövlət xadimi, alim, hüquqşünas Murtuz Ələsgərov ziddiyyətli dövrlərdə yaşamış və ağrılı-acılı bir ömür yolu keçmişdir. Yorulmaz zəhməti, güclü həvəsi, istəyi, inadkarlığı və taleyinin uğurlu qisməti nəticəsində zamanın mürəkkəb olaylarının bütün dolanbaclarından alnıaçıq çıxıb həyatın zirvəsinə yüksələ bilmişdir.

Elmar QASIMOV,
Bakı Ali Neft Məktəbinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video