02 Oktyabr 2018 00:55
1116
Təhsil
A- A+

Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır


Ölkəmizdə təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, keyfiyyət artır


Artıq ölkəmizdə yeni tədris ili başlayıb. Bu il orta məktəblərdə 1 milyon 592 min 317 şagird təhsil alır. Şagirdlərin 165 min 780-ni ilk dəfə parta arxasına keçib. Son illərdə infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür.
Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri əsasında ölkəmizdə 400-dən çox məktəb binası inşa olunub. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və bu layihə çərçivəsində görülən işlər fondun təhsilimizə, gələcəyimizə göstərdiyi qayğının nəticəsidir.


Ucqar və kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib


Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində belə vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub.
Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ilin 9 ayında Azərbaycanda 200-dən çox, Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Bundan başqa, ucqar və kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. Son 15 il ərzində isə Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib.


Gələcək nəsil vətənpərvər olmalı, milli ruhda tərbiyə almalıdır


Prezident İlham Əliyevin bu sahəyə hər zaman göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan təhsil sisteminin texniki bazası daha da möhkəmlənib, çoxsaylı təhsil müəssisələri tikilib, gənc nəslin yüksək savadlanması, vətənpərvər ruhda böyüməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilib.
Sentyabrın 14-də Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışında iştirak edən dövlət başıçısı müasir təhsil sisteminin uğurlarından və gələcək inkişaf perspektivlərindən söz açıb. Azərbaycanda ümumi savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu deyən Prezident vurğulayıb ki, ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə də Azərbaycanda gənclər bilikli, savadlı olmalıdırlar: "Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər”.
Prezident qeyd edib ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar. Gələcək nəsil vətənpərvər olmalı, milli ruhda tərbiyə almalı, öz doğma Vətəninə bağlanmalı, xalqımızın qədim ənənələrinə sadiq olmalıdır.
Ölkəmizin təhsil sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyması tam bir reallıqdır. Artıq Azərbaycanda elm və təhsil sahəsinə göstərilən diqqət, yeniləşən qanunvericilik öz bəhrəsini verməkdədir. Son 15 ildə bu sahə ilə bağlı qəbul edilən yeni qanun layihələri, sənədlərə edilən vacib dəyişikliklər mühüm nailiyyyətlərlə yadda qalır. Bunu ekspertlər də təsdiq edirlər.


Peşə təhsilində keyfiyyət əldə edilib


Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev qəzetimizə açıqlamasında qeyd edib ki, ölkəmizdə təhsilin inkişaf strategiyası istiqamətində Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə Azərbaycanda təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub: "Bu sahədə Təhsil Nazirliyi çox böyük dəyişikliklərə, yeniliklərə nail olub. Azərbaycanda peşə təhsilinin vəziyyəti o qədər də yaxşı deyildi. Peşə təhsili, məktəbəqədər təhsil haqqında qanunlar, yol xəritələri qəbul edildi. Bu xəritələrdə təhsildə inkişaf yolları öz əksini tapıb. Beləliklə, məktəbəqədər təhsildən başlamış orta, peşə və ali təhsil və doktorantura arasında sıx əlaqələr möhkəmləndirildi və təhsildə keyfiyyət əldə edildi”.
Qeyd edək ki, son illərdə Milli Məclisdə "Məktəbəqədər təhsil”, "Peşə təhsili” və "Elm haqqında” qanun layihələri qəbul edilib, həmçinin bu sahəyə aid qanunvericiliyə dəyişikliklər olunub. Hazırda isə parlamentdə "Ümumi təhsil haqqında” yeni qanun layihəsi hazırlanır.


Bu il 2 min abituriyent müəllim peşəsini seçib


Dövlət başçısı onu da vurğuladı ki, son illər ərzində müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu da həqiqətən çox sevindirici haldır. Müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq: "Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir”.
Deputat Bəxtiyar Əliyev də bildirir ki, son illər ən böyük uğurlardan biri həqiqətən də müəllim peşəsinə olan münasibətin tamamilə dəyişməsidir: "Müəllimlərin seçim mexanizmi, onların ixtisaslarının artırılması dəyişdirildi. Bu yaxınlarda Prezident İlham Əliyev məktəb açılışında belə bir faktı diqqətə çatdırdı ki, əgər iki il əvvəl 500 bal toplayanlardan yanlız biri müəllim peşəsini seçirdisə, artıq bu il 2 min abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə göstərilən münasibətin nəticəsidir. Həm də təhsil nazirinin təhsilin inkişaf konsepsiyasına uyğun həyata keçirdiyi tədbirlərin nəticəsində müəllim peşəsinə hazırlıq keyfiyyətcə yeni model ortaya qoydu. Bu isə bütövlükdə təhsilimizdə yeni ab-hava yaratdı”.
Bəxtiyar Əliyev hesab edir ki, yeni nəsil dərsliklərin hazırlanması və kadr hazırlığına münasibətin köklü sürətdə dəyişdirilməsi müsbət təsirini göstərir: "Eyni zamanda, "Yeniləşən Azərbaycana yeni məktəb” konsepsiyası çərçivəsində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasət nəticəsində təhsilimizin mənzərəsi ürəkaçan dərəcədə dəyişdi. Bu gün Beynəlxalq Fənn Olimpiadalarında azərbaycanlı gənclərin birinci yerləri tutması göstərir ki, Azərbaycanda təhsilin keyfiyyəti çox sürətlə yüksəlir. Prezidentin də dediyi kimi, qara qızıl insan kapitalına çevrilir. Azərbaycanda insan kapitalının formalaşdırılmasının çox inamlı mühum bünövrəsi qoyulur”.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video