02 Oktyabr 2018 00:35
1585
Təhsil
A- A+

Tələbələrin bitməyən yataqxana həsrəti


Binaların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb, qalanlarında isə infrastruktur tam köhnəlib


Bir zamanlar tələbəlik həyatı yaşayanlar, yəqin, yaxşı xatırlayarlar tələbə yataqxanalarını...
Universitetlərin "ürəyi döyünürdü” həmin məkanlarda... Ölkənin ən vacib məsələləri ilə bağlı qızğın müzakirələr də, oğlan və qızların bir-birinə olan səmimi hisləri də yataqxana həyatının özəyini təşkil edərdi.
Hələ qızlar üçün nəzərdə tutulan yataqxanalar bir başqa gizli dünya olardı hər kəs üçün...
Özünəməxsus, bir az qayğılı və bir o qədər də maraqlı olardı tələbələrin yataqxana həyatı...


Şən tələbə qəhqəhələri, yanmış xörəyin qoxusu...


İndi həmin yataqxanalardan geriyə yalnız uçuq-sökük binalar qalıb. Artıq onlardan nə şən tələbə qəhqəhələri eşidilir, nə də ki yaddan çıxaraq ocağın üzərində qalan tələbə xörəyinin yanmış qoxusu gəlir...
Artıq yeni tədris ili başlayıb və bununla düz mütənasib olaraq Bakı şəhərində universitetlərə yaxın ərazilər, dayanacaqlar kirayə ev elanları ilə dolub-daşır. Elanlara nəzər saldıqda burada xüsusilə qızlara daha çox üstünlük verildiyi nəzərə çarpır. Qiymətlər isə müxtəlifdir - 150 manata da var, 250 manata da... Təbii ki otağın sayından, şəraitindən asılı olaraq qiymətlər dəyişir.
Tələbələrin əksəriyyəti rayonlardan gələnlər olur və onların az bir qisminin yaxın qohumlarının evlərində qalmaq imkanı var. Digərləri isə birmənalı olaraq ya kirayə mənzil tutmalı, ya da yataqxanada qalmalıdır ki, hazırda ikinci variant da, demək olar ki, yox səviyyəsindədir.


Tələbənin yaşadığı şərait təhsilin səviyyəsinə təsir göstərir


Dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan yataqxana şəraitidir. Hətta bu məsələ Bakı Dövlət Universitetinin də həmin sıralamada ilk sıralara yüksələ bilməməsinin səbəbləri arasında yer alır. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Belə ki, orada tələbələr yataqxana, nəqliyyat, kitab problemi ilə üzləşmirlər. Yəni burada tələbələrin məişət qayğılarından azad olmaları üçün bütün şəraitləri olur. Hətta tələbələr həmin şəhərciklərdə dərsdən sonra işləyib pul da qazana bilərlər.
O da danılmaz həqiqətdir ki, tələbənin yaşadığı şərait, onun gündəlik üzləşdiyi problemlər birbaşa təhsilin səviyyəsinə təsir göstərir. Yəni sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən mühüm amildir.


Ali məktəblərimizdə yataqxanaların hazırkı durumu necədir?


Bəs, görəsən, hazırda ölkəmizdə bununla bağlı vəziyyət nə yerdədir və universitetlər tələbələrini yataqxana ilə hansı səviyyədə təmin edə bilir? Apardığımız araşdırmada bu suala aydınlıq gətirməyə çalışdıq.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəhruz Nəzərov deyir ki, universitetin vaxtilə 7 binadan ibarət böyük yataqxana kompleksi olub, amma kompleksdən 6 bina sökülərək hazırda yerində böyük və müasir tələblərə cavab verən yeni yataqxana inşa olunur: "Həmin yataqxana binasının inşası Təhsil Nazirliyinin təşəbbüsü və ümumi rəhbərliyi, Heydər Əliyev Fondunun ümumi dəstəyi ilə həyata keçirilir. Burada 800-1000-dək tələbənin qalması üçün yer olacaq. Həmin yataqxanadan təkcə ADNSU-nun deyil, digər ali məktəb tələbələrinin də istifadə etməsi üçün şərait olacaq”.
Qurum rəsmisi onu da bildirdi ki, yerdə qalan 320 nəfərlik yataqxana binası təmir olunaraq tələbələrin istifadəsinə verilib: "Bizim universitetdə dünyanın 20-dək ölkəsindən 400-dən artıq əcnəbi tələbə təhsil alır və həmin binada onlar qalır. Buna baxmayaraq, yerli tələbələr də həmkarlar ittifaqına müraciət edərək yataqxana binasında yerləşdirilirlər və əcnəbi tələbələrdən fərqli olaraq, onlar pul ödəmirlər. Əcnəbilər isə otağın sayına müvafiq olaraq 30-50 manat civarında ödəniş edirlər”.


ATU qız tələbələrini yataqxana ilə təmin edə bilmir


Azərbaycan Tibb Universitetinin (ATU) həmkarlar ittifaqı komitəsinin sədri dosent Cahangir Qasımovla söhbətimiz zamanı bəlli oldu ki, universitetin 5 yataqxanası fəaliyyət göstərsə də, hazırda onlardan 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayanıb: "Hazırda 2 saylı yataqxanamızda 157 nəfər qız tələbəmiz yerləşib. Oğlanlar üçün 2 yataqxanamız var və onlarda təqribən 400-ə yaxın tələbə yerləşdirmək mümkündür. 273 nəfərlik 5 saylı yataqxana isə əcnəbi tələbələr üçündür. Hər il tələbələrlə müqavilə bağlayırıq. Bu il də gözlənilir ki, təqribən 800-850 nəfər tələbə yataqxana ilə təmin olunsun. Bizim yerli və əcnəbi oğlan tələbələrini yataqxanaya yerləşdirməkdə heç bir problem yoxdur. Sadəcə bu il yerli qız tələbələrimiz üçün təmirlə bağlı müəyyən problem var. Təmir bitdikdə universitetin yataqxana problemi tamamilə aradan qalxacaq”.
Bu ali təhsil ocağının tələbə yataqxanasında isə qiymətlər müxtəlifdir. Əvvəldən yataqxanada qalan 5-ci, 6-cı kurs tələbələri pul ödəmirlər. Digər oğlan tələbələr bir aya 50 manat, illik 600 manat, xarici tələbələr ayda 83 manat olmaqla bir il üçün 1000 manat ödəyirlər. Qızlar üçün yataqxananın şəraiti nisbətən yaxşı olduğu üçün otaqların sayına müvafiq olaraq qiymətlər 58-66 manat arasında dəyişir.


ADU-nun oğlanlar üçün tikilmiş yataqxanasında məcburi köçkünlər qalır


Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Aytəkin Mehdiyeva isə deyir ki, hazırda universitetin 250 tutumlu qızlar yataqxanası fəaliyyət göstərir və burada tələbələrlə yanaşı müəllimlər də qalır. Aylıq ödəniş haqqı 20 manatdır. Oğlanlar üçün tikilmiş yataqxanada isə məcburi köçkünlər məskunlaşıb. 1969-cu ildə tikilən yataqxana binası bir müddət öncə təmir edilərək müasir mebellərlə təchiz olunub.


BSU-nun yataqxanası şəraitsizdir


Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar Təşkilatının sədri İsa Xəlilovun sözlərinə görə, hazırda universitetin yataqxanasında məcburi köçkünlər məskunlaşıb. Buna görə də universitetin hərbi kafedrası ləğv olunandan sonra həmin binanın üç mərtəbəsində tələbələri yerləşdiriblər.
Adıçəkilən bina isə yataqxana üçün nəzərdə tutulmadığına görə şəraiti yoxdur. Burada təxminən 150-yə yaxın oğlan tələbə yerləşdirilib. Qızların yerləşdirilməsi üçün heç bir imkan yoxdur. İ.Xəlilov deyir ki, onlara müraciət edən tələbələrin əksəriyyəti yataqxanada yerləşdirilib. Yataqxanada şəraitin yaxşı olmaması səbəbindən tələbələrin də buraya kütləvi axını yoxdur və çalışırlar ki, başqa yerdə yaşasınlar.


Təhsil Nazirliyinin nəzdində 48 yataqxana binası olsa da...


Göründüyü kimi, universitetlərin əksəriyyətində vəziyyət yaxşı deyil. Buna görə də tələbələr özləri yataqxanalarda qalmağa meyilli deyillər və kirayə mənzil tapmağa məcbur olurlar. Mərkəzə, universitetlərə, metrolara yaxın ərazilərdə kirayə evlər baha olduğu üçün Bakıətrafı rayonlarda qalmalı olurlar ki, bu da onların dərslərə gedib-gəlməsində narahatlığa və bir sıra başqa problemlərə yol açır.
Təhsil Nazirliyinin verdiyi məlumata görə, hazırda nazirliyin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində ümumilikdə 48 yataqxana binası var. Bunlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetidir.
Digər 27 binada qaçqın və məcburi köçkünlər yaşadığı üçün onların yataqxana kimi istifadəsi mümkünsüzdür.


2000 nəfərlik tələbə yataqxanasının tikilməsi planlaşdırılır


Qurum təsdiqləyir ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Neft və Sənaye Universitetinin ərazisində 1000 nəfərlik tələbə yataqxanası inşa olunur. Bununla yanaşı, nazirlik tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə 2000 nəfərlik tutumu olan tələbə yataqxanasının layihələndirilməsi və tikintisi üçün dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır. Bu layihə çərçivəsində ilkin olaraq 2 universitetin - Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin ərazisində bu tip yataqxananın tikintisinin planı üzərində iş gedir.


Özəl sektor yataqxanalar üzrə inkişaf etsə...


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə hesab edir ki, hazırda tələbələrin yataqxana problemləri nisbətən öz həllini tapıb. Çünki əvvəllər bəzi tələbə yataqxanalarında qaçqın və məcburi köçkün ailələri məskunlaşmışdı. Ancaq həmin sakinlərin əksəriyyəti onlar üçün yeni tikilmiş binalara köçürülüblər.
Deputatın fikrincə, universitetlərin hər birinin yataqxana tikmək üçün imkanları var və yaxşı olardı ki, kiçik universitetlər birləşdirilsin və bu sayədə daha zəngin universitetlər yaradılsın: "Belə olarsa, bir çox məsələlər kimi, tələbələrin yataqxana problemləri də öz həllini tapar. Xarici ölkələrin əksəriyyətində tələbələr universitet şəhərciklərində, yataqxanalarda yaşamağa daha çox üstünlük verirlər. Bununla yanaşı, elə böyük şəhərlər də var ki, orada 3-4 tələbə birləşib mənzilləri kirayə götürərək yaşayır. Yəni ki, bununla bağlı hər bir ölkənin öz təcrübəsi var”.
A.Mollazadə onu da vurğuladı ki, bu məsələnin həllində özəl sektorun da payı çox ola bilər. Özəl sektor yataqxanalar üzrə də inkişaf edə bilər ki, bunun sayəsində tələbələr də müvafiq qiymətlərlə yataqxanalarla təmin olunarlar.
Apardığımız kiçik araşdırmadan məlum oldu ki, müəyyən obyektiv və subyektiv səbəblərdən bu tədris ilində də tələbələrin böyük əksəriyyətinin yataqxana problemi həll olunmamış qalacaq. Ümidvarıq ki, yaxın illər ərzində həyata keçiriləcək layihələr, proqramlar əsasında bu məsələ də köklü şəkildə həll olunacaq və tələbələr də, sözün əsl mənasında, məişət qayğılarından azad olaraq, diqqətlərini yalnız təhsillə bağlı məsələlərə yönəldəcəklər...

Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video