29 Sentyabr 2018 23:34
626
Mədəniyyət
A- A+

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı: Bakı Kitab Mərkəzində nəsimişünas alimin mühazirəsi dinlənilib


Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində nəsimişünas Səadət Şıxıyevanın mühazirəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, "İmadəddin Nəsiminin şeirlərinə nəzirələr” adlı mühazirədə böyük şairin yaradıcılığının təsir dairəsinə nəzər salınıb. Əvvəlcə nəzirənin mahiyyətini izah edən mühazirəçi sovet dövründə poetik yaradıcılığın bu formasının epiqonçu, təqlid hesab olunduğunu bildirib. Vurğulayıb ki, əslində nəzirə yazmaqla şairlər öz sənətkarlıqlarını təsdiqləyiblər. Təsadüfi deyil ki, Nəsimi özü də nəzirə yazıb, lakin bu, texniki səciyyə daşımayıb, müəllifin orijinal baxışlarını əks etdirib.

Nəsimi yaradıcılığının təsir dairəsinin hələ şairin sağlığında başlandığını deyən Səadət Şıxıyeva bu dairənin günümüzədək davam etdiyini, böyük coğrafi əraziyə yayıldığını bildirib. Diqqətə çatdırıb ki, Nəsimiyə təkcə şairlər deyil, dövrün hökmdarları da nəzirə yazıblar. Cahan Şah Həqiqi, Sultan Mehmet, Şah İsmayıl Xətai, Şeybani xan kimi hökmdarlar Nəsimi şeirindən təsirləniblər. Eləcə də şeyxlər, təriqətçilər, məsələn, Seyid Həmzə Nigari ona nəzirələr yazıb. Mühazirəçi, həmçinin Əlişir Nəvainin yaradıcılığına Nəsiminin təsirini vurğulayıb. Füzulinin nəzirələrindən danışan S.Şıxıyeva onun Nəsimi poeziyasından təkcə texniki xüsusiyyətləri götürmədiyini, məsələyə öz baxış bucağından yanaşdığını deyib və fikrini hər iki şairin yaradıcılığından nümunələrlə əsaslandırıb.

Mühazirədə Nəsiminin ölümündən 20 il sonra onun şeirlərinə xeyli sayda nəzirənin yazıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, Nəsiminin təkcə 9 qəzəlinə 226 nəzirə yazılıb. Bu onu göstərir ki, Nəsimi hələ orta əsrlərdə özünü təsdiqləmişdi. Nəsimidən sonra yazıb-yaradanlar ondan bu və digər dərəcədə bəhrələniblər. Onlar təkcə şairin işlətdiyi rədif və qafiyədən deyil, fikirlərindən, ideyalarından da istifadə ediblər.

Mühazirəçi Nəsiminin nəinki türkcə, eyni zamanda, farsca divanının böyük şöhrət qazandığını vurğulayıb, bu baxımdan Seyid Yəhya Bakuvinin nəzirələrini misal çəkib. Nəsimi qəzəllərində simvolikadan danışan Səadət Şıxıyeva onun istifadə etdiyi hürufilik rəmzlərinin şairə yazılan nəzirələrdə də əks olunduğunu bildirib.
Sonra mühazirəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video