29 Sentyabr 2018 01:13
1267
Mədəniyyət
A- A+

Şəxsiyyət ucalığı


Qismətinə düşən ömür payını yaşayıb başa vurmaq insanların ümumi taleyidir. Hər kəs öz həyatını arzularındakı kimi yaşamağa can atır. Ömrünə bir insanın yaratdığı tarix kimi yanaşıb faydalı, yaddaqalan, nəcib əməllərlə bu salnaməni zənginləşdirmək istəyi isə əsl şəxsiyyətlərə xas duyğudur. Azərbaycanın dəyərli dövlət xadimi, tanınmış ziyalı Murtuz Ələsgərov da belə şəxsiyyətlərdən idi. O, ömrünü başdan-başa ali ideyalara, işıqlı amallara, dünya və insanlıq üçün gərəkli olmağa həsr etmişdi.
Əsl ziyalılıq, vicdanın diktəsi və fəal vətəndaş mövqeyi onun bir şəxsiyyət kimi səciyyəvi xüsusiyyətlərindən idi. Elmə, biliklərə dərin sevgisi, ardıcıl mütaliəsi, fərdi inkişaf əzmi, qarşıya qoyduğu intellektual məqsədlərə doğru əzmkar addımları sayəsində Murtuz müəllim özünü zəmanəsinin mötəbər ziyalılarından biri kimi yetişdirə bilmişdi. Bu gün onun timsalında anadan olmasının 90-cı ildönümü tamamlanan parlaq bir şəxsiyyəti, adı tarixdə əbədiləşmiş alimi, Azərbaycanın görkəmli ictimai-siyasi xadimini hörmətlə yad edirik.


Zəmanəsinin böyük ziyalısı


Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olmuşdu. Azərbaycanın bu qədim elm və mədəniyyət mərkəzinin yaradıcılıq mühiti onun mənəvi dünyasında mühüm rol oynamışdı. Sadə, zəhmətkeş ailədə böyümüş, atasını çox erkən itirmiş Murtuz Ələsgərovda hələ kiçik yaşlarından möhkəm iradi keyfiyyətlər, torpağa bağlılıq, vətənpərvərlik ruhu formalaşmışdı. Gəncədəki 28 nömrəli orta məktəbdə oxuduğu illərdən o öz qabiliyyəti, elmə, biliyə həvəsi ilə sinif yoldaşlarının və müəllimlərinin hörmətini, məhəbbətini qazanmışdı.
1944-cü ildə qanunların keşiyində dayanmaq, vətəndaşların hüquqlarını müdafiə etmək arzusu onu respublikanın ən mötəbər təhsil ocağına - Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə gətirir. Hüquqşünas olmaq arzusunun formalaşmasında onunla eyni sinifdə təhsil alan, sonradan ölkənin məşhur hüquqşünaslarından olacaq Məmməd Xələfovun da böyük rolu vardı.
Tələbəlik illərində Murtuz Ələsgərov elmə marağı, tədqiqatçılıq qabiliyyəti ilə başqalarından fərqlənirdi. Universitetin sonuncu kurslarında o, gələcəkdə hüquq nəzəriyyəsi ilə məşğul olacağını artıq qətiləşdirmişdi.
1950-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirir, hüquq elminə daha dərindən yiyələnmək arzusu ilə Moskvaya gedir. SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun əyani aspiranturasına daxil olaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Həmin illərdə keçmiş Sovetlər İttifaqının paytaxtı Moskvada aspiranturada oxumaq tək-tək adamlara qismət olan, çox şərəfli və ciddi məsuliyyət tələb edən bir iş idi. Aspirantura illərində o, keçmiş ittifaqın elm və mədəniyyət mərkəzi sayılan Moskva mühiti ilə yaxından tanış olur. Görkəmli hüquqşünaslarla sıx ünsiyyət yaradır. Moskvada keçən aspirantlıq illəri ilə bağlı Murtuz müəllimin maraqlı xatirələri vardı. Müasirlərinə böyük Azərbaycan şairi Səməd Vurğunun hər dəfə Moskvaya gələrkən bu şəhərdəki azərbaycanlı tələbə və aspirantları necə başına yığdığını, onlar üçün məclislər təşkil etdiyini xoş təəssüratlarla nəql edərdi.
Murtuz Ələsgərov fitri istedadı sayəsində namizədlik dissertasiyasını Moskvada vaxtından əvvəl müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alır. Yeri gəlmişkən onu da qeyd edək ki, Murtuz Ələsgərov o zamanlar üçün nadir ixtisaslardan sayılan beynəlxalq hüquq sahəsində elmlər namizədi olmuş ilk azərbaycanlı idi.
Elmi fəaliyyətindəki bu ilk böyük uğuru necə qazandığını, hansı çətinliklərlə üzləşdiyini Murtuz müəllim belə xatırlayırdı: "Elmi rəhbərim məşhur alim, akademik Yevgeni Aleksandroviç Korovin idi. Aspiranturada çox həvəslə oxuyurdum. Bu vaxt gözlənilməz bir hadisə baş verdi. Sovetlər İttifaqının rəhbəri Stalin vəfat etdi. Bundan sonra Qafqaz xalqlarının nümayəndələrinə münasibət də tamamilə dəyişdi. Hiss edirdim ki, dissertasiya müdafiəsi zamanı böyük çətinliklə qarşılaşacağam. Elə də oldu. Milliyyətcə erməni olan bir elmlər namizədi mənim əleyhimə çıxış etdi. Müdafiə vaxtı mən rus və ingilis dillərində suallara cavab verirdim. Elmi rəhbərim Korovin mənə çox gözəl münasibət bəsləyirdi. Müdafiəmdə də parlaq bir nitqlə çıxış etdi. Mən özüm də müdafiə vaxtı erməni bədxahımın hücumlarına, yersiz iradlarına tutarlı cavab verdim və dissertasiyamı uğurla müdafiə etdim”.
O, Moskvada təhsil aldığı 1950-1953-cü illəri elmi fəaliyyətinin ən səmərəli dövrlərindən biri kimi xarakterizə edirdi. Murtuz müəllimin o böyük şəhərdə qalıb yaşamaq, tədqiqatlarını, elmi karyerasını Moskvanın müvafiq elmi mərkəzlərində davam etdirmək üçün kifayət qədər imkanları olsa da, Azərbaycan onu özünə ahənrüba kimi çəkirdi. Gələcəyini vətəndən kənarda təsəvvür edə bilmirdi. Ona görə də 1954-cü ildə doğma universitetə qayıtdı. Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasında baş müəllim kimi fəaliyyətə başladı. 1955-ci ildə respublika "Bilik” Cəmiyyətinin üzvü seçildi. 1956-cı ildən Dövlət hüququ kafedrasının dosenti oldu. Son dərəcə dərin savada, qeyri-adi erudisiyaya malik olan bu gəncin parlaq zəkası, gənc alim kimi yüksək mənəvi keyfiyyətləri diqqəti cəlb edir və karyera irəliləyişlərinə yol açırdı. 1957-ci ildə cəmi 29 yaşında Murtuz müəllim Azərbaycan Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir. Səkkiz il həmin kafedraya rəhbərlik edir. 1965-ci ildə isə Konstitusiya hüququ kafedrasının müdiri olur və ömrünün sonuna qədər - 47 il bu şərəfli işini uğurla davam etdirir.
Murtuz Ələsgərov 1960-1970-ci illərdə həm respublikamızda, həm də onun hüdudlarından kənarda görkəmli hüquqşünas alim, fəal ictimai-siyasi xadim kimi kifayət qədər tanınmışdı. Ölkəmizin ictimai həyatında, elm aləmində onun böyük nüfuzu və özünəməxsus dəst-xətti vardı. Yaşlı və orta nəslin nümayəndələri 1950-1960-cı illərdə Murtuz Ələsgərovun Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi kimi fəaliyyətini, yaradıcısı və aparıcısı olduğu "Qitələr və hadisələr”, "Planetimizin mənzərəsi” proqramlarının o illər üçün kifayət qədər populyarlığını yaxşı xatırlayırlar. Onun dünya hadisələrinə dair maraqlı, elmi təhlillərlə zəngin verilişləri böyük tamaşaçı auditoriyasına malik idi. Efirdən təqdim olunan beynəlxalq icmalları bizi dünyada baş verən hadisələrlə yaxından tanış etməklə bərabər, həm də onun yüksək alim hazırlığı və şərhçi səriştəsi haqqında dolğun təsəvvür yaradırdı.


Görkəmli hüquq nəzəriyyəçisi: pedaqoji fəaliyyət, elmi araşdırmalar


Tədris, pedaqoji fəaliyyət, elmi araşdırmalar onun mənalı ömrünün əsas hissəsini təşkil edirdi. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri olduğu illərdə də Murtuz müəllim tələbə auditoriyalarından, kitabxanalardan ayrılmır, maraqlı mühazirələr oxumaqla bərabər, elmi-tədqiqat işlərini davam etdirir, bir-birindən sanballı əsərlər qələmə alırdı.
Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində "Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi aldı. Həyatında bir çox şərəfli ilklərə imza atmış Murtuz müəllim bu məqamda da daha bir ilklə tarixə düşdü. O, ölkəmizdə öz sahəsi üzrə belə bir şərəfli statusa layiq görülmüş ilk azərbaycanlı alim idi. 1969-cu ildə isə Murtuz müəllimə beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verildi.
Elmi-pedaqoji fəaliyyətlə yanaşı, o, hüquq elminin praktik məsələləri ilə də məşğul olur, müvafiq dövlət qurumlarına peşəkar köməyini əsirgəmirdi. Murtuz Ələsgərov 1970-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun, Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin elmi məsləhət şuralarının üzvü olmuşdu. Qanun layihələrinin, digər hüquqi sənədlərin hazırlanmasında bu qurumlara peşəkar köməyini əsirgəmirdi.
O, hələ sovet dövründə Azərbaycan elmini dünyada ən layiqli şəkildə təmsil edən parlaq alimlərimizdən idi. Belə ki, 1960-cı ildən Beynəlxalq Hüquq Assosiasiyasına üzv qəbul edilən Murtuz müəllim 1961-ci ildə Fransada - beynəlxalq konfransda "Azərbaycanda hüquq elminin nailiyyətləri”, 1976-cı ildə ABŞ-da ətraf mühitin hüquq mühafizəsinə dair beynəlxalq konfransda "Azərbaycan Respublikasında ətraf mühitin qorunması qanunları”, 1978-ci ildə Böyük Britaniyada "İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınması”na dair elmi simpoziumda, 1984-cü ildə Yaponiyada vətəndaşlıq problemlərinə dair beynəlxalq elmi konfransda "Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüquqları” mövzularında etdiyi dərin məzmunlu məruzələri ilə beynəlxalq hüquq sahəsində dünyada tanınmış alimlərdən biri olduğunu sübut etmişdi.
Hüquq elminin bir sıra istiqamətləri üzrə nəzəri-metodoloji bazanın formalaşmasında, o dövr üçün elmimizdə nisbətən gənc olan bu sahənin inkişafında Murtuz müəllimin böyük rolu vardı. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə müdiri olduğu kafedraların profilinə uyğun fənlər üzrə "Bərabərhüquqlu əməkdaşlıq”, "Təbiət və qanun”, "Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq hüquq subyektliyi”, "Konstitusiyanı gözləmək bütün vətəndaşların borcudur”, "Milli-dövlət quruluşu”, "Dövlət orqanları”, "Burjua ölkələrinin dövlət hüququ” adlı dərs vəsaiti, dərslik, monoqrafiya və metodik göstərişlər hazırlanmışdı.
Murtuz müəllim 1966-cı ildən Azərbaycan Ensiklopediyasının Tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının da üzvü idi. Ensiklopediyanın ayrı-ayrı cildlərində çap olunmuş 60-dan çox elmi məqalə məhz onun qələmindən çıxmışdı.
Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1965 və 1971-ci illərdə Moskvada çap olunan "Siyasi nəzəriyyələr tarixi” dərsliklərinin müəlliflərindən biri olmaqla "Azərbaycanda siyasi nəzəriyyələr” bölməsini yazmışdı. 1982-ci ildə Moskvada çap olunmuş "SSRİ-nin milli dövlət quruluşu” monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi də məhz o idi.
Beynəlxalq hüquq sahəsində görkəmli alim kimi tanınan Murtuz Ələsgərovun onlarla dərslik və monoqrafiyası ilə yanaşı, 200-dən çox elmi əsəri çap olunmuş, rəhbərliyi ilə 20 nəfər namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdı. Onların arasında 8 nəfəri Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrinin vətəndaşları idi.
O, Azərbaycan Dövlət Universitetinin və onun nüfuzlu fakültələrindən olan hüquq fakültəsinin ictimai həyatında da daim yaxından iştirak edir, fakültə ilk partiya təşkilatının rəhbəri kimi vacib dövlət tapşırıqlarının icrasında, ictimai tərbiyə işinin dövrün tələbləri səviyyəsində qurulmasında, müxtəlif istiqamətli dövlət proqramlarının reallaşdırılmasında fəallıq göstərirdi.


Siyasət meydanında


Murtuz Ələsgərov Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərdən heç zaman kənarda qalmamışdı. Böyük şəxsi nüfuza malik görkəmli hüquq nəzəriyyəçisi kimi o, Azərbaycan xalqının milli mənlik şüurunun dirçəlişi naminə dəyərli işlər görmüş, tələbələrində, rəhbərlik etdiyi kollektivdə prinsipial vətəndaş mövqeyinin formalaşması, vətənpərvərlik ruhunun yüksəlməsi üçün var qüvvəsini sərf etmişdir. Hələ ötən əsrin 80-ci illərinin sonlarına doğru SSRİ-nin tədricən süquta doğru getdiyini Murtuz müəllim dərin analitik zəkası, alim fəhmi ilə görür, ermənilərin işğalçı siyasəti ilə üzləşən Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasından ötrü bütün intellektual imkanlarından istifadə etməyə çalışırdı. Mərkəzi mətbuatda və yerli qəzetlərdə dərc etdirdiyi elmi məqalələrində ermənilərin və onların havadarlarının Azərbaycana qarşı ərazi iddialarının cəfəngiyyatını beynəlxalq hüquq nöqteyi-nəzərindən əsaslandırırdı.
1988-ci il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına müraciətində Dağlıq Qarabağ Muxtar Vilayətinin və Ermənistan Ali Sovetinin DQMV-yə dair qərarlarının konstitusiyaya zidd olduğunu bəyan etməsi, bunu Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd kimi qiymətləndirməsi də Murtuz müəllimin o çətin sınaqlar dövründə Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləridir. Amma xidmətlər təkcə bununla məhdudlaşmır. Həmin ildə Dağlıq Qarabağ konsepsiyasının tezislərini hazırlaması, Moskvadakı Dövlət Hüquq İnstitutunda keçirilmiş "Hüquq, qanunçuluq və milli siyasət” problemlərinə dair beynəlxalq konfransda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını hüquqi dəlillərlə isbat etməsi də onun həmin dövrdə yerinə yetirdiyi böyuk missiyaya daxildir. Burada bir faktı da xatırlamaq yerinə düşərdi. İstiqlal tariximizə şəhidlərimizin qanı ilə yazılmış 20 Yanvar qırğınından sonra BMT-nin İnsan hüquqları komissiyasına Azərbaycan hüquqşünasları adından tutarlı bir müraciət təqdim olunmuşdu. Bu, Azərbaycanın dünyaya ünvanlanan haqq səsi idi. Həmin müraciətin mətnini də şəxsən Murtuz Ələsgərov işləyib hazırlamışdı.
Onda elə bir dövr idi ki, bir çoxları nə baş verdiyini hələ fəhm edə bilmirdi. SSRİ boyda nəhəng bir imperiyanın dağılacağı əksəriyyətə inandırıcı görünmürdü. Ona görə də bəziləri susmağa, mümkün qədər ortalarda görünməyib suların durulacağı vədələri gözləməyə, beləliklə öz statuslarını, imkanlarını qorumağa üstünlük verirdilər. Belə çətin məqamlarda xalqın taleyi ilə bağlı ağır yükə çiyin verən, gələcək karyerasından, yuxarıların təzyiqlərindən, aşkar təhlükələrdən çəkinməyərək meydanlara atılan, Azərbaycanın haqq davası uğrunda çalışanlar, bütün dövrlərdə olduğu kimi, yenə də yalnız xalqa ruhən, mənən bağlı ziyalılarımız idi. Murtuz Ələsgərov da Azərbaycan xalqının ən dəyərli düşüncə adamlarının ön cərgəsində gedirdi.
O günlər klassiklərimizin də yazdıqları kimi, qeyrət vaxtı idi. Kimin kim olduğu, elmdə hansı səviyyəyə çatdığı, titulların kölgəsində daldalanmış yalançı elm piyadasımı, yoxsa Azərbaycan uğrunda sinəsini kürsülərə dayayıb, qələmə sarılıb düşmənlərlə söz döyüşü, intellekt savaşı aparmağa qabil əsl mütəfəkkirmi olduğu bu meydanda üzə çıxırdı. Murtuz Ələsgərov bu hünər meydanında Azərbaycan xalqının yetirdiyi böyük alim kimi adını bir daha tarixə yazdı. Onun Qarabağ savaşının başlanmasına xeyir-dua vermiş Qorbaçovun yaxın adamı sayılan Aqanbekyana kəskin cavabları bir tarixi hadisədir. Hadisələrin nəzarətdən çıxıb təhlükəli miqyas aldığı məqamda Moskvadan Bakıya gələn emissarlarla Murtuz müəllimin hüquq müstəvisində apardığı, opponentlərini dəlillərlə susdurduğu ciddi diskussiyalar da onun prinsipial vətənpərvərliyi qədər həm də alim zəkasının gücündən, elmi səviyyəsindən xəbər verirdi. Buna Murtuz müəllimin yüksək cəsarət və qətiyyətini də əlavə etmək lazım gəlir. O, həmin dövrlərdə Moskvadan Bakıya gəlmiş yüksək rütbəli dövlət xadimlərini, xüsusilə də Pyotr Demiçevi əsaslı arqumentlərlə ittiham etməkdən belə çəkinmirdi. Görkəmli hüquq bilicisinə bu qətiyyəti, cəsarəti verən ədalətin gücü idi. O, intellektual davaları ilə təkcə Azərbaycanın haqlı mövqeyini, xalqımızın milli mənafeyini müdafiə etmirdi. Eyni zamanda, uşaqlıqdan elm sahəsi kimi könül verdiyi hüququn aliliyini, insan haqlarını, ədalət meyarını qorumağa çalışırdı.
O dövrdə sağlam düşüncəli ziyalılarımız kimi, Murtuz Ələsgərov da Azərbaycanın üzləşdiyi bəlalardan xilasını Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. Həmin vaxtlarda ermənilərin və onlara dəstək verən qüvvələrin Azərbaycana qarşı mənfur planlarının rahat həyata keçirilməsindən ötrü Heydər Əliyev Kremldəki yüksək vəzifəsindən məqsədli şəkildə uzaqlaşdırılmış, üstəlik ona qarşı çirkin siyasi kampaniyaya başlanmışdı. Vəzifə hərisləri, millətin gələcəyini öz xırda şəxsi maraqlarına qurban verməyə hazır olan imperiya buyruqçuları xalqımızın müdrik oğluna ləkə vurmağa, onun siyasət meydanına böyük qayıdışını əngəlləməyə çalışırdılar. Heydər Əliyev şəxsiyyətinin əzəməti, xalqın öz liderinə olan sevgisi bədxahlar üçün o qədər qorxulu idi ki, ulu öndərin hakimiyyətə doğru yolunu bağlamaq üçün hətta qondarma yaş senzi məsələsini ortaya atmışdılar. Məhz belə bir vaxtda Murtuz Ələsgərov Konstitusiyanın prezidentliyə namizədlər üçün yaş senzi tələb edən 121-ci maddəsinin 2-ci hissəsinin ləğvi tələbi ilə parlament önündə keçirilən mitinqlərə rəhbərlik edirdi. O günlərin həyəcanlı hadisələri Murtuz Ələsgərovun əsl ziyalı və mətin vətəndaş mövqeyini bir daha nümayiş etdirdi. Milli təəssübkeşliyin və ümumxalq mənafeyinin onun üçün ən yüksək həyat norması olduğunu göstərdi.


"91-lər”in birincisi


Murtuz Ələsgərovun siyasi fəaliyyətində Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiya Azərbaycanın ağır çətinliklərdən xilası üçün Heydər Əliyev şəxsiyyəti işığında təşkilatlanmaq istəyən çoxsaylı Azərbaycan ziyalılarının ümumi arzusu kimi meydana gəlmişdi. O dövrdə Moskvadan dogma yurda qayıdaraq Naxçıvan Ali Məclisinə sədr seçilmiş Heydər Əliyevin xeyir-duası ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatına əsl ziyalıların düşüncə mərkəzi kimi daxil oldu və qısa müddətdə xalqın tale partiyası kimi böyük uğurlar qazandı.
Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi Murtuz Ələsgərov da bu partiyanın yaradılmasında yaxından iştirak edirdi. Partiyanın ilk qurultayında o, sədr müavini seçilmişdi. Tez bir zamanda onun rəhbərliyi ilə partiyanın seçki platforması hazırlandı. Kifayət qədər çətin dövrlər idi. Azərbaycanın vətəndaş müharibəsi həddinə gəlib çıxdığı, parçalanma təhlükəsi qarşısında qaldığı o ağır günlərdə hər gün Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana nümayəndələr yollanır, Heydər Əliyev dar ayaqda xalqının harayına çatmağa dəvət edilirdi. Murtuz Ələsgərov sonralar, 1998-ci il aprelin 3-də qəzetlərin birinə verdiyi müsahibədə o günləri belə xatırlayacaqdı: "Azərbaycan ziyalıları, xalqımız bütün təzyiqlərə baxmayaraq Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasına səy göstərirdi. Azərbaycan ziyalıları maneələri dəf edərək axın-axın Naxçıvana, xalqın böyük oğlunun yanına gedir, onu yenidən ölkəmizə rəhbərliyə çağırırdı. Mən də bir qrup ziyalı ilə Naxçıvana getdim. Biz, 91 nəfər Azərbaycan ziyalısı adından Heydər Əliyevi yenidən rəhbərliyə dəvət etdik. Bildirdik ki, xalq onu Azərbaycanın rəhbəri kimi görmək istəyir, yenidən hakimiyyətə qayıtmasını tələb edir”.
Səriştəsiz insanlardan təşkil olunmuş və bacarıqsızlıqları ilə cəmiyyəti uçuruma doğru aparan AXC-Müsavat iqtidarı isə Heydər Əliyev amilini böyük qısqanclıqla qarşılayırdı. Onun tərəfdarları təzyiq və təqiblərlə üzləşirdilər. Bunun doğurduğu bütün təhlükələrə baxmayaraq, Murtuz Ələsgərov məqalə və müsahibələrində Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı zərurətini ziyalı mövqeyindən əsaslandırırdı. Bununla ölkə ictimaiyyətinin ümumi istəyini dilə gətirirdi. 1992-ci il dekabrın 14-də "Naxçıvan” qəzetinə verdiyi müsahibədə Murtuz Ələsgərov cəsarətlə bildirirdi ki, Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər. Bu qətiyyətli çıxış ovaxtkı iqtidarı xüsusilə qəzəbləndirirdi. Və heç təəccüblü deyil ki, Murtuz Ələsgərova qarşı sui-qəsd təşkil edildi. İqtidarın acizliyini və qorxaqlığını göstərən bu iyrənc terror əməli bütün ictimaiyyətin nifrətinə səbəb oldu. Ozamankı hakimiyyətin ziyalı, alim şəxsiyyətinə münasibətinin göstəricisi olan bu fakt hakimiyyətə "demokratiya”, "azadlıq” şüarları ilə gəlmiş təsadüfi kəslərin riyakar mahiyyətini tam çılpaqlığı ilə aşkar etdi.
Yaradılan bütün süni maneələrə, təzyiq və təqiblərə rəğmən YAP respublikanın bölgələrində öz dayaqlarını getdikcə möhkəmləndirirdi. Digər siyasi qurumlardan fərqli olaraq, bu partiya qonşu ölkələrdə fəaliyyət göstərən partiyalarla da əlaqələrini genişləndirməyə çalışırdı. Həmin dövrdə Gürcüstanda görkəmli dövlət xadimi Eduard Şevardnadzenin rəhbərlik etdiyi Gürcüstan Vətəndaş İttifaqı Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu müqavilənin bağlanmasında Murtuz Ələsgərovun böyük xidməti oldu.
Azərbaycan ziyalılarının, bütövlükdə Azərbaycan xalqının ulu öndər Heydər Əliyevi yenidən siyasi hakimiyyətdə görmək arzusu 1993-cü ilin 15 iyununda reallığa çevrildi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev əvvəl Azərbaycan Ali Sovetinin sədri, daha sonra isə xalqın yekdil qərarı ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bütün həyatı Bakı Dövlət Universiteti ilə bağlı olan Murtuz müəllimin ömür yolunda da 1993-cü ildən etibarən universitetlə bağlı yeni bir səhifə açıldı. O, 1993-cü ildən 1996-cı ilə qədər bu qocaman ali təhsil müəssisəsinə rəhbərlik etdi. Həmin dövrdə belə bir vəzifəni yerinə yetirmək o qədər də asan deyildi. O zamanlar Azərbaycandakı ictimai-siyasi vəziyyət çox mürəkkəb idi. Bakı Dövlət Universiteti də baş verən proseslərin, siyasi təlatümlərin tam mərkəzində idi. Universitetin elmi potensialını, müəllim və tələbə kollektivinin səylərini Azərbaycanın gələcəyi naminə düzgün məcraya yönəltməyə böyük ehtiyac duyulurdu. Belə bir dövrdə Murtuz müəllim qarşıda duran vəzifələri yerinə yetirməkdən ötrü rəhbərlik etdiyi təhsil ocağının sağlam qüvvələrini tez bir zamanda səfərbər edə bildi. Məhz həmin illərdə BDU-nun xarici ölkələrin təhsil ocaqları ilə əlaqələrində yeni bir mərhələnin əsası qoyuldu. Universitetdən xaricə beyin axınının qarşısını almaq, pedaqoji heyətin sosial müdafiəsini təmin etmək, bu təhsil ocağının bir sıra sosial infrastruktur problemlərini mümkün qədər aradan qaldırmaq üçün ardıcıl addımlar atıldı. Burada təhsilin məzmununun yeni dövrün tələblərinə uyğun qurulması üçün bir sıra ciddi tədbirlər həyata keçirildi.
1994-cü il noyabrın 26-da Respublika Sarayında Bakı Dövlət Universitetinin 75 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da Murtuz müəllimin bu təhsil ocağına rəhbərliyi dövrünə təsadüf edir.
O, BDU-ya rəhbərliklə yanaşı, hüquqi dövlət quruculuğu prosesində, yeni hüquqi münasibətlər mərhələsinə qədəm qoymuş Azərbaycan üçün müxtəlif hüquqi sənədlərin hazırlanmasında da peşəkar kimi yaxından iştirak edirdi. Murtuz müəllimin xüsusilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsinin hazırlanmasındakı xidmətləri təqdirəlayiq idi.


Dövlət xadimi


1995-ci ilin 12 noyabrında Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyasının siyahısı üzrə müstəqil dövlətimizin ilk parlamentinə deputat seçildi. Onun kimi peşəkar hüquq mütəxəssisinin parlamentdə təmsilçiliyi ədalətli bir hadisə idi. Deputatlıq fəaliyyəti dövründə Murtuz Ələsgərov qanunyaradıcılığı prosesində yaxından iştirak edir, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasına və təkmilləşdirilməsinə öz layiqli töhfələrini verirdi. O, Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətini də uğurla davam etdirirdi.
1996-cı il oktyabrın 16-da bu görkəmli ictimai-siyasi xadimə daha böyük etimad göstərildi. Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi. Azərbaycan ictimaiyyəti bu hadisəni ölkəmizdə həyata keçirilən peşəkar parlament quruculuğu proseslərinin məntiqi yekunu kimi qiymətləndirdi. İlk dəfə idi ki, qanunvericilik orqanına peşəkar hüquqşünas, konstitusiya hüququ sahəsində görkəmli mütəxəssis və alim, eyni zamanda, bacarıqlı təşkilatçı və istedadlı siyasətçi başçılıq edirdi. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin silahdaşı kimi çətin sınaqlardan keçmiş Murtuz Ələsgərov parlamentin sədri vəzifəsində etimadı layiqincə doğruldaraq özünün işgüzar və insani keyfiyyətləri ilə qısa müddətdə böyük nüfuz qazandı. O, daşıdığı ali dövlət vəzifəsində milli dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına, cəmiyyət həyatının ən müxtəlif sahələri üzrə mükəmməl qanunvericilik bazasının yaradılmasına və təkmilləşdirilməsinə sanballı töhfələr verdi. Bu qanunvericilik sənədləri ulu öndər Heydər Əliyevin milli inkişaf kursunu uğurla davam etdirirək ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü hərtərəfli inkişaf siyasətinin öz məqsədinə çatmasında, cəmiyyətimizdə qanunun aliliyinin təmin olunmasında mühüm rol oynadı. Onun Milli Məclisə rəhbərliyi dövründə Azərbaycan parlamentinin xarici əlaqələri daha da genişləndi.
Murtuz Ələsgərov bu gün sıramızda yoxdur. Amma onun yaratdığı böyük mənəvi irs daim bizimlədir. Bu irs hər zaman yaşayacaq və Murtuz Ələsgərov şəxsiyyəti timsalında xalq, vətən, ümumilikdə isə dünya üçün necə faydalı olmağın nümunəsini əks etdirəcək. Bu nümunə indi öz gələcəyini qurmaq naminə milli-mənəvi dəyərlərimizi bütün fəaliyyətinin fövqünə ucaldan, Azərbaycanın dövlət siyasətinin mərkəzində qərar tutan, diqqətlə, qayğı ilə əhatə olunan kamil gəncliyimizin yüksəlişinə təkan verəcək.

Nurlana ƏLİYEVA,
YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video