Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:15 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tariximizin şanlı və ibrətamiz səhifəsi
Tariximizin şanlı və ibrətamiz səhifəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:09 28.09.2018

XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika - Xalq Cümhuriyyəti quran və parlamentarizmin əsasını qoyan xalqımızın dövlətçilik tarixinin yeni səhifələri yazıldı. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində mərkəzdənqaçma meyilləri gücləndi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar. 1917-ci il noyabrın 26-29-da Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə azərbaycanlılar 14 yer qazanmışdılar. 1918-ci ilin yanvarında Müəssislər Məclisi buraxılmış, fevralın 22-də Cənubi Qafqazdan seçilmiş nümayəndələr Zaqafqaziya Seyminin yaradılması, hakimiyyətin onlara verilməsi haqqında qərar qəbul etdilər və müstəqil Zaqafqaziya Federativ Respublikasının yaradıldığını elan etdilər. Zaqafqaziya Seymində Azərbaycandakı 4 siyası partiyanın 44 nümayəndəsi seymin müsəlman fraksiyası adı altında təmsil olundu.
Zaqafqaziya Seymində xarici və daxili amillərin sayəsində ümumi dil tapmaq çətinləşirdi. Mayın 26-da Zaqafqaziya Seymi özünün axırıncı iclasını keçirdi. Ertəsi gün Gürcüstanın müstəqilliyi bəyan edildi. Mayın 27-də seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi, onun rəyasət heyəti seçildi. Müsavat Partiyasının təmsilçilərinin təklifi ilə M.Ə.Rəsulzadə şuranın sədri oldu.
Mayın 28-də Azərbaycan Milli Şurasının 44 üzvündən 26-sının imzaladığı dövlət müstəqilliyi haqqında bəyannamə (Əqdnamə) ilə türk-müsəlman dünyasında parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqraf göndərildi. Sonralar Əsas Qanunun - Konstitusiyanın qəbul edilməsi mümkün olmadığı üçün "İstiqlal Bəyannaməsi” Xalq Cümhuriyyətinin süqutunadək bir növ Konstitusiyanı əvəz etmişdir.
Bəyannamənin 6-cı maddəsində qeyd edilirdi ki, Məclisi - Məbusan (yəni parlament) toplanıncaya qədər Azərbaycana xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət rəhbərlik edəcək. İyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə Azərbaycan hökuməti arasında gərginlik yaranmışdı. Belə mürəkkəb vəziyyətdə Milli Şura fəaliyyət göstərməyin mümkün olmadığını görüb, daha əlverişli vaxta qədər özünü buraxmağa məcbur olmuş və səlahiyyətlərini Fətəli xan Xoyski hökumətinə həvalə etmişdi. Ona görə də hökumət həm qanunverici, həm də icraedici orqan funksiyasını ifa edirdi.
Həmin dövrdə Bakı erməni-bolşevik qüvvələrinin işğalı altında idi. İyunun 12-də Bakı Sovetinin hərbi qüvvələri Gəncə üzərinə hücuma keçmişdi.
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların - Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il), Azərbaycan Milli Ordusunun (Korpusunun) yaradılması (26 iyun 1918-ci il), türk dilinin (Azərbaycan türkcəsinin) dövlət dili elan olunması (27 iyun 1918-ci il), hərbi nazirliyin təsis edilməsi (1 noyabr 1918-ci il) haqqında qərarların qəbulu ilə tarixi yaddaşımıza daxil olmuşdur.
Xalq Cümhuriyyətinin hökuməti və parlamenti mövcud olduqları müddətdə fəaliyyətlərini daha çox ölkənin ərazi bütövlüyünü təmin etməyə, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa, sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, vətəndaşların hüquqlarını qorumağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi. Həmin dövrdə vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin açılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və sair qanunlar qəbul edilmişdi.
Zəngin dövlətçilik ənənələrinə malik olan müstəqil Azərbaycan dövlətinin atributlarının yaradılması hökumətin diqqət mərkəzində olmuşdur. Müvəqqəti hökumətin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır.
Üçrəngli dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu qanunla üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının dövlət gerbi istər simvollarının zənginliyi, istərsə də Azərbaycan milli dövlətçiliyinin, xalqımızın tarixi-mədəni, milli-mənəvi görüşlərini hərtərəfli, dolğun əks etdirməsi ilə seçilir. Müstəqil Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, həmin illərdə onun qanunvericilik səviyyəsində qəbul edilməsi mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” yenidən qərar qəbul etmişdir. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi Xalq Maarif Nazirliyinə tapşırılmışdı. Birinci qərara əsasən, 1919-cu il martın 23-də "Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Lakin təəssüf ki, 27 aprel 1920-ci il bolşevik istilası və milli dövlətimizin süqut etməsi bu ümummilli və dövlət əhəmiyyətli məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi. XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etmək ərəfəsində - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər səslənmişdir. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq etmişdir.
Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan Respublikasının parlamenti 1992-ci il mayın 27-də "Azərbaycan Respublikasının dövlət himni haqqında” Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı” Azərbaycanın dövlət himni kimi təsdiq edilmişdir. Beləliklə, Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa olunmuşdur.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun köməyi ilə Bakı daşnak-bolşevik işğalından azad edildi. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.X.Xoyskinin müraciətinə əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında qərara alındı ki, Azərbaycan parlamentində ölkədə yaşayan bütün qeyri-millətlərin nümayəndələri təmsil olunmalıdırlar. Parlamentin 120 nəfərdən ibarət olması qərara alındı. Həmin dövrdə Milli Şuranın Azərbaycanın mübahisəsiz hesab etdiyi ərazilərdə - Bakı və Gəncə quberniyalarında, Zaqatala dairəsində, İrəvan və Tiflis quberniyalarının Azərbaycana bitişik və soydaşlarımızın kompakt yaşadıqları ərazilərdə 2 milyon 750 min əhali yaşayırdı. Onlardan 1,9 milyon nəfəri müsəlman, yarım milyonu erməni, 230 min nəfəri ruslar idilər. Əhalinin hər 24 min nəfərinə bir nümayəndə olmaqla, parlamentdə müsəlmanları 80, erməniləri 21, rusları 10, almanları bir, yəhudiləri bir deputat təmsil etməli idi. Kvotaya uyğun gəlməsə də, gürcülərin və polyakların da hərəsinin bir nümayəndə ilə parlamentdə təmsil olunmaları qərara alınmışdı.
Yeni seçiləcək 36 müsəlman deputat üçün yerlər aşağıdakı qaydada ayrılmışdı: Bakıdan 5, Cavad, Göyçay, Lənkəran, Şamaxı, Ərəş, Şuşa, Zəngəzur, Nuxa və Zaqataladan 2, Quba, Gəncə və keçmiş İrəvan quberniyasının azərbaycanlıların əksəriyyət təşkil etdikləri (Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qəzaları) hissəsindən 3, Cavanşir, Qazax, Cəbrayıl qəzalarının və Borçalının hərəsindən bir deputat. Əsasnaməyə görə, parlamentdə təmsil olunmaq üçün ayrılan 21 erməni yeri aşağıdakı qaydada bölünmüşdü: Gəncə və Şuşadan hər birindən 8 nəfər, Bakı Erməni Milli Şurasından 5 nəfər. Rus Milli Şurası üçün 10, alman, yəhudi, polyak və gürcü milli azlıqları üçün 1, Bakı Həmkarlar İttifqaları üçün 3, Neft Sənayeçiləri İttifaqı üçün 2 yer ayrılmışdı. Parlamentin təsdiq etdiyi Azərbaycan hökumətinin tərkibində ermənilərin təmsilçisi kimi, portfelsiz nazir yeri belə ayrılmışdı. Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdı.
Müqayisə üçün qeyd edək ki, 1918-ci ildə imzalanan Batum müqaviləsindən sonra Ermənistanın ərazisi təqribən 10 min kvadratkilometr, əhalisi isə 320 min nəfər idi ki, bunun da 80 min nəfərdən çoxunu Azərbaycan türkləri təşkil edirdi (Naxçıvan qəzasının azərbaycanlı əhalisinin sayı bura daxil deyildi). Həmin il avqustun 1-də açılan Ermənistan parlamentinin ilk tərkibi 46 deputatdan ibarət idi. Artıq "milli azlıq” hesab edilən azərbaycanlı əhalini parlamentdə 6 deputat təmsil edirdi. Halbuki kvotaya görə, azərbaycanlı deputatların sayı 11 nəfərdən çox olmalı idi. 1919-cu il iyunun 21-23-də Ermənistan parlamentinə yeni seçkilər keçirilmişdi. Parlamentin tərkibinin 80 deputatdan ibarət olması qərara alınmışdı. Bu dəfə Ermənistan parlamentində azərbaycanlı əhalini əvvəlki deputat korpusundan yalnız iki nəfər - Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov təmsil etmək hüququ qazanmışdı. Göründüyü kimi, Azərbaycan parlamentində bütün milli azlıqların, o cümlədən də ermənilərin təmsilçiliyi məsələsi demokratik prinsiplərə uğun həll edildiyi halda, Ermənistan parlamentində azərbaycanlı əhalinin və digər milli azlıqların təmsilçiliyi kobud surətdə məhdudlaşdırılmışdı.
Azərbaycan parlamentinin çağırılması ilə bağlı Milli Şura 1918-ci il noyabrın 24-də bütün Azərbaycan əhalisinə müraciət qəbul etmişdi. Dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırkı Əlyazmalar İnstitutunun binası) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Binanın ətrafı həmin gün bayramsayağı bəzədilmişdi. Bu parlament bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlament idi.
Parlamentin ilk iclasını Milli Şuranın sədri M.Ə.Rəsulzadə açaraq təbrik nitqi söyləmiş və onun rəhbərliyini seçməyi təklif etmişdi. Şəfi bəy Rüstəmbəylinin təklifi ilə o dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan siyasət nəhəngi, bitərəf Əlimərdan bəy Topçubaşov parlamentin sədri, "Müsavat” Partiyasının üzvü Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Həmin vaxt Ə.M.Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulda idi və sonradan Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getməyə hazırlaşırdı. Parlamentin süqutunadək Ə.M.Topçubaşov Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri vəzifəsini daşımışdı.
Milli bayraqlarla və xalılarla bəzədilmiş iclas zalında müsavatçılarla azlıqda qalan millətlərin nümayəndələri orta cərgədə, hümmətçi menşeviklər və sosialistlər solda, bitərəflər və ittihadçılar isə sağda əyləşmişdilər. Diplomatik nümayəndələr lojasında general Tomsonun nümayəndəsi polkovnik F.Kokkerel, İranın konsulu Saed-ol Vezarya Marağei, Dağlı Respublikası hökumətinin sədri Tapa Çermoyev (Əbdül Məcid) və Azərbaycandakı diplomatik nümayəndəsi Əli xan Qantəmirov, Gürcüstanın diplomatik nümayəndəsi Nikolay Karsevadze, Araz-Türk Respublikasının nümayəndəsi Paşa Əliyev və digər qonaqlar əyləşmişdilər.
Parlamentdə o dövrdə Azərbaycanın siyasi palitrasını əks etdirən bütün partiyalar təmsil olunmuşdu. 11 komissiya fəaliyyət göstərirdi. "Müsavat” və bitərəflər fraksiyası ən böyük fraksiya olaraq parlamentdə 38 deputatla təmsil olunmuşdu. Sollar - hümmətçi menşeviklər və sosialistlər bloku 13 deputatla, "İttihadi-İslam” Partiyası 13, "Əhrar” fraksiyası 6, müstəqillər 3 yerlə parlamentdə yerlərini tutmuşdular.
Parlamentin ilk iclasında ermənilər, ruslar və həmkarlar ittifaqının nümayəndələri iştirak etmədilər. Lakin sonradan Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə Rus Milli Şurası parlamenti boykot etmək haqqında qərarını ləğv edir və ruslar parlament iclaslarına qatılırlar. Erməni deputatlardan isə 11 nəfəri iki fraksiyada qanunverici orqanın fəaliyyətində iştirak edir.
Ümumiyyətlə, Azərbaycan parlamentində 11 fraksiya və qrup fəaliyyət göstərirdi.
Tədqiqatçılar Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximizi iki dövrə ayırırlar. Birinci dövr - Milli Şura dövrü, yəni, 1918-ci il mayın 28-dən noyabrın 19-dək olan dövrü, ikinci dövr isə 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək olan dövrü əhatə edir. Birinci dövr 6, ikinci dövr 17 ay davam etmişdir. Birinci dövrdə Milli Şuranın 9 iclası keçirilmişdi. Onlardan 7-si Tiflisdə və Gəncədə, 2-si isə Bakıda keçirilmişdi.
Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış və onlardan 230-u müzakirə olunaraq qəbul edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə 5 dəfə hökumət kabinəsi qurulmuşdur. Bunun 2-si parlamentçilik tariximizin birinci dövrünə, 3-ü isə ikinci dövrünə təsadüf edir. Beş kabinədən üçünə Fətəli xan Xoyski, ikisinə isə Nəsib bəy Yusifbəyov rəhbərlik etmişdir. Sonuncu üç kabinədə hökumətin tərkibi beynəlmiləl olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün əsas problemləri ölkə daxilində erməni separatizminin güclənməsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və qaçqınlar problemi olmuşdur. XX əsrin sonunda müstəqil Azərbaycan Respublikasının yenə də həmin problemlərlə üzləşməsi onu göstərir ki, həmin problemlər eyni mənbələrdən qaynaqlanır və Ermənistanın arxasında duran qüvvələr onu körükləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 kvadratkilometr (Bakı quberniyasında 39.075,15 kvadratkilometr, Gəncə quberniyasında 44.371,29 kvadratkilometr, Zaqatala quberniyasında 3.992,54 kvadratkilometr, İrəvan quberniyasında 9.858,69 kvadratkilometr) təşkil etmişdir. Azərbaycanın Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16.598,30 kvadratkilometr (İrəvan quberniyasında 7.913,17 kvadratkilometr, Tiflis quberniyasında 8.685,30 kvadratkilometr) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 kvadratkilometr olmuşdur.
Yeni yaranmış dövlətlər arasında sərhədlərin müəyyən edilməsi üçün aparılan danışıqlarda Azərbaycan tərəfi "millətlərin öz müqəddəratını təyinetmə prinsipi”ni əsas götürürdüsə, Ermənistan tərəfi "tarixi prinsiplərə” əsaslanır, guya qədimdə həmin mübahisəli ərazilərin "Böyük Ermənistan” ərazisinə daxil olduğunu iddia edirdi. Üstəlik, Azərbaycan Milli Şurasının 29 may tarixli iclasının qərarı ilə İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi erməniləri yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməyə şirnikləndirmişdi.1919-cu il mayın 28-də Ermənistan parlamenti "Birləşmiş Ermənistan haqqında akt” qəbul etmiş, Azərbaycanın Naxçıvan, Qarabağ və Zəngəzur ərazilərini "Birləşmiş Ermənistan” ərazisinə daxil etdiyini bəyan etmişdi.
Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi dövlət müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Parisdəki Azərbaycan nümayəndə heyəti bu məqsədlə çoxtərəfli görüşlər keçirmişdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirilmişdi.
9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fövqəladə iclasında Qars vilayətində və İrəvan quberniyasında baş verən qanlı hadisələr, Ermənistan Respublikasının təcavüzkar əməlləri müzakirə edilmişdi. Müzakirənin sonunda qəbul edilən qətnamədə Azərbaycan parlamentinin rəyasət heyətinə səlahiyyət verilmişdi ki, Ermənistan hökumətinin qanlı əməllərinə son verməsinə təsir göstərmək üçün mədəni ölkələrin parlamentlərinə müraciət etsin və Azərbaycan hökumətinə tapşırılmışdı ki, erməni təcavüzündən zərər çəkənlərin və qaçqınların vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan tədbirləri görsün.
8 aprel 1920-ci ildə keçirilən parlament iclasında Azərbaycan Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi və Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinin buraxılması haqqında qanun layihəsi müzakirə edilmişdi. Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin açılması haqqında qanun qəbul edilmişdi. Həmin dövrdə Bakıda 16 ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.
Azərbaycan parlamenti mövcud olduğu dövrdə İstiqlal bəyannaməsinə əməl etmişdir. Onun fəaliyyəti isə "Azərbaycan parlamentinin "nakazı” ("təlimatı”) əsasında idarə olunmuşdur.
1920-ci ilin əvvəlində parlamentin rəyasət heyətində dəyişiklik baş vermişdir. Daxili nizamnaməyə əsasən, bir illik səlahiyyət müddəti başa çatdıqdan sonra Həsən bəy Ağayev istefa vermişdir. Onun yerinə Məmməd Yusif Cəfərov parlament sədrinin birinci müavini seçilmişdir. Xalq Cümhuriyyətinin süqutunadək parlamentə M.Y.Cəfərov sədrlik etmişdir.
Azərbaycanın daxili siyasi həyatında yaranan sabitlik uzun sürmədi. Ölkənin başının üstünü bolşevik təhlükəsi alsa da, Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşsə də parlament öz ahəngində işini davam etdirirdi. Xalq Cümhuriyyətinin süqutundan bir gün öncə - mayın 26-da parlamentin müzakirəsinə çıxarılan məsələlərin gündəliyi belə qənaətə gəlməyə əsas verir ki, bu parlament hələ uzun illər fəaliyyətini davam etdirməkdə qərarlıdır. Həmin gün parlamentin lojasında əyləşən Polşa nümayəndə heyətini deputatlar alqışlarla salamlamışdılar. Gündəlikdə duran məsələlər - xaricə çıxarılan xalçalara yeni gömrük haqqının tətbiq edilməsi, Nuxa şəhərini daşqınlardan qorumaq üçün Kiş çayı üzərində bənd çəkilməsi üçün vəsaitin ayrılması, orta təhsil məktəblərinin hazırlıq siniflərində dərs deyən müəllimlərin əmək haqqının artırılması kimi məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdu. Göründüyü kimi, AXC parlamenti şimaldan gələn təhlükəni o qədər də yaxından hiss etmirdi.
Lakin mart ayında Ermənistanın təhriki ilə Qarabağda başlanan erməni iğtişaşlarını yatırmaq üçün Azərbaycanın ordu hissələrinin Bakıdan Qarabağa göndərilməsi Qırmızı Orduya qarşı ciddi müqavimət göstərməyi mümkünsüz etmişdi. Parlament 1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə uzun-uzadı müzakirələrdən sonra qərar çıxarmağa məcbur edildi. Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentin qərarının 1-ci bəndində Azərbaycanın istiqlaliyyətinin sovet hökuməti tərəfindən tam mühafizə ediləcəyi, 5-ci bəndində isə yeni yaradılan müvəqqəti kommunist hökumətinin parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verildiyi bəyan edilmişdi. Lakin tezliklə bu qərarın bəndlərinin heç birinə əməl edilmədi. Sovet-bolşevik rejiminin Xalq Cümhuriyyəti qurucularına qarşı repressiya aparatı tam gücü ilə işə salındı. Bütün ölkəni həbslər və repressiyalar dalğası bürüdü...
Şimali Azərbaycan yenidən Rusiyanın əlinə keçsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı. Cəmi 23 ay yaşamasına baxmayaraq AXC sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Cümhuriyyətin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Sovet tarixşünaslığında AXC-nin fəaliyyəti qərəzli şəkildə saxtalaşdırılmışdır. Müasir Azərbaycan bu gün onun zəngin ənənələrindən bəhrələnir. Cümhuriyyətin irsinin tədqiqi və nəşr edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ərəfəsində imzaladığı 30 yanvar 1998-ci il tarixli sərəncama əsasən, Xalq Cümhuriyyəti irsinin mühüm sənədləri 7 cilddə çap olunmuşdur. AMEA Tarix İnstitutunun əməkdaşları Xalq Cümhuriyyəti dövrünə aid xarici dövlətlərin arxivlərində saxlanılan sənədlərin surətlərini gətirərək elmi-tədqiqat dövriyyəsinə cəlb etmişlər.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.
Cümhuriyyətin irsi tariximizin həm şanlı, həm də ibrətamiz səhifələridir.

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dövlət mükafatı laureatı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM