28 Sentyabr 2018 01:06
410
İQTİSADİYYAT
A- A+

Doğru yol


Ali təhsilli mütəxəssisəm. Ermənistan silahlı qüvvələri doğma yurdumuz olan Laçını işğal edəndən sonra məcburi köçkün kimi Tərtər rayonunun İsmayılbəyli kəndində məskunlaşmışıq. Əhatə olunduğumuz dövlət qayğısı, Tərtər camaatının isti və doğma münasibəti bizi üzülməyə qoymadı. Bu qayğıdan, bizə doğmaları kimi qucaq açıb arxa duran insanların səmimiyyətindən güc alıb ayaq üstə dayana bildik. Heç kəsə yük olmaq, mehriban və qayğıkeş insanlara problem yaşatmamaq üçün ən etibarlı dolanışıq mənbəyi olan torpağa bağlandıq. Ailəmin çörəyini, ruzisini qazanmaq üçün öz halal zəhmətimə güvəndim.
İnsanlığa yaraşmayan vərdiş kimi hər zaman nifrət etdiyim ələbaxımlıqdan uzaq olmaq üçün var gücümlə çalışdım. Halallıq sevən torpaq çəkdiyim zəhmətin, axıtdığım alın tərinin əvəzini birə-beş qaytarır, məni özünə daha möhkəm tellərlə bağlayırdı. Əmək fəaliyyətimi genişləndirmək üçün etdiyim müraciətlərə verilən müsbət cavabları, yaradılan əlverişli şəraiti, göstərilən köməyi Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə məsuliyyətlə yanaşan dövlət qurumlarının bizlərə qayğısı kimi minnətdarlıqla qeyd etmək istəyirəm.
Zəhmətlə yoğrulmuş bolluq, firavanlıq həvəsli illər bir-birini sürətlə əvəz etdikcə mən Tərtər rayonunun qabaqcıl fermerləri arasında yer alır, yavaş-yavaş tanınırdım. İndi rayonda kənd təsərrüfatı məsələlərinin müzakirəsinə həsr olunmuş elə bir yığıncaq olmur ki, ora dəvət olunmayım. Dövlət başçısının sədrliyi ilə ayrı-ayrı rayonlarda keçirilən aqrar məsələlərlə bağlı müşavirələrdə də dəfələrlə iştirak etmişəm.
Bizim fermer təsərrüfatının istifadəsində 120 hektar torpaq sahəsi var. Fəaliyyətimizin əsas istiqaməti taxıl toxumçuluğudur. Bu il 102 hektar sahədə taxıl əkmişdik. Zəmilərin becərilməsində aqrotexniki tələblərə ciddi əməl etdik. Çəkdiyimiz zəhmət hədər getmədi. Hər hektardan 50 sentner məhsul götürməyə nail olduq. 500 ton yüksək keyfiyyətli taxıl istehsal etməklə ölkəmizin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfə verdik.
Taxılçılıqla yanaşı kənd təsərrüfatının digər sahələri ilə də məşğul olur, çalışırıq ki, istifadəmizdə olan torpaqların hər qarışından maksimum səmərəli şəkildə istifadə edək. Respublika Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu dirçəltmək, kənd təsərrüfatında ənənəvi sahələrin inkişafına nail olmaq, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələri bir fermer təsərrüfatı olaraq bizim fəaliyyətimizə də yeni istiqamət vermişdir. İndi baramaçılığa xüsusi diqqət yetiririk. Keçən il 120 kiloqram barama istehsal etdik. Çəkdiyimiz zəhmətin qarşılığında əldə etdiyimiz böyük qazanc bu gəlirli sahəyə marağımızı artırıb. Başqa elə bir təsərrüfat sahəsi yoxdur ki, cəmi 35-40 gün ərzində bu qədər qazanc əldə edə biləsən. Bu gəlirli sahəyə olan maraq nəticə etibarı ilə məhsul istehsalını artırmağın əsas şərtinə çevrildi. Bu il 385 kiloqram yüksək keyfiyyətli barama istehsal etdik. Qazancımız isə 3.500 manat oldu.
Baramaçılığı inkişaf etdirmək üçün əsas şərt etibarlı yem bazasıdır. Biz bu cəhəti əsas götürərək zəruri yem bazası yaratmağa çalışırıq. Çin Xalq Respublikasından gətirilmiş məhsuldar tut tinglərindən ibarət böyük bir bağ salmışıq. İndi buradakı tinglərin sayı 20,5 min ədədə çatır. Bu, cari ildə götürdüyümüz 10 qutu ipək qurdunun yemləndirilməsinə bolhabol bəs etdi. Üstəlik qonşu təsərrüfatlardan yarpaq üçün müraciət edənləri də əliboş qaytarmadıq. Gələn il baramaçılıqda hədəfimiz daha yüksək göstəricidir. Bunu real hesab edirik. Geniş və işıqlı kümxanalar, etibarlı yem bazası və kollektivin yenilməz iradəsi bu vədin şərəflə yerinə yetiriləcəyinə zəmanət verir.
Kollektivimizin üzvləri bu il 2 hektar noxud, 1 hektar kartof, 2 hektar lobya, 3 hektar sarımsaq sahələrindən də bol məhsul götürmüşlər. Atalarımızın belə bir müdrik sözü var. Deyir məhsulun məhsul olunca, bazarın bazar olsun. Mən artıq əkinçilikdə təcrübə qazanmış fermer kimi bir məsələyə münasibət bildirmək istəyirəm. Pambığın da, taxılın da, baramanın da, şəkər çuğundurunun da bazarı var. Bu sahələrdə nə qədər çox məhsul istehsal edə bilirsən et. Satış problemi olmayacaq. Necə deyərlər, alıcısı başının üstündədi. Bu il biz 3 hektar sarımsaq əkdik. Toxuma, əkinə, becərməyə xeyli xərcimiz çıxdı. Məhsulu yığıb bazara çıxarmaq məqamı gələndə sadə bir hesablama apardım. Araya-ərsəyə gələn sarımsağın maya dəyəri real bazar qiymətindən xeyli yuxarı oldu. Ona görə də məhsulu anbara vurub bazarda qiymətin qalxacağını gözləməyə qərar verdim. Düşündüm ki, heç olmasa çəkdiyim xərci çıxardım, ziyana düşməyim. Mənim durumuma düşən əkinçilərin sayı yüzlərlə, minlərlədir. Yevlax-Bərdə-Ağcabədi-Beyləqan yolu boyunca kisələrə yığılmış soğan tayalarına baxanda adamın ürəyi ağrıyır. Kəndli o məhsulu yetişdirib hasilə gətirmək üçün nə qədər zəhmət çəkib, nə qədər vəsait xərcləyib. İndi isə bir kisə soğanı (bir kisənin orta çəkisi 30-35 kiloqram) 2-3 manata satmaq məcburiyyətində qalıb. Bu, heç onun toxumuna verilən qiyməti ödəmir. Qazanc əldə etmək barədə düşünmək isə sadəlöhvlük olar. Bu məsələlərlə bağlı təklifim var. Məncə, yeganə çıxış yolu əkinçilikdə dövlət sifarişi qaydalarını geniş tətbiq etməkdir. Nəzərə alaq ki, bir il ziyana düşən kəndli bir neçə ilə öz maliyyə durumunu düzəldə bilmir. Ya əlindəki torpaq sahələrini icarəyə verməyə məcbur olur, ya da yenidən əlinə maya salmaq üçün banklardan kredit götürüb maliyyə öhdəliklərinin qarşısında aciz duruma düşür. Hesab edirəm ki, bütün bunlar barədə ətraflı düşünmək, konkret proqramlar qəbul etmək lazımdır.
Bu il pambıq əkdiyimiz 5 hektar sahədən bol məhsul gözləyirik. Apardığım hesablamaya əsasən deyə bilirəm ki, builki məhsuldarlıq azı 30 sentner olacaqdır. Arıçılıqla da məşğuluq. 35 arı ailəsi varımızdır. Pambıq tarlaları bal arıları üçün bol şirə mənbəyidir. Heyvandarlığa da böyük önəm veririk. Hazırda 60 baş cöngə kökəldilmədədir. Kənd təsərrüfatı maşın-mexanizmləri üçün kimsəyə ağız açmırıq. Özümüzdə hər cür texnika var. Dövlətin qayğısı, Prezident İlham Əliyevin bizə göstərdiyi doğru yol qazandığımız nailiyyətləri stimullaşdıran ən əsas şərtdir. Yaxşı işlədiyimiz kimi, yaxşı da qazanır, firavan yaşayırıq.

Mirzə CÜMŞÜDOV,
Tərtər rayonu, İsmayılbəyli kəndində fermer

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video