27 Sentyabr 2018 20:17
893
Elm və texnika
A- A+

AMEA ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb


Sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Sergo Ordjonikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimov ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd AMEA-nın fəaliyyəti ilə yaxından tanış olmaq və əməkdaşlıq haqqında müqavilə imzalamaq idi.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, qonaqlara rəhbərlik etdiyi elm ocağı haqqında məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə burada dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini, nüfuzlu beynəlxalq elm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyası istiqamətində kompleks tədbirlərin görüldüyünü deyən akademik bu qurumda ilk dəfə 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır.

A.Əlizadə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərən AMEA-nın Yüksək Texnologiyalar Parkından da söz açaraq, qonaqları bu müəssisədə həyata keçirilən pilot layihələrlə yaxından tanış olmağa dəvət edib.

O, həmçinin rusiyalı qonaqlara akademiyada geologiya, seysmologiya, hidrogeologiya, neft-kimya, kimya texnologiyaları sahələrində əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.

AMEA rəhbəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ilə birgə geologiya fakültəsinin yaradılması təklifini irəli sürüb.

V.Kosyanov rəhbərlik etdiyi ali məktəbin 1918-ci ildə fəaliyyətə başladığını bildirib. O, universitetin fəaliyyət istiqamətləri, laboratoriyaları, tədris prosesi və burada aparılan araşdırmalardan bəhs edib. Alim AMEA ilə neft və qaz yataqlarının kəşfiyyatı, geologiya və digər müvafiq sahələrdə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

V.Kosyanov bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə peşəkar kadr hazırlığı həyata keçirilir, dünyanın müxtəlif ölkələrindən olan tələbələr burada təhsil alırlar.

Rektor AMEA rəhbərini nümayəndə heyəti ilə birgə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Moskvada keçiriləcək 100 illik yubiley yığıncağına dəvət edib. O, 2019-cu ildə elm və təhsil sahəsi üzrə Azərbaycan-Rusiya sammitinin, eləcə də Xəzəryanı dövlətlərin birgə sammitinin keçirilməsini təklif edib.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə elm, təhsil və innovasiya sahəsində əlaqələri gücləndirməklə yanaşı, birgə konfrans və simpoziumların təşkili, məqalələrin çap olunması və prioritet elm sahələri üzrə elmi və elmi-texniki problemlərin araşdırılması nəzərdə tutulur.

A.Əlizadə əməkdaşlığa dair imzalanmış sazişin hər iki ölkənin elmi qurumlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video