27 Sentyabr 2018 00:36
2113
Səhiyyə
A- A+

Autizm zilləti


Dünyada hər 88 uşaqdan birinin düçar olduğu bu sindrom Azərbaycanda da geniş yayılır


Onların öz dünyası var, heç bir çərçivəyə sığmazlar...
Öz dilləri, həyata öz baxışları var, sadəcə bir az bizdən fərqlidirlər...
Nəzərləri daim yayğındır, göz təmasından qaçırlar, bəzən də çox aqressivdirlər...
Bacarıqlıdırlar, zəkalıdırlar, istedadlıdırlar...
Amma bir ömür boyu sağalmaz dərdlə yaşamağa məhkumdurlar...
Autizmdirlər...


Xoşbəxt olmaq istəyirdi, amma...


- Ana, su ver, su...
Qucağında qızdırmadan alışıb-yanan oğlunun parçalanıb, cadar-cadar olmuş dodaqlarına bir damcı su tökmək istəyir. Əlini irəli uzadıb lap yaxınlığındakı su dolu stəkanı götürməyə çalışır, amma barmağının kiçik bir toxunuşu ilə stəkan yerə dəyərək çilik-çilik olur...
Qırılan şüşənin ətürpədən xırçıltısı oyadır onu bu kabusdan. Qan-tər içində hövlnak yerindən sıçrayıb qaranlıqda acı gerçəkliklə yenidən üz-üzə qalır. İllərdir ki, gecə-gündüz anasını haraylayan bir uşağın səsi getmir qulağından...
16 ildir ki, oğlunun bir qığıltısına, bir səsinə həsrət qalıb. Saatlarla balası ilə göz-gözə baxır, amma elə hey susurlar...
2 övladı autizm xəstəsi olan Arifə xanım ürək dağlayan hekayətini qəzetimizə danışır... 17 yaşında yaxın qohumu ilə ailə qurub. Hər kəs kimi o da xoşbəxt olmaq istəyib, amma övladlarının 4-nün də xəstə olması onu bu xoşbəxtlikdən məhrum edib: "Böyük oğlumun 16 yaşı var, amma öz yaşıdlarından geri qalıb, nə danışa, nə də müstəqil hərəkət edə bilir, autizm xəstəsidir. İkinci qızım da bu xəstəlikdən əziyyət çəkir, amma oğluma nisbətən yüngül formadadır. Digər qızım talassemiyadır, lap kiçiyinin isə gözü zəifdir. Həyat yoldaşım Qarabağ müharibəsi əlilidir. Uşaqların müalicəsi üçün Heydər Əliyev Fondu bizi Psixi Sağlamlıq Mərkəzinə göndərdi, onlara çox minnətdarıq. Rayonda yaşayırıq və orada reabilitasiya mərkəzi yoxdur. Məcburam ki, gəlib Bakıda kirayə yaşayaraq, burada uşaqlarımın müalicəsi ilə məşğul olam. Çox çarəsizəm...”
Və o, barmaqlarını köksünə sıxaraq daha nəsə demək istəyir, amma sözlər qəhərlənib boğazında düyünlənir, yanağından muncuq kimi axan yaş damlaları kip bağlanmış dodaqlarını isladaraq, sinəsi aşağı tökülür...
Gözlərindəki iztirabı görmək o qədər ağır olur ki, söhbətimizi bitirmək məcburiyyətində qalırıq...


Dünyada hər 54 oğlan uşağından biri autizm riski daşıyır


ABŞ Səhiyyə Nazirliyi tərəfindən bütün dünya üzrə aparılan araşdırmaya əsasən hər 88 uşaqdan biri autizmdir. Oğlan uşaqlarında rast gəlinmə sayı qız uşaqlarına nisbətən daha çoxdur. Statistikaya əsasən hər 54 oğlan uşağından biri autizm risqi daşıyır. Qonşu Türkiyədə bununla bağlı aparılan araşdırmalara görə, 550 min insanın autizm olduğu bildirilir ki, onlardan da 18 yaşa qədər olanların sayı 140 mindir. Qeyri-rəsmi statistikada isə bu rəqəmin 1 milyona yaxın olduğu bildirilir.
"Autizm” terminini elmi ədəbiyyata 1910-cu ildə isveçrəli psixiatr Eyqen Bleyler gətirib. Bu termin yunan sözü olan "autos”dan (özüm) əmələ gəlib. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943-cü ildə erkən uşaq autizminin təsvirini verib. Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir sindromdur.
Bəzi fərziyyələrə əsasən, məşhur insanlardan bir çoxu autizm olub. Onların arasında Çex yazıçısı Frans Kafkanın, avstraliyalı bəstəkar Anton Braynkler, rus rəssamı Vasili Kandiniskinin adları çəkilir.


Getdikcə artan dəhşətli statistika


Bütün dünyada olduğu kimi ölkəmizdə də bu sindromdan əziyyət çəkən insanlar var. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin sonuna qədər 17 yaşadək müalicə-profilaktika müəssisələrində uşaq autizmi diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 475 nəfər olub. Ümumilikdə oğlanların sayı 379, qızların sayı isə 96 nəfər təşkil edir.
Bu sindromun müalicə-reabilitasiyasının hansı formada həyata keçirildiyini öyrənmək üçün müraciət etdiyimiz Psixi Sağlamlıq Mərkəzində həm ürəkdağlayan, həm də maraqlı faktlarla tanış olduq.
Mərkəzin həkim-psixiatrı Nəzirə Zeynalova deyir ki, son zamanlar Azərbaycanda autizmli uşaqların sayı artıb. Hətta gün ərzində qəbul etdiyi 10 xəstədən 6-sı autizmli olur. Bu sindroma əsasən oğlanlarda daha çox rast gəlinir: "32 ilin həkimiyəm. Yaxşı yadımdadır ki, tələbə vaxtlarımda bu cür uşaq görəndə bir-birimizə nadir nümunə kimi göstərirdik. Son zamanlar isə, xüsusilə də axır 2-3 il ərzində autizmli uşaqların sayı çox artıb. Sindromun yaranması ilə bağlı müxtəlif fərziyyələr olsa da, dəqiq səbəbi hələlik məlum deyil. Ola bilsin ki, bu multifaktor, etioloji xəstəlikdir. Burada çox faktorlar rol oynayır. Ehtimallardan biri odur ki, uşaqda ana bətnində, yaxud da doğuş zamanı hansısa zədə olub. Oksigen çatışmazlığı, travma, ananın keçirdiyi müəyyən xəstəlik və hazırda bununla bağlı qəbul etdiyi dərmanlar da səbəb kimi göstərilir. Buna baxmayaraq statistika göstərir ki, sağlam doğulan uşaqlarda da müəyyən vaxt keçdikdən sonra bu xəstəlik özünü büruzə verə bilər”.


Hələlik bu sindromun müalicəsi yoxdur


Həkim məlumat verir ki, autizm uşaqlarda əsasən 3 yaşından sonra özünü büruzə versə də, bəzilərində bu daha da erkən yaşda müşahidə olunur. Onlarda ünsiyyət problemi yaranır. Hətta bəzilərinin çox gözəl nitq qabiliyyəti olsa da, ətrafla ünsiyyət qurmur, heç bir reaksiya vermir, biganə olur, göz kontaktından qaçır: "Hələlik autizm sindromunun müalicəsi yoxdur. Sadəcə olaraq simptomatik müalicə gedir. Valideynin şikayəti əsasında müəyyən dərman müalicəsi aparılır. Əksər vaxtı psixopedaqoji yanaşma lazım olur. Burada loqopedik, psixopedaqoji məşğələlər, idman, masaj və sair nəzərdə tutulur. Bu sahədə nailiyyətlər də əldə etmək olur.
Xəstəyə bu diaqnozu təkcə psixiatr qoymur. Uşaq yoxlamaya gələndə psixoloq, loqoped, pedaqoqlardan ibarət bir komanda onu test və müşahidə yolu ilə aşkar edirlər”.


Onlar gələcəkdə valideyn ola bilər, lakin...


Autizmli uşaqlar fiziki cəhətdən çox sağlam olurlar. Həkimlərə valideynlərin ən çox verdikləri sual isə - "övladım gələcəkdə valideyn ola bilərmi” sualıdır.
Həkimlərin isə buna birmənalı cavabı yoxdur. Nəzirə Zeynalovanın fikrincə, bu, autizmli uşağın vəziyyətindən asılıdır: "Onda orta, ağır dərəcəli bir əqli qüsur varsa, yaxud da ki, özü-özünü idarə edə bilmirsə, belə vəziyyətdə problemlidir. Amma elə uşaqlar var ki, bir neçə dil bilir, özünü idarə edir, hansısa başqa nailiyyətləri olur və hesab edirəm ki, bu uşaqlar gələcəkdə valideyn ola bilər. Ola bilsin ki, hazırda bizə bu məsələlər problem kimi görünür, amma vaxt gələcək hansısa tibbi nailiyyət autizmli uşaqlara kömək olacaq və onlar bu problemdən əziyyət çəkməyəcəklər”.


Autizmli uşaqların valideynlərinin ciddi psixoloji dəstəyə ehtiyacı var


Həkimin sözlərinə görə, uşağa diaqnoz qoyulduqda valideynlərin emosional reaksiyaları olur. Ona görə də uşaq psixiatrları birinci növbədə valideynlərlə işləyir, onları reabilitasiyaya dəvət edirlər: "Elə ailələr olur ki, onların reabilitasiyası çox çətin olur, yaxud elə ailələr var ki, xəstəliyə görə dağılır. Biz ilk növbədə valideynləri maarifləndiririk, ümid veririk, onların özlərinə antidepresant, psixoloq məsləhətləri təklif edirik”.
Məqsəd isə odur ki, bu uşaqlar cəmiyyətə inteqrasiya olunsun, məktəbdə sağlam uşaqların içərisində təhsil alsınlar. Nəzirə Zeynalovanın sözlərinə görə, bəzi autizmli uşaqlarda fitri istedad, yaradıcılıq qabiliyyəti olur: "Elə autizmli uşaqlarımız var ki, onların Luvrda sərgiləri olub, bir neçə dil bilirlər, hətta onlar başqa problemli uşaqlara dil öyrədə bilərlər. Elə uşaqlar da var ki, musiqidə, idmanda uğurları var...”


Onlar universitetdə də oxuya bilirlər, poliqlot da olurlar


Loqoped Aygün Ələkbərova bizimlə söhbətində söylədi ki, autizm sindromlu uşaqlar bir-birindən fərqlənir və hərəsi özünə məxsusdur. Normal şüurlu, yaxud intellektual ləngiməli uşaqlar var. Amma loqopedlər cüzi də olsa nitqi olan uşaqlarla işləyir: "Çünki elə uşaqlar var ki, onlarda ümumiyyətlə nitq olmur, yaxud nitqdən istifadə etmək istəmirlər. Daha çox jestə, əl hərəkətlərinə üstünlük verirlər. Bu cür uşaqları loqopedə yox, idmana, psixopedaqoqlara yönləndiririk”.
Loqopedin sözlərinə görə, elə autizmli uşaqlar da var ki, onların autizm olduğunu hiss etmək olmur. Onu ancaq mütəxəssislər bilir ki, həmin uşaq öz nitqi ilə normal uşaqlardan cüzi fərqlənir. Nitqləri çox monotondur, emosiyasızdır, konkretdir, göz kontaktından qaçırlar, özlərinə çox meyillidirlər: "Bir də görürsən ki, bu cür uşaqlar unikal intellektə malik olur, poliqlotdurlar. Hətta bu dilləri öz ana dilindən mükəmməl bilirlər. Şüuru normal olanlar (onlara "aspergen” deyilir) həyatda uğur qazana bilirlər. Bu da autizmin növlərindən biridir. Onlar universitetdə də oxuya bilirlər, hansısa bir işdə də işləyə bilirlər”.


Şüuru normal olan autizmli uşaqlar mütləq adi məktəblərdə dərs almalıdır


Aygün Ələkbərovanın bir neçə tələbəsi hazırda birinci sinfə qəbul olunub. Onlar bütün sualları sərbəst cavablandırıblar və heç kəs hiss etməyib ki, o uşaqlar autizmdir: "Amma mütəxəssis diqqətlə nəzər yetirsə görə bilər. Çünki onlar göz kontaktından qaçır, yaxud eləsi var ki, öyrəşib çalışır göz kontaktı da qursun, diqqətini yetirir, çərçivədə hərəkət etməyə çalışır. Amma təklikdə qalanda özünə xas xüsusiyyəti yerinə yetirir. Deyək ki, yazanda dəftərə daha çox yaxınlaşır, rəngləyəndə çox daha diqqətli olur və sair”.
Loqopedin fikrincə, şüuru normal olan autizmli uşaqlar mütləq adi məktəblərdə dərs almalıdır. Çünki onlara məhz bu lazımdır. Ola bilsin ki, bir müddət zəngin səsi, yaxud ətrafdan gələn hansısa xışıltılar ona narahatlıq versin. Amma zamanla buna öyrəşirlər.


Özəl reabilitasiya mərkəzlərində qiymətlər çox bahadır...


Autizm artıq günümüzün acı gerçəkliyidir və ildən-ilə durmadan artır. Təbii ki, bu da öz növbəsində adıçəkilən sindroma düçar olanların müalicəsi üçün müəssisələrə və reabilitasiya mərkəzlərinə daha çox ehtiyac yaradır.
Bir neçə il əvvəl autizmli uşaqlarla bağlı müəssisələr elə də çox deyildi, amma hazırda ölkədə dövlət reabilitasiya mərkəzləri ilə yanaşı, özəl müəssisələr də fəaliyyət göstərir. Amma vətəndaşların özəl müəssisələrə müraciət etmələri baha başa gəlir. Övladları autizm olan valideynlərlə həmsöhbət olarkən onların əksəriyyəti də məhz bu problemdən şikayətləndilər.
Özəl reabilitasiya mərkəzlərinin bəziləri ilə əlaqə saxlayaraq qiymətlərlə maraqlandıq. Məlum oldu ki, qrup məşğələləri həftədə 3 dəfə, hər dəfə 3 saat yarım olmaqla aylıq 400 manata başa gəlir. Bura loqoped, psixoloq, idman qrup məşğələləri daxildir. Əgər valideyn uşağı ilə fərdi məşğul olunmasını istəyirsə, daha çox məbləğ ödəməlidir. Belə ki, həftədə 1 dəfə, 45 dəqiqəlik məşğələ 20 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara, o cümlədən autizm xəstəliyi olan uşaqlara 82 manat məbləğində müavinət verilir. 18 yaşdan böyük autizm xəstələrində isə əlilliyin qiymətləndirilməsi zamanı psixi pozğunluğun səviyyəsi, xəstəliyin inkişaf dərəcəsi və xəstənin özünü idarə etməsi nəzərə alınaraq əlillik dərəcəsi müəyyənləşdirilir.


"Alov qüllələri”, Qız qalası da mavi işıqla işıqlanır


Hər il aprelin 2-si Ümumdünya Autizm günü kimi qeyd edilir. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.
Həmin gün dünyanın müxtəlif ölkələrində məşhur binalar autizmi simvolizə edən mavi rənglə işıqlandırılır. 2010-cu ildə ABŞ-da ilk dəfə həyata keçirilən "Mavi işıqla işıqlandır” layihəsi hazırda 6 qitə, 136 ölkə və 600 şəhəri əhatə edir. Azərbaycan bu layihəyə Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə 2012-ci ildə qoşulub. Aprel ayının 2-də Bakıda "Alov qüllələri”, Qız Qalası, Bakı Kristal Zalı və digər binalar mavi rənglə işıqlandırılır.


Onların öz dünyası var...


"Övladımın autizm olduğunu öyrənəndə onun 3 yaşı var idi” deyir, Xatirə xanım: "O gündən mən də dönüb oldum 3 yaşlı uşaq. Anarın bu sindroma mübtəla olmasını inadla rədd etdim. Bütün həyat yaşamımı ona uyğunlaşdırdım. Günlərlə nəinki bir söz, hətta bir hərf deməsi üçün dayanmadan pedaqoqlarla, psixoloqlarla çalışdım. İndi artıq 3-cü sinifdə digər həmyaşıdları ilə bərabər təhsil alır. Onlarla oynayır, qaçır, gülür...”
Hazırda ölkəmizdə autizmli övladı ilə bağlı bu cür düşünən, ona bütün çətinliklərində dayaq duran valideynlərin sayı kifayət qədərdir. Amma bunu bacarmayan valideynlər də var. Valideynlər üçün övladının autizm sindromuna mübtəla olmasını qəbul etmək nə qədər ağır olsa da erkən diaqnoz və müalicə ilə pozitiv nəticələr əldə etmək mümkündür. Təbii ki, bu cür uşağa sahib olmaq ailələrin zamanla emosional, psixoloji, maddi mənada çətinliklər yaşamasına səbəb olur, amma əldə olunacaq müsbət nəticəyə görə bütün bu sıxıntılara dözməyə dəyər...
Onların öz dünyası var, heç bir çərçivəyə sığmazlar... Öz dilləri, həyata öz baxışları var, heç kəsin dediyinə tabe olmazlar... Düşünməyin ki, xəstədirlər, sadəcə bir az bizdən fərqlidirlər, qəribədirlər...
Bəlkə də onların baxışıyla biz bu həyatda qəribəyik, onlardan fərqlənirik, kim bilir?!.

Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video