27 Sentyabr 2018 00:29
932
Təhsil
A- A+

Müəllim şəxsiyyəti


Azərbaycan xalqının tarix boyu böyük maarifpərvərləri olub. Cəmiyyətimiz bugünkü inkişafına görə zamanında insanlarımız üçün təhsil ocaqları açan, ömrünü Vətən övladlarının təlim-tərbiyəsi yolunda şam kimi əridən maarif xadimlərinə borcludur. Belələri millətin xilasını, intibahını haqlı olaraq elm və təhsildə görür, əzmkar axtarışları ilə çoxlarının bəhrələnəcəyi maarifçilik irsi və bütöv bir məktəb yaradırlar. Bəşəriyyətin qurtuluşuna yönələn ali idealları yaşatmağa, mənəvi meyarların cəmiyyətdə hakim olmasına çalışan bu irfan sahibləri üzərlərinə götürdükləri müqəddəs missiya ilə həm də ucalığa qovuşurlar.


Ömür yolunu işıqlandıran şəfəq


Bu müqəddəs yol indi də davam edir. Azərbaycan müəllimi adını ləyaqətlə daşıyan yeni-yeni simalar nurlu şəxsiyyətləri ilə gənc nəslin taleyinə işıq salır, Tanrının yazdığı ömür qisməti bitən zamansa Yer üzündəki şərəfli missiyalarını öz ardıcıllarına əmanət edib əbədiyyətə qovuşurlar. "Şöhrət” ordenli, əməkdar müəllim Bayram Mirabbas oğlu Heydərovun həyat amalı da onu belə bir müqəddəs missiyanın daşıyıcısına çevirmiş, seçdiyi müəllimlik sənəti ilə tarixin ən qədim dövrlərindən üzü bəri insanları nura doğru aparan maarifçi ziyalılar cərgəsinə gətirib çıxarmışdır.
O, dünyaya sanki müəllimlik etmək, maarif ziyasını gənclər arasında yaymaq üçün gəlmişdi. 62 illik ömrünü ancaq bu niyyət uğrunda yaşadı. Həyatının mənasına çevrilmiş müəllim sənətini hər zaman uca tutdu. Öz peşəsinə verdiyi dəyərlə bu adı daha da yüksəltdi. Onu tanıyanların yaddaşında mükəmməl bir müəllim abidəsi yaratdı.
Bayram müəllimin minlərlə insanın xatirələrindəki işıqlı obrazı yenə də canlıdır və öz ucalığındadır. Hamı belə deyir: "Yaşasaydı, daha böyük işlər görə bilərdi”. Amma 62 illik qısa ömürlə də o, bir insanlıq, bir ziyalılıq tarixi yaratdı.
...Bayram Mirabbas oğlu Heydərov 1956-cı il martın 22-də indiki Ermənistanın Zəngibasar rayonunun Dəmirçi kəndində ziyalı ailəsində dünyaya gəlmişdi. Valideynlərindən, müəllimlərindən aldığı tərbiyənin, xeyir-duanın işığında, dünyanın əbədi suallarına cavab axtara-axtara gələcək ömür yolunu müəyyənləşdirmişdir. Tanış-bilişsiz, qohum-simsarsız nəyə qadir olduğunu göstərmək niyyəti ilə arzularının reallığını Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində axtarmışdı. 1979-cu ildə ali təhsilini başa vuraraq Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun konstruktor bürosunda laborantlıqdan aparıcı konstruktora kimi yüksəlmişdi.
O, 1980-ci illərin sonlarında Sankt-Peterburqdakı elmi mərkəzdə, Novosibirsk Dövlət Universitetində ikiillik ixtisasartırma kurslarında oxumuşdur. Aspirantura təhsili almışdır. SSRİ EA-nın həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi altında Novosibirsk Dövlət Universitetində diferensial tənliklər ixtisası üzrə dissertasiyasını uğurla müdafiə edərək elmlər namizədi dərəcəsinə layiq görülmüşdür. 1988-ci ilin yanvarında vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirməyə başlamışdır. Zaman o zaman idi ki, bədnam qonşumuz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzündən Dağlıq Qarabağda müharibə odu alovlanırdı...


Dərk olunmuş həqiqətin ardınca


Əvvəllər Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığından Bayram Heydərovun hərbi sənaye sahəsində də böyük elmi səriştəsi vardı. Onda bu cür elmi mərkəzlər hərbi sənayenin müəyyən sifarişlərini yerinə yetirirdi. O da alim həmkarları ilə birgə adı çəkilən tədqiqat müəssisəsində hərbi məsələlərlə məşğul olmuşdu. Sankt-Peterburq və Novosibirsk şəhərlərində elmi ezamiyyətdə olduğu zaman bu sahədə bilik və bacarıqlarını daha da artırmışdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda Müdafiə Nazirliyi yenicə qurulurdu. Hərbi sahədə kadrlar çatışmırdı. Bayram müəllim elmi, nəzəri təcrübəsinə söykənərək onunla həmfikir alim həmkarları ilə birgə Müdafiə Nazirliyinə müraciət edir. Məqsəd cəbhədəki canlı itkilərin qarşısını almaqdan ötrü hərbi xarakterli elmi-tədqiqat mərkəzinin yaradılmasından ibarət idi. Onlar bu niyyətlə işçi qrupu formalaşdırır, təkliflərini nazirliyə təqdim edirlər. Amma məsələ konkret məqama çatanda məlum olur ki, Azərbaycanda bu məsələlərin həllinə qabil nə yüksək, nə də orta səviyyəli kadrlar var.
Bu vəziyyət Bayram Heydərovu məyus etsə də, əslində, ona böyük bir həqiqəti anlatmış oldu: cəmiyyətin irəli getməsi, istənilən sahədə uğur qazanması üçün ilk növbədə, yüksək intellektual zəkaya malik insan yetişdirməkdir. Gücü insanların təlim və tərbiyəsinə yönəltməkdir. Bundan ötrü isə təhsilin ibtidaisindən başlamaq lazımdır.
Belə bir düşüncə onu və çevrəsindəki vətənpərvər ziyalıları yeni bir ideya ətrafında səfərbər etdi. Onlar Bakıda tamamilə müasir tipli məktəbin yaradılması yönündə fəaliyyətə başladılar. Onda müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın təhsil sistemi tənəzzül dövrünü yaşayırdı. Onu inkişaf etdirmək, qlobal çağırışlara uyğunlaşdırmaq üçün bu cür innovativ təşəbbüslər gərəkli idi. Beləliklə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Bayram müəllimin təşəbbüsü, institutun direktoru, unudulmaz alim, akademik Fərəməz Maqsudovun dəstəyi ilə "Zəngi” adında kiçik dövlət müəssisəsi yaradıldı.
Orta məktəb şagirdləri üçün müxtəlif adlarda kitabların yazılması, müəssisələr üçün avtomatik idarəetmə sistemlərinin yaradılması, dəqiq ölçü cihazlarının hazırlanması ilə məşğul olan "Zəngi”nin nəzdində 1992-ci ildə lisey formalaşdırıldı. Erməni işğalı altında qalmış qədim torpaqlarımızdakı məşhur "Zəngi” çayının adı verilmiş təhsil ocağında kibernetika, radioelektronika, biokimya, genetika və s. müasir istiqamətlər üzrə biliklər öyrədilirdi.
Amma liseyin ilk addımları heç də rəvan olmadı. Yarandıqdan az sonra məqsədyönlü fəaliyyətinə baxmayaraq, heç bir izah və açıqlama verilmədən bu təhsil müəssisəsi 1993-cü ildə bağlandı.
Yalnız ümummilli lider Heydər Əliyevin məsələyə obyektiv münasibəti sayəsində "Zəngi” liseyi öz qapılarını yenidən şagirdlərinin üzünə açdı. Yüksək hazırlıqlı alim-müəllimlərin fədakarlığı, öz vəzifələrini vicdanla yerinə yetirmələri, müasir təlim texnologiyalarının tətbiqi qısa zamanda "Zəngi”ni öncüllər cərgəsinə çıxardı. Burada təbii ki, liseyin yaradıcısı Bayram Heydərovun idarəçilik qabiliyyəti, işgüzarlığı, bacarığı xüsusi qeyd olunmalıdır.


Cəsarət, prinsipiallıq, vətən sevgisi...


Onunla hər dəfə ünsiyyətdə olmaq insana böyük bir zövq verirdi. Qarşısındakı həmsöhbətini diqqətlə dinləmək səriştəsi, təmkini, yüksək mədəniyyəti, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi, uzaqgörənliyi, incə diplomatiyası çoxları üçün örnək sayılırdı. O, təhsil ocağının rəhbəri kimi minlərlə gəncin təliminin, tərbiyəsinin qayğısına qalır, onlara çətinlikləri dəf etmək qaydalarını öyrədir, yeniyetmələrin düşüncə tərzini məhdudlaşdıra biləcək bütün maneələri aradan qaldırmağa çalışır və buna da müvəffəq olurdu. Yardıma möhtac olana kömək əlini uzatmaq, arxasında durmaq, həyatdan küskün insanlara yaşamaq üçün stimul yaratmaq bizlərə ulularımızdan miras qalmışdır. Təbii ki, hər kəs bu dəyərlərə öz mənəviyyatının müəyyən etdiyi çərçivədən yanaşır. Bayram müəllim üçün isə bu dəyərlər uzun illər idi ki, həyat normasına çevrilmişdi. Vətən sevdalısı olan B.Heydərov Azərbaycanın mənafeyi, vətəndaşlarının rifahı naminə hər cür fədakarlığa hazır olduğunu dəfələrlə sübuta yetirmişdir.
...Rusiyada aspiranturanı bitirib Bakıya qayıtmışdı. Onda xalq hərəkatı yenicə başlanmışdı. İnsanlar meydanlara toplaşıb öz haqlarını tələb edirdi. Bayram Heydərov da tez bir zamanda hərəkatın fəallarından oldu. 1988-ci il noyabr ayının sonlarında atası Mirabbas müəllimdən xəbər alır ki, indiki Ermənistanın Zəngibasar bölgəsinin əhalisi erməni vəhşiliyi nəticəsində Türkiyənin sərhədinə toplaşıb. Təcili köməyə ehtiyacları var. Havalar soyuq, insanlar yandırmağa odun, kömür tapmır, qida məhsulları üçün rayon mərkəzinə, İrəvana gedə bilmirlər. Zəngibasardan olanlar Bakıda hərbi komandanlıq qarşısında piket keçirirlər. Vəziyyəti komendanta çatdırır, təcili tədbirlərin görülməsi üçün tələblər səsləndirirlər. Bir neçə nəfər hərbi komendantla görüşüb ona bölgənin xəritəsini təqdim edir. Komendant bölgəni yaxşı tanıyan piket iştirakçılarına üz tutur. Yüzlərlə insan arasından bir neçə nəfər, eyni zamanda Bayram Heydərov da ora könüllü getmək arzusunu bildirir. 1988-ci il dekabrın əvvəllərində Bakının Qala aeroportunda hərbi təyyarə ilə bir qrup hərbçinin əhatəsində əvvəl İrəvanın Erebuni aeroportuna, oradan isə hərbi vertolyotla sərhəd bölgəsinə insanların xilasına gedir. Həmin ağır anlarda həyatları qurtulan soydaşlarımız Bayram Heydərovu indi də dərin minnətradlıq hissi ilə xatırlayırlar.
Sonrakı dövrlərdə onun fəaliyyəti təkcə elmi-pedaqoji sahə ilə məhdudlaşmır. Bayram müəllim Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri olmuşdu. Bu qurum Yeni Azərbaycan Partiyası ilə birləşdikdən sonra YAP-ın I qurultayında onun siyasi şurasına üzv seçilmişdi. B.Heydərov əqidə adamı idi. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursuna, bu kursu uğurla davam etdirən, dövlətimizə böyük nailiyyətlər qazandıran Prezident İlham Əliyevin yürütdüyü siyasətə hər zaman sadiq idi. Bu siyasətə əməli işi ilə töhfələr verməyə çalışırdı. Və onun əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilirdi. Bayram Heydərov əməkdar müəllim adına layiq görülmüşdü. 2010-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilmişdi.
Yaratdığı "Zəngi” liseyinin bu gün Azərbaycanın təhsil sistemində öz yeri var. Bu liseydə yüzlərlə savadlı, intellektual, Azərbaycana layiqli vətəndaş yetişib. Onlar hazırda respublikanın müxtəlif sahələrində çalışır, ölkəmizə fayda verirlər.
İnsanlara sevgi, humanizm, alicənablıq, rəhimdillik Bayram müəllimin şəxsiyyətində nəzərəçarpan ən parlaq cizgilərdən idi. Yenilikçilik, məqsədyönlülük, islahatçılıq onun xarakterik xüsusiyyətləri kimi ilk baxışdan diqqəti cəlb edirdi. Haqqın, ədalətin öz yerini tutması üçün mübarizə aparmaqdan heç zaman yorulmurdu, prinsiplərindən bir addım da olsun geri çəkilmirdi. Ziyalılıq taleyini yaşayan bütün insanlar kimi, o da ömrü boyu həqiqətə inanmış, həyatın mənasını anlamağı, baş verənlərə səbirli münasibət bəsləməyi bacarmış, şəxsiyyəti ilə çoxlarına örnək olmuşdur.
Onun şəxsiyyətinin bütün cizgiləri, xarakteri müəllim adının müəyyən etdiyi tələbləri tamamlayırdı. Deyirdi: "Hər kəs həyatda tutduğu mövqeyə görə öz müəlliminə borcludur. Müəllim cəmiyyətin ən nüfuzlu, ən mötəbər insanıdır. Onlar bizim mənəvi dünyamızın təməlini qoyur, xarakterimizi, dünyagörüşümüzü formalaşdırır, bizi ictimai münasibətlər sisteminə qovuşdururlar”.
Bayram müəllim müxtəlif fənləri çox yaxşı bilirdi, müəllim sənətinə sadiqliklə elmin inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyirdi. Tədris proqramında nəzərdə tutulanlardan daha çox məlumatlı idi, dərin biliyi, geniş dünyagörüşü ilə şagirdlər qarşısında elmin, biliyin, tədris prosesinin cəzbedici qüvvəsini açmağa müyəssər olurdu. Liseyin şagird və müəllimləri onun simasında müdrik, düşüncəli, peşəsinə vurğun bir insan görürdülər. O bilirdi ki, müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir. Onun nüfuzunun ləkələnməsi aynanın parçalanması kimidir. Ən mahir usta belə, o parçaları yenidən əvvəlki halına gətirməyi bacarmaz. Bir müəllimin nüfuzunun itməsi təkcə onu deyil, bütövlükdə çalışdığı kollektivi hörmətdən salır. Ona görə də Bayram müəllim özünün şəxsində ümumən müəllim adının nüfuzunu, bu adın şərəfini qoruyurdu. Övladlarına da bunu təlqin edirdi. Qızı Səadət Heydərova AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun dissertantıdır. "Zəngi” liseyində çalışır, riyaziyyat müəllimidir, atasının davamçısıdır.
* * *
Onun qurub-yaratdığı "Zəngi” liseyinin şüarı belədir: "Öyrən, inkişaf et, yarat!” Bu şüarı Bayram müəllim seçmişdi. Çünki bu üç ardıcıl çağırış onun özünün də qırılmaz həyat düsturu idi. Bayram müəllim 62 illik ömrünün hər gününü öyrənmək, inkişaf etmək, yaratmaq üçün yaşadı. Və bu prinsipi başqalarına da ötürdü. Dövlətin elan etdiyi insan kapitalının inkişafı siyasətinə işgüzar fəaliyyəti ilə hər zaman dəstək oldu. Onun ömür yolunu işıqlandıran şəfəq isə müəllim kimi xeyir-dua verdiyi yüzlərlə, minlərlə insanın taleyinə hələ bundan sonra uzun illər işıq saçacaq.
Maarif xadimi, "Şöhrət” ordenli Bayram Heydərovun nurlu xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video