26 Sentyabr 2018 16:47
579
İDMAN
A- A+

Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək


Sentyabrın 26-da Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası (AMİF) arasında "Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi haqqında birgə əmrin imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, birgə əmri gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıblar.
İmzalanma mərasimində müvafiq dövlət qurumlarının, aidiyyəti idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmanın inkişafında məktəb idmanının əhəmiyyətindən danışıb, çempionatın keçirilməsinin ölkəmizdə məktəblilər arasında idmanın inkişafına təkan verəcəyini, Olimpiya hərəkatının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.

Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının əhəmiyyətindən danışıb, sağlam və fəal həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini vurğulayıb. C.Bayramov çıxışında sözügedən çempionatın nəticələrinin məktəblərin reytinqlərinin qiymətləndirilməsi zamanı nəzərə alınacağını deyib.

Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova tədbirdə çıxış edərək yeni yaranmış Federasiya tərəfindən reallaşdırılan layihələr barədə danışıb, çempionat çərçivəsində keçirilən oyunlarda voleybol və basketbol idman növləri üzrə qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakının AMİF tərəfindən təmin ediləcəyini bildirib.

Qeyd edək ki, "Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, olimpiya idman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq, yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-cı siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Yarışlar 4 mərhələ üzrə keçiriləcək (I mərhələ məktəbdaxili, II mərhələ rayondaxili, III mərhələ zona yarışları və IV mərhələ final). Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video