26 Sentyabr 2018 02:19
666
CƏMİYYƏT
A- A+

Azərbaycan ədliyyəsi ölkədə hüququn aliliyinin təmin edilməsinə layiqincə xidmət edir


Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, nəhayət XX əsrin əvvəllərində, dünyanın siyasi xəritəsinin yenidən formalaşdırıldığı bir vaxtda öz istiqlaliyyətini elan edib. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti yeni yüzillikdə müstəqillik tariximizin başlanğıcı kimi tarixə yazılıb. Bu dövlət cəmi 23 ay mövcud olmasına baxmayaraq xalqımızın milli dövlətçilik salnaməsini zənginləşdirib, müstəqil yaşaya bilməyə qadir olmasını sübuta yetirib.
Xalq Cümhuriyyətinin qəbul etdiyi "İstiqlal Bəyannaməsi” əhəmiyyətinə, hüquqi prinsiplərin əhatəliyi və zənginliyinə görə Konstitusiya aktına bərabər olan ilk hüquqi sənəd olub. Həmin sənəddə Azərbaycan ərazilərinin hüdudları müəyyənləşdirilib, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri, demokratik dövləti səciyyələndirən əsas xüsusiyyətlər - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqları, eləcə də Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilməsi əks olunub. Bəyannamədə Xalq Cümhuriyyətinin əsas məqsəd və niyyətinin hüquqi dövlətin qurulması olması təsbit edilib.
Cümhuriyyət yarandıqdan sonra qısa mövcudluğu dövründə, Azərbaycanda parlamentli respublika idarəçilik forması qurulub, parlament və hökumət münasibətləri formalaşıb, dövlətin siyasi aparatının yaradılması və inkişafı istiqamətində fəal, ardıcıl və məzmunlu tədbirlər həyata keçirilib. Hüquq sisteminin inkişafı üzrə görülən işlər xüsusilə qeyd olunmalıdır. O dövrdə hüquq sisteminin fəaliyyətinə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi ölkənin yaradılması ilə bir gündə - 1918-ci il may ayının 28-də təsis edilmişdi. Bu mənada Azərbaycan ədliyyəsinin şanlı tarixi məhz Cümhuriyyətin yaranması ilə başlanır. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdu. Nazirlik yarandığı vaxt yalnız nazirdən ibarət olmuş, ştat vahidləri olmamış, 2018-ci ilin noyabr ayının 22-də Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri, həmçinin ştatları müəyyənləşdirilmişdi.
Ədliyyə Nazirliyi yaranarkən, Azərbaycanda məhkəmə sistemi də dağınıq vəziyyətində olub. Çarizm dövründə fəaliyyət göstərən məhkəmə idarələri fəaliyyətlərini dayandırmışdılar. Həmin vaxtlar azərbaycanlı hüquqşünasların yetişdirilməsinə törədilən maneələr, təhsilin aşağı səviyyədə olması müstəqillik illərində kadr çatışmazlığı ilə müşayiət olunurdu. Belə bir vaxtda Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa olundu. Daha sonra Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi.
Cümhuriyyətin 2-ci hökumətinin tərkibində Baş nazir Fətəli xan Xoyski həm də ədliyyə naziri vəzifəsini icra edirdi. Cümhuriyyət parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi deklarasiyada qeyd edilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmələr ədliyyənin daxilində olduğundan hətta qeyd olunurdu ki, məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. O dövrdə parlamentə təqdim olunmuş qanun layihələrindən 32-si məhz Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.
1920-ci il aprel ayında Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi ləğv edildi, əvəzində isə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil olundu. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verildi. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı növbəti dəfə təşkil edildi, amma 1959-cu ildə yenidən ləğv olundu.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edildi. Nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdi. Ümumiyyətlə, o dövrdə ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdı.
Azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa edə bildi. Buna baxmayaraq, müstəqilliyin qorunub saxlanılması çox çətinləşmiş, ölkənin məruz qaldığı hərbi təcavüz və bunun ağır nəticələri, ölkə daxilində qarşıdurmanın, anarxiyanın hökm sürməsi Azərbaycan xalqının ümidini sarsıtmış, yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu. Xalqın tələbi ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi.
Ədliyyənin inkişafına xüsusi diqqət böyük öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra da davam etdi. Hüquq sistemində inqilabi demokratik dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatı çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirildi. Məhz Heydər Əliyevin rəhbərliyi nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərildi, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparıldı, yeni qurumlar yaradıldı, onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü. Bütün bunların nəticəsində ədliyyə orqanlarının cəmiyyətdəki rolu daha da yüksəldi.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə 22 noyabrın - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olundu.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha da qüdrətlənir, möhkəmlənir, ölkədə müasir hüquq və idarəetmə sistemləri formalaşaraq hüquq münasibətləri modernləşdirilir. Təbii ki, hüquqi dövlətin uğurlu inkişafı möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Bu baxımdan ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə mühüm addımlar atılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, Ədliyyə Nazirliyinə yeni vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli qanunu qəbul olunub və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərman imzalanıb. Dövlət başçısının 6 fevral 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.
Ədliyyə Nazirliyi qanunvericilik sahəsində fəal iştirak edir, hüquqi aktların layihələrini insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməklə hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqi və normativ xarakterli aktların hüquqi ekspertizasını aparır. "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə nazirliyə yeni mühüm vəzifələr, o cümlədən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması və onun aparılması həvalə edilib.
Son illərdə penitensiar və icra xidmətlərində islahatlar davam etdirilərək işin səmərəli təşkili üçün mövcud olan problemlərin aradan qaldırılması, kadrların məsuliyyət hissinin artırılması üzrə ciddi tədbirlər həyata keçirilib, bu sahədə müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Məhkəmələrin infrastrukturunun yeniləşdirilməsinə böyük diqqət yetirilib. Ən başlıcası isə yeni nəsil hakim korpusu formalaşdırılıb. Artıq bir neçə ildir ki, ölkəmizdə regional inzibati-iqtisadi məhkəmələr də işə başlayıb, qısa müddət ərzində onlar üçün inzibati binalar ayrılıb, maddi-texniki təchizatla təmin edilib.
Bu il bir çox dövlət qurumları kimi Ədliyyə Nazirliyinin də yaranmasının 100-cü ildönümüdür. 1918-ci ildə yaranan, sovet dövründə dəfələrlə ləğv olunan, müstəqillik dövründə yeni formada fəaliyyət göstərən ədliyyə orqanları bu gün müstəqil Azərbaycan dövlətinin inkişafına, ölkədə hüququn aliliyinin təmin edilməsinə layiqincə xidmət edirlər. Öz işini Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıran ədliyyə orqanları ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq bundan sonra da dövlətimizin və xalqımızın maraqlarının keşiyində şərəflə dayanacaqlar.

Marif KAZIMOV,
Gədəbəy Rayon Məhkəməsinin hakimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video