26 Sentyabr 2018 02:15
542
SİYASƏT
A- A+

Dövlətçiliyin və qanunçuluğun keşiyində


Bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. 100 il əvvəl cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.


Tariximizə ehtiramın nümunəsi


Tarixə nəzər salanda 1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan, yazdığı məqalələrdə, ictimai və siyasi fəaliyyətində bu hislərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səyləri nəticəsində müstəqilliyə aparan yollardakı maneələr dəf edildi. Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən "İstiqlal Bəyannaməsi” qəbul edildi.
Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməkdədir.
Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilən iclasında isə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi və müvafiq sərəncam imzaladı. Hər kəs bu sərəncamı ölkə rəhbərinin milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirir və təşəkkürünü ifadə edir. Prezident İlham Əliyevin ötən 15 illik fəaliyyətində diqqəti çəkən məqamlardan biri dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu sırada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Tarixçilərə bu istiqamətdə verilən göstərişlərlə yanaşı, Bakıda "İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılması, hər il Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu barədə söylədiyi fikirlər xalqımıza, onun tarixinə və bugününə verilən ən gözəl dəyərdir: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Lakin qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumətimiz cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları, bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə də qəlbində və şüurunda yaşatmışdır.
Ötən əsrin 70 ili ərzində Azərbaycanda mövcud olan dövlət quruluşunun da xalqımızın milli-mədəni tərəqqisində özünəməxsus rolu inkar edilə bilməz. Tarixçilərin və politoloqların haqlı olaraq "ikinci respublika” adlandırdıqları, formal müstəqilliyə malik həmin dövlətin, xüsusən 1969-1982-ci illərdəki nailiyyətləri yaxın tariximizin səhifələrinə pozulmaz sətirlərlə yazılmışdır. Əlbəttə, bu nailiyyətlər Heydər Əliyevin möhtəşəm və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi həmin dövrdə Heydər Əliyev Azərbaycanın təkcə keçmiş İttifaqda deyil, hətta dünya miqyasında tanınmasına, nüfuz qazanmasına nail olub. Bu dövrdə sosial-iqtisadi, mədəni həyatımızın bütün sahələrində baş verən yüksəlişin, sürətli inkişafın milli dövlətçilik baxımından əhəmiyyəti misilsizdir. Hazırda yeni, müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşıb.
Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəlişin, sürətli inkişafın milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi.
Üçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərarın qəbul edilməsi ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı olduğunu göstərirdi.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir”.
1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən istiqlalına qovuşmuşdur. Lakin həmin dövrdə hakimiyyət dairələrinin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoymuşdu. Ölkədə yaranmış anarxiyadan cana doymuş, ən başlıcası isə müstəqilliyimizin itirilməsindən ehtiyatlanan xalqın çağırışı və təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Bu gün cəsarətlə demək olar ki, əgər belə bir məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı məmləkət dünya xəritəsindən silinə bilərdi.
Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Prezident İlham Əliyev isə öz uğurlu siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir, sarsılmaz edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki tək qüdrətli olmamışdır. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir.
Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasında öncül yerlərdən birində dayanır. Təbii ki, bütün bunlar Azərbaycanın azad ölkə olmasının və yeritdiyi qətiyyətli, müstəqil siyasətin nəticəsidir. Prezident İlham Əliyev hər bir sahədə Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Eyni zamanda dövlət başçısı xalqımızın zəngin dövlətçilik tarixinin, əzəmətli keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin geniş miqyasda təbliğ olunması kimi məsələləri hər zaman diqqət mərkəzində saxlayır. Bir neçə il öncə "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri, o cümlədən İrəvan xanlığının tarixinin araşdırılması barədə Prezidentin tapşırıqları bunun təsdiqidir. 28 may -Respublika Günü ərəfəsində hər il Prezident İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur. Bakının mərkəzində cümhuriyyətə həsr olunmuş abidənin ucaldılması isə tariximizə və irsimizə verilən ən yüksək dəyərdir. Bu bir daha göstərir ki, Azərbaycan dövləti və cəmiyyəti öz tarixinə ən yüksək ehtiramı göstərir.
Cümhuriyyətin 23 aylıq fəaliyyəti onu göstərdi ki, müstəqilliyi əldə etmək kifayət deyil. Çalışıb onu daha da möhkəmləndirmək lazımdır. Bu gün Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi siyasət və qazanılan möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, müstəqilliyimiz heç zaman itirilməyəcək.


100 yaşlı prokurorluq


Xalq Cümhuriyyətinin qurucularının imza atdığı "İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın hüquqi dövlət olması təsbit olunmuşdur. Təsadüfi deyil ki, cümhuriyyətin ömrü qısa olsa da, o illərdə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində çox mühüm işlər həyata keçirildi. Bu sırada ölkənin hüquq mühafizə orqanlarının və güc strukturlarının formalaşdırılması xüsusilə diqqəti cəlb edir. Elə buna görədir ki, bu il bir çox dövlət təsisatlarının yaranmasının 100-cü ildönümü tamam olur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının da tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlayır. Ölkəmizdə ilk prokurorluq orqanı isə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla fəaliyyətə başlamışdı. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşdülər. Cümhuriyyətin dövlət xadimlərindən F.X.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski ilk müstəqil respublikamızın ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
1920-ci il aprel ayının 28-də bolşevik işğalı nəticəsində Xalq Cümhuriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil dövlətçiliyimiz süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu, Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi.
Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Sovet dövründə, 70 ilə yaxın müddətdə Azərbaycan Prokurorluğu Sovet İttifaqının dövlət siyasətini həyata keçirməsinə baxmayaraq, təşkilati cəhətdən mühüm dövlət strukturu kimi təşəkkül tapmış, milli kadrlarımız böyük təcrübə və yüksək peşə hazırlığı əldə etmişlər.
Əvvəldə qeyd edildiyi kimi, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra məlum səbəblərdən respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Siyasi hakimiyyətin səbatsızlığı səriştəsiz idarəçilik, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün doğurduğu siyasi-iqtisadi tənəzzül, separatist meyillərin güclənməsi gündən-günə Azərbaycanı yenidən əsarətə və parçalanmağa doğru aparırdı. Yaranmış cəzasızlıq şəraiti nəticəsində cinayətkarlıq görünməmiş vüsət almış, insanların hüquq və azadlıqlarının pozulması kütləvi hala çevrilmişdi.
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər nəticəsində ölkəmizdə dövlət çevrilişləri cəhdləri, vətəndaş müharibəsi və separatizm təhlükəsi aradan qaldırıldı, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik təmin edildi, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlandı.


Prokurorluqda fəaliyyətin keyfiyyətcə yeniləşməsinə yol açan islahatlar


Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətində həm də demokratik-hüquqi islahatların banisidir. Azərbaycan Prokurorluğunun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəyə rəhbərliyə başlaması, demək olar ki, bütün sahələrdə islahatların başlanmasına səbəb oldu. Bir vaxtlar məhv olmuş, müasir tələblərə cavab verməyən hüquq sistemi də ulu öndərin hakimiyyətə gəlişindən sonra inkişaf yoluna qədəm qoydu, bu sahədə fəaliyyət göstərən dövlət təsisatları ən yüksək standartlara müvafiq şəkildə yenidən formalaşdırıldı. Təbii ki, islahatlar hüquq sisteminin aparıcı qolu olan prokurorluq orqanlarını da əhatə etdi. Qısa müddətdə Azərbaycanın prokurorluq orqanlarının tam yenidən qurulması təmin edildi. Prokurorluq fəaliyyətində qanunçuluğu, dövlətçiliyi, siyasi bitərəfliliyi, obyektivliyi və qərəzsizliyi rəhbər tutan nüfuzlu orqana çevrildi.
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratdı. Bu mənada prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən təkmilləşdirilərək fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün oldu.
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu əlamətdar hadisə fəaliyyətimizə verilən yüksək qiymətin təcəssümü kimi tarixilik qazanmışdır. Belə ki, mövcudluğuna və fəaliyyət göstərməsinə baxmayaraq, milli prokurorluq orqanlarının yaranması tarixi uzun müddət diqqətdən kənarda qalmış və prokurorluq işçilərinin peşə bayramı təsis edilməmişdir. Prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi prokurorluq orqanlarının formalaşmasında və inkişafında müstəsna rolu olmuş ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində gerçəkləşmişdir. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.
Ulu öndər Heydər Əliyev həmçinin 28 noyabr 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirinin yüksək təntənə ilə keçirilməsinə göstəriş vermişdir. Həmin dövlət tədbirində ulu öndər dərin məzmunlu tarixi nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini verməklə prokurorluq orqanları qarşısında dayanan əsas vəzifələri müəyyən etmişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı vurğuladığı "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərinin gündəlik həyat devizinə çevrilməklə bizləri daim böyük ruh yüksəkliyi və iftixar hissi ilə öz peşə fəaliyyətimizə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edir.
2000-ci il aprelin 26-da Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüş isə Azərbaycan Prokurorluğunun inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Məhz bu görüşdən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın səmərəli fəaliyyəti üçün qanunverici əsaslar yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir. Bunun nəticəsi olaraq prokurorluqda hərtərəfli islahatlara start verilmiş, ulu öndərin proqram xarakterli çıxışından irəli gələn tövsiyələr çərçivəsində görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Belə ki, ulu öndərin tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir. Prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı onun yeni strukturu hazırlanmış, dövrün tələblərindən irəli gələrək bir sıra yeni idarələr, şöbələr yaradılmışdır.
2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bununla da onun hüquq sistemindəki yeri və rolu daha da güclənmişdir. Bu, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanunyaradıcılığı və vətəndaş quruculuğu prosesində fəal iştirak etmək imkanları yaratmışdır.
Ümumilikdə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, "Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin təsdiqi prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətli olmuşdur.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyası bu gün də davam etdirilir. Prezident İlham Əliyev tərəfindən ötən 15 ildə həyata keçirilən köklü islahatlar, idarəetmə mexanizminin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, səmərəli dövlət idarəçiliyinin tətbiqi, dövlətin təhlükəsizliyinin və cəmiyyətin sabitliyinin təmin olunması üçün atılan addımlar müstəqilliyimizi daha da möhkəmləndirir. Bütün bunlar həm də inkişafın davamlılığının təmin olunmasına, əmin-amanlığın və insanların sosial rifah halının daha da yüksəlməsinə yol açır.
Dahi öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa daim diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər fəaliyyətimizin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.
Ümumiyyətlə isə, ölkədə hüquqi islahatların zamanın çağırışlarına uyğun olaraq davam etdirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının hələ 10 il əvvəl - 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” bu dövlət orqanının müasir dövrün yüksək tələbləri səviyyəsində inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoymuş bu mühüm dövlət sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi dövlət quruculuğunda və hüquq sisteminin inkişafında, qanunçuluğun, cəmiyyətin və dövlətin maraqlarının qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu artmışdır. Eyni zamanda onun fəaliyyətində şəffaflıq prinsiplərinin rəhbər tutulmasına, müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməklə son informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, prokurorluq orqanlarının işinin onun qarşısında dayanan vəzifələrə və tələblərə uyğun olaraq yüksək səviyyədə qurulmasına, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində və dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılmasına, vətəndaşların müraciətlərinə daha həssas və diqqətli yanaşılmasına nail olunmuşdur.
Beləliklə, zamanın ruhuna, yeni reallıqlara uyğun olaraq həyata keçirilən hüquqi islahatlar nəticəsində prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş vermiş, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Bir sözlə, prokurorluq tam yenidən qurulmaqla müasir dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan demokratik məzmunlu bir orqana çevrilib. Prokurorluq orqanlarında yeniləşmə prosesi indi də gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur.


Bakı Şəhər Prokurorluğu cinayətkarlıqla mübarizədə bundan sonra da əzmkar olacaq


Ölkəmizdə həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq Bakı Şəhər Prokurorluğu da inkişaf yolu keçmiş, qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlar əldə etmişdir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Baş prokurorunun nəzarəti ilə həyata keçirilən köklü islahatlar Azərbaycan Prokurorluğunu və onun əsas tərkib hissələrindən olan Bakı Şəhər Prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli qarantına çevirən etibarlı dövlət orqanı kimi formalaşdırmışdır. Hazırda Bakı Prokurorluğu və ona tabe rayon prokurorluqları Azərbaycan Konstitusiyasını, "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutaraq Bakı şəhərində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Bunun nəticəsidir ki, 2018-ci ilin birinci yarısında paytaxtın prokurorluq orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.
Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilir. Bu məsələ Bakı Şəhər Prokurorluğunun daim diqqətindədir. Bakı Şəhər Prokurorluğunda, eləcə də tabe rayon prokurorluqlarında vətəndaşların qəbulu işinə xüsusi əhəmiyyətlə yanaşılaraq yerlərdə və şəhər prokurorluğunda vətəndaşların mütəmadi olaraq prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilməsi, mahiyyətinə görə xüsusi əhəmiyyət kəsb edən müraciətlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılması təmin edilməkdədir.
Bütövlükdə Bakı Şəhər Prokurorluğu cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparan, bu sahədə daim profilaktik tədbirlər görən bir orqan kimi öz vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün səlahiyyətləri çərçivəsində bütün addımları atır.


Qarşımızda mühüm vəzifələr dayanır


2018-ci ilin birinci yarımilində ölkəmizdə bir sıra uğurlu nəticələr əldə edilmişdir. Təbii ki, bunlardan ən mühümü aprel ayında keçirilmiş prezident seçkiləridir. Bu seçkidə Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verməklə öz layiqli seçimini etmişdir.
Eyni zamanda 2018-ci il həm də müsbət sosial-iqtisadi göstəricilərlə əlamətdardır. Bu mənada Prezidentin rəhbərliyi altında uğurla həyata keçirilən siyasi, sosial-iqtisadi, hüquqi islahatların və sabitliyin qorunub saxlanılması hüquq mühafizə orqanlarının qarşısında da mühüm vəzifələr qoyur. Bu mühüm vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Bakı Şəhər Prokurorluğu qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində bundan sonra da fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına daha sədaqətlə xidmət göstərməlidir. Bizə göstərilən etimadı doğrultmaq üçün var gücümüzlə çalışmalı və işimizlə nümunə olmalıyıq. Bunun üçün hər bir rayon prokuroru, rayon prokurorluqlarının, eləcə də şəhər prokurorluğunun əməkdaşları məsuliyyətlərini dərk edirlər.
Bu il bir çox dövlət qurumları kimi, prokurorluq orqanlarının da yaranmasının 100-cü ildönümü tamam olur. Hər bir prokurorluq əməkdaşı üçün əlamətdar, həm də kifayət qədər məsuliyyətli olan bu dövrdə də qarşımızda mühüm vəzifələr dayanır. Çünki qarşıdan yubileyimizin gəlməsi bütün prokurorluq orqanlarını öz fəaliyyətlərini daha səmərəli təşkil etməklə, daha böyük əzm və vicdanla işləməklə indiyədək əldə ediləndən də yüksək nəticələr və uğurlar qazanmağa sövq edir. İnanıram ki, ölkənin bütün prokurorluq orqanları, o cümlədən Bakı Şəhər Prokurorluğu yubiley ili olan 2018-ci ili də nailiyyətlərlə başa vuracaq.

İlqar ABBASOV,
Bakı şəhər prokuroru,
III dərəcəli dövlət ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video