26 Sentyabr 2018 02:13
843
İQTİSADİYYAT
A- A+

Güclü dövlət, iqtisadi inkişaf vətəndaşın sosial müdafiəsinin təminatıdır


Yeni iş yerlərinin açılması prosesinin davamlı olması bunu bir daha təsdiqləyir

İqtisadi cəhətdən inkişaf etməyən ölkə əhalinin sosial müdafiəsini yüksək səviyyədə təmin edə bilməz. Bunun üçün ilk növbədə iqtisadi islahatlar aparılmalı, daha çox istehsal və xidmət sahələri yaradılmalıdır. Bu, son 15 ildə Azərbaycan dövləti tərəfindən həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Belə ki, ölkəmizdə yeni müəssisə və xidmət sahələri yarandıqca əhalinin məşğulluq problemi də həll olunur. Bunun nəticəsidir ki, ölkədə işsizliyin səviyyəsi 5 faizədək azalıb. İndi dünyada baş verən siyasi və iqtisadi gərginlik dövründə bu, yüksək rəqəmdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin məşğulluğuna xüsusi önəm verərək demişdir: "Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”.
Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlət tərəfindən iqtisadiyyatın kapitallaşması və kreditləşməsi siyasəti həyata keçirilir. Dövlət iqtisadiyyatın müxtəlif sahələrinə və infrastrukturun inkişafına sərmayə qoymaqla yanaşı, özəl sektoru da unutmur. Bu məqsədlə sahibkarlara güzəştli şərtlərlə kreditlər ayrılır. Son 15 ildə sahibkarlara 2,2 milyard manat güzəştli kredit verilib. Bu proses davamlıdır. Hər il sahibkarlar dövlətin bu dəstəyindən faydalanır. Alınan həmin kreditlər nəticəsində sahibkarlar tərəfindən 163 min yeni iş yeri açılıb.
Cari ildə dövlət tərəfindən sahibkarlara 170 milyon manat güzəştli kredit ayrılıb. Artıq bu kreditlərin çox hissəsi sahibkarlara verilib. Bu proses ilin sonunadək davam edəcək. Eyni zamanda, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Həmin kreditlər hesabına ötən illə müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaranır.
Aqrar sektor əhalinin ən çox məşğul olduğu sahələrdəndir. Kənd təsərrüfatı həm əhatə dairəsinə, həm də məhsul istehsalına görə qeyri-neft sektorunda üstün mövqedədir. Buna görə də aqrar sektorda çalışan əhalinin işlə təminatı diqqət mərkəzindədir. Dövlət kəndlinin öz torpağından səmərəli istifadəsini və onun məşğulluğunu təmin etmək üçün müəyyən tədbirlər görür. Məsələn, şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanılıb. Həmin müqavilələrin icrası kənd təsərrüfatında əlavə olaraq 3600 iş yerinin açılmasına imkan yaradıb.
Qeyri-neft sektorunun inkişafı və sənayeləşmə siyasəti də yeni iş yerlərinin açılmasına səbəb olub. Sənaye parklarının və məhəllələrinin yaradılması buna örnəkdir. İndiyədək sənaye parklarına 2,6 milyard dollar investisiya yatırılıb ki, tikintidə və istehsal sahələrində 11 minə yaxın yeni iş yeri açılıb. Növbəti mərhələdə bu sahəyə əlavə olaraq 1,1 milyard dollardan çox investisiya yatırılacaq. Yatırılan bu sərmayə əlavə 7500-dək yeni iş yerinin açılmasına imkan verəcək.
Müsbət haldır ki, sənaye parkları ilə yanaşı, bölgələrdə sənaye məhəllələri də tikilir. Bu da regionda mövcud olan işsizliyin azalmasına və əhalinin məşğulluğunun təmin edilməsinə dəstək göstərəcək. Təkcə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətə başlaması həmin rayonda 500 nəfəri işlə təmin edib. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin tikintisi ilin sonunadək başa çatacaq. Bu müəssisələrin fəaliyyətə başlaması həmin rayonlarda yeni iş yerlərinin açılmasına səbəb olacaq. Hədəf qarşıdakı illərdə ölkənin bütün rayonlarında belə müəssisələrin açılmasıdır. Bu cür yanaşma həm ölkənin ümumi inkişafına, həm də məşğulluğun təmin edilməsinə geniş imkanlar yaradacaq.
"Azərxalça” ASC-nin fəaliyyətə başlaması uğurlu iqtisadi siyasətin bir hissəsidir. Ona görə ki, xalçaçılıqda xammal kimi əvvəllər istifadəsiz qalan yundan istifadə edilir. Beləliklə, kəndli öz məhsuluna satış bazarı əldə etmiş olur. Digər tərəfdən, "Azərxalça”nın rayonlarda filiallarının açılması qadınların məşğulluğunun təminatında böyük rol oynayır. Bu, eyni zamanda çoxəsirlik xalçaçılıq sənətimizin yenidən dirçəldilməsi və xalçalarımızın dünya bazarına çıxarılmasıdır. Xalça təkcə əmtəə deyil, həm də xalqımızın mədəni və estetik səviyyəsini nümayiş etdirmək üçün bir vasitədir. Ermənilərin hər vəclə xalçalarımızı öz adlarına çıxarmaq istəməsi də bununla bağlıdır. "Made in Azerbaijan” brendi ilə xalçalarımızın dünya bazarına yenidən ixracı qonşularımızın məkrli niyyətlərinə də son qoyacaq.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin 6 ayının yekunlarına həsr olunan iclasında toxunduğu sahələrdən biri də iş yerlərinin bağlanmasıdır. Dövlət başçısı qeyd etdi ki, 58 min yeni iş yeri açıldığı halda 20 min iş yeri də bağlanıb. Bağlanan iş yerlərinin səbəblərinin araşdırılması barədə aidiyyəti dövlət qurumlarına tapşırıq verilib. Bu fakt onu göstərir ki, Prezident əhalinin məşğulluğuna xüsusi önəm verir, yeni iş yerlərinin açılmasında maraqlıdır. Bununla belə, iş yerlərinin bağlanmasının qarşısının alınması üçün də müvafiq tədbirlər görülməsini tələb edir.
Prezidentin tənqid etdiyi sahə isə qeyri-formal məşğulluğun kütləvi hal almasıdır. Qeyd edək ki, belə vəziyyət bütün dünyada mövcuddur. Bəzi yerli sahibkarlar bu yolla dövlətə vergi, Sosial Müdafiə Fonduna vəsait ödəməkdən yayınırlar. Bundan ən çox əziyyət çəkən isə ölkə vətəndaşıdır. Belə ki, müqaviləsiz işlədiyi üçün Sosial Müdafiə Fonduna vəsait ödənilmir. Nəticədə həmin vətəndaş yaşlaşdıqda dövlətdən pensiya ala bilmir və ya aşağı səviyyədə pensiya almağa məcburdur. Bunun üçün də belə neqativ hala qarşı mübarizə aparmaq vacibdir. Ölkə rəhbəri bu problemin həlli üçün müvafiq dövlət qurumlarından ciddi tədbirlərin görülməsini tələb etdi.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari il iyulun 1-i vəziyyətinə olan məlumata əsasən iqtisadi fəal əhalinin sayı 5108,9 min nəfər olub ki, onların da 4856,5 min nəfəri məşğul əhalidir. Bu dövrdə muzdla işləyənlərin sayı 1545,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,8, qeyri-dövlət sektorunda isə 658,6 min nəfər təşkil edib. İşçilərin çoxu istehsal və xidmət sahələrində çalışırlar.
İşsiz vətəndaşların sosial qayğıları da diqqət mərkəzindədir. Hesabat dövründə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,6 min nəfər olub ki, onların da 36,9 faizi qadınlardır. Bu dövrdə həmin kateqoriyadan olan insanların sosial müdafiəsini təmin etmək üçün dövlət tərəfindən verilən işsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 287,2 manat olub.
Qeyd etdiyimiz kimi, dövlətin göstərdiyi dəstək sayəsində sahibkarlıq subyektlərinin sayı artır. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 4,7 faiz artaraq cari ilin iyulun 1-i vəziyyətinə 124178 olub.
Özəl sektorda yeni müəssisələrin yaradılması ticarət, nəqliyyat vasitələrinin təmiri, müxtəlif sahələrdə xidmətlərin göstərilməsi, tikinti, kənd təsərrüfatı və balıqçılıq, peşə, elmi və texniki fəaliyyət, emal sənayesi sahələrində daha yüksək olub.
Ölkəmizdə olan münbit investisiya mühiti xarici sahibkarların Azərbaycan iqtisadiyyatına investisiya yatırmasını təşviq edir. Hesabat dövründə reyestr qeydiyyatından keçmiş statistik vahidlərdə tam xarici investisiyalı və ya birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, İran, Rusiya, ABŞ, Almaniya sahibkarlarına məxsus olub. Xarici investorların ölkə iqtisadiyyatına sərmayə qoyaraq istehsal və xidmət müəssisələrini açması, eyni zamanda yeni iş yerlərinin yaradılması deməkdir. Bu da dövlətin həyata keçirdiyi investisiya təşviqi siyasətinin nəticəsidir.
Dövlətin özəl sektora göstərdiyi dəstək, yeni iş yerlərinin açılmasına, əhalinin əməkhaqqının və gəlirlərinin artırılmasına müsbət təsir göstərir. Cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 541 manat təşkil edib. Dövlət müəssisələrində çalışanlar 421,5, özəl sektorda işləyənlər isə 703,9 manat əməkhaqqı alırlar. Bu proses əhalinin gəlirlərinin artmasına da müsbət təsir göstərir. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq əhalinin hər nəfərinə orta hesabla 2623,8 manat düşüb.


Rüstəm KAMAL,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video