26 Sentyabr 2018 02:12
369
İQTİSADİYYAT
A- A+

Məqsəd reallığa çevrilir


8 ayda iqtisadiyyatın əksər sahələri üzrə yüksək artım qeydə alınmışdır


Dövlət Statistika Komitəsi cari ilin yanvar-avqust ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, qeyd edilən müddətdə ölkə üzrə 50 milyard 521,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkinə nisbətən 0,7 faiz çoxdur. 8 ay ərzində ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 0,9, neft sektorunda 0,4 faiz artmışdır.
Hesabatda həmçinin bildirilir ki, 8 ay ərzində istehsal olunmuş əlavə dəyərin 46,3 faizi sənaye, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi tikinti, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 14 faizi digər sahələrin payına düşmüşdür. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 5153,1 manata bərabər olmuşdur.
Hesabat dövründə ölkədə 31,6 milyard manatlıq (keçən ilin eyni dövründəkindən 1,9 faiz çox) sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artmışdır. Artım neft sektorunda da qeydə alınmışdır - 0,6 faiz. Məhsulların 73 faizi mədənçıxarma, 22,3 faizi emal, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatında 0,9, əmtəəlik qaz hasilatında 0,5 faiz artım müşahidə olunmuşdur.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32, tütün məmulatları istehsalı 2,6, poliqrafiya məhsulları istehsalı 2,8, mebel istehsalı 2,1, elektrik avadanlıqları istehsalı 3 dəfə, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 54, toxuculuq sənayesi məhsulları istehsalı 63, tikinti materialları istehsalı 31,7, metallurgiya sənayesi məhsulları istehsalı 13,4, geyim istehsalı 0,5, əczaçılıq məhsulları istehsalı 20,2, hazır metal məmulatları istehsalı 18,2, içkilərin istehsalı 9,3 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında əsas kapitala 8 milyard 953,6 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 69,6 faizi məhsul istehsalı və 22,9 faizi xidmət obyektlərinin, 7,5 faizi ümumi sahəsi 1,2 milyon kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 59,4 faizi daxili sərmayələr olan bu vəsaitlərin 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Xarici sərmayəyə gəldikdə, hesabat dövründə onların həcmi 3 milyard 631,1 milyon manata çatmışdır. Bu vəsaitin 80,4 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran kimi ölkələrə məxsusdur. Hesabatda həmçinin bildirilir ki, yanvar-avqust aylarında qeyri-neft sektorunun inkişafına 4,9 milyard manatdan çox vəsait sərf olunmuşdur. Həmin vəsaitin 10,6 faizindən (944,8 milyon manatından) qeyri-neft sənayesi sektorunda istifadə edilmişdir.
Bütün bu vəsaitlər hesabına ilin əvvəlindən ötən 8 ay ərzində ölkə ərazisində çoxsaylı və müxtəlif təyinatlı müəssisə və obyektlər tikilib istifadəyə verilmişdir. Onların sırasında paytaxtda "Yasamal-1”, "Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Statistika İdarəsinin inzibatı binası, "Bona Dea” beynəlxalq hospital, Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi, "Dinamo” hoteli, "Abşeron” Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıtdakı Kimya Sənaye Parkında Polipropilen Zavodu, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Xaçmazda "Azərxalça” ASC-nin filialı, Naxçıvan MR-də 922 şagirdlik 3 ümumtəhsil məktəb binası və ambulator-poliklinika, Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Naftalanda şəhər mərkəzi xəstəxanası, Goranboyda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, "Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, İsmayıllıda heyvandarlıq kompleksi, aqropark, elektrik yarımstansiyası, "Azərxalça” ASC-nin filialı, eləcə də Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Şamaxıda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, həmçinin Bakı, Şəki, Abşeron, Balakən və Şamaxıda ümumilikdə 5816 şagirdlik 5 məktəb binası və digər bu kimi vacib obyektlər var.
Ölkənin ümumi inkişafı nəqliyyat, informasiya və rabitə sektorlarına da təsir göstərib. Hesabat dövründə ölkə üzrə 151,8 milyon ton yük və 1,2 milyard nəfərdən çox sərnişin daşınmışdır və bu, ötən ilin eyni dövründəkindən müvafiq olaraq 1,2 və 1,3 faiz çoxdur. İnformasiya və rabitə müəssisələri isə bu dövrdə 1 milyard 188,4 milyon manatlıq müxtəlif xidmətlər göstərmişdir ki, onların da 72,4 faizindən əhali istifadə etmişdir. Keçən ilin müvafiq aylarına nisbətən dəyər ifadəsində 7,6 faiz artan həmin xidmətlərdən əldə olunan gəlirin 81,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Pərakəndə ticarət dövriyyəsində də artım qeydə alınmışdır. Belə ki, sözügedən dövrdə ölkədəki pərakəndə ticarət şəbəkəsindən əhaliyə 22,9 milyard manatlıqdan çox məhsul satılmış, 5,4 milyard manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrünə nisbətən əmtəə dövriyyəsi 2,7, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə edilən gəlir 2,8 faiz artmışdır.
Sözsüz ki, bu artımda qiymətlərlə bərabər, əhalinin gəlirlərinin çoxalması da müəyyən rol oynamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında muzdla işləyənlərin nominal əməkhaqqı 3,7 faiz artaraq 542,3 manata çatmışdır. Ümumilikdə əhalinin gəlirləri 8 ay ərzində nominal ifadədə 9,5 faiz çoxalaraq 34 milyard 786,3 milyon manat olmuşdur.
Qiymətlərə gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7, o cümlədən ərzaq 2,7, qeyri-ərzaq 3,2, ödənişli xidmətlərin tarifləri 2,4 faiz bahalaşmışdır.
Bir neçə cümlə də xarici ticarət əlaqələri barədə: gömrük orqanlarına qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17 milyard 774,7 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 66,9 faizini ixrac, 33,1 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 5,9 milyard dollarlıqdan çox müsbət saldo deməkdir. Ötən ilin 7 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6, real ifadədə 0,7, o cümlədən ixrac 0,8, idxal 0,5, faiz artmışdır. Qeyri-neft məhsullarının ixracında da artım kifayət qədər yüksək olmuşdur. Faktiki qiymətlərlə 13,5, real ifadədə 3,8 faiz artan bu cür məhsulların ixracının ümumi dəyəri 968 milyon dolları üstələmişdir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video