26 Sentyabr 2018 02:10
815
Mədəniyyət
A- A+

Gözəl səsi ona böyük sevgi qazandırdı


1928-ci ilin 23 sentyabrında Bakıda dünyaya göz açdı. Əksər azərbaycanlı ailələrdə oğlan övladını nəslin davamçısı hesab edir, dünyaya gəlişinə daha çox sevinir, qohum-əqrəba göz aydınlığı verir. Bu körpə qızın isə bəxti gətirmişdi. Onun atası Yusif kişi qız övladı arzusunda idi. Düşünürdü ki, qızlar daha canıyanan olurlar, ata-ana qayğısını oğlandan çox çəkirlər.
Yalnız atasının deyil, ailənin digər üzvlərinin də sevincinin həddi-hüdudu yox idi. Uşağın adqoyma mərasimi adət-ənənəyə uyğun keçirildi. Yaxın qohumlar yığışdı, məclis quruldu. Tutuxanım nənə körpənin qulağına adını oxuyub xeyir-dua verdi: "Adınla böyüyəsən, Firəngiz balamız”.


Uşaqlıq arzusu


Musiqi onu kiçik yaşlarından öz cazibəsinə saldı. Orta məktəbdə oxuyanda nəğmə dərslərinə xüsusi maraq göstərirdi. Gözəl səsinin ilk pərəstişkarları da o illərdə sinif yoldaşları oldu. Məktəbdə keçirilən şənliklərdə həmişə solist kimi çıxış edir, nənəsindən, anasından eşitdiyi mahnıları həvəslə oxuyurdu. Artıq "Böyüyəndə kim olacaqsan” sualının cavabını da öz aləmində müəyyənləşdirmişdi. Müğənni olacaqdı.
Evdə hər fürsət düşəndə ailə üzvləri və gələn qonaqlar üçün mahnılar oxuyurdu. Atası Yusif kişi də qızının oxumağını çox bəyənirdi: "Hələ uşaqdır, qoy istədiyi qədər oxusun”, - deyirdi. Sonralar bu istəyin sevimli qızının sadəcə şıltaqlığı olmadığını, Firəngizin musiqi təhsili almaq arzusunu biləndə özündən çıxacaqdı. Qızı ilə bağlı başqa xəyalları olduğunu söyləyəcəkdi: "Firəngiz həkimlik dalınca getməlidir, aşıqlıq dalınca yox”. Ancaq qızın tərəfində dayananlar, Yusif kişiyə yalvar-yaxar edənlər oldu. Nüfuz sahibi olan Mahmud kişinin nəsihətləri, ailənin digər üzvlərinin təkidləri axır ki, atanın ürəyini yumşaltdı.
Atasının müğənni olmasına razılıq verməsi onu dünyanın ən bəxtəvər insanı etmişdi. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. Bir müddət sonra Azərbaycan Dövlət Radiosunun xoruna dəvət aldı. Hələ tələbə ikən həmin kollektivdə çalışmağa başladı. Firəngiz Əhmədova 1946-1951-ci illərdə Azərbaycan Dövlət Radiosu xorunun solisti oldu. Orada klassik dünya bəstəkarlarının xor əsərlərində əsas solo partiyaları oxudu.


Həyatını dəyişən möcüzə


Musiqi məktəbində oxuduğu vaxtlar Firəngiz Əhmədovanın xəyalına belə gətirmədiyi hadisə baş verdi. Məktəb yoldaşı Rəfiqə bir gün ona dedi: "Hamımız bilirik ki, sənin yaxşı səsin var. Mənim bacım Ağabacı konservatoriyada bəstəkarlıq sinfində oxuyur. Bu yaxınlarda Nizaminin sözlərinə romans yazıb. Həmin romansı onun sənət müəlliminin yanında oxumaq lazımdır. "Sən oxuyarsan?”. Firəngiz heç düşünmədən cavab verdi: "Oxuyaram”. Birlikdə Rəfiqəgilə getdilər. Gələcəyin böyük bəstəkarı Ağabacı Rzayevanı da Firəngiz Əhmədova həmin gün tanıdı. Gərgin məşqlərə başladılar. Firəngiz romansa müəyyən iradlarını da bildirir, gənc müəllif onları nəzərə alırdı. Nəhayət, təyin etdikləri gün konservatoriyaya yollandılar. Ağabacı Rzayeva ona sinif otaqlarının birinin qapısında gözləməyi xahiş edib, özü içəri keçdi. Bir neçə dəqiqədən sonra onu dərs otağına çağırdılar. İçəridə masanın arxasında əyləşmiş eynəkli kişini görəndə çaşıb qaldı. Eynəkli kişi ona ürək-dirək verirmiş kimi gülümsəyib yer göstərdi: "Xoş gəlmisən, qızım. Keç royalın yanına, oxu görək, nə oxuyursan?!”
Oxumağa başladı. Bir neçə dəqiqəlik ətrafında baş verənləri unutdu. İfasını bitirən kimi eynəkli kişiyə nəzər saldı. Ona çox diqqətlə, maraqla baxırdı. "Harada oxumusan, yaxud oxuyursan?” Sual gözlənilməz oldu. Utana-utana cavab verdi: "Bakı Musiqi Məktəbində oxuyuram”. Eynəkli kişi bir qədər fikirləşəndən sonra dilləndi: "Qızım, sənin yerin musiqi məktəbi yox, konservatoriyadır. Sən konservatoriyada təhsil almalısan”. Eşitdiklərinə inana bilmirdi. Musiqi məktəbi tələbəsinin birbaşa konservatoriya tələbəsi olması üçün qeyri-adi hadisə baş verməli idi. Bu ciddi görkəmli, təmkinli, görkəmindən, danışığında əsilzadəlik yağan adamın onunla zarafat edəcəyi də inandırıcı görünmürdü. Öz-özünə çək-çevir eləməyə ehtiyac qalmadı. Eynəkli kişi qapıya yaxınlaşdı və öz köməkçisini içəri dəvət edərək tapşırıq verdi: "Bu qızın sənədlərini rəsmiləşdir. Bundan sonra konservatoriyada oxuyacaq”.
Ağabacı Rzayevadan bu kişinin adını öyrənəndə heyrətdən donub qaldı. İfasını dinləyən, onunla danışan, konservatoriyada oxumağına qərar verən Üzeyir Hacıbəyli idi. Firəngiz Əhmədova üçün əsl möcüzə baş vermişdi. O günün təəssüratı bütün ömrünə işıq salacaqdı...


Xoşbəxt xatirələr...


Həmin vaxtdan Firəngiz Əhmədovanın müğənnilik fəaliyyətində onu uğurlara aparan bir yol açıldı. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) professor Marqarita Kolotovanın sinfində vokal təhsili alan gənc qız çox tələbkar müəlliminin tapşırıqlarına cavab vermək, vokal texnikasının sirlərinə tam yiyələnmək üçün var qüvvəsi ilə çalışırdı.
Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədovaya Müslüm Maqomayevin "Şah İsmayıl” operasından Gülzarın partiyasını hazırlamağı tapşırdılar. Çox gənc yaşında çətin bir işin öhdəsindən gəlməli, opera ifaçısı kimi səhnəyə çıxmalı, yüksək vokal ifaçılığı, həm də artistlik qabiliyyəti nümayiş etdirməli idi. Məşqlərdə iştirak edir, yorulmaq bilmədən çalışırdı.
Tamaşa günü gəlib çatdı. O, sevgisi yolunda cəfalar çəkən, bütün çətinlikləri dəf edən gözəl Gülzarı tamaşaçılara böyük məhəbbətlə təqdim etdi. Opera səhnəsindəki ilk çıxışı bəyənildi. Firəngiz Əhmədova bu rolu ilə Azərbaycan opera səhnəsinə çox istedadlı bir ifaçının gəldiyini təsdiq etdi.
Azərbaycan Dövlət Konservatoriyasını 1955-ci ildə bitirdi. Opera səhnəsi yeni uğurlarına meydan vermişdi. Ona bu dəfə Üzeyir Hacıbəylinin "Koroğlu” operasında Nigar partiyasını tapşırdılar. Yenə sevgi dolu, vəfalı, mərd bir qadın rolu - Nigar partiyası ilə səhnəyə çıxacaqdı. Firəngiz Əhmədova öz Nigarı barədə sonralar yazacaqdı: "Mən özümün çox da uzun olmayan aktyorluq dövrümdə çox partiyalar oxumuşam. Cüzeppe Verdinin "Aida” operasında Aida, "Otello” operasında Dezdemona, Müslüm Maqomayevin "Nərgiz” operasında Nərgiz, "Şah İsmayıl” operasında Gülzar, "Arşın mal alan” komik operasında Gülçöhrə, Fikrət Əmirovun "Sevil” operasında Sevil, Corc Bizenin "Karmen” operasında Mikaela, Süleyman Ələsgərovun "Bahadur və Sona” operasında Sona obrazlarını yaratmışam. Müxtəlif xarakterli, insanı həyəcanlandıran, onun qəlbinin dərinliklərinə nüfuz edən bu partiyaların hər biri mənim üçün əzizdir. Lakin mənim çox sevdiyim bir partiya da var - Nigar partiyası. Nigarın ariyaları mənim qəlbimin dərinliklərinə işləmiş və heyranlıq duyğuları yaratmışdır. Sürəkli alqışlar kəsiləndən və pərdə örtüləndən sonra da uzun müddət mən bu obrazın xoş təsiri altında qalıram. Ona görə ki, Üzeyir bəyin mənəvi böyüklüyü onun yaradıcılığında da özünü qabarıq göstərir”.
Firəngiz Əhmədova özünü həm də ona görə xoşbəxt hesab edirdi ki, tərəf-müqabili Koroğlunun əvəzsiz ifaçısı, ecazkar səsinə və aktyorluq məharətinə heyranlıq duyduğu Bülbül idi. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündəki çıxışlarını da Firəngiz Əhmədova belə xatırlayırdı: "Moskvada Azərbaycan incəsənətinin dekadası. Ora bizim opera tamaşalarından "Koroğlu” və "Sevil” getmişdi, bir də balet tamaşaları. Açılış "Koroğlu” ilə oldu. "Koroğlu”da mən böyük teatrda Bülbüllə səhnəyə çıxdım. Bundan böyük xoşbəxtlik olarmı?!”
1951-1988-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Firəngiz Əhmədova bu teatrda milli və Avropa bəstəkarlarının operalarında çıxış etdi. Repertuarı zəngin idi. Bənzərsiz, ürəyəyatımlı, yaddaqalan, geniş diapazonlu, güclü, məlahətli səsi, ifaçılıq qabiliyyəti, aktyorluq məharəti ilə ifa etdiyi Nərgiz, ("Nərgiz”), Gülzar ("Şah İsmayıl”), Nigar ("Koroğlu”), Sevil ("Sevil”), Səriyyə ("Azad”), Sona ("Bahadur və Sona”), Maro ("Daisi”), Aida ("Aida”), Toska ("Toska”) və başqa Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapdı.
Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynadı. Opera tamaşalarında böyük sənətkarlarla - Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil etdi.
Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanındı. O, Üzeyir Hacıbəylinin "Sənsiz”, Asəf Zeynallının "Ölkəm”, Niyazinin "Arzu”, Əşrəf Abbasovun "Heyran olmuşam”, Ağabacı Rzayevanın "Oxu, gözəl”, eləcə də P.Çaykovski, S.Raxmaninov, S.Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa etdi.
Firəngiz Əhmədova ictimai xadim kimi də tanındı. 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçildi.
1989-1997-ci illərdə o, Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərdi. Gənc vokal ifaçılarının yetişməsində bilik və bacarığını əsirgəmədi.
Müasir mədəniyyətimizin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın yaradıcılıq uğurları hər zaman yüksək qiymətləndirildi. O, sovet dövründə Azərbaycan Respublikasının əməkdar artisti, xalq artisti və SSRİ xalq artisti fəxri adlarına layiq görüldü. Ölkəmizin müstəqillik illərində isə Firəngiz Əhmədova "Şöhrət” ordeni ilə təltif olundu.
Azərbaycanın zəngin musiqi tarixində layiqli yer tutan böyük sənətkar 2011-ci il dekabrın 16-da ömrünün 84-cü ilində vəfat etdi. Unudulmaz sənətkarla vida mərasimi uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirildi. Firəngiz Əhmədova I Fəxri xiyabanda dəfn olundu.
Bu gün - 90 illiyində Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri, məşhur opera müğənnisi, kamera vokal əsərlərinin mahir ifaçısı Firəngiz Əhmədova sevənlərinin görüşünə lent yazılarının yaddaşında qalan əsərləri ilə gəlir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video