25 Sentyabr 2018 14:38
1154
PARLAMENT
A- A+

Azərbaycan yoxsulluğun 5 faizdən aşağı enməsinə nail olan 29 ölkə sırasındadır


"Qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur, bu yeni çağırışlara cavab vermək isə dövlətlər, hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır. Azərbaycan yoxsulluğun 5 faizdən aşağı enməsinə nail olan 29 ölkə sırasında yer alıb”.

Bu fikirləri sentyabrın 25-də parlamentdə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda keçirilən konfransda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib.

Komitə sədrinin sözlərinə görə, ölkələr, hökumətlər və beynəlxalq təsisatlar bu çağırışlara vaxtında cavab vermək, yaranan yeni imkanlardan yararlanmaq üçün birgə fəaliyyətə məcburdurlar. Bu baxımdan BMT-nin kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə dair həyata keçirdiyi uzunmüddətli tədbirlər təqdirəlayiqdir.

Azərbaycanda yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair dövlət proqramlarının təsdiq edildiyini söyləyən komitə sədri vurğulayıb ki, bu proqramların uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bu sahədə köklü dəyişikliklər baş verib: "Prezident İlham Əliyev hər zaman siyasətimizin mərkəzində insan amilinin olduğunu deyir. Bunun əyani sübutu kimi təkcə onu demək kifayətdir ki, son 15 ildə ölkədə ümumi daxili məhsul hər il orta hesabla 10-10,6 faiz, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3,8 dəfə artıb, minimum sosial standartların səviyyəsi, əhalinin gəlirləri dəfələrlə yüksəlib, inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilib. Bununla belə, dayanıqlı inkişaf məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb”.

BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, üç il əvvəl dünya liderləri aclığın, yoxsulluğun, ayrı-seçkiliyə gətirən amillərin aradan qaldırılması kimi bir sıra məqsədləri qəbul ediblər. Bunun mərkəzini təşkil edən əsas məsələ kənd təsərrüfatı və qidalanmadır. Bu sahədə Azərbaycanın konkret addımlar atması çox sevindiricidir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, FAO Azərbaycanla əməkdaşlığını çox yüksək qiymətləndirir. Ona görə də FAO ilk dəfə olaraq 2015-ci ildə Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisini açıb. Yəni Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş bir ölkə kimi dəyərləndirilir.

Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini, ölkəmizlə BMT və onun bütün qurumları, o cümlədən FAO arasında çox geniş əməkdaşlığın olduğunu söyləyən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin icrası ərəfəsində Azərbaycan əhəmiyyətli irəliləyişlərə nail olub. Ölkəmizdə ifrat yoxsulluq tamamilə aradan qaldırılıb, son 15 ildə mütləq yoxsulluq səviyyəsi on dəfə azalıb, ümumi daxili məhsul üç dəfədən, əhalinin gəlirləri on dəfədən çox artıb, işsizlik isə 5 faizə endirilib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talibov isə müzakirəyə çıxarılan "2030 Gündəliyi”nin bütün dünyada yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Onun fikrincə, bu sənəd inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətləri fəaliyyətə səsləyir.

Konfransda mövzu ətrafında müzakirələr aparılıb, Milli Məclisin deputatları bir sıra təkliflər irəli sürüblər.


Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video