25 Sentyabr 2018 01:28
1735
SİYASƏT
A- A+

Üç ayda dördüncü görüş


İlham Əliyevlə Vladimir Putinin şəxsi dostluğu Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatmasını təmin edib


Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir. Bu, iki ölkənin prezidentlərinin son üç ayda dördüncü, sentyabr ayında isə ikinci görüşü olacaq. Elə bu faktın özü, yəni Rusiya və Azərbaycan prezidentlərinin dostluqdan irəli gələn intensiv danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini gücləndirib. Ən əsası, hər bir görüş və danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.


Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşıdır


Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən öncül dövlətlərindən biri olmaqla yanaşı, həm də tamamilə müstəqil siyasət yeridən ölkə kimi tanınır. Elə buna görə də Azərbaycana beynəlxalq səviyyədə yüksək siyasi ehtiram formalaşıb. Çünki bu gün çox az sayda dövlət göstərmək mümkündür ki, müstəqil siyasət yürütsün və öz taleyinin sahibi olsun. Hətta hakimiyyət dəyişikliyinə baxmayaraq, boyunduruqdan çıxa bilməyən Ermənistanın vəziyyəti asılı dövlətlərə görkdür.
Azərbaycan isə tamamilə fərqli məcrada inkişaf edir və xarici siyasət yürüdür. Rəsmi Bakı həmişə beynəlxalq məsələlərdə müstəqil mövqe nümayiş etdirir, heç vaxt maraqlarına zidd olan razılaşmalara getmir. Eyni münasibəti Azərbaycan dost ölkələrə də göstərir, onları beynəlxalq səviyyədə dəstəkləyir. Dünyanın fövqəldövlətlərindən olan Rusiya da bunu görür və dəyərləndirir. Müstəqil siyasət yürüdən Azərbaycan son illərdə Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya dəstək verib. Ölkəmiz antirusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanla Rusiya arasındakı siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb.
Azərbaycan və Rusiya prezidentləri sonuncu dəfə sentyabrın 1-də Soçildə görüşüblər. Bu görüş, aparılan danışıqlar bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərdi və təsdiq olundu ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Azərbaycan Prezidentinin səfərinə münasibət bildirən tanınmış rusiyalı politoloqlar da iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini və strateji xarakter daşıdığını qeyd etdilər.
Soçidə mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasındakı münasibətləri strateji tərəfdaşların münasibətləri adlandırdı: "Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir”.


Əməkdaşlıq bütün sahələrdə inkişaf edir


Rusiya ilə Azərbaycan arasında olan yüksək siyasi münasibətlər iqtisadi sferaya da təsirsiz ötüşmür. Məsələn, 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın enerji şirkətlərindən "Qazprom”, "Transneft” və "Lukoyl” uğurla işləyir. Bu ilin ötən dövründə Azərbaycanın qeyri-neft ixracatında Rusiya ilk pillədə qərar tutub. Bu ölkədə Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq xüsusən çoxdur. Qeyd edək ki, sentyabrın 1-də imzalanan sənədlər də əsasən iqtisadi məsələləri əhatə etdi. Bunun özü də iki ölkə arasında yüksək siyasi anlaşmanın olmasının təzahürüdür.
İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Növbəti regionlararası forum bu ilin oktyabrında keçiriləcək.
Mədəni və humanitar sahələrdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər təqdirəlayiqdir. Hazırda 11 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan minə yaxını Rusiya büdcəsi hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları, o cümlədən rus dilində olan 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.
Hərbi əməkdaşlıq da bugünkü Azərbaycan-Rusiya münasibətlərinin mühüm qolunu təşkil edir. Azərbaycanın xaricdən aldığı silah-sursatın mühüm bir hissəsi Rusiyanın payına düşür. Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.
Rusiyadan alınan silah-sursat və hərbi texnikanın növlərinin siyahısı çox genişdir. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazın hərbi gücünə çevrilməsində böyük rol oynamaqla yanaşı, Ermənistan üzərində əzici üstünlüyünü təmin edir. İki il əvvəl aprelin əvvəllərində cəbhə xəttində baş verənlər göstərdi ki, belə silahlar zamanı gələndə düşmənin məhv edilməsində istifadə edilir. Həmin günlərdə Azərbaycan Ordusu arsenalında olan yeni silahların cüzi bir qismindən istifadə etdi.
Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahları və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbə vurması Ermənistan tərəfində dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, onların açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan da Azərbaycana ən müasir hərbi texnika satdığına görə inciklik ifadə olunub. Rusiya hökumətinin sədri Dmitri Medvedev müsahibələrinin birində bu məsələyə münasibət bildirərək qeyd etmişdi ki, bütün bunlar hərbi-texniki sahədəki əməkdaşlığa dair sazişlərə əsaslanır və əgər Rusiya bundan imtina etsə, silahı başqa yerdən alacaqlar.
D.Medvedevin bu cavabı erməni tərəfinin məyusluğuna səbəb olsa da, təsdiqlənmişdi ki, Rusiya Azərbaycana silah satmaqda davam edəcək və Ermənistanın mövqeyi rəsmi Moskva üçün önəmli deyil.
Rusiya Prezdenti Vladimir Putinin Azərbaycana səfəri ölkələrarası münasibətlərin inkişafına yeni töhfə verəcək. Görünən odur ki, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri əməkdaşlığın bütün istiqamətlərində əlaqələrin inkişafına kömək edir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video