25 Sentyabr 2018 01:26
342
SİYASƏT
A- A+

Paşinyan ilk seçkini total saxtakarlıq, ciddi qanun pozuntuları ilə keçirdi


Yerevan yeni inqilab ərəfəsində: Etirazçılar baş nazirin iqamətgahına hücum etdi, əhali kütləvi itaətsizliyə başladı


Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş tutan ilk seçki - Yerevanda şəhər bələdiyyəsinə keçirilən səsvermə əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Bu dəfə də seçkini xarakterizə edən əsas cəhət total saxtakarlıq, çoxsaylı və ciddi qanun pozuntuları, cəmiyyətin prosesə inamsızlığı oldu.
Ermənistan Mərkəzi Seçki Komissiyası özü belə etiraf edir ki, seçici fəallığı aşağı olub. Bildirilir ki, seçkidə 43,65 faiz seçici iştirak edib. Bu, ötən seçki ilə müqayisədə iki dəfə aşağı göstəricidir. Seçici fəallığının həddən artıq aşağı səviyyədə olmasını isə mövcud hakimiyyət özünəməxsus tərzdə izah etməyə çalışır.


Paşinyan Yerevanı komediya aktyoruna tapşırdı


Baş nazir Nikol Paşinyan sosial şəbəkə hesabında əvvəlki illərə nisbətdə seçicilərin daha passiv olmasını onların, həmişəki kimi, seçkiyə avtobuslarla daşınmaması ilə əlaqələndirməyə çalışıb.
Erməni müxalifət dairələri isə Yerevanda bazar günü şəhər ağsaqqallar şurasına növbədənkənar seçkilərdə Nikol Paşinyanın silahdaşlarından təşkil olunmuş "Mənim addımım” seçki blokunun yalnız total saxtakarlıq nəticəsində qalib gəldiyini bəyan edirlər.
Mərkəzi seçki komissiyasının məlumatına görə, bütün 475 seçki məntəqəsində səsvermənin nəticələri hesablandıqdan sonra seçkidə iştirak edənlərin 81,06 faizi "Mənim addımım” blokunun lehinə səs verib. Bu, seçki blokunun lideri, komediya aktyoru, 41 yaşlı Hayk Marutyanın Yerevan meri vəzifəsinə təyin olunmasını təmin edir.
"Yerevanda məhəlli özünüidarəetmə haqqında” qanuna əsasən, 40 faizdən çox səs toplayan siyasi qüvvənin siyahısına başçılıq edən namizəd avtomatik olaraq paytaxt meri vəzifəsinə təyin olunur.
Yerevan bələdiyyəsini idarə edən 65 nəfərlik ağsaqqallar şurasında həmçinin seçkilərdə 6,95 faizlə ikinci yeri tutmuş "Çiçəklənən Ermənistan” partiyası və 4,99 faizlə üçüncü yeri tutan "Nur” seçki bloku da təmsil olunacaq. Ağsaqqallar şurasına daxil olmaq üçün siyasi partiya azı 6 faiz, seçki bloku isə azı 8 faiz səs qazanmalıdır. Qanuna görə, ağsaqqallar şurasında ən azı üç qüvvə təmsil olunmalıdır. Qanun nəzərdə tutulan həddi aşa bilməyən, lakin daha çox səs qazanan qüvvəyə ağsaqqallar şurasını tamamlamaq imkanı verir.
"Nur” bloku nəzərdə tutulan həddi aşa bilməsə də, digərləri ilə müqayisədə daha çox səs qazandığı üçün ağsaqqallar şurasına daxil ola bilib. Yerevan bələdiyyə seçkilərində ümumən 12 siyasi qüvvə və seçki blokları iştirak edib.
Xatırladaq ki, Yerevan meri vəzifəsi iyulun 9-da sabiq bələdiyyə başçısı Taron Marqaryan korrupsiya qalmaqalı ilə bağlı istefa verdikdən sonra boş qalıb.


Növbədənkənar seçkiləri tezləşdirmək üçün parlamentə və siyasi qüvvələrə təzyiqlər edilir


Baş verənlərlə bağlı "Əriklər Ölkəsi” partiyasının sədri Zarui Postancyan mediaya açıqlamasında bu seçkiləri Nikol Paşinyan üçün əsl imtahan adlandırıb. O bildirib ki, Nikol Paşinyanın ilk seçkisi saxtakarlıq şəraitində baş tutub: "Biz yenə əvvəlki səhvləri təkrar edirik. Seçkilərin saxtalaşdırılması Ermənistanı inkişafa yox, uçuruma aparır”.
Erməni müxalifətini narahat edən daha bir məqam isə Paşinyanın parlament seçkilərinin vaxtını dəyişərək yenə saxtakarlıq şəraitində istədiyi qanunverici orqanı formalaşdırmaq və beləliklə, öz hakimiyyətini möhkəmləndirmək cəhdləridir.
"Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan Nikol Paşinyanın hökumətin növbədənkənar seçkiləri tezləşdirmək üçün parlamentə və siyasi qüvvələrə təzyiq etdiyini bildirib: "Növbədənkənar seçkilərin keçirilməsi, yaxud parlamentin ləğv edilməsi parlamentin qərarından asılıdır, kiminsə təzyiqlərindən yox. Heç kəs təzyiqlə nəyəsə nail ola bilməz. Lakin biz görürük ki, xalq vasitəsilə siyasi qüvvələri təhdid edirlər. Hər kəsin öz tərəfdarı var. Mən xalqla kimisə təhdid etməyi əxlaqsızlıq hesab edirəm”.
Onun sözlərinə görə, konstitusiyaya düzəlişlər layihəsi təqdim edildikdən və parlamentin ləğv edilməsi üçün yeni mexanizmlər məlum olduqdan sonra "Çiçəklənən Ermənistan” partiyası öz qərarını açıqlayacaq.


Baş nazirin noyabrda istefası gözlənilir


Baş nazir Nikol Paşinyan gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin tarixini qabağa çəkmək istəyir. Lakin Respublika Partiyası və parlamentdə təmsil olunan digər siyasi qüvvələr baş nazirin bu tələbini rədd edirlər. Onlar bunun yalnız konstitusiyaya dəyişikliklərdən sonra mümkün olduğunu bildirirlər. Ermənistanın "Jamanak” qəzeti hökumətdəki etibarlı mənbələrə istinadən bildirir ki, bunun qarşısını almaq üçün Paşinyan yeni hiyləgər gedişlərə hazırlaşır. Belə ki, mənbələrin məlumatına əsasən, Paşinyan noyabrda istefa verəcək. Bununla da "B” planını işə salaraq noyabr-dekabr aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacaq.
"Jamanak”a məlumat ötürən mənbə bu xüsusda bildirib: "Nikol Paşinyan anlayır ki, konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. Çünki indiki tərkiblə parlament bu dəyişikliklərin lehinə səs verməyəcək. Belə olduqda parlamentin yenidən formalaşdırılmasının yeganə yolu onun istefasıdır. Və parlament əksəriyyətinin - Respublika Partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyan 24 saatlıq fasiləsiz mitinqlər təşkil edərək parlamentin binasını bloklamaq və minimum 2 həftə ərzində yeni iclasın çağırılmasına mane olmaq niyyətindədir. Paşinyan bu planının icrasına elə bu gündən də başlaya bilərdi. Sadəcə oktyabrda Yerevanda keçiriləcək beynəlxalq "Frankofoniya” sammiti onun yolunu kəsir”.
Bildirilib ki, Paşinyan gələn ilin yazınadək reytinqinin aşağı düşəcəyini çox gözəl dərk edir. Çünki həmin vaxt artıq onun hakimiyyətə gəlməsinin bir ili tamam olacaq və çətin ki, başı siyasi intiqama və kreslosunu möhkəmlətməyə qarışan Paşinyan sosial rifah və "iqtisadi bum”la bağlı erməni xalqına verdiyi vədləri yerinə yetirə bilsin.


Etirazçıların Paşinyanla görüşə ümidləri puç oldu


Bunu Paşinyanın iqamətgahına olan hücum da təsdiqlədi. Məsələ bundadır ki, ağır iqtisadi böhran içərisində olan Ermənistanda hökm sürən xaos getdikcə dərinləşir. Bu fonda da hökumət binası qarşısında gərgin vəziyyət yaranıb. Belə ki, Ermənistanın Krasnoselk rayonunun Çəmbərək şəhərinin sakinləri problemlərinin həlli ümidi ilə paytaxta üz tutublar. Etirazçıların "məxməri inqilab” zamanı dəstəklədikləri Nikol Paşinyanla görüş ümidləri puç olub. Baş nazirin onları dinləmədiyini görən narazı kütlə polis səddini keçərək binaya daxil olmağa çalışıb. Nəticədə etirazçılarla güc strukturları arasında qarşıdurma yaşanıb. Etirazçılar polisə bildiriblər ki, onlar terrorçu deyillər, sadəcə baş nazir tərəfindən dinlənilmələrini istəyirlər. Əgər hökumət rəsmisi onların problemləri ilə maraqlanmırsa, bu barədə beynəlxalq təşkilatlara müraciət etməyə məcburdurlar.
Etirazçıların sözlərinə görə, evsizlik ölkə əhalisinin əsas problemləri sırasına daxildir. Hökumət binası qarşısına illərdir həllini tapmayan bu məsələ ilə bağlı bu gün 500 nəfər yığışıbsa, sabah onların sayı minlərlə olacaq. Əvvəlki hökumət vətəndaşlara problemin həllinə dair söz verib. Hətta komissiya yaradılaraq evsizlərin siyahısı tərtib edilib. Qərara alınıb ki, onlara kompensasiya ödənilsin. Aradan xeyli vaxt keçsə də, məsələ həllini tapmayıb.
Etirazçılar deyirlər ki, ev tikmək üçün onların hər birinə 20 min dollar bəs edər. Şikayətçilərlə görüşən baş nazirin məktublar şöbəsinin rəisi Arutyun Gevorkyan isə Ermənistanın hazırki büdcəsinin buna imkan vermədiyini açıqlayıb. O, problemin miqyasının dərin olduğunu etiraf edib. Bildirib ki, evsiz vətəndaşlar bir qədər də səbirli olmalıdırlar. Gevorkyan ölkənin bundan da vacib problemlərlə qarşı-qarşıya olduğunu deyib. Vətəndaşlar isə hökumət nümayəndəsinin bu cavabından razı qalmayıblar.
Bu və bu qəbildən olan digər hadisələr fonunda Paşinyanın reytinqi sürətlə aşağı düşür. Belə vəziyyətdə parlament seçkiləri gələn ilə qalsa, onda yeni hakimiyyətin tərəfdarları sırasında əhəmiyyətli azalmalar baş verəcək.
Bütün bunlar Paşinyanın hakimiyyətə gəlişindən sonra da demokratiya sahəsində hansısa dəyişikilyin olmadığını, əksinə, vəziyyətin daha sürətlə pisləşdiyini göstərir.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video