25 Sentyabr 2018 01:23
382
İQTİSADİYYAT
A- A+

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir


Sentyabrın 24-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Elektron Ticarət Forumu işə başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Bakı Elektron Ticarət Forumu 2018” adlanan tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edir. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

İki gün davam edəcək tədbirdə elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub.

Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda, Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat verilib ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. "Biznesdən-biznesə” modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyon dollara bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində "elektron imza” çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib.

Forum çərçivəsində keçiriləcək sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbirdə təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər. Elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər də forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.

Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktik tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video