25 Sentyabr 2018 01:22
1028
İQTİSADİYYAT
A- A+

Tovuzda yaradılan yeni aqroparkda ekoloji təmiz ət məhsulları istehsal ediləcək


Ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır. Təkcə onu demək kifayətdir ki, artıq fermerlər iş fəaliyyətlərində ölkə rəhbərinin qayğısını daim öz üzərlərində hiss edir, dövlətin verdiyi güzəştlərdən yararlanmaqla daha çox kənd təsərrüfatı məhsulları istehsalına çalışırlar. Dövlət başçısının təbirincə desək, dünyada ikinci elə bir ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlığın gücləndirilməsinə stimul yaradır.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün mühüm rol oynayır. Kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqla əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına xidmət edən bu sənəd qəbul olunduqdan sonra aqrar sahədə xeyli uğur əldə edilmişdir. Belə ki, vaxtilə səmərəsiz qalmış min hektarlarla torpaq sahələri əkin dövriyyəsinə daxil edilmiş, qabaqcıl texnologiyaların tətbiqi nəticəsində ənənəvi bitkilətin istehsalı daha da genişləndirilmişdir. Bu baxımdan Tovuz rayonunda da görülən işlər artıq öz bəhrəsini verir.
Rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə gübrə, texnika və damazlıq mal-qara almaqla dövlətin göstərdiyi bütün imtiyazlardan istifadə edir, əkin sahələrinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün verilən subsidiyalardan yararlanırlar. Bunun da nəticəsində hər il uğurlu göstəricilərə nail olan tovuzlular əldə olunmuş nailiyyətlərlə kifayətlənmir, daha yüksək göstəricilər uğrunda mübarizə aparırlar. Təkcə onu demək kifayətdir ki, son bir ildə tərəvəz sahələrinin həcmi 1499 hektara çatdırılmış, həmin sahələrdən də 26 min 404 ton məhsul götürülmüşdür. O cümlədən, ümumi sahəsi 44 hektar olan istixanalarda 4396 ton məhsul istehsal olunmuş və il ərzində 4 milyon 317 manatlıq məhsul satılmışdır. Artıq investorların da rayona olan maraqları xeyli artmış, sahibkarlar tərəfindən rayona 1 milyon 47 min manat sərmayə qoyulmuşdur.
Rayonda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində keçən il 21 min 117 hektar sahədə dənli bitkilər əkilmişdir. Bunun 19 min 526 hektarı buğda olmuşdur. Buğdanın hər hektarda orta məhsuldarlığı 32,3 sentnerə yüksəlmişdir. Bu da əvvəlki illə müqayisədə 3 sentner çoxdur. Kartof istehsalı sahəsində də uğurlu göstəricilərə nail olunmuşdur. Keçən il 7 min 375 hektar sahədən 169 min tondan çox məhsul götürülmüşdür.
Rayonda torpaqlardan səmərəli istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə daxil edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə 2016-cı ildə rayonda yaradılan Tovuz "Aqro DAİR” MMC üçün Ceyrançöl ərazisindən 12 min hektar torpaq sahəsi ayrılmışdır. Elə həmin il 7 min hektar sahədə pivot suvarma qurğusu quraşdırılmışdır. Təsərrüfatın texnikaya olan tələbatı da təmin edilmişdir. 120 nəfərin çalışdığı təsərrüfatda 4 elektrik yarımstansiyası istifadəyə verilmiş, 30 kilometr məsafədən su xətti çəkilərək bir neçə yerdə anbar inşa edilmişdir. Güzəştli qiymətlərlə 47 texnika alınmışdır. Kollektiv ilk olaraq ərazidə meliorasiya və irriqasiya işləri apararaq 10 min 200 hektarda buğda, 1300 hektarda yonca, 500 hektarda şəkər çuğunduru yetişdirmiş və elə birinci il yüksək məhsuldarlıq əldə etmişdir.
Ümumiyyətlə, Tovuz "Aqro DAİR” MMC yarandığı iki il müddətində xeyli inkişaf etmişdir. İndi təsərrüfatda 7 kombayn, 24 traktor, 3 qarğıdalısəpən, 2 gübrəsəpən və 2 silosbiçən var. Bu da texnikaya olan bütün ehtiyacları ödəyir. Burada 1800 kvadratmetr sahəsi olan taxıl və 1500 kvadratmetr sahəsi olan gübrə anbarlarının tikintisinə başlanılmışdır.
Rayon icra hakimiyyətində bildirdilər ki, Tovuz "Aqro DAİR” MMC-dən sonra ikinci aqroparkın yaradılmasına başlanılmışdır. Yaradılan yeni "Tovuzaqro” MMC əsasən ekoloji cəhətdən təmiz heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olacaq. Bunun üçün Ceyrançöl massivində 550 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda ərazidə qızğın iş gedir. Artıq iri heyvandarlıq kompleksi üçün 1000 başlıq fermanın inşası və əkin sahələrində pivot suvarma qurğusunun quraşdırılması başa çatmaq üzrədir. Bu il aqroparkın ərazisində 100 hektarda arpa, 50 hektarda soya, 290 hektarda yonca, 100 hektarda qarğıdalı səpilmişdir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Kür çayından 3 kilometr uzunluğunda su, 3 kilometr məsafədən elektrik xətti çəkilmişdir.
"Tovuzaqro” MMC-nın əraziləri qısa vaxtda yaşıl örpəyə bürünüb. İnsanlar yorulmaq bilmədən çalışır, bol məhsul üçün əllərindən gələni əsirgəmirlər. Bir tərəfdə suvarma, bir tərəfdə tikinti-quraşdırma işləri gedir. Təsərrüfatda hələlik 100 nəfər çalışır. Lakin bu, son rəqəm deyil. Aqroparkın fəaliyyəti genişləndikcə, işçilərin də sayı artacaq. Kollektivin üzvləri əməkhaqqından da razıdırlar. Onlar gündə 3 dəfə pulsuz yeməklə təmin olunurlar.
Parkın texnika ilə təminatı da qaydaya salınır. Belə ki, yaxın vaxtlarda bura 14 traktor və müxtəlif kənd təsərrüfatı texnikaları gətirilib. 3 taxıl qurutmaq və saxlamaq üçün bunker quraşdırılıb. 4 tövlənin tikintisində işlər sürətlə davam edir. Maşın və traktorların saxlanması üçün qaraj və təmir emalatxanası tikilir. Bu günlərdə 4 silos quyusu inşa edilərək onların doldurulmasına başlanılmışdır. Silosun basdırılması yeni texnologiya əsasında aparılır. Belə ki, yığılmış məhsul qurudulduqdan sonra basdırılır. Bunun üçün Türkiyənin "Most” şirkətinin istehsalı olan avadanlıqlardan istifadə edilir. Aqroparkda şirkətin nümayəndəsi Muhammad Köksanla görüşdük. Söhbət zamanı o dedi ki, bu üsul çox səmərəlidir. Silos quru halda basdırılanda uzun müddət keyfiyyətini saxlayır.
"Tovuzaqro” MMC-nin direktoru Arzuman Əhmədov isə bildirdi ki, bu aqropark respublikamızda sayca 17-cidir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində yaradılan bu park işə düşdükdən sonra burada 200 nəfərdən çox rayon sakini daimi iş yeri ilə təmin olunacaqdır. Parkın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Çalışırıq ki, layihədə nəzərdə tutulmuş bütün işlər öz həllini tapsın. Aqropark fəaliyyətə başlayandan sonra qərb bölgəsində onun analoqu olmayacaq. Belə ki, burada əkin sahələri ilə yanaşı, ən müasir ət kəsimi və baytarlıq məntəqələri olacaqdır ki, istənilən şəxs istədiyi vaxt heyvanını gətirib burada kəsdirdikdən sonra baytarlıq sertifikatı ala biləcək. Bir sözlə, əhalini ekoloji təmiz ət məhsulları ilə təmin etmək üçün bütün şərait yaradılacaqdır. Hazırda burada heyvandarlıq üçün yem bazası yaradılır. İndiyədək sahələrdən 365 ton arpa, 412 ton buğda, 150 ton ot tədarük edilib. Bu günlərdə 300 hektarda yetişdirilmiş qarğıdalının biçininə başlanacaqdır.

Sabir ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video